Məhkəmə qərarları › İş №2(032)-249/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-249/2024

15.02.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-249/2024 15.02.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)- 366/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş 150 manat sabit pul məbləğində olan alimentin artırılaraq 220 manat sabit pul məbləğində müəyyən edilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən alınaraq ona verilməsi üçün qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2009-cu ildə rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü X6 doğulmuşdur. Sonradan cavadehlə aralarında münasibətləri pozulduğundan Şirvan şəhər Məhkəməsinin 19 fevral 2013-cü il tarixli 2(032)-28/2013 saylı qətnaməsinə əsasən nikahları pozulmuşdur. Nikahları pozularkən uşağın onun yanında qalması qət olunmuşdur. Şirvan şəhər Məhkəməsinin 07 fevral 2019-cu il tarixli 290320-366/2019 saylı qətnaməsi ilə cavadehlə birgə nikahdan doğulmuş xx.xx.2011-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 150 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Hal-hazırda Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-366/2019 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş uşağın saxlanması üçün Cavabdeh 150 manat sabit pul məbləğinə alimentin güc-bəla, hissə-hissə də olsa alır. Cavabdehdən aldığı 150 manat sabit pul məbləğində olan alimentin azdır və uşağın saxlanması üçün yetərli deyil. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin olunarkən uşağın yaşı az olduğundan həmin vaxt onun geyiminə, yeməyə olan tələbatı hal-hazırki tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaq böyüdükcə onun yeməyə geyimə olan tələbatı artmışdır. Bu halın uşağın maddi təminatının artırılmasını zəruri etdiyini və hazırki vəziyyətdə bazar iqtisadiyyatı şəraitində azlıq təşkil edir. Digər tərəfdən o, heç bir yerdə işləmir və əlavə qazancı yoxdur. Eyni zamanda, yaxın qohumlarından heç bir şəxs ona maddi yardım göstərmir, belə vəziyyətdə cavabdeh uşağın saxlanması və əlavə xərcləri ilə bağlı heç bir maddi yardım göstərmir. Cavabdeh TİR sürücüsüdür və daimi olaraq ölkə xaricinə səfərlər edərək yüksək qazanc əldə edir, bu günki gün maddi durumu yüksəkdir və maddi durumu uşağın saxlanılması üçün 220 manat aliment ödəməyə imkan verir. Qeyd edilmiş əsaslara uyğun olaraq o alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş, nümayəndə məhkəmə iclas zalında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Vəkil izahat verərək bildirdi ki, cavabdeh hal - hazırda 150 manat alimenti ödəməkdə çətinlik çəkir. Cavabdeh işləmir, işləmədiyi barədə işsizlik haqqında arayışı məhkəməyə təqdim edilmişdir. İcra mərhələsində mütəmadi olaraq cavabdeh ödəniş etsə də hazırda 300 manat borcu yaranmışdır. İddia ərizəsinin təmin olunmamasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən 17 fevral 2011-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 592092 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2011-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh, anası X5r. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən 15 aprel 2013-cü il tarixdə verilmiş AZ-İ seriyalı 160584 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh X7 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 15 aprel 2013-cü il tarixdə 32 № ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-366/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı Cavabdeh qarşı nikahın pozulması və aliment tələbi barədə iddia ərizəsinin qismən təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2013cü il tarixli, 2(032)-1072/2013 saylı qətnaməsi ilə 22 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay uşağa görə müəyyən olunmuş 93 manat məbləğində aliment dəyişdirilərək artırılması, 22 yanvar 2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün aliment tutulmasının əvvəli Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-366/2019 saylı qətnaməsi qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla Şirvan şəhəri, Xəqani küçəsi, ev 21-də qeydiyyatda olan və yaşayan xx.xx.1969-cu il təvəllüdlü Cavabdeh uşağa görə 150 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2023-cü il tarixli MŞS/MT023/2023-028776 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, cavabdehin alimentin artırılması ilə razılaşmasını ifadə edən ərizəsini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2011-ci il təvəllüdlü X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla, hər ay 180 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə və ya maddi vəziyyətində dəyişikliyin olmamasını nəzərə alıb hesab edir ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-366/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (180-150=30 manat, 30 x 12 = 360 manat) 1000 manatadək olduğundan, cavabdehdən 30 manat dövlət rüsumu dövlət nəfinə alınmalı və mediasiya prosesində çəkilən xərcin əvəzi də cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(032)-366/2019 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay 180 (yüz səksən) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 41 manat 60 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Cavabdeh mediasiya xərcinin əvəzi kimi 50 manat məbləğində alınaraq İddiaçı verilsin. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar