Məhkəmə qərarları › İş №2(032)-1390/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1390/2023

25.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1390/2023 25.12.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 mülkiyyətində olan ünvan 1, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 ünvanından istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, ünvan 1-də qeydiyyatda olmaqla ailəsi və övladı ilə orada yaşayır. Həmin mənzili xx.xx.2022-ci il tarixdə alqı-satqı yolu ilə almışdır. Həmin mənzili müvafiq alqı-satqı qərarına əsasən Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-in Şirvan Ərazi İdarəsi tərəfindən xüsusi mülkiyyətinə verilmiş və bu barədə 05 mart 2022-ci ildə daşınmaz əmlakın dövlət reyestrində 56 nömrəli reyestr kitabının 10 nömrəli vərəqində ********** qeydiyyat, **********188-05101-093066 reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Həmin mənzili alandan sonra məlum olmuşdur ki, ünvan 1-də X8 və Cavabdeh2 həmin mənzilin qeydiyyatındadırlar. Hal-hazırda iş üzrə cavabdehlər mənzilin qeydiyyatından çıxmadıqları günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. Cavabdehlər formal olaraq qeydiyyatda qalmışlar. Bunun nəticəsində mənzil və kommunal xidmətləri haqqını yüksək məbləğdə ödəməyə məcburdur. Cavabdehlərin pasport qeydiyyatından çıxarılmaları barədə Şirvan şəhər Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 şəxsi mülkiyyətində olan ünvan 1, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 ünvanından istifadə hüquqlarına xitam verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qeydiyyatda olduqları yer üzrə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, bildiriş geri qaytarılaraq həmin ünvanda yaşamadıqları qeyd olunmuşdur. Azərbaycan Respublikasının Mülki Prossesual Məcəlləsinin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin məlum olan axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin çağırış vərəqəsini aldığını təsdiq edən qeyd yazılmış çağırış vərəqəsi məhkəməyə daxil olduqdan sonra işə baxılması mümkün hesab edir. Belə olan vəziyyətdə məhkəmə hesab edir ki, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları olmadan işə baxılması mümkündür. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X11 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1, yeni qaydalarla Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 üzərində xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Polis şöbəsinin 02 sentyabr 2023-cü il tarixli, 3-13-111/2-Ş-238xx/xx/2023 saylı məktubunda göstərilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, şəxsiyyət vəsiqəsi xidməti aşağıdakı hallarda vətəndaşı yaşayış yeri üzrə qeydiyyatdan çıxarır: yaşayış yerini dəyişdikrə, yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq ərazi polis orqanının qeydiyyat və şəxsiyyət vəsiqəsi xidmətinin məlumatına əsasən, başqa ölkədə yaşayış yeri seçdikdə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin və Xarici İşlər Nazirliyinin məlumatına əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında şəxs yalnız ömürlük azadlıqdan məhrum edildikdə, öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə, məhkəmənin qanuni qüvvəyə inmiş qətnaməsi əsasında yaşayış sahəsindən çıxarıldıqda və ya ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, digər hallarda vətəndaşın yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qanuna ziddir. Azərbaycan Respublikası Şirvan şəhər İcra Hakimiyyəti Başçısının 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli, 5-8-1/2-625/2023 nömrəli məktubunda göstərilmişdir ki,X9, Cavabdeh1, X3 və Cavabdeh2 ünvan 1 ünvanında qeydiyyatdadırlar. İddiaçı, X4 və X1 şəhəri, 20 Yanvar küçəsi ev 1P, mənzil 24 ünvanında yaşayırlar. xx.xx.2023-cü il tarixli aktda göstərilmişdir ki, ünvan 1 ünvanında Cavabdeh1 və Cavabdeh2 da həmin ünvanda qeydiyyatdadırlar və hazırda həmin ünvanda yaşamırlar. xx.xx.2022-ci il tarixli, Daşınmaz əmlakın AN-İ N ******* nömrəli alqı-satqı müqaviləsinə əsasən X2 şəhəri, 20 Yanvar küçəsi ev 1P, mənzil 24, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 ünvanında yerləşən ümumi sahəsi 112.3 kv.m olan mənzili İddiaçı satmışdır. Cavabdeh1 notariat qaydasında təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, qeydiyyatda olduğu X6 məxsus Şirvan şəhəri, 20 Yanvar küçəsi ev 1P saylı evin, 24 saylı mənzilinin satılmasına etiraz etməmiş, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh2 da həmçinin Cavabdeh1 ilə eyni məzmunlu ərizə yazmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinin müddəalarına görə, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının tərəfdar çıxdığı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən «hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz». Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq,ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə,o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər,ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər,həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə, şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq dövlət orqanı tərəfindən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılır. Göründüyü kimi qanunun tələbinə görə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında mümkündür. Məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan ünvan 1, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 nömrəli mənzilə bir mülkiyyətçi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam verməkdə sərbəst olduğundan, habelə həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməmək, özgəsinin qanunsuz sahibliyindən əmlakını geri tələb etmək hüququ olduğundan, bundan əlavə cavabdehlərin notarial qaydada sözügedən mənzildən istifadə hüquqlarına xitam verilməsinə etirazları olmadıqlarına və müqavilə ilə nəzərdə tutulmuş müddət ərzində qeydiyyatdan çıxmağı öhdələrinə götürmələrinə baxmayaraq qanunla nəzərdə tutulmuş qaydada öhdəliklərini icra etməmişlər. Məhkəmə göstərilənlərə əsasən belə qənaətə gəlir ki, iddiaçı tələbində haqlıdır və iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 nömrəli ünvanda yerləşən mənzilindən istifadə hüququna xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 100 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 216- 220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, yeni qaydalarla, AZ 1800, Şirvan şəhəri, İstiqlaliyyət prospekti 203, M5, m1 ünvanında yerləşən mənzilə dair istifadə hüquqlarına xitam verilsin. Dövlət rüsumu kimi ödənilmiş 100 manat pul cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar