Məhkəmə qərarları › İş №2(032)-1734/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-1734/2024

13.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-1734/2024 13.12.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)- 401/2018 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh onun xeyrinə tutulan alimentin miqdarının artırılaraq hər ay 235 manat sabit pul məbləğində alimentin və mediasiya xərcinin Cavabdeh tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2012-ci də nikahlarını rəsmi qeyd etdirməməklə ailə qurmuşlar. Birgə yaşadıqları müddətdə xx.xx.2016-cı il tarixdə X6 adlı bir övladı anadan olmuşdur. Uşağın atalığı müəyyən edilmişdir. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah münasibətləri pozulmuş, ailment tələbi ilə əlaqədar məhkəməyə müraciət etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-401/2018 saylı 13 fevral 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı X5 Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X3 yetkinlik yaşına çatanadək hər ay 120 manat sabit pul məbləğində alimentin tutulması qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladı ilə ümumiyyətlə maraqlanmamış və uşağın saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Uşağın bütün qayğısını, ehtiyacını tamamilə o çəkir. Böyüdükcə uşağın atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh ona qarşı heç bir diqqət və qayğı göstərmir. Uşağın təlim-tərbiyyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan şəhər Məhkəməsinin 2(032)-401/2018 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşağın tələbatı üçün bu günkü həyat şəraiti, uşağın saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Ona görə də uşağın saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh izahat verərək bildirdi ki o iddia tələbi ilə razı deyildir. Belə ki o rəsmi nikaha daxil olmuş, həmin birgə nikahdan iki övladı var. Əvvəllər işlədiyindən ö aliment pulunu vaxtında ödəmiş, sonradan işdən çıxarılmış və aliment borcu yaranmışdır. Hal-hazırda 150 manat məbləğində aliment ödəyə bilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-401/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh xx.xx.2016-cı ildə anadan olmuş X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 120 manat sabit pul məbləğində alimentin və 30 manat məbləğində dövlət rüsumunun alınaraq uşağın anası İddiaçı verilməsi, aliment məhkəməyə müraciət edildiyi –12 yanvar 2018-ci il tarixdən tutulması, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. Atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh 22 aprel 2016-cı ildə İddiaçı doğulmuş X2 atası hesab edilmişdir. Bu barədə atalığın müəyyən edilməsi haqqında akt qeydləri kitabında 2017-ci ilin fevral ayının 3-də 14 nömrə ilə qeyd edilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2016-cı ildə Bakı şəhərində anadan olmuşdur. Atası Cavabdeh, anası İddiaçıdır. Elektron məhkəmə informasiya sistemindən çıxarılmış qohumluq məlumatlarından görünür ki, Cavabdeh X10 ilə ailə qurmuş, birgə nikahdan xx.xx.2018-ci il tarixdə X11 və xx.xx.2019-cu il tarixdə X4 anadan olmuşdur. Elektron məhkəmə informasiya sistemindən Cavabdeh gəlir məlumatlarına dair çıxarışdan görünür ki, Cavabdeh X9 İdarəsində mühəndis işləyir 800 manat məbləğində əmək haqqı alır. Sabirabad 1 saylı Mediasiya təşkilatının xx.xx.2024-cü il tarixli MŞS/MT- 023/2024/01596 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.3ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Göründüyü kimi, əvvəllər müəyyən edilmiş alimentin miqdarı yalnız Ailə Məcəlləsinin 112.1-ci maddəsində qeyd olunmuş tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olduğu halda mümkündür. Qeyd edilməlidir ki, hazırkı iş üzrə İddiaçı Şirvan şəhər Məhkəməsinin xx.xx.2018ci il tarixli 2(032)-401/2018 saylı qətnaməsi ilə aliment məbləği müəyyən edildikdən sonrakı ötən müddət ərzində ailə və maddi vəziyyətində baş vermiş dəyişikliklərlə bağlı sübutlarını məhkəməyə təqdim etməmişdir. Halbuki, mülki prosessual qanunvericilikdə birbaşa göstərilməsə də, lakin nəzərdə tutulan dispozitivlik prinsipinə görə proses hakimin (məhkəmənin) deyil, yalnız tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir. Bu mənada prosessual qanunvericilik işin faktiki hallarının müəyyən edilməsində və araşdırılmasında tərəflərin hüququna üstünlük vermişdir. Belə ki, MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə özü sübutları toplamamalı, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaratmalı, tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlməlidir. Beləliklə də, ailə və maddi vəziyyətində baş vermiş dəyişiklikləri sübut etmə yükü məhz İddiaçı üzərinə düşür. Onun tərəfindən tələbini təsdiq edən hər hansı mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, alimentin miqdarının artırılması ilə bağlı iddiaçının tələbi zahirən qanuna uyğun təəssürat yaratsa da, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin məzmunu və təyinatına cavab verən kimi qəbul oluna bilməz. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, uşağın səhhəti ilə bağlı xərcləri , eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2016-cı il təvəllüdlü X1 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla dəyişdirilməlidir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8-2/2016 saylı Qərarının 8.13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Həmin Qərarın 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə qeyd olunanları, habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin himayəsində xx.xx.2018-ci il təvəllüdlü bir azyaşlı övladının olmasını və iddiaçının isə fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla gəlir əldə etməsini nəzərə alıb hesab edir ki, iddia qismən təmin olunaraq Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)- 401/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, miqdarı dəyişdirilmiş alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Habelə MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İşə əlavə edilmiş mediasiya xərcinin ödənilməsi barədə qəbzdən görünür ki, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti İddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (170-120=50 manat, 50 x 12 = 600 manat), cavabdehdən 30 (otuz) manat dövlət rüsumu dövlət nəfinə alınmalı, mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2(032)-401/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 170 (bir yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Cavabdeh mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar