Məhkəmə qərarları › İş №2(032)-1605/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1605/2024

26.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1605/2024 26.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 710 manat və ödədiyi 30 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, həmkəndlisi Razi Dadaşovun tanışına qaynaqçı lazım olduğunu bildirmiş, Razi Dadaşovun vasitəsi ilə Cavabdeh ilə telefon əlaqəsi yaratmaqla tanış olmuşdur. Cavabdeh ilə telefonla danışdıqda cavabdehin işlədiyi yerə 1800-2000 manat əmək haqqı müqabilində qaynaqçı lazım olduğunu, işğaldan azad edilmiş ərazilərdə göndərməklə ilkin olaraq 250 manat pul göndərməyini, bu pulun müqabilində həkimlərdən sağlamlıq arayışı, əlavə sertifikat alacağı barədə vəd vermişdir. Cavabdehin adına olan bank kartına hissə-hissə ödəniş etdikdə ona əlavə ödəniş tələb olduğunu bildirmişdir. Ondan tələb etdiyi kimi cavabdehin adına olan bank kartına ümumilikdə 710 manat pul göndərmişdir. Lakin Cavabdeh onun etibarından sui istifadə edərək onu aldatmaqla pulunu mənimsəmişdir. Dəfələrlə Cavabdeh borclu olduğu məbləğin qaytarılmasını tələb etsə də, cavabdeh pulun ödənilməsindən imtina edirək, müxtəlif bəhanələrlə ondan qaçmışdır. Qeyd edilən hallarla bağlı DİN-nin 102 zəng mərkəzinə məlumat vermişdir. Şikayəti əsasında Salyan rayon Polis Şöbəsində araşdırma aparılmış, lakin təqdim etdiyi ödəniş (terminal) qəbzlərinin bir neçəsi tam oxunmadığı üçün cavavdehin ona vurduğu 500 manat zərər hissəsinə görə cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmiş, əməli İXM-nin 227-ci maddəsi ilə inzibati material baxılması üçün Salyan rayon Məhkəməsinə göndərilmişdir. Salyan rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 3(057)-690/2024 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək, barəsində iki ay müddətində inzibati həbs tətbiq edilmişdir. İnzibati həbsdə saxlamanın əvvəli inzibati qaydada tutulduğu gündən 26 iyul 2024cü il tarixdən, saat 13:00-dan hesablanmışdır. Bu səbəbdən mübahisənin həlli üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmənin 29 oktyabr 2024-cü il tarixli hazırlıq iclasında iştirak edərək izahatında iddiaçının ona qarşı olan iddia tələbini qəbul etdiyini, ondan iddiaçının xeyrinə 710 manat pulun tutulmasına etirazı olmadığını bildirdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iddiaçının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Şirvan ŞPŞ tərəfindən verilmiş seriya AZE nömrə ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1991-ci ildə Əli Bayramlı (indiki Şirvan) şəhərində anadan olmuşdur və hazırda ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarında olan Salyan rayon Polis Şöbəsinin TB-nin, polis leytenantı X1 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarında olan Salyan rayon Məhkəməsinin 3(057)-690/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarın surətindən görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 227-ci maddəsi ilə təqsirli bilinərək barəsində iki ay müddətində inzibati həbs tətbiq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) borcun qaytarılmasıa və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq borcun qaytarılması və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Cavabdehin məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, iddia tələbini etiraf etməklə iddianın təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Həmin Məcəllənin 220.4-cü maddəsində qeyd edilir ki, cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh 710 manat alınaraq İddiaçı ödənilməlidir. Məhkəmə iddia tələbinin ödənilmiş 30 manat dövlət rüsumunun cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 710 manat və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində pul alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar