Məhkəmə qərarları › İş №2(032)-212/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-212/2023

03.04.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-212/2023 03.04.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbi barədə iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı 1000 manat pulun, 115 manat notariat xərcinin və ödənilmiş 30 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tanışıdır. Ondan 1000 manat borca pul istədi. Yaxın zamanda qaytaracağını bildirmişdir. O da etiraz etmədi. Ona notarial qaydada 1000 manat borc pul verdi. Müqavilənin bağlanması üçün nəzərdə tutulmuş 115 manat dövlət rüsumunu da özü ödədi. Müqavilənin şərtinə görə cavabdeh həmin borcu 2022-ci ilin noyabr ayında qaytaracaqdır. Dəfələrlə ondan borcunu qaytarmasını xahiş etsədə, hər dəfə cavabdeh borcunu qaytaracağına dair ona vədlər versədə bu günə kimi ona olan borcunu qaytarmayıb. İddiaçı məhkəməyə ərizə təqdim edərək cavabdeh qismində "xxxx" MMC-nin tanınmasını, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərarı ilə Cavabdeh əsl cavabdeh "xxxx" MMC-i ilə əvəz edilmiş, məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edildiyinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclaslarında iştirakını təmin etməmiş, bunun səbəbi barəsində heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Belə olan vəziyyətdə məhkəmə cavabdeh "xxxx" MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2022-ci il tarixli kredit müqaviləsinin əslindən görünür ki, borc verən İddiaçı borcalana, yəni "xxxx" MMC adından Cavabdeh 1000 manat borc pul vermiş, borcalan krediti xx.xx.2022-ci il tarixədək borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının iqtisadiyyat Nazirliyi yanında Dövlət vergi Xidməti 5 saylı Ərazi Vergilər İdarəsinin 22 fevral 2023-cü il tarixli məktubunda göstərilmişdir ki, "xxxx" MMC xx.xx.2022-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. "xxxx" MMC-nin sahibkarlıq fəaliyyəti və digər vergi tutulan əməliyyatları xx.xx.2023-cü il tarixdən xx.xx.2073-cü il tarixədək dayandırılmış vəziyyətdədir. Dövlət reyestrində adıçəkilən hüquqi şəxsin əsas fəaliyyət növü “Hüquq məsləhətxanalarının” fəaliyyəti”, təsisçi və rəhbəri isə Cavabdeh olaraq qeyd edilmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə araşdırmaları zamanı Cavabdeh təsisçisi və rəhbəri olduğu "xxxx" MMC-nin İddiaçı qarşısında 1000 manat məbləğində borc ilə əlaqədar öhdəliyinin olması sübuta yetirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 30 manat dövlət rüsumundan ibarətdir. Bundan əlavə iddiaçı cavabdehdən notariat orqanında çəkdiyi xərcləri də tələb edir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən həmçinin dövlət rüsumu üçün ödənilmiş 30 manat və 115 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən 1000 (bir min) manat pul, iddia verilən zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və 115 (bir yüz on beş) manat notariat xərci alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar