Məhkəmə qərarları › İş №2(032)-421/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-421/2024

15.03.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-421/2024 15.03.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1682/2018 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X1 üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş hər ay hər uşağa 110 manat , ümumilikdə 220 manat sabit pul məbləğində olan alimentin artırılaraq hər ay hər uşağa 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini tələb etmişdir . İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2010-cu il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan 14 mart 2011-ci il təvəllüdlü X6 və 10 mart 2013-cü il təvəllüdlü X7 adlı övladları doğulmuşdur. Şirvan Apellyasiya Məhkəməsinin 22 may 2018-ci il tarixli, 2(106)1682/2018 saylı qətnaməsi ilə 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X2 üçün Şirvan şəhər Məhkəməsinin 21 may 2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında alimentin cavabdehdən tutularaq ona verilməsi qət edilmişdir. Məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edillərkən övladının yaşı az olduğundan həmin vaxt onların geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatından olduqca aşağı olmuşdur. Çünki uşaqlar böyüdükcə onun geyməyə, yeməyə və qayğıya olan tələbatı da artmışdır. Bu hal uşaqların maddi təminatının artırılmasını zəruri edir. Belə olan halda uşağın saxlanılmasını təkbaşına həyata keçirən ana olaraq onun əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlamaq və digər ehtiyaclarını ödəməkdə ciddi çətinliklə üzləşmişdir. Cavabdehin bugünki gün maddi durumu normal vəziyyətdədir. Bu səbəbdən də onun maddi durumu uşaqların saxlanılması üçün hər uşağa 235 manat aliment ödəməyə imkan verir. Yuxarıda qeyd edilmiş əsaslara uyğun olaraq o, aliment məbləğinin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, şirkətdə sürücü işləyir, artıq bir aydır ki, iş dayanıb, hazırda işləmir. İkinci evliliyindən himayəsində 2 uşağı vardır. 600 manat əmək haqqı alır. Aylıq 300 manat iddiaçıya ödəniş edir. O, iddiaçının özünün maddi imkanı yaxşı olduğunu, Şirvan şəhərində iki evi olduğunu bildirdi. İddia ərizəsinin təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: xx.xx.2018-ci il tarixli AZE seriyalı 11638018 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 10 mart 2013-cü il təvəllüdlü X5 atası Cavabdeh, anası İddiaçıdır. xx.xx.2016-cı il tarixli AZE seriyalı 12607146 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki 14 mart 2011-ci il təvəllüdlü X4 atası Cavabdeh, anası İddiaçıdır. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1682/2018 saylı qətnaməsindən görünür ki, İddiaçı şikayətinin qismən təmin edilməsi, Şirvan şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(032)-411/2018 saylı qətnaməsi ilə 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh Şirvan Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarının artırılması, hər ay hər uşaq üçün 110 manat olmaqla, cəmi 220 manat miqdarında aliment tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2023-00042 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Digər tərəfdən tədqiq edilmiş sübutlardan müəyyən olunmuşdur ki,alimentin miqdarı müəyyən olunduqdan sonra Cavabdeh ikinci dəfə ailə quraraq 02 oktyabr 2016cı ildə Sənan Fərzəliyev və xx.xx.2018-ci ildə Kənan Fərzəliyev adlı uşaqları anadan olmuş, bu da ki onun ailə vəziyyətində dəyişikliyin olmasına səbəb olmuşdur. Məhkəmə yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X3 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşağın saxlanılması üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla, hər ay hər uşaq üçün 165 manat, cəmi 330 manat sabit pul məbləğində olmaqla müəyyən edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq,qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, cavabdehin ailə vəziyyətində dəyişikliyin olmasını nəzərə alıb hesab edir ki, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1682/2018 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 165 manat , cəmi 330 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (330 manat, 330 x 12 = 3960 manat, 3960-1000=2960; 2960 x 1%= 29,60; 30+29,60=59,60) 1000 mantdan çox olduğundan, cavabdehdən 59 manat 69 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(106)-1682/2018 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh 14 mart 2011-ci il təvəllüdlü X4 və 10 mart 2013-cü il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər uşağa 165 (yüz altmış beş) manat , cəmi 330 (üç yüz otuz) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 59 (əlli doqquz) manat 60 (altmış) qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın. Qətnamədən, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar