Məhkəmə qərarları › İş №2(032)-26/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-26/2023

03.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-26/2023 03.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi Cavabdeh iştirakı ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutuması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh dəymiş ziyana görə 15263,12 manat sığorta ödənişinin, ödənilmiş 135,79 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti xərcinin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh tərəfindən idarə olunan ** LO *** dövlət qeydiyyat nişanlı “Hyundai Elantra” markalı avtonəqliyyat vasitəsi ilə "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitələrinin kasko sığortası” növü üzrə sığortalanmış ** PF *** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə xx.xx.2019-cu il tarixində yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuşdur. Baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar tərtib olunmuş və sürücü Cavabdeh təqsirli bilinmişdir. Tərəflərindən müqavilə üzrə öhdəliyi əsasında sığortalı avtonəqliyyat vasitəsinin təmir olunması üçün zərərçəkən avtonəqliyyat vasitəsi təmir mərkəzinə yönləndirilmişdir. "xxxx" MMC tərəfindən tərtib olunmuş zərər aktına əsasən ** PF *** dövlət qeydiyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinin təmiri üçün dəymiş ziyanın ümumi miqdarı 17075,00 manat təmir edildiyi təqdirdə əlavə xərc 3073,50 manat müəyyən edilmişdir. "xxxx" ASC-nin xx.xx.2020-ci il tarixli sığorta aktına əsasən zərərçəkmiş nəqliyyat vasitəsinin təmiri üçün ümumilikdə azadolma çıxılmaqla 19648,50 manat məbləğində sığorta ödənişinin avtonəqliyyat vasitəsinin təmiri üçün "xxxx" MMC-nin elektron qaiməsinə əsasən hesabına ödənilməsi qərara alınmış və köçürmə həyata keçirilmişdir. Ödəniş edildikdən sonra zərərvuran şəxsin mülki məsliyyətinin icbari sığortası "xxxx" ASC tərəfindən “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalandığından ödənilmiş məbləğdən 4385,38 manat məbləğin sığortaçı tərəfindən ödənildiyini əsas tutaraq 15263,12 manat məbləğində vəsaitin 15 təqvim günü ərzində "xxxx" ASC-nin bank hesabına ödənilməsini xahiş etmişlər, lakin cavabdeh tələb olunan məbləği ödəməkdən yayınmışlar. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasını onların iştirakı olmadan keçirilməsini, iddianın tam təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, xx.xx.2019-cu il tarixində yol nəqliyyat hadisəsi nəticəsində ** PF *** dövlət nəqliyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinə zərər vurmuş, baş vermiş yol nəqliyyat hadisəsi ilə əlaqədar xx.xx.2019-cu il tarixli, TP3167697 saylı inzibati tənbeh vermə haqqında qərar ilə yol nəqliyyat hadisəsini törətməkdə təqsirli bilinmişdir. ** PF *** dövlət nəqliyyat nişanlı “Haval H6” markah avtonəqliyyat vasitəsinin "xxxx" ASC tərəfindən kasko sığorta növü üzrə sığortalandığından baş vermiş hadisədən sonra dəfələrlə iddiaçı "xxxx" ASC ilə əlaqə yaratmış, zərər dəymiş **-PF-*** dövlət nəqliyyat nişanlı “Haval H6” markalı avtonəqliyyat vasitəsinin zərər aktı çıxarılması üçün yönləndirildiyi servise yaxınlaşmışdır. Lakin, nə iddiaçı tərəfindən aparılan qiymətləndirmə ilə bağlı məlumat verilməmiş, nə də ki servis tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinə dəymiş zərərin qiymətləndirilməsində iştirakına yol verilməmişdir. İddiaçı ilə telefon danışıqlarında yalnız hazırda heç bir araşdırma aparılmadığı və işin uzandığı bildirilmişdir. Bundan sonra, 2021-ci il sentyabr ayında iddiaçı "xxxx" ASC-nin nümayəndəsi onunla əlaqə saxlayaraq onlarla görüş təklif etmişdir. Görüş zamanı nümayəndə tərəfindən zərər dəymiş avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabat təqdim olunmuş, həmin hesabatda zərər dəymiş avtonəqliyyat vasitəsinin təmiri üçün 15.725 manat olmaqla ehtiyyat hissələrinə, 1350 manat isə zəhmət haqqı olmaqla ümumilikdə 17,075 manat yekun məbləğ qeyd olunmuşdur. Həmin hesabat ona imzasız halda təqdim olunmuş, buna baxmayaraq iddiaçının nümayəndəsi tərəfindən həmin məbləğin tərəfindən ödənilməsi tələb edilmişdir. Bununla yanaşı, iddiaçının nümayəndəsinə hesabatda qeyd olunan məbləğin həcmi ilə razılaşmadığını və zərər dəymiş məbləğin düzgün qiymətləndirilməməsinə öz etirazını bildirmişdir. yol nəqliyyat hadisəsindən sonra avtonəqliyyat vasitəsinin təmir olunması üçün avtonəqliyyat vasitəsinin qiymətləndirilməsinə dair hesabatda və iddia ərizəsində tələb olunan məbləğ tamamilə əsassız və şişirdilmiş məbləğdir. Hadisənin 2019cu ildə baş verdiyini nəzərə alaraq həmin il üçün “Haval H6” markalı avtonəqliyyat vasitəsinin yenisinin qiyməti 44.900 manat olmuşdur. Yol nəqliyyat hadisəsi zamanı hadisənin fotoşəkillərindən də göründüyü kimi sözügedən “Haval H6” markalı avtonəqliyyat vasitəsində hesabatda göstərilənlərə uyğun zərər olmamış, Cavabdeh həmçinin məhkəməyə ekspertiza təyin edilməsi barədə vəsatət təqdim etmişdir. Məhkəmə təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələblərini pozmuşdur. xx.xx.2019-cu il tarixli İnzibati Xəta haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh «Hyundai Elantra minik» markalı ** LO *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respubikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və həmin tarixli qərara əsasən 40 manat məbləğində cərimə olunmuşdur. xx.xx.2020-ci il tarixli sığorta aktından görünür ki, “Haval H6” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2019-cu ildən xx.xx.2023-cü ilədək 44900,00 manat məbləğində sığortalanmışdır. İddiaçının vəsatəti ilə iddianın dəlillərini yoxlamaq məqsədi ilə Şirvan şəhər Məhkəməsinin 30 sentyabr 2022-ci il tarixli, 2(032)-1416/2022 saylı qərardadı ilə iş üzrə məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7757 saylı rəyindən görünür ki, birinci və üçüncü suallar üzrə: nəzəri hesablama yolu ilə, iş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2019-cu il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “Haval H6” markalı, ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 16446,0 manat müəyyən edilir. İkinci sual üzrə: Qoyulmuş sual ekspert əmtəəşünaslıq ekspertizasının predmetinə aid olmadığından tədqiqat aparmaq mümkün olmamışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936.2-ci maddəsinə əsasən faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. “İcbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 25.2-ci maddəsinə əsasən bu Qanunun 25.1-ci maddəsində nəzərdə tutulmuş hallarda subroqasiya hüququ sığorta hadisəsinin baş verməsində təqsirli olan şəxsə qarşı yaranır. Həmin Qanununun 25.1.3-cü maddəsinə əsasən icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmiş şəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Məhkəmə, toplanmış sübutlara qiymət verərək, Cavabdeh Şirvan şəhər Polis Şöbəsinin DYPB tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli inzibati xəta haqqında protokoluna əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddələri ilə təqsirli bilindiyini, sığortalı “Haval H6” markalı ** PF *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş ziyanın iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənildiyini, iş üzrə keçirilmiş eksperiza tədqiqatının rəyini nəzərə alaraq hesab edir ki, iddiaçı tələbində haqlıdır və subroqasiya qaydasında cavabdehdən iddia ərizəsində göstərilmiş məbləğ tutulmalıdır. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ödənilmiş 135,79 manat dövlət rüsumundan, 0,40 manat xidmət haqqından, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manatdan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri də cavabdehə aid edilməli: Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 136,19 manat məbləğində pul alınaraq "xxxx" ASC-nə verilməli, ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 357- 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh dəymiş ziyana görə 15.263 (on beş min iki yüz altmış üç) manat 12 (on iki) qəpik pul, dövlət rüsumu kimi ödənilmiş 136,19 manat alınaraq "xxxx" ASC-yə verilsin. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat cavabdehdən alınaraq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (AZ34CTRE********************) ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar