Məhkəmə qərarları › İş №2(032)-1382/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1382/2024

09.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1382/2024 09.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)- 3469/2017 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi və xx.xx.2024-cü il tarixdən həmin miqdarda alimentin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 2(032)- 3469/2017 saylı, xx.xx.2017-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə aralarında olan nikah pozulmuş, övladı xx.xx.2013-cü il tarixli X7 onun himayəsində saxlanması və yetkinlik yaşına çatanadək onun saxlanması məqsədilə cavabdehdən xx.xx.2017-ci il tarixindən hesablanmaqla hər ay 137 (bir yüz otuz yeddi) manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi müəyyən edilmişdir. 2024-cü ildən uşaqlar üçün yaşayış minimumu 235 manat təşkil edir. Hazırda qızı böyüyür, onun xərcləri artıb, onun aylıq xərclərini ödəmək qabiliyyətində deyil. Şirvan şəhər Mərkəzi Xəstəxanasında tibb bacısı işləyir, aylıq əmək haqqı 591,15 manat təşkil edir. İndiki vaxtda 137 manatla uşaq saxlamaq mümkün deyil. Həmçinin məktəb xərcləri və s. xərclər hamısı onun üzərindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh nümayəndəsi X3 məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, ərizə göndərərək 235 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi ilə razı olduğunu, məhkəmə hazırlıq və baxış iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-3469/2017 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, iddiaçı X4 Cavabdeh ilə xx.xx.2012-ci ildə Şirvan şəhər qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 270 № ilə qeyd edilmiş nikahın pozulması, birgə nikahdan xx.xx.2013cü ildə anadan olmuş X5 anası X4 yanında qalmasının müəyyən edilməsi, Cavabdeh 21 sentyabr 2017-cı il tarixdən başlayaraq xx.xx.2013-cü ildə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 137 manat sabit pul məbləğində aliment alınaraq uşağın anası X6 verilməsi qət edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X13 “Şirvan şəhər Mərkəzi Xəstəxanası “ X11 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Şirvan şəhər Mərkəzi Xəstəxanası “X11 Cərahiyyə Şöbəsində tibb bacısı işləyir və onun aylıq əmək haqqı 591 manat 15 qəpikdir. xx.xx.2024-cü il tarixli MŞS/MT-028/2024/0418A nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Cavabdeh nümayəndəsi X2 ərizəsindən görünür ki, hazırki iş üzrə tələb olunan 235 manat sabit pul məbləğində alimentin müəyyən edilməsi tələbi ilə razıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-3469/2017 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonrakı ötən müddət ərzində ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması ilə bağlı iddiaçının tələbi zahirən qanuna uyğun təəssürat yaratsa da, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın səhhəti ilə bağlı xərcləri , eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2013-cü il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin : 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə qeyd olunanları, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin iddia tələbi ilə razı olmasını halını nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(032)- 3469/2017 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (235-137=98 manat, 98 x 12 = 1176 manat, 1176-1000=176; 176 x 1%= 1,76; 30+1,76=31,76), cavabdehdən 31 (otuz bir) manat 76 (yetmiş altı) qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(032)-3469/2017 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 31 (otuz bir) manat 76 (yetmiş altı) qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar