Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1508/2025 13.10.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İmanov Əli Sərməz oğlunun sədrliyi, Hüseynova Gülnarə Süleyman qızının katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan Şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1040 manat pulun və ödənilmiş 31 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, təqribən bir il öncə yaşadığı ərazidə gözəllik salonunda işləyən Cavabdeh ona təcili pul lazım olduğunu, çox ağır vəziyyətdə olduğunu, çıxılmaz qaldığını bildirərək ondan borc olaraq pul istəmiş və tez bir zamanda qaytaracağına dair söz vermişdir. Cavabdehin çıxılmaz və pis vəziyyətdə qaldığını nəzərə alaraq ona 1500 manat pulu şəxsən təqdim etmişdir. Bir neçə ay keçdikdən sonra həmin pulun qaytarılmasını ondan tələb etdi. O isə buna imkanının olmadığını bildirmişdir. Daha sonra isə o, həmin pulu toy etdikdən sonra qaytaracağına söz verdi və sonunda toy bitdikdən sonra da həmin borc məbləğini qaytara bilmədi. Bundan sonra insanlıq xatirinə ona imkansız olduğunu nəzərə alaraq, həmin pulu hissəhissə, yəni, hər ay işlədikcə qaytarmağına razı olduğunu bildirdi və Cavabdeh xx.xx.2024-cü il tarixdə öz rəsmi imzası ilə ona yazı təqdim edərək həmin tarixdən pulu ödəyəcəyini bildirmişdir. Bu əsasla cavabdehə verilmiş 1500 manat borc məbləğindən 2024-cü ilin may ayında 150 manat, avqust ayında 50 manat, sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat, dekabr ayında 50 manat, 2025-ci ilin fevral ayında 25 manat, mart ayında 20 manat, aprel ayında 25 manat, may ayında isə 40 manat, ümumilikdə 460 manat ödəniş etmiş və 1040 manat borcu qalmışdır. Sözügedən borc pulunun istənilməsində hər dəfə əziyyət çəkmiş, get-gələ, süründürməçiliyə məruz qalmış, hətta aralarında məsələ barədə mübahisələrdə olmuşdur. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək iddianı qəbul etdiyini, lakin, maddi imkanı olmadığından borcundan ödəyə bilmədiyini bildirmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh hal-hazırda 990 manat məbləğində borcu qaldığını bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən yazılması və imzalanması kimi göstərilmiş qəbzdə, İddiaçı 1500 manat pul götürdüyünü, xx.xx.2024-cü ildən ödəməyə başlayacağına dair söz vermişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 882.1-ci maddəsinə əsasən borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Məhkəmənin mövqeyi: İş üzrə məhkəmə tərəfindən araşdırılmış materiallardan və tərəflərin izahatlarından aydın olmuşdur ki, Cavabdeh İddiaçı 2024-cü ilin avqust ayında 1500 manat məbləğində borc pul almış, həmin borcdan 2024-cü ilin may ayında 150 manat, avqust ayında 50 manat, sentyabr ayında 50 manat, oktyabr ayında 50 manat, dekabr ayında 50 manat, 2025-ci ilin fevral ayında 25 manat, mart ayında 20 manat, aprel ayında 25 manat, may ayında isə 40 manat, ümumilikdə 460 manat ödəmişdir. Borcun qalığı üzrə – 1040 manat – cavabdeh tərəfindən yazılı formada etiraf edilmişdir. Həmçinin, iddiaçı məhkəmə iclasında ərizə təqdim edərək Cavabdeh 990 manat borcunun qaldığını bildirmişdir. İşə əlavə olunmuş xx.xx.2024-cü il tarixli əlyazma sənədində, cavabdeh borcun mövcudluğunu təsdiqləməklə yanaşı, borcundan xx.xx.2024-cü il tarixdən ödəməyə başlayacağını, əlavə pulu olduqda artıq ödənişlər etməyi öhdəsinə götürmüşdür. Bu sənəd AR Mülki Məcəlləsinin 882.1-ci maddəsinə uyğun olaraq yazılı borc etirafı kimi hüquqi qüvvəyə malikdir. Məhkəmə bu halda AR Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə – borclunun öhdəlik üzrə pul ödəməli olduğu; 449.1-ci maddəsinə – pul vəsaitini əsassız olaraq saxlayan şəxsin kreditorun tələbi əsasında vəsaiti və gecikmə faizlərini ödəməli olduğu; 882.1-ci maddəsinə – borcun yazılı etirafının hüquqi qüvvəsi olduğuna əsaslanaraq belə qənaətə gəlir ki, cavabdeh tərəfindən borc öhdəliyi yaranmış, etiraf edilmiş və icra olunmamışdır. Bundan başqa, cavabdeh özü məhkəməyə təqdim etdiyi ərizədə iddianı tam etiraf etdiyini bildirmiş, bu isə Mülki Prosessual Məcəllənin 220.4-cü maddəsinə uyğun olaraq məhkəmənin iddianı əlavə araşdırmasız təmin etməsinə imkan verir. Bütün yuxarıda göstərilənləri nəzərə alaraq, cavabdehin iddianı etiraf etməsi və borcun mövcudluğunun sübutlarla təsdiq olunması səbəbindən məhkəmə iddia tələbinin tam təmin edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 31 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh 990 (doqquz yüz doxsan) manat və dövlət rüsumu kimi ödənilmiş 31 (otuz bir) manat pul alınaraq İddiaçına verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Əli İmanov
Məhkəmə qərarları › İş №2(032)-1508/2025
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1508/2025
13.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver