Məhkəmə qərarları › İş №2(032)-175/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-175/2023

13.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-175/2023 13.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 4076 manat xidmət haqqı və dövlət rüsumu olaraq ödənilmiş 62 manat pulun, ümumilikdə 4138 manat pulun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, Cavabdeh ona 2020-ci ilin aprel ayında müraciət edərək, ona 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi ilə bağlı hüquqi yardım göstərməsini xahiş etmişdir. DSMF-nin əlaqədar orqanları ona yalnız 60 yaşdan güzəştli şərtlərlə pensiya təyin edilə biləcəyini bildirmişlər, lakin o, bu hüququnun 57 yaşdan tanınmasını istəyir. Cavabdehin ona təqdim etdiyi sənədləri araşdırdıqdan sonra ona bildirdi ki, onun bu hüququnu həyata keçirməsi üçün hüquqi yardım göstərə bilər. Həmçinin ona bildirdi ki, “mən rəsmi fəaliyyət göstərdiyim üçün mənimlə müqavilə bağlamalı və xidmət haqqını ya tam, ya da ilkin ödənişi ödədikdən sonra bu işi görəcəyəm”. Lakin cavabdeh övladına toy etməli olduğu səbəbi ilə ona ilkin ödəniş etməyə hələlik maddi imkanı olmadığı üçün hüquqi yardım göstərməyə başlamağını, müqaviləni isə ilkin ödənişi edəcəyi tarixdə bağlamağı xahiş etdi. Onunla cavabdeh hüquqi yardım göstərilməsi müqabilində ümumilikdə 5000 manat xidmət haqqı ödəməli olacağı barədə razılaşdılar. Cavabdeh bu zaman bildirdi ki, ona 57 yaşdan pensiya təyin edildikdən ya dərhal sonra ya da aylıq hissələrlə onun xidmət haqqını ödəyəcək.Cavabdehin bu təklifini qəbul edərək ona bildirdi ki, bu barədə aralarında yazılı müqavilə bağlanana qədər göstərəcəyi xidmətlər üçün ona müvafiq hüquqları özündə ehtiva edən etibarnamə təqdim etməlidir. Cavabdeh buna razı oldu və belə bir etibarnaməni ona verdi. Cavabdehə pensiya təyinatı ilə əlaqədar iddia işi məhkəmədə baxılmaqda olduğu vaxtı, 02 fevral 2022-ci il tarixdə cavabdehlə yazılı müqavilə bağladılar və ilkin olaraq 500 manat xidmət haqqı ödədi. Cavabdehin ona müraciət etdiyi vaxtdan etibarən 2 il 4 ay ərzində cavabdehə pensiya təyinatı aparılması ilə bağlı bütün növ hüquqi xidmətlər tərəfindən göstərilmiş və kassasiya instansiyasının qərarı ilə cavabdehə pensiya təyin edilmişdir. Bu andan etibarən cavabdeh aralarında olan müqavilə öhdəliklərini yerinə yetirməmək üçün müxtəlif bəhanələr gətirməyə başlamışdır. Belə olduqda cavabdehə rəsmən poçtla məktub göndərərək ona müqavilə öhdəliklərini xatırlatmışdır. Bundan sonra cavabdeh onunla görüşərək birdəfəlik olmaqla 1500 manat ödəmək şərti ilə müqaviləyə xitam vermək istədiyini söyləmişdir. Cavabdehin bu təklifinə razı olmadı. Belə olduqda cavabdeh bildirdi ki, “bu halda ayda 247 manat bank kartına köçürməklə, müqavilədə nəzərdə tutulan məbləği tam ödəyəcək”. Onunla razılaşdı və cavabdeh ilk olaraq 2022-ci ilin oktyabr ayında 247 manat ödədi. Daha sonrakı ay cavabdeh ona zəng edərək 247 manat ödədiyini söylədi. Kart hesabından çıxarış etdikdə gördü ki, cavabdeh 247 manat deyil, 177 manat köçürmə etmişdir. Cavabdehə hansı səbəblə 247 manat əvəzinə 177 manat ödədiyini soruşdu. O isə ona “niyə görə sənə pul verməliyəm, vermirəm” deyə cavab verdi.Cavabdehlə aralarında bağlanmış müqaviləyə əsasən ödənilməmiş xidmət haqqı məbləği 4076 manat təşkil edir.Cavabdehin onunla müqavilə bağlaması, bundan əvvəl ona hüquqi yardım göstərilməsi üçün etibarnamə təqdim etməsi, ilkin ödəniş və pensiya təyinatından sonra iki dəfə 247 və 177 manat ödəniş etməsi onu göstərir ki, cavabdeh həmin müqavilə ilə öhdəliklərini könüllü qəbul etmiş və qismən də yerinə yetirmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək bildirmişdir ki, güzəştli şərtlərlə pensiyaya çıxmaq hüququ qazandıqdan sonra DSMF tərəfindən işləri ləngiməyə başladı. Odur ki, məhkəməyə müraciət etməli oldu. Özünün heç bir təhsili və savadı olmadığı üçün onu İddiaçı ilə tanış etdilə. Ona bu işi tam həll edəcəyini, məktublar yazmağı, məhkəmə iclaslarında axıradək hüquqlarını üdafiə məqsədi ilə notariusdan etibarnamə alıb iştirak etməyi vəd etdi. Taleh bu işlər tam həll olunduqdan sonra ona müəyyən qədər pul verəcəyini dedi. Məhəməyə 2-3 ədəd ərizə yazandan sonra bir gün maşınla yolda onu görüb maşını saxladı və cibindən bir yazılı vərəq çıxarıb dedi ki, “təcili buna qol çək ki, iclaslarda iştirak edə bilim”.Savadsız adamdır, latın əlifbası ilə yazıb oxuya bilmədiyi halda ona məcburi olaraq tez burdan qol çək, adını yaz, hər şey yaxşı olacaq deyib getdi. Sonradan gedən proseslərdə heç bir məhkəmə iclasında ona kömək etmədi, iclasların heç birində iştirak etmədi.2-3 ərizə yazdığına göə bu vaxtadək Taleh ondan 924 manat pul vəsaiti alıb. İndi ondan külli miqdarda pulu nə üçün tələb etdiyini bilmir. Axı ona məcbui imza etdirdiyi yazılı vərəqin nə üçün olduğunu ona izah etməyib və həmin məbləğlə bağlı hansı notarial qaydada bir təsdiq var.Onu aldatdı, bütün məhkəmə iclaslarında özü tək iştirak etdi, hakimlər humanistlik nöqteyi nəzərdən işə baxaraq hər şeyi ədalətlə həll edərək onun xeyrinə qətnamə çıxardılar. Odur ki, iddianın rədd edilməsini xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixli hüquqi xidmətlərin göstərilməsi haqqında xidməti müqaviləsi bağlanmışdır. "xxxx" MMC-nin ödəniş qəbzindən görünür ki, İddiaçı hesab nömrəsinə xx.xx.2022-ci il tarixdə 247 manat, xx.xx.2022-ci il tarixdə isə 177 manat ödəniş olunmuşdur. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 5 saylı Ərazi Vergilər İdarəsi tərəfindən daxil olmuş xx.xx.2023-cü il tarxli məktubuna əsasən İddiaçı xx.xx.2018-ci ildən vergi ödəyicisi kimi uçota alınmış və əsas fəaliyyəti “hüquq sahəsində fəaliyyət” kimi qeydə alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Əqdlərin etibarsız hesab edilməsinin əsasları Azərbaycan Respublikası Mülki Məcəlləsinin XİV fəsilində göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin : 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.2-ci maddəsinə görə əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. 329.2-ci maddəsinə əsasən əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. 777.1-ci maddəsinə əsasən tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür. 777.2-ci maddəsinə əsasən tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir. 783.2-ci maddəsinə əsasən vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, İddiaçı pulu qaytarmadığı üçün şərtləri pozmuş, üzərinə götürdüyü öhdəliyi icra etməmiş, bu səbəbdən də iddia təmin olunmalı, Cavabdeh İddiaçı 4076 manat məbləğində xidmət haqqının ödənilməsi cavabdehin hesabına təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 62 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 4076 manat xidmət haqqı və dövlət rüsumu kimi ödənilmiş 62 manat, ümumilikdə 4138 manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar