Məhkəmə qərarları › İş №2(032)-1627/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1627/2024

16.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1627/2024 16.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “aliment məbləğinin artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə, müəyyənetdi: İddiaçı iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-248/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment məbləğinin artırılaraq hər ay 300 manat sabit pul məbləğində alimentin və dövlət rüsumunun alınaraq ona verilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə həyatı quraraq, nikahlarını 2021-ci il tarixdə rəsmi qaydada Şirvan şəhəri Qeydiyyat Şöbəsində qeyd etdirmişlər və bu barədə onlara nikahın bağlanması haqqında şəhadətnamə verilmişdi. Lakin 12 iyun 2024-cü il tarixdə Şirvan şəhər Məhkəməsinin qətnaməsi əsasında cavabdehlə aralarında olan nikah pozulmuşdur. Uşaqların - xx.xx.2021-ci il təvəllüdlü X5 onun yanında, onun himayəsində saxlanılması və hər uşağa 180 manat aliment müəyyən edilmişdir. Nikah ləğv edildikdən sonra Şirvan şəhər Qeydiyyat Şöbəsindən xx.xx.2024-cü il tarixdə 149 saylı X4 Şəhadətnamə” almış, uşaq onun yanında qalmaqla hər uşağa cavabdehdən 180 manat aliment ödənilir. Beləliklə Cavabdeh onun ümumi qazancından bir uşağa hər ay uşağa 180 manat pul tutulur və aliment hesablanaraq ödənilir. Bu isə uşağın saxlanmasından ötəri həddindən artıq azdır. Uşağı saxlamaqda maddi cəhətdən çox çətinlik çəkir. O valideynlərinin himayəsində yaşayır. Evin içində xəstə Qazi qardaşı var. Çox çətinlik çəkir, cavabdeh isə Russiya Federasiyasında Amur şəhərində “Heydər Əliyev” adına Neft Emal zavodunda işləyir, hər ay 3500 (üç min beş yüz) manat əmək haqqı alır. Məhkəmə iclasında İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq etdi, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar olunmasına baxmayaraq Cavabdeh məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Cavabdeh etiraz ərizəsi göndərərək bildirmişdir ki, onun hal-hazırda maddi durumu məhkəmə qətnaməsi ilə təyin olunmuş 180 manat sabit pul məbləğində alimentdən artıq məbləğdə aliment ödəməyə imkan vermir. İddiaçı ərizəsində qeyd etmişdir ki, guya o Rusiya Federasiyasında Amur şəhərində Neft Emalı zavodunda işləyirəm. Bildirirəm ki, bu məlumat tamamilə əsassızdır. Hal-hazırda Azərbaycan Respublikasının daxilində və eləcədə xaricdə heç bir rəsmi iş yeri yoxdur. Hal-hazırda o fərdi əməklə məşğuldur, mövsümi işlər olur ki, həmin işlərdə yalnız mövsümidir, daimi deyil. Elə ay olur ki, onun heç bir qazancı olmur və həmin ayların alimentini valideynləri ödəyirlər. Aliment təyin edildikdən sonra onun maddi vəziyyətində heç bir dəyişiklik olmamışdır. İddiaçı ilə birgə nikahdan doğulmuş uşağın saxlanılması üçün məhkəmə qətnaməsi ilə aliment təyin edildikdən sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Bundan əlavə isə aliment xx.xx.2024-cü ildə təyin olunmuş və bundan cəmi bir neçə ay keçmişdir ki, iddiaçı yenidən aliment tələbi ilə məhkəməyə müraciət etmişdir. Lakin ən azı 1 il müddət keçməlidir ki iddiaçının alimentin artırılması barədə iddia hüququ yaransın. Hazırda iddiaçının belə bir hüququ yaranmamışdır. Bundan əlavə isə ən əsası olaraq iddiaçı onun gəliri barədə hər hansı bir sübutu məhkəməyə təqdim etməmişdir. İddiaçı yalnız öz düşüncəsinə əsasən 300 manat aliment tələb edir. Halbuki iddiaçı əgər onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olduqda, yaxud da rəsmi gəliri barədə məlumatı vardısa o barədə mötəbər sübutları məhkəməyə təqdim etməli idi. Məhkəmə iddiaçının izahatını dinləyib, cavabehin etiraz ərizəsini və təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci il tarixdə Şirvan şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası İmanova (Bədəlova) Samirə Rasim qızıdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-248/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə cavabdeh X6 arasında Şirvan şəhər Qeydiyyat şöbəsində bağlanılmış 19 aprel 2021-ci il tarixdə, 124 nömrəli akt qeydi ilə qeydə alınmış nikahın pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2021-ci il təvəllüdlü X7 anası – X3 himayəsində saxlanılması, xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün 12 iyun 2024-cü il tarixdən hesablanmaqla iddiaçı Cavabdeh X3 xeyrinə hər ay 180 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. X4 şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və X3 nikahı Şirvan şəhər Məhkəməsinin 12 iyun 2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir.Bu barədə nikahın poziulması haqqında akt qeydləri kitabında 2024-cü ilin 08 ayın 07 günündə 149№ ilə qeyd edilmişdir. Nikah pozulduqdan sonra kişiyə İmanov, qadına Bədəlova soyadı verilmişdir. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞS/MT-023/2024- 01964 saylı ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” qanunun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. İMS xərcinin məbləği -50 manatdır. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh “X2” MMC-də tikinti materialları müəssisələrində avadanlıqları quraşdırıcı işləməklə 899 manat əmək haqqı alır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa,eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm,dəyişən olarsa,ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa,yaxud onun qazancı və ya sair gəliri yoxdursa,habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı,çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda,uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində,həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətə layiq olan digər halları nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətindəki dəyişikliyi (cavabdehin işləməklə qazanc əldə etməsini), diqqətəlayiq olan digər halları nəzərə alaraq hesab edir ki, xx.xx.2021-ci il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanları, cavabdehin maddi vəziyyətində dəyişikliyin olması halını nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan şəhər Məhkəməsinin 2(032)- 248/2024 saylı, 12 iyun 2024-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (200-180=20 manat, 20 x 12 = 240 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Bundan başqa mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları və MPM-in 216-220, 234.2-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-248/2024 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2021-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən həmin müddətdə şikayət verilməzsə, qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar