Məhkəmə qərarları › İş №2(032)-168/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-168/2023

30.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-168/2023 30.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X4 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azəriqaz İB-nə qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azəriqaz İB- qarşı “aktın etibarsız hesab olunması və cərimə borcunun silinməsinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Azəriqaz “X2 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və akta əsasən hesablanmış cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şirvan şəhəri Mehmandarov küçəsi 6 saylı evdə yaşayır. Şirvan şəhəri X6 küçəsi, ev 18 B onun əvvəl valideynlərinin olub. Onlar vəfat edəndən sonra o həmin evin öz adına texniki pasport və çıxarışını almışdır. Həmin ev 0,06 ha torpaq sahəsində yerləşir və 30 avqust 2019-cu il tarixdə onun adına sənədləşdirilmişdir. Həmin evdə bu günə kimi heç kim yaşamayıb, qapısı bağlı olub. İndi də heç kim yaşamır. “Azəriqaz” X1 Departamentinin Sayğacların müayinəsi laboratoriyasının 18 iyul 2022-ci il tarixli MSK 29\1710-01526 №-li rəyinə əsasən G-2,5 markalı ******* №-li sayğaca ümumi baxış keçirilib. Sayğacın qaz keçən hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğacın hesablama mexanizminin qoruyucusunun plastmas qapağı istilik nəticəsində əyilib, hesablama mexanizminin iş prinsipinə maneə törədib. Sayğac istismara yararsızdır. Bu səbəbdən də 22 iyul 2022-ci il tarixdə onların iştirakı olmadan ******* saylı akt tərtib olunmuşdur. Akt yazılan vaxt o iştirak etməmişdir. Sayğaca baxış keçirilən vaxt foto şəkillər çəkilməyib, həmin vaxt hal şahidləri iştirak etməyiblər. Onlar özbaşına akt yazıb çıxıb getmişlər. 22 iyul 2022-ci il tarixdə yazılan ******* saylı aktı o, qanunsuz sayır. Düzdür, bir dəfə o, həmin küçədən keçəndə görmüşdür ki, küçəni süpürüblər, onlar küçəni süpürüb zibili qaz sayğacının altına yığıblar və həmin yığılan zibilə od vurublar. Ola bilsin sayğacın qapağı da onda əriyib. Həmin sayğac evin çölündə qoyulub. Onlar sayğaca heç bir vaxt müdaxilə etməmişlər. O, yaşlı qadındır, sayğacdan heç başı çıxmır. Bir də ki, həmin evdə uzun müddətdir heç kim yaşamır. Sonradan İddiaçı iddia ərazisəinə əlavə verərək cavabdeh “Azəriqaz “X2 RQİİ-nin əməkdaşları tərəfindən tərtib edilmiş 22 iyul 2022-ci il tarixli ******* saylı aktının etibarsız hesab olunması və 1036 manat 80 qəpik cərimə borcunun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilən xüsusatları təsdiq edərək iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar edilmiş cavabdeh Azəriqaz İB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Şirvan şəhəri X6 küçəsi 18 B. Yeni qaydalarla AZ 1812 Şirvan şəhəri X6 küçəsi ev 66 ünavnında yerləşən fərdi yaşayış evi İddiaçı adına xüsusi mülkiyyət hüquq üzrə daşınmaz əmlakın dövlət reyestrində 23 nömrəli reyestr kitabının 20 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan “qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 30 sentyabr 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, İddiaçı yaşadığı Şirvan şəhəri X6 küçəsi ev 18 B ünvanında yerləşən fərdi yaşayış evində dövlət yoxlamasından gələn yararlı sayğac qurulmuşdur. İş materiallarında olan “təbii X3nın pozulması haqqında” 22 iyul 2022-ci il tarixli ******* saylı aktdan görünür ki, Azəriqaz İB-nin İTRİ-nin 18 iyul 2022-ci il tarixli 29/1710- 01526-1 saylı rəyinə əsasən çıxarılan 4094857-li qaz sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Dəymiş ziyanın hesablanması və abonentin ödənişə cəlb edilməsi qərara alınmışdır. İş materiallarında olan 26 iyul 2022-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamədən” görünür ki, X5 itirilmiş qazın bərpası üzrə tələblərdə qaz sayğacının nominal qaz sərfi 4m3 orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılması, dəymiş ziyanın hesablanması və hesablanmış 8640 m3 məbləğin ödənilməsi barədə qərar qəbul edilmişdir. Qərarın qəbul edilməsi əsası kimi 22 iyul 2022-ci il tarixli ******* saylı akt göstərilmişdir. İş materiallarında olan abonentin saldosu sənədindən görünür ki, İddiaçı Şirvan şəhəri X6 küçəsi ev 18 B ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış Zenner G4T mexaniki tipli sayğac üzrə qalıq və aktlar qrafası üzrə 2022-ci il oktyabr ayı üçün 1036 manat 80 qəpik debitor borcu yaranmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçının abonenti olduğu Şirvan şəhəri X6 küçəsi ev 18 B ünvanında yerləşən fərdi yaşayış evində quraşdırılmış sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Həmin hal iddiaçıya borcun hesablanmasına əsas olmuşdur. Cavabdeh sayğacın yararsız vəziyyətdə olması iddiaçının təqsiri üzündən baş verməsi barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. İş üzrə olan sübutlarla abonent olan iddiaçının sayğaca müdaxilə etməsi- sayğacın istismara yararsızlığı onun təqsiri üzündən baş verməsi halı təsdiq edilməmişdir. “X3”nın 5.5-ci bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Həmin Qaydaların 6.1.4-cü bəndinə əsasən qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya qaz paylayıcısı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilmədikdə; Qaz paylayıcısı bu Qaydaların 3.1.4-cü yarımbəndinin tələblərinə əməl etməklə qazın verilməsini dayandıra bilər. “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”ın 77-ci bəndinə əsasən aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. Beləliliklə də məhkəmə hesab edir ki, qanunvericiliyin tələbinə əsasən cavabdeh dəymiş zərərin ödənilməsini qazpaylayıcı şəbəkəyə müdaxilə (indiki halda sayğaca) etmiş şəxsdən tələb etməli olduğundan, iddiaçının isə sayğaca müdaxilə etməsi halı təsdiq edilmədiyindən, cavabdeh tərəfindən iddiaçıya bu əsasla borc hesablaması qanunsuz olmuşdur. Odur ki, hesablanmış 1036 manat 80 qəpik borc iddiaçının abunə hesabından silinməli, iddia tələbi həmin hissədə təmin edilməlidir. Bununla yanaşı məhkəmə hesab edir ki, 22 iyul 2022-ci il tarixli ******* saylı aktda sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir. Sayğac istismara yararsız olması barədə göstərilənlər işin hallarına uyğun olduğundan və aktın etibarsız sayılması üçün əsaslar müəyyən edilmədiyindən iddia tələbi aktın etibarsız hesab edilməsi hissəsində rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 26-cı madəsinə əsasən istehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci bəndinə əsasən idianın qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğu üçün rüsum cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin olunsun. 22 iyul 2022-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qaz sərfiyyatı kimi 1036 manat 80 qəpik məbləğində hesablanmış ziyan məbləği İddiaçı abunə hesabından silinsin. İddia aktın etibarsız hesab olunmasına dair hissədə rədd edilsin. Cavabdeh “Azəriqaz” İstehsalat Birliyindən dövlət rüsumu hesabına 30 manat tutularaq dövlət gəlirlərinə alınsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermək olar. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar