Məhkəmə qərarları › İş №2(032)-139/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-139/2023

19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-139/2023 19.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi üzrə mülki işə Şirvan şəhərində, Şirvan şəhər məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı «Bank of Baku” ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borc tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərlə bağlanmış kredit müqaviləsinin ləğv edilməsini, 7064 manat 20 qəpik əsas, 775 manat 78 qəpik faiz borcu, 191 manat 55 qəpik cərimə borcu cəmi 8031 manat 53 qəpik məbləğində borcu və iş üzrə ödənilmiş 101 manat dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutularaq, «Bank of Baku” ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırda borclu “ödəniş cədvəli”nə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməkdən yayınır və beləliklə kredit müqaviləsinin tələblərini pozaraq üzərinə düşən öhdəliyi yerinə yetirmir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş edir. Məhkəmə iclasında Cavabdeh1 iddianı qismən etiraf etdi, izahat verərək bildirdi ki, borcu birdəfəlik qaytarmağa maddi imkanı yoxdur. Bank tərəfindən hesablanmış cərimə borcu şişirdilmişdir. Cərimə borcunun azaldılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış Cavabdeh2 məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə proses iştirakçıların izahatlarını dinləyib, işdə olan sənədlərə hüquqi qiymət verib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan «Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 saylı kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmiş, Cavabdeh2 ilə bağlanmış bu müqavilənin 7.1.9-cu bəndinə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli pretenzya məktubuna əsasən cavabdehlərə borcun ödənilməsi təklif edilsədə, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. İş materiallarında olan xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Cavabdeh1 7064 manat 20 qəpik əsas, 775 manat 78 qəpik faiz borcu, 191 manat 55 qəpik cərimə borcu cəmi 8031 manat 53 qəpik təşkil edir. İşin araşdırılmış hallarından müəyyən olunur ki, «Bank of Baku” ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 saylı kredit sazişinə əsasən cavabdehə 36 ay müddətinə illik 25 faiz dərəcəsi ilə 8000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən Cavabdeh2 ilə Bank arasında 27 dekabr 2021-ci iİ tarixli Zaminlik müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən zamin durmuş şəxs kredit borcunun vaxtında ödənilməsi üçün Bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinin 7.1.9-cu bəndinə əsasən borcalan bu müqavilə üzrə kreditin qaytarılması və faizlərin ödənilməsi öhdəliklərini yerinə yetirmədikdə və kreditin bütün məbləğinin, kreditdən istifadəyə görə faizlərin və müqavilədə nəzərdə tutulmuş cərimələrin ödənilməsini tələb etməyə Bankın hüququ vardır. Borcun ödənilməsi barədə Cavabdeh1 və Cavabdeh2 dəfələrlə şifahi müraciət olunmasına, habelə 27 dekabr 2021-ci il tarixli xəbərdarlıq məktubunun göndərilməsinə baxmayaraq, cavabdehlər borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, Cavabdeh1 və Cavabdeh2 həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Bununla yanaşı məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsi nəticəsində gecikdirməyə görə hesablanmış 191 manat 55 qəpik məbləğində cərimə borcu azaldılmalıdır. Belə ki, tərəflər arasında 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 saylı kredit sazişinin bağlanmasına və həmin müqavilənin şərtlərinə görə borcalan Cavabdeh1 tərəfindən vaxtında ödəniş aparılmaması nəticəsində vaxtından əvvəl borcun ödənilməsini kreditor «Bank of Baku”ASC-nin tələb etmək hüququnun olmasına baxmayaraq, müqavilənin bağlandığı tarixdən və cavabdehin kredit müqaviləsi üzrə borcun gecikdirilməsini bildiyi vaxtdan xeyli müddət keçdikdən sonra əsas, faiz borcun və gecikdirilməyə görə cərimə borcun ödənilməsini tələb etmiş, bu da ki, tənasübsüz surətdə yüksək dəbbə pulunun əmələ gəlməsinə əsas yaratmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə işin faktiki hallarını nəzərə alıb belə bir nəticəyə gəlir ki, öhdəliyin vaxtında icra edilməməsinə görə hesablanmış 191 manat 55 qəpik məbləğində gecikdirilməyə görə cərimə borcu tənasübsüz surətdə yüksək dəbbə pulu hesab olunmalı, buna görə də tələb olunan gecikdirilməyə görə cərimə borcu 20 manat məbləğinədək azaldılmalıdır. Beləliklə məhkəmə göstərilənləri nəzərə alıb,hesab edir ki, Cavabdeh1 7064 manat 20 qəpik əsas, 775 manat 78 qəpik faiz borcu, 20 manat cərimə borcu cəmi 7859 manat 98 qəpik məbləğində pul alınaraq iddiaçı «Bank of Baku” ASC -nə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 472.2-ci maddəsinə əsasən əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. MM-in 472.3-cü maddəsinə əsasən Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM-in) 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. MPM-in 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə də, məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 nömrəli kredit sazişi ləğv edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 7064 manat 20 qəpik əsas, 775 manat 78 qəpik faiz borcu, 20 manat cərimə borcu cəmi 7859 manat 98 qəpik və iş üzrə ödənilmiş 101 manat dövlət rüsumu «Bank of Baku” ASC-nin xeyrinə tutulmalı, iddianını qalan hissəsi əsassız olduğundan rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı ASC-in cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ilə bağlanmış 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 nömrəli kredit sazişi ləğv edilsin. 27 dekabr 2021-ci il tarixli, MK/37719/84/26 nömrəli kredit sazişi üzrə cavabdehlər Cavabdeh1, Cavabdeh2 müştərək qaydada 7064 manat 20 qəpik əsas, 775 manat 78 qəpik faiz borcu, 20 manat cərimə borcu cəmi 7859 manat 98 qəpik və iş üzrə ödənilmiş 101 manat dövlət rüsumu AGBank ASC-nin xeyrinə tutulsun. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar