Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-237/2024 04.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təsviri hissə İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək ona dəymiş maddi zərərin əvəzi olaraq 2986 manat pulun və ödənilmiş 40 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2023-cü il tarixdə, saat 14 radələrində Bakı-Qazax-Gürcüstan yolunun Hacıqabul rayonu ərazisindən keçən 107-ci km-də Cavabdeh idarə etdiyi “Hyundai Veloster” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Hacıqabul istiqamətində hərəkətdə olarkən idarəetməni itirdiyindən avtomobil yoldan çıxaraq dərəyə düşmüş, hadisə zamanı o, xəsarət alaraq Şirvan şəhər X1 Hüquqi Şəxsə müraciət etmişdir. Belə ki, hadisə zamanı təyin edilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 307 nömrəli rəyinə əsasən onda sol sifət nahiyyəsinin sıyrılmış yaraları, sol gözaltı nahiyyənin qançırı, sol gözün konyuktivasına nahiyyəsinin qansızma, sağ bazunun yan səthinin qançırı xəsarətləri aşkar olunmuş, küt əşyanın təsirindən əmələ gəlməklə, həmçinin avtoqəza zamanı avtomobil hissələrinin təsirindən əmələ gələn sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid olduğu müəyyən olunmuşdur. xx.xx.2023-cü il tarixdə baş vermiş avtoqəza ilə bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılmış və araşdırma nəticəsində cavabdehin təqsiri sübuta yetirilməklə onun əməlində Azərbaycan Respublikası İXMnin 332.4-cü maddəsinin tərkibi olduğundan inzibati xətada təqsirli bilinmişdir. Belə olan halda onun avtomobilinə maddi ziyan dəymişdir. Avtomobilə dəymiş maddi zərərin miqdarını müəyyən etmək üçün Şirvan Avtomotoservis və Ticarət Müəssisəsinin mütəxəssisi tərəfindən avtomobilə yerinə baxış keçirərək xx.xx.2023-cü il tarixdə rəy aktı tərtib edilmiş və avtomobilə dəymiş zərərin miqdarını müəyyən etmək üçün avtomobilin ehtiyat hissələrinin bazar qiymətini ayrı-ayrılıqda müəyyən etməklə, ümumilikdə 2986 manat məbləğində qiymətləndirilmişdir. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında ərizə təqdim edərək, iddianı qəbul etdiyini, pulu gələcəkdə hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan, həmçinin cavabdehin tərəfindən iddianın etirafı qəbul edildiyindən iddia təmin olunmalıdır. Əsaslandırıcı hissə İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2023-cü il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Cavabdeh əməlində cinayət hadisəsi olmadığından barəsində cinayət işinin başlanılması rədd edilmişdir. xx.xx.2023-cü il tarixli rəy aktından görünür ki, qəza zamanı “Hyundai Veloster” minik markalı ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilin qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan: 1 dəst qabaq panel (ekran) 300 manat, 1 ədəd qabaq alın şüşə 200 manat, 1 ədəd qabaq sol yan güzgü 125 manat, 1 ədəd su radiatoru 200 manat, 1 ədəd qabaq sol qapı şüşəsi 124 manat, 1 ədəd qabaq sol qanadın altlığı 50 manat, 1 ədəd qabaq sol duman işığının plastması 60 manat, 1 ədəd arxa sağ stop fanarı 150 manat, 1 dəst hava filterinin qabı 112 manat, 1 ədəd qabaq nömrə nişanı 15 manat, 1 ədəd elektroventilyator 100 manat, boya və material 200 manat, 1 dəst qabaq buferin alt örtüyü 50 manat. Təmir və bərpa üzrə dəyən maddi ziyan: armatur işi 150 manat, elektrik işi 50 manat, çilingər işi 100 manat, dəmiçi işi 500 manat, rəngsaz işi 500 manat, ümumulikdə 2986 manat təşkil edir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar, məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmənin qənaəti bundan ibarətdir ki, İddiaçı məxsus “Hyundai Veloster” minik markalı, ** MN *** dövlət qeydiyyat nişanlı avtomobilinə Cavabdeh tərəfindən 2986 manat məbləğində ziyanın vurulması tam sübuta yetirildiyindən, həmçinin cavabdeh iddianı etiraf etdiyindən iddia təmin edilməlidir. Məhkəmə xərcləri ödənilmiş 40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Nəticə hissəsi Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh 2986 (iki min doqquz yüz səksən altı) manat və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat pul alınaraq İddiaçı verilsin. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-237/2024
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-237/2024
04.03.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver