Məhkəmə qərarları › İş №2(032)-1569/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1569/2024

05.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1569/2024 05.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X2 oğlunun sədrliyi, Əsgərli Rəvan Adil oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3900 (üç min doqquz yüz) manat pulun və ödənilmiş 59 ( əlli doqquz) manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdeh X1 etibarından sui-istifadə edib, ona qarşı dələduzluq edərək ona məxsus 3750 manat pulu ələ keçirmişdir. Bu əməlinə görə Cavabdeh Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)56/2023 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cavabdeh ona dəymiş ziyanı bu günə qədər ödəməmişdir. Cavabdeh barəsində olan cinayət işinin məhkəmə baxışı Bakı Şəhər Xəzər Rayon Məhkəməsində keçirilmiş və ümumilikdə 6 məhkəmə iclasında iştirak edərək 150 manat yol pulu xərcləmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddia ərizəsinin surəti və məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişi Cavabdeh təqdim edilməsi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasına göndərilmiş, Cavabdeh iddia ərizəsinə qarşı yazılı izahatı məhkəməyə daxil olmuşdur. Cavabdeh izahatında bildirmişdir ki, iddianı 150 manat yol xərcləri hissəsində qəbul etmir, yalnız tələb olunan 3750 manat hissədə qəbul edir. Odur ki, iddianın qismən təmin olunmasını xahiş edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə tərəfindən işə cavabdehin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, sənədləri və işin hallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(003)56/2023 saylı hökmün surətindən görünür ki, Cavabdeh tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə İddiaçı xx.xx.2021-ci il tarixdə 1750 manat, xx.xx.2022-ci il tarixdə 2000 manat pulunu əldə edib, ona ümumilikdə 3750 manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Təqsirləndirilən şəxs Cavabdeh Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, qanuni qüvvədə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(003)56/2023 saylı hökmü ilə Cavabdeh mülki hüquq pozuntusu (delikt) törətməsi təsdiq olunduğundan, mülki hüquq pozuntusu nəticəsində İddiaçı vurulmuş maddi zərər Cavabdeh tərəfindən tam həcmdə ödənilməlidir. Maddi zərərin əvəzi olaraq tutulmalı olan məbləğə gəldikdə, məhkəmə qanuni qüvvədə olan Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 1(003)56/2023 saylı hökmü ilə maddi zərərin məhz 3750 manat məbləğində müəyyən olunmasını və yol xərcləri ilə bağlı iddiaçının məhkəməyə sübut təqdim etməməsini nəzərə alaraq hesab edir ki, dəymiş maddi zərərin əvəzi olaraq 3750 manat məbləğində pul Cavabdeh alınaraq İddiaçı verilməli, bununla da iddia qismən təmin olunmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 58 manat 40 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 58 manat 40 qəpik məbləğində pul alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikası MPM-nin 216- 220-ci maddələrini rəhbər tutub, QƏT ETDİ: İddia qismən təmin olunsun. Cavabdeh 3750 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 58 manat 40 qəpik məbləğində pul alınaraq İddiaçı verilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar