Məhkəmə qərarları › İş №2(032)-1577/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1577/2024

25.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1577/2024 25.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(032)-1218/2014 saylı qətnaməsi ilə Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində alimentin ona verilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(032)-1218/2014 saylı qətnaməsi ilə cavabdehlə olan rəsmi nikahın pozulması, birgə nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 və xx.xx.2008-ci il təvəllüdlü X11 adlı uşaqların ananın yanında qalmaqla yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavahdehdən hər ay hər uşağa 90 manat, cəmi 180 manat sabit pul məbləğində alimentin alınaraq ona verilməsi qət olunmuşdur. Hal-hazırda uşaqlar onun himayəsində yaşayırlar və məhkəmə qəmaməsi ilə müəyyən olunmuş aliment məbləği onların saxlanılması üçün yetərli deyil. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edilərkən uşaqların yaşı az olduğundan həmin vaxt geyimə, yeməyə olan tələbatı da hal-hazırki tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun geyimə, yeməyə və qağıya olan tələbatları da artmışdır. Halhazırda 90 manat məbləğində aliment hazırki şəraitdə olduqca azlıq təşkil edir. Cavabdehin isə bu günkü maddi durumu aliment məbləğinin artırılmasına imkan verir. Məhkəmə iclasının vaxtı və yeri barədə İddiaçı məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılması mümkün hesab edilmişdir . Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı etiraf etmədi, iddia tələbinə dair etiraz ərizəsi verərək bildirdi ki , iddiaçı ilə birgə nikahdan iki övladı doğulmuşdur. 2014cü ildə rəsmi nikah pozularkən uşaqlar ananın yanında saxlanılmaqla hər uşağa 90 manat olmaqla, cəmi 180 manat aliment təyin olunmuşdur. Sonradan o, yenidən ikinci dəfə ailə həyatı qurmuşdur. Alimentə dair maddi imkanı olmadığından borcları yaranmışdır. Aliment borcunu ödəməkdən ötrü həyətində olan çardağı və həyətyanı torpağının bir hissəsini satmışdır. Hazırda 200 manat aliment borcu qalmışdır. Məhkəmə təqdim etdiyi etiraz ərizəsində qeyd edilənləri nəzərə alaraq iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin izahatlarını, vəkilin çıxışını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan : Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 18 iyun 2007-ci il tarixdə anadan olmuş X2 və 15 avqust 2008-ci il tarixdə anadan olmuş X3 anası İddiaçı Mirhadi qızı, atası Cavabdehdur. Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(032)1218/2014 saylı qətnaməsinin surətindən görünür ki, birgə nikahdan doğulmuş 18 iyun 2007-ci il təvəllüdlü X2 və 15 avqust 2008-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər ay hər uşaq üçün 90 manat olmaqla, cəmi 180 manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi qət edilmişdir. Nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh İddiaçı Mirhadi qızı ilə nikahı ləğv edilmişdir. Bu barədə nikanın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2015-ci ilin mart ayının 11-də 17 nömrə ilə qeyd edilmişdir. Nikah ləğv olunandan sonra kişiyə Novruzov, qadına Əliyulmusavi soyadı verilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024-01660 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3-cü maddəsinə əsasən arayış verilmişdir. Cavabdeh etiraz ərizəsindən görünür ki, iddiaçı iddia ərizəsində məqsədi onun himayəsində iki övladının olduğunu məhkəmədən bilərəkdən gizlədərək, onun uşaqla maraqlanmadığını və əlavə heç bir yardım göstərmədiyini və ən əsası öz qazancı barədə ümumiyyətlə məlumat verməməklə ona qarşı məhkəmədə fikir ayrılığı yaratmaqdır. İddiaçının niyyəti həqiqiəti gizlətməklə istəyinə, yəni alimentin miqdarının artırılmasına və o, cavabdehi özündən asılı vəziyyətə salmasıdır. O, cavabdeh faktiki halları göstərməklə sübut növü olan dəlilləri məhkəməyə təqdim edəcəkdir ki, məhkəmədə həqiqəti özündə əks etdirən məlumatlar olsun ki, məhkəmə mülki işə baxarkən həqiqəti müəyyən etməklə hüquqi qiymət verə bilsin. Belə ki, o cavabdeh xx.xx.2018-ci il tarixdə ikinci dəfə nikah münasibətlərinə girərək Şirvan şəhər Qeydiyyat şöbəsində 55 nömrəli qeydiyyatla alınmaqla nigah şəhadətnaməsi verilmişdir. Həmin nikah münasibətlərindən xx.xx.2017ci il təvəllüdlü X12 və xx.xx.2019-cu il təvəllüdlü X13 adında iki uşağları vardır. Hər ikisi azyaşlı olmaqla biri məktəbli, digəri isə məktəbəqədər hazırlığa iddiaçı iddia tələbində alimentin tələbinin əsası kimi heç bir yerdə işləməməsini qeyd edir və ona görə də uşaqların sosial təminatlarının yaxşılaşdırılması və ehtiyaclarının ödənilməsi üçün alimentin 235 manat həddində irəli sürmək məcburiyyətində qaldığını bildirir. Lakin iddiaçı unudur ki, Ailə Məcəlləsinin 56.1, 58.1-58.3-cü maddələrinə əsasən da hər iki valideynlər öz uşaqları barəsində bərabər hüquq vəzifələrə malikdirlər. Və bu o deməkdir , aliment tərəflərin birindən tutulmasına baxmayaraq uşağların maddi və mənəvi cəhətdən təmin etməyə hər iki valideynlər borcludurlar. Belə olan halda aliment alan tərəf gözləməməlidir ki, aliment verən tərəfin ödənişləri əsasında uşağların həyat tərzinin qurulmasına çalışmalıdır. Aliment alan tərəf də çalışmalıdır ki, aliment ödəyən tərəfin aliment ödənişi onu uşağların ehtiyaclarının ödənilməsinə kifayət etmirsə, həmin halda həmin tələbatların yaxşılaşması üçün aliment alan tərəf də çalışmalı və bunu əmək fəaliyyəti və yaxud fərdi qazanc əsasında yaxşılaşdırmağa çalışmalıdır. İddiaçı isə yalnız iddia tələbindən görünür ki, çalışır ki, ona qarşı yüksək aliment tələbi irəli sürməklə hesab edir ki, o cavabdehə qarşı aliment tələbi onu sanki alimentin ödənilməsi məcburiyyətindən irəli gələn hal kimi cavabdehlik məsuliyyəti ilə o cavabdehi çıxılmaz vəziyyətdə qoymaqla istəyinə çatacaqdır. Halbuki, iddiaçı o cavabdehə qarşı yüksək aliment tələbi irəli sürməklə və aliment məhkəmə tərəfindən kəsildiyi təqdirdə o ödənişi həyata keçirə bilməyəcəyi halda qanunvericilk əsasında azadlıqdan məhrum etmə halları ilə üzləşə bilər və belə olan halda uşaqların mənafeyi baxımından onların vəziyyətinin yaxşılaşmasına deyil, əksinə pisləşməsinə aparcaqdır ki, bu halda alimentin yüksək kəsiləcəyi təqdirdə isə digər halda ümumiyyətlə alimentin ödənilmədiyi halı da özündə ehtiva edir. Belə olan halda iddiaçı fikirləşməlidir ki, məqsəd alimentin müəyyən məbləğdə aylıq ödənişi həyata keçirilməklə uşağların mənafeyləri baxımından yaxşılaşdırmaq olmalı, əksinə yüksək aliment tələbi irəli sürməklə mümkün olamayan ödənişin ödənilmədiyi halda vəziyyətin daha da pisləcəyinə gətirib çıxaracağı qaçılmaz olacaqdır. Bütün bunları söyləməkdə məqsədi alimentin artırılması iddia tələbi irəli sürdükdə bilməlidir ki, onun qazancı həcmində ödənilməsi mümkün olacağı halda yüksək aliment tələbinin ödənilməsinin qazancın həcmindən kənara çıxmaqla necə ödənişi həyata keçirə biləcəyi də nəzərə alınmalıdır. Cavabdeh tərəfindən təqdim edilmiş nikah haqqında şəhadətnamədən görünür ki, X7 X9 ilə nikahı Şirvan şəhər qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 22 fevral 2018-ci il tarixdə 55 nömrə ilə qeyd edilmişdir. Cavabdeh tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 27 dekabr 2017-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası X6r. Cavabdeh tərəfindən təqdim edilmiş doğum haqqında şəhadətnamədən görünür ki, 05 avqust 2019-cu il tarixdə Şirvan şəhərində anadan olmuş X8 atası Cavabdeh, anası X6r. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə iddiaçı Əliyulmusavi X14 şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(032)-1218/2014 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonrakı ötən müddət ərzində ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı Mirahı qızının üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması ilə bağlı iddiaçının tələbi zahirən qanuna uyğun təəssürat yaratsa da, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Digər tərəfdən tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki, alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ikinci dəfə ailə quraraq 27 dekabr 2017-ci il tarixdə X12 və 05 avqust 2019-cu il tarixdə X13 adlı iki uşağı anadan olmuş, bu da ki onun ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın səhhəti ilə bağlı xərcləri , eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, 18 iyun 2007-ci il təvəllüdlü X2 və 15 avqust 2008-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanları, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə vəziyyətində dəyişikliyin olmasını (ikinci dəfə ailə quraraq həmin nikahdan iki övladının olması) halını nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(032)-1218/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 18 iyun 2007-ci il təvəllüdlü X2 və 15 avqust 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (280-180=100 manat, 100 x 12 = 1200 manat, 1200-1000=200; 200 x 1%= 2; 30+2=32), cavabdehdən 32 (otuz iki) manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 29 dekabr 2014-cü il tarixli 2(032)-1218/2014 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh 18 iyun 2007-ci il təvəllüdlü X2 və 15 avqust 2008-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər biri üçün 140 (bir yüz qırx) manat, cəmi 280 (iki yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 32 (otuz iki) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar