Məhkəmə qərarları › İş №2(032)-39/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-39/2024

01.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-39/2024 01.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun tutulması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə əsas borc üzrə 15487.86 manat, faiz borcu üzrə 1609.08 manat olmaqla, ümumilikdə 17096.94 manat məbləğində pulun, iddia ərizəsi üçün ödənilmiş 141.69 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh arasında bağlanmış 28 oktyabr 2022-ci il tarixli, 500804-870300/4 nömrəli istehlak krediti müqaviləsinə əsasən borcluya 42 ay müddətinə, illik 18% dərəcəsi ilə 17000 manat məbləğində kredit verilmişdir. Borcalan əsas öhdəliyi lazımınca icra etməmiş və kreditin təsdiq olunmuş hissə-hissə ödəmə qrafikini pozmuşdur. Cavabdehlə dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunsa da, o, Banka olan borcunu ödəməmişdir. 29 avqust 2023-cü il tarixinə cavabdehin kredit müqaviləsi üzrə 15487.86 manat məbləğində əsas borc və 1609.08 manat faiz borcu olmaqla, ümumilikdə 17096.94 manat məbləğində kredit borcu yaranmışdır. İstehlak krediti müqaviləsinin şərtlərinə əsasən Borcalan müqavilə ilə müəyyən olunmuş şərtlərlə və qaydada kreditin qaytarılmasını, kredit və dəbbə pulu üzrə hesablanmış faizlərin, habelə Bankın xidmət tarifləri və şərtlərindən irəli gələn xidmət haqlarının Banka ödənilməsini öhdəsinə götürür. Eyni zamanda həmin müqaviləyə əsasən ödəniş cədvəlində müəyyən edilən hissə-hissə ödəniş (icra) müddətlərində, habelə kredit müddətində öhdəliklər vaxtında tamamilə icra edilmədikdə gecikdirilmiş kredit yaranır. Belə ki, Boralan krediti vaxtında ödəməmiş və nəticədə gecikdirilmiş kredit yaranmışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Həmçinin İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq, işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.4 və 185.5-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 28 oktyabr 2022-ci il tarixli, 500804-870300/4 nömrəli kredit müqaviləsindən görünür ki, həmin müqavilə İddiaçı ASC ilə Cavabdeh arasında 42 ay kredit müddətinə illik 18% ödəmək şərtilə 17000 manat kreditin verilməsi barədə bağlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa məxaric orderindən görünür ki, 17000 manat pul X2 ödənilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə 15487.86 manat məbləğində əsas borcu, 1609.08 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 17096.94 manat məbləğində borcu vardır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli xəbərdarlıqdan görünür ki, İddiaçı ASC borclu Kamran Ədalət oğlunu borc barədə xəbərdar etmiş və kredit müqaviləsi üzrə borcun 7 gün müddətində ödənişin təmin edilməsi barədə xəbərdar etmişdir. Məhkəmənin 01 noyabr 2023-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh iddia tələbini qismən etiraf etməklə əsas borcu qəbul etdiyini, lakin bank tərəfindən faiz borcunun düzgün hesablanmadığını, bank faizi 18% faktiki illik faiz dərəcəsi 10.5 olacağı təqdirdə bank faiz dərəcəsini hesablayarkən faiz borcu ilə cəriməni toplamış və ondan tələb etdiyini, tərəfindən 7 ay ödəniş olunmadığını, 7 aya münasibətdə faiz olaraq banklar üçün müəyyən olunmuş qaydalar üzrə (annutet cədvəli üzrə) 816 manat faiz borcu tutulmalı olduğunu bildirərək, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 01 noyabr 2023-cü il tarixli, 2(032)-1321/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 21 fevral 2024-cü il tarixli, 9/1080 saylı mühasibat rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, cari hesabdan çıxarış məlumatları, tərəflər arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 500804- 870300/4 saylı kredit müqaviləsinə əsasən verilmiş kredit üzrə Cavabdeh İddiaçı ASC-yə olan borcu xx.xx.2023-cü il tarixinə əsas borc üzrə 15520.99 manat, faiz borcu üzrə 1078.71 manat kimi müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə hesab edir ki, Cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə, iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, Cavabdeh 28 oktyabr 2022-ci il tarixli, 500804-870300/4 nömrəli kredit (borc) razılaşmasına əsasən borc alan qismində öhdəsinə götürdüyü vəzifələri yerinə yetirməmiş, yəni kredit müqaviləsinə əlavə edilmiş ödəniş cədvəli üzrə aylıq ödənişi və faiz borcu da daxil olmaqla göstərilən ödənilməli olan aylıq məbləği kreditor "xxxx" ASC-yə ödəmədiyi üçün müqavilə və digər razılaşmaların şərtlərini pozmuş, müqavilə üzrə üzərinə götürdüyü öhdəliyi icra etmədiyindən və ekspertiza rəyinə əsasən müəyyən olunmuş əsas borc tələb edilən borcdan yüksək, faiz borcu isə tələb olunan borcdan aşağı olduğu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 fevral 2024-cü il tarixli, 9/1080 saylı rəyi ilə qismən razılaşaraq Cavabdeh 15487.86 manat əsas borcu (iddia tələbi üzrə), 1078.71 manat faiz borcu (ekspertiza rəyi üzrə), cəmi 16566.57 manat tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 141.69 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən ödənilmiş 141.69 manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməlidir. İş üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış ekspertiza tədqiqatının dəyəri ümumilikdə 100 manat təşkil edir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan tələbə mütənasib cavabdehə və iddiaçıya aid edilməlidir. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh 15487.86 manat əsas, 1078.71 manat faiz borcu və dövlət rüsumuna görə ödənilmiş 141.29 manat olmaqla, cəmi 16707.86 (on altı min yeddi yüz yeddi manat səksən altı qəpik) manat pul tutularaq İddiaçı ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pulun 20 manatı İddiaçı ASC-dən, 80 manat isə Cavabdeh tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar