Məhkəmə qərarları › İş №2(032)-173/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-173/2023

13.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-173/2023 13.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi Məsləhətçi (məhkəmə iclas katibi) Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 700 manat pulun və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, 2022-ci ilin may ayında Cavabdeh ilə sosial şəbəkə vasitəsi ilə tanış olmuş və mobil nömrəsini ona vermişdir. Bir neçə dəfə telefonla danışandan sonra Cavabdeh bildirdi ki, “atam ağır xəstədir, təcili olaraq mənə 700 manat məbləğində borc pul lazımdır, iyul ayında qaytaracağam”. Ona inanaraq 700 manat pulu ona kart vasitəsi ilə göndərmişdir. 2022-ci ilin iyun ayında bir dəfə cavabdehlə görüşmüşdür. Lakin sonradan ona məlum oldu ki, cavabdeh onun etibarından sui istifadə edərək onu aldadıb. Cavabdehdən pulunu tələb etdikdə ona pulunu qaytaracağına söz versədə pulunu qaytarmamışdır. Pulunu qaytarmadığına görə Bakı şəhəri, Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə müraciət etdi, lakin cavabdeh 24-cü Polis Bölməsinə gəlmədi. Bundan sonra dəfələrlə cavabdehə pulun qaytarılması barədə müraciət etməsinə baxmayaraq hər dəfə ona telefon vasitəsi ilə votçapda yazaraq pulun qaytarılmasına dair vədlər versə də pulu qaytarmamışdır. İddiaçı məhkəməyə teleqram ünvanlayaraq himayəsində 2 azyaşlı uşağının olduğunu, Cavabdeh şikayətçi olduğunu, iddiasını müdafiə etdiyini və məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı ilə aralarında borc olaraq 500 manat pul vəsaiti olmuşdur. Həmin pul vəsaiti ona məxsus olan “Kapitalbank” kartının hesabına köçürülmüşdür. Razılaşmaya əsasən həmin pulu hissə-hissə 2-3 ay ərzində sonuncuya verəcəkdir. Həmin pul vəsaitindən 2 dəfə hər biri 125 manat olmaqla və sonuncuya məxsus olan bank kartına atmışdır. Bundan başqa sonuncu ilə aralarında yaranan başqa borc məsələsinə əsasən isə ona olan borcu tam bağlanıb. Bank kartları vasitəsi ilə köçürülən məbləğlərin hər birinin qəbzi olsada sonuncu 125 manatın qəbzini saxlamamışdır. Digər qalıq 250 manat isə aralarında olan başqa razılaşmaya əsasən başqa borcla qarşılıq silinmişdir. Faktiki olaraq əldə olan çıxarışlarla sonuncunun ona 500 manat pul və vəsaiti göndərməsi və həmin pul vəsaitindən 125 manatının ödənilməsi sübuta yetir. Sonuncuya ümumilikdə 250 manat ödəsədə son 125 manatın qəbzini hazırda təqdim edə bilmir. Hazırda iddiaçıya 375 manat borcu qalmışdır. Məhkəmə iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsində vermiş olduğu izahatında bildirmişdir ki, 2022-ci ilin may ayında “Tik-Tok” sosial şəbəkəsində Cavabdeh ilə tanış olmuşdur. Atasının səhhəti ilə bağlı iyul ayında 500 manat borc pul istəmiş, ona borca pul vermiş, 1 ay ərzində borcunu ödəyəcəyini bildirmişdir. Lakin verdiyi vədinə əməl etməmiş, ona heç bir ödəniş etməmişdir. Beləliklə, məhkəmə tərəflər tərəfindən təqdim edilmiş sübutları, həmçinin polis idarəsndən daxil olan materialı, tərəflər arasında olan vatsap yazışmaların çıxarışları araşdıraraq müəyyən edir ki, iddiaçı ilə cavabdeh arasında həqiqətən də borc münasibətləri olmuşdur. İddiaçı 2022-ci ilin avqust ayından başlayaraq cavabdehdən pulunu tələb edir, ona ödəniş bank kartını yollayır, lakin cavabdeh ödənişi həyata keçirmir, iddiaçı ondan polisə şikayət etdiyini bildirir. Tərəflər arasında aparılan yazışmalar 2022-ci ilin avqust-sentyabr aylarına təsadüf edir. Polis idarəsinə ünvanladığı xx.xx.2022-ci il tarixli ərizəsində iddiaçı cavabdehə iyul ayında 500 manat məbləğində borca pul verməsini və 1 ay ərzində razılaşmalarına baxmayaraq, cavabdehin həmin pulu qaytarmadığını bildirir. Cavabdeh məhkəməyə iddiaçıya məxsus bank kartına (**********875471 nömrəli bank kartını iddiaçı vatsap yazışmasında cavabdehin ona pulunu yükləməsi üçün sonuncuya göndərmişdir) xx.xx.2022-ci il tarixində 125 manat məbləğində ödəniş etdiyinin çıxarışını təqdim etmişdir. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Məhkəmə araşdırması zamanı iş üzrə toplanmış sübutlara qiymət verilərkən müəyyən olunur ki, tərəflər arasında şifahi borc münasibətləri yaranmış, iddiaçı cavabdehə borca pul vermiş, iddiaçı dəfələrlə ondan pulunu istəməsinə baxmayaraq cavabdeh qaytarmamışdır. İddiaçı cavabdehdən xx.xx.2022-ci il tarixində polis qurumuna şikayət etmiş mülki xarakterli məsələ olduğundan məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Beləlilə, tədqiq edilmiş sübutlarla iddiaçının cavabdehə tələbində göstərdiyi kimi 700 manat deyil 500 manat borc verməsi, cavabdehin isə təqdim etdiyi çıxarışdan iddiaçıya 500 manat borcdan 125 manatını qaytarması təsdiq edildiyindən məhkəmə iddianın qismən təminini, yəni 375 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsini mümkün hesab edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin məcəllənin 78.1-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 30 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 375 (üç yüz yetmiş beş) manat pul və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar