Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-142/2025 28.01.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması və uşağın oxuduğu üçün alimentin tutulma müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2007-ci il təvəllüdlü X3 üçün Cavabdeh alimentin miqdarının artırılaraq, hər ay uşağa 400 (dörd yüz) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi barədə, xx.xx.2007-ci il təvəlludlü X4 Peşə Məktəbində oxuduğu üçün uşağın alimentin müddəti uzadılması və dövlət rüsumunun Cavabdeh alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, iş üzrə Cavabdeh ilə el adəti ilə ailə həyatı quraraq, nikahlarını 2007-ci il tarixdə rəsmi qaydada Şirvan şəhər Qeydiyyat şöbəsində qeyd etdirmiş və bu barədə onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdir. Şirvan şəhər Məhkəməsinin 2010-cu il tarixli qətnaməsinə əsasən aralarında olan 2010-cu il tarixli nikah ləğv edilmiş, uşağın -xx.xx.2007-ci il təvəllüdlü X4 onun himayəsində saxlanılması və uşağa 100 manat aliment müəyyən edilmişdir. Beləliklə Cavabdeh onun ümumi qazancından bir uşağa hər ay 100 manat pul tutulur və aliment hesablanaraq ödənilir. Bu isə uşağın saxlanmasından ötəri həddindən artıq azdır. Uşağı saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. Hal-hazırda məhz Bakı şəhərində Qaradağ rayonu 16 saylı Gəmiqayırma peşəsində oxuyur. Aylıq ödənişi, kirayəsi və sair xərcləri ilə bağlı ayda 100 manat çatdıra bilmir. Cavabdeh hal-hazırda Russiya Federasiyasında qaynaqçı vəzifəsində çalışır və aylıq əmək haqqı 3000-4000 manatdır. Cavabdeh müəyyən edilmiş 100 manat alimentdən savayı uşağa başqa maddi yardım, eləcə də ərzaq, geyim əşyaları ilə uşağa əlavə heç bir yardım eləmir. Bu pul ümumilikdə uşağın zəruri xərcinə çatmır, maddi cəhətdən əziyyət çəkir, dolana bilmir. Belə ki, onun maddi xərcləri, müalicə xərcləri çoxdur maddi cəhətdən bu xərcləri qarşılaya bilmir. Özü isə iş olmadığına görə heç bir yerdə işləmir. Hesab edir ki, Cavabdeh uşağın saxlanılmasından ötrü həddindən artıq az aliment ödəyir, bu pul, yəni 100 manat hal-hazırki dövrdə uşağın saxlanması üçün çox azdır, onun zəruri xərclərinə və ehtiyaclarının ödənilməsinə çatmır, bu səbəbdən də aliment miqdarının artırılmasını və oxuduğu üçün uzadılması barədə iddia qaldırmalı olmuş və hesab edir ki, bu səbəbdən də aliment miqdarının artırılmasını, uşağa 400 (dörd) manat miqdarında sabit pul məbləğində aliment təyin edilməsi barədə iddia qaldırmalı olmuşdur. Hesab edir ki, yuxarıda göstərilənlərə əsasən iddia əsaslı olduğuna görə təmin edilməlidir. Aliment miqdarının artırılmasından ötrü qanunvericiliyə uyğun olaraq Sabirabad 1 saylı X5 şəhərində yerləşən Mediasiya Təşkilatına müraciət etmiş və dövlət rüsumunu ödəmişdir. Lakin Cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Bu səbəbdən də uşağın saxlanmasından ötrü alimentin artırılaraq hər ay sabit pul məbləğində hər uşağa 400 manat ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etməli olmuşdur. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Şirvan şəhər Məhkəməsinin 29 mart 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin tutulmasını, xx.xx.2007-ci il təvəllüdlü X4 peşə məktəbində oxuduğu üçün aliment müddətinin uzadılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarında olan AZ-İİ seriyalı 247001 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2007-ci il tarixdə Şirvan şəhərində doğulmuşdur. Onun atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi 16 nömrəli Bakı Peşə Liseyinin 22 oktyabr 2024-cü il tarixli, 01/117 nömrəli arayışından görünür ki, X6 həqiqətən də 16 sentyabr 2024-cü il tarixində 16 №-li Bakı Peşə Liseyinə 11 illik təhsil bazasından daxil olmuş, hal-hazırda əyani şöbənin İ kurs ******* qrupunda əməliyyatçı-mühasib peşəsi üzrə təhsil alır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-259/2010 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən bağlanmış 15 iyul 2008-ci il tarixli, 315 saylı nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2007-ci il təvəlludlü X4 anası İddiaçı himayəsində qalması qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş 01 fevral 2013-cü il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah qeydi ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 15 mart 2011-ci il tarixdə, 20 nömrə ilə qeyd edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 2(032)-248/2013 saylı 29 mart 2013-cü il tarixli qətnaməsi ilə iddia təmin edilərək, xx.xx.2007-ci il təvəlludlü X4 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 18 fevral 2013-cü il tarixdən hesablanmaqla Cavabdeh hər ay 100 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 29 mart 2013-cü il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin artırılaraq xx.xx.2007-ci il təvəllüdlü X2 üçün Cavabdeh hər ay 400 manat sabit pul məbləğində alimentin tutulmasını, xx.xx.2007-ci il təvəllüdlü X4 peşə məktəbində oxuduğu üçün aliment müddətinin uzadılması və ödənilmiş dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair mülki iş üzrə icraata hissəvi, yəni alimentin artırılmasına aid hissədə icraata xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 113.2.1-ci maddəsinə əsasən uşaq yetkinlik yaşına çatdıqda və ya yetkinlik yaşına çatmamış tam fəaliyyət qabiliyyəti əldə etdikdə məhkəmə qaydasında tutulan alimentin ödənilməsinə xitam verilir. İşin mübahisəsiz halıdır ki, X6 yetkinlik yaşına çatmamışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsində “alimentin tutulması müddətinin uzadılması” ilə bağlı müddəalar nəzərdə tutulmamışdır. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81-ci maddəsində valideynlərin uşaqlara (yetkinlik yaşına çatmış) görə əlavə xərclərdə iştirakı nəzərdə tutulmuşdur. Belə ki, həmin maddəyə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər. Göründüyü kimi ailə qanunvericiliyinin tələbinə görə valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyanın və qanularının şərhi məhkəmə üçün o halda məcburidir ki, bu şərh Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin qərarında verilmiş olsun. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair xx.xx.2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrıayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. Başqa sözlə, yetkinlik yaşına çatmış övladın təkcə əmək qabiliyyətinin olmaması valideyndən aliment almaq hüququ üçün əsas deyil. Eyni zamanda, onun maddi yardıma ehtiyacı olması da tələb olunur. Yaxud əksinə, övlad əmək qabiliyyətlidirsə, onun maddi yardıma ehtiyacının olması valideynlərdən aliment tələb etməyə əsas vermir. Beləliklə, yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması kimi hər iki halın birlikdə mövcud olması faktı məhkəmələr tərəfindən müəyyən edildikdə, valideynlərdən aliment tutula bilər. Əmək qabiliyyəti olmama dedikdə, şəxsin bu və ya digər xəstəlik və ya ondan yaranan qüsurlar nəticəsində əlilliyə məruz qalaraq, peşəkar və ya ümumi əmək fəaliyyəti ilə məşğul olmaq qabiliyyətini, yaxud imkanını tamamilə və ya qismən itirməsi başa düşülür. Buna müvafiq olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən doğan əqli və ya fiziki qüsurlar nəticəsində həyat fəaliyyəti məhdudlaşan, sosial yardıma və müdafiəyə ehtiyacı olan şəxs əlil sayılır. X8 o da xüsusilə qeyd edilmişdir ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Həmin Qərara əsasən valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. Hazırki iş üzrə İddiaçı tələbinin əsası kimi istinad etdiyi hal kimi övladı xx.xx.2007-ci il təvəlludlü X4 16 nömrəli Bakı Peşə Liseyində ödənişli əsaslarla təhsil alması, kirayədə qalması və s. bu kimi xərcləri özünün qarşılaya bilməməsini qeyd etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, hazırkı iş üzrə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar müəyyən olunmamış, əlavə olaraq iddiaçı tərəfindən bu maddə üzrə nəzərdə tutulmuş halların mövcudluğunu təsdiq edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Ona görə də məhkəmə hesab edir ki, xx.xx.2007-ci il təvəlludlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 400 manat sabit pul məbləğində təyin edilməsi və onun təhsili ilə əlaqədar alimentin tutulması müddətinin uzadılması hissədə iddia ərizəsi əsassız olduğundan təmin olunmamalıdır. Beləliklə məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh qarşı xx.xx.2007-ci il təvəlludlü X1 üçün təyin edilmiş alimentin miqdarının artırılaraq 400 manat sabit pul məbləğində təyin edilməsi və onun təhsili ilə əlaqədar alimentin tutulması müddətinin uzadılması tələbində dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-142/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-142/2025
28.01.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver