Məhkəmə qərarları › İş №2(032)-45/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-45/2023

13.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-45/2023 13.07.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi İddiaçı və vəkili X2, Cavabdeh və nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 29.300 pulun, 2500 manat dəymiş ziyanın və ödənilmiş 180 manat dövlət rüsumunun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, bir il bundan əvvəl tanıdığı Şirvan şəhər sakini Cavabdeh torpaq sahəsi verməsi müqabilində ondan 29.300 manat pul almışdır. Amma Cavabdeh ona nə torpaq sahəsi vermiş, nə dəki bu günə kimi plunu qaytarmışdır. Cavabdeh qeyd edilən məbləğdə pulun ondan aldığının sübutu kimi ona borc haqqında öz əli ilə yazdığı kağızı və ona məxsus daşınmaz əmlakının çıxarışının əslini də təqdim etmişdir. Dəfələrlə qapısına gedib əli ilə verdiyi pulunu istəmiş, lakin Elçin pulunu verməyib və deyib ki, “hara istəyirəmsə şikayət edim”. O da Şirvan şəhər Polis İdarəsinə şikayət etmiş, müstəntiq Əhməd Baloğlanovun icraatında araşdırma aparılmış və tərəfindən Cavabdeh 29.300 manat pul verməsi faktı təsdiq edilmişdir. Şikayət olunan Cavabdeh istintaqdan yayınmış və izahat vermək üçün Polis Şöbəsinə gəlməmişdir. İddiaçı məhkəmədə iddianı müdafiə edərək Cavabdeh hissə-hissə olmaqla cəmi 29.300 manat pul verməsini, borcunu qaytarmadığından Elçinin ona pul əvəzində torpaq verəcəyinə dair vəd verməsini, lakin hazırki zamanadək ona borcunu qaytarmamasını, ondan müxtəlif orqanlara şikayət etməsini bildirmişdir. İddiaçının vəkili X5 çıxışında iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında izahat verərək bildirdi ki, iddianı qəbul etmir, təxminən 2018- 2019-cu ildə iddiaçıdan qarşılığında faiz qaytarmaq şərtilə 2000 manat borca pul almış, iddiaçıya 6000 manatdan artıq pul qaytarmışdır. Ona heç bir məbləğdə borcu qalmamışdır. Sonradan iddiaçı ondan həmin pula görə qat-qat artıq məbləğ tələb etmiş, əsassız yerə onu əvvəlcə polisə, sonra isə məhkəməyə vermişdir. Halbuki, iddia müddəti də artıq keçmişdir. Məhkəmə iclasının gedişatı zamanı iddiaçı həmçinin etiraz-vəsatət təqdim edərək bildirmişdir ki, iş materiallarında olan 25 may 2022-ci il tarixli adı müəyyən edilməyən kserosurətdən ibarət sənəddən görünür ki, işin faktiki hallarına uyğun gəlmir. Eyni zamanda yazı və imza nümunələri onun tərəfindən icra edilməmişdir. Ona görə də həmin kserosurət sənəddəki yazı və imza nümunələrinin onun tərəfindən icra edilib edilməməsinin müəyyən etmək üçün sərbəst və eksperimental imza nümunələri götürmək şərti ilə məhkəmə xəttşünaslıq ekspertizası təyin edilməlidir. Şirvan şəhər Pş-nin istintaq bölməsinin müstəntiqi Əhməd Baloğlanov tərəfindən qəbul edilmiş qərarda Cavabdeh tərəfindən izahat alınmamış, lakin iddiaçı tələbini həmin rədd qərarına əsaslanaraq iddia irəli sürür. Hazırki məsələdə belə bir müqavilə imzalanmamışdır. PŞ-də aparılmış araşdırma zamanı dindirilmiş şahid ifadəsindən də borcun ona verilməsini görən bir şəxs yoxdur. İddia ərizəsinə diqqət yetirildikdə ərizənin özü də borc pul məsələsinə görə yox, əsasən əldən çıxan fayda və əsassız varlanmanı özündə ehtiva edir. İddiaçı pulun Cavabdeh verilən zaman yanında heç kimin olmadığını göstərdiyi halda sonradan may ayında imzalanmış sənəd ortaya çıxır. O, cümlədən 2021-ci il fevral ayında “Elit Ticarət Mərkəzinin” qarşısında 10.000 manat, 2021-ci ilin may ayında həmin yerdə 7000 manat və həmin ilin iyun ayında “Ay işığı” restoranının qarşısında 3000 manat verir. 2022-ci ilin fevral ayına kimi 9300 manat hissə-hisssə verilib. Bütün bunlar iddianın əsassız olduğunu sübut edir. İddianın rədd olunmasını xahiş etdi. Cavabdeh nümayəndəsi vəkili Vəkil da onun izahatına uyğun izahat verərək iddianın əsassız olması səbəbindən rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin və nümayəndələrin izahatını (vəkilin çıxışını) dinləyib, işə əlavə edilmiş sənədləri, sübutları hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərarın surətindən görünür ki, İddiaçı müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanılması Azərbaycan Respublikası CPM-nin 39.1.1-ci maddəsinə əsasən rədd edilmişdir. Azərbaycan Respublikası Şirvan şəhəri Şirvan Bələdiyyəsinin 31 oktyabr 2014-cü il tarixli iclasının Protokolunun 10 №-li qərarından çıxarışdan ünvan 1 ünvanda yerləşən, Şirvan Bələdiyyəsinin ehtiyyat fonduna aid, yaşayış məntəqəsi torpaqlarından alqı-satqı predmeti olan 600,0 kv.metr torpaq sahəsinin məqsədli təyinatı ərazinin yerquruluşu təsərrüfat planına, yaşayış məntəqəsinin Baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğundan və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilmədiyindən habelə elektrik, qaz, rabitə, nəqliyyat, su, kanalizasiya və digər kommunikasiya xəttlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşmədiyindən həmin torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi məqsədi ilə mülkiyyətə ayrılması ilə bağlı torpaq sahəsi üzərində Bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması proseduruna başlanılması, mülkiyyət hüququ ilə verilməsi nəzərdə tutulan bu torpaq sahəsinin planı və cizgisi sənədini hazırlayaraq, torpaq sahəsinin normativ qiyməti barədə sənədlə birlikdə Bələdiyyəyə təqdim edilməsi Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsinin Şirvan şəhər Şöbəsindən xahiş edilməsi, Bələdiyyənin mülkiyyətə ayırmaq istədiyi bu torpaq sahəsi üzərində mülkiyyət hüququnun qanunvericiliklə müəyyən edilmiş qaydada Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq Dövlət Reyestrindən çıxarışın, eləcədə qeydiyyata alınmış hüquqların məhdudlaşdırılmasına dair arayışın verilməsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şirvan Ərazi İdarəsindən xahiş edilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X7 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evi üzərində xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2016-cı ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilən qəbzdə qeyd olunmuşdur: Cavabdeh tərəfindən Adışirindən 30.000 manat pul alınıb, iyun ayından başlayaraq hər ay 2000 manat verəcək, Cavabdeh və imza. xx.xx.2022-ci il İddiaçının dəlillərini yoxlamaq məqsədilə cavabdehin vəsatəti ilə Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1598/2022 saylı qərardadı ilə iş üzrə məhkəməxəttşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə xəttşünaslıq ekspertizasının 17 aprel 2023-cü il tarixli 4/447 saylı rəyindən görünür ki, materialda olan kağız parçası üzərində “X6....” sözləri ilə başlayıb, “...hər ay iki min manat ödəyəcəm” sözləri ilə bitən Cavabdeh adından olan 25 may 2022ci il tarixli 30.000 manata dair borc qəbzində olan yazılar, “İmza” sözünün qarşısındakı imza- Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. "xxxx" QSC 18 saylı yanacaqdoldurma stansiyasının arayışında göstərilmişdir ki, X11 "xxxx" QSC 18 saylı YDS-in Baş Operatoru vəzifəsində işləyir, xx.xx.2022-ci il saat 08:00-dən 20:00-ə qədər işində olub. Vatsap sms yazışmalarından çıxarışlarda 050 658 95 11 mobil telefon nömrəsindən daxil olan mesaj mətnlərində iddiaçıya “sənə verəcəyim var”, “mənə yaxşılıq eləmisən”, “pul barəsində deyirsənsə hələ pul yoxdu, insallah demişəm biri mənə 2 min verəcək 8 faiznən alanda verəcəm”, “danışmışdıq, bu ay sənə pul verəcəm, inşallah həll edən kimi sənə zəng edəcəm” qeyd edilmişdir. Həmin telefon nömrəsinin kimə mənsubluğu sualına cavab olaraq cavabdeh nömrənin ona aid olmasını bildirmişdir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilən səs yazılarına dinləmə həyata keçirilmiş, səs yazılarında cavabdeh iddiaçıya “Bank Respublika”ya yaxınlaşmağı, orada sualları şəxsən cavablandırmağı, iddiaçıya kredit verilməsində köməklik göstəriləcəyini bildirir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X3 ifadəsində bildirmişdir ki, özü daşınmaz əmlakın alqı-satqısı üzrə mütəxəssis makler kimi fəaliyyət göstərmişdir. İddiaçını şəhər sakini kimi tanıyır. Sonuncu ondan bir neçə torpaq sahəsinə baxaraq qiymətləndirilməsini xahiş etmiş, o da razılaşmışdır. Ağ rəngli Tayota Prado markalı avtomobil ilə qabaq oturacaqda Adışirin və əvvəllər tanımadığı, başında parik olan bir nəfər şəxs-avtomobili idarə edən şəxs olmaqla Şirvan şəhəri, F.X.Xoyski küçəsinə yollanmışlar. Avtomobildə olarkən həmin tanımadığı, adının Elçin olduğu şəxs Adışirinə bir neçə torpaq sənədi vermiş, Adışirin də həmin sənədləri ona verərək düzgün olub-olmamasını soruşmuş, o da sənədlərin bələdiyyə torpaqlarına aid olmasını və həqiqi sənədlər olmasını bildirmişdir. Sonra həmin şəxs Adışirinə 4 ədəd 0,6 ha sahəsi olan torpaqlar göstərmişdir. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş X1 ifadəsində bildirmişdir ki, həm cavabdehi, həm də iddiaçını tanıyır. Münasibətləri normal olub. 2 dəfə onlarla birlikdə olarkən Elçin ilə Adışirin arasında borc pul üstündə mübahisə düşmüş, özü onlara mübahisə etməmələrini tövsiyyə edərək, bu məsələnin sülh yolu ilə həll edilməsini təklif etmişdir. Elçin onların yanında etiraf etmişdir ki, Adışirinə 30 min manata yaxın borcu var, lakin torpaqları var ona görə borc əvəzi həmin torpaqları ona verə bilər. Onlar birlikdə Göy Məscid tərəfə yollanmışlar və Elçin orada torpaq sahəsini Adışirinə göstərərək mülkiyyətində olmasını bildirmişdir. Sonradan birlikdə başqa əraziyə gedərək 4 ədəd 0,6 ha olmaqla torpaq sahələrini də onlara göstərmiş və ona məxsus yurd olmasını demişdir. Sonradan isə eşitmişdir ki, həmin torpaq sahələri Elçinə məxsus olmayıb. Məhkəmə iclasında iddiaçı tərəfin vəsatəti ilə dindirilmiş şahid X12 ifadəsində bildirmişdir ki, iddiaçının arvadıdır. Cavabdehlə həmişə yaxşı münasibətləri olub. Hətta cavabdeh onun oğlunun toyunda bəy-gəlin avtomobilini də idarə edirmiş. Özləri Füzuli rayonundan məcburi köçkün olduqlarından Şirvanda yaşasalar da özlərinə torpaq ala bilməmişlər. Bu səbəbdən Elçinə müraciət etmiş, Elçin də onlara özlərinə məxsus olan torpaq satacağını bildirmiş, bunun müqabilində əri Elçinə hissə-hissə cəmi 29300 manat məbləğində pul versə də, Elçin onları aldatmış və nə torpaq nə də ki, pul verməmişdir. Əri ilə birlikdə Elçinin evinə getmiş, lakin içəri daxil olan kimi Elçin onları söyüb təhqir etmiş, onları evindən qovalamışdır. Həmin pul əslində ona məxsus olmuş, o pulu yığmışdır ki, uşaqlarına ev alsın. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı təcrübəyə əsasən şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Şəxslər arasındakı telefon danışıqlarının bu söhbətdə iştirak edən biri tərəfindən qeydə alınması və həmin şəxslər arasında yaranan məhkəmə mübahisəsi zamanı sübut kimi istifadə edilməsi məqbuldur. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-ci maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: İlk öncə məhkəmə hazırki mübahisənin - mülki prosessual qanunvericiliyinin ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməsi və hər bir tərəf istinad etdiyi halları sübuta yetirməlidir prinsipinə əsaslanmaqla həll edilməsini məqsədəmüvafiq hesab edir. Çünki sübutların düzgün qiymətləndirilməsi qanuni və əsaslı qətnamə çıxarılması baxımından mühüm əhəmiyyət daşıyır. Belə ki, məhkəmə qərarının əsaslı olması üçün o, məhkəmə iclasında mülki prosessual qanunvericiliyin prinsiplərinə və qaydalarına uyğun şəkildə hərtərəfli və tam araşdırılmış, iş üçün önəmli olan hallara əsaslanmalıdır. Bu səbəbdən məhkəmə qərarlarında sübutların qiymətləndirilməsinin nəticələri ətraflı və aydın şəkildə öz əksini tapmalı, sübutların qəbul edilməsinin və ya rədd olunmasının, hər hansı sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin səbəbləri və əsasları göstərilməli, yəni gəlinən nəticə və qənaət kifayət qədər əsaslandırılmalıdır (N.Hacıyevin şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 2020-ci il 14 iyul tarixli Qərarı). Mülki dövriyyənin sabitliyinin təmin edilməsi məqsədi ilə məhkəmələr təqdim olunmuş sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) 88-ci maddəsinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxaraq onların əsasında müqavilə üzrə tərəflərin əsl məqsədlərini və iradə ifadələrini dəqiqləşdirməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsini müəyyən etməli, müqavilələrin etibarlı olub-olmamasına düzgün hüquqi qiymət verməlidir. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli qərarı) Məhkəmə tərəfindən həqiqətə nail olunması üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şəraitin yaradılmaması, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquq normalarına müvafiq olaraq qiymətləndirilməməsi və bununla da qəbul edilən məhkəmə aktlarının qanunilik və əsaslılıq meyarlarına cavab verməməsi bu aktların əsaslı olmasını şübhə altına alır (Konstitusiya Məhkəməsi Plenumunun A.Şoşanovun şikayəti üzrə 2015-ci il 11 fevral tarixli, F.Şirinovun şikayəti üzrə 2016-cı il 16 noyabr tarixli Qərarları). Natamam və etibar doğurmayan sübutlar əsasında qərar qəbul edilməsi yolverilməzdir. (Avropa Məhkəməsinin Stubbings və başqaları Birləşmiş Krallığa qarşı iş üzrə 1996-cı il 22 oktyabr tarixli Qərarı). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında qanunamüvafiq qaydada rəsmiləşmə aparılmasa da faktiki borc münasibətləri yaranmış, cavabdeh özü iddiaçıya əvvəllər faiz qaytarmaq şərtilə 2000 manat məbləğində borc götürməsini etiraf etmiş, iş materiallarında olan vatsap yazışmalarında isə iddiaçıya borclu olmasını, pulu tezliklə qaytaracağını bildirmiş, məhkəmə iclasında dindirilmiş şahidlər sonuncunun iddiaçıya borcunun olmasını göstərmişlər. İddiaçının dəlillərinə münasibətdə məhkəmə qeyd edir ki, iddiaçı cavabdehə 29300 manat məbləğində borc verməsini bildirsə də, məbləği hansı formada verdiyini, kimin yanında verməsini təsdiq edən halları göstərə bilməməklə, habelə verməsini bildirdiyi məbləği rəsmiləşdirməməklə göstərdiyi məbləğdə tələbinin əsaslarını şübhə altında qoyur. Bundan əlavə məhkəmə iddiaçı tərəfindən təqdim edilən qəbzin nə ekspertiza qaydasında, nə də ki, tərtib edilməsi ehtimal edilən şəxsin də (iddiaçı qəbzin cavabdehin tanışı X11 tərəfindən tərtib edilərək ona verildiyini bildirir) bu halı məhkəmə iclasında təsdiq etməməsi səbəbindən sübut kimi qəbul edilməsini istisna edir. Vəsatəti ilə dindirilən şəxslərin ifadələrinə gəldikdə isə şahid X12 iddiaçının arvadı olmaqla yaxın qohumu sayıldığından onun ifadəsinin nə dərəcədə obyektiv həqiqəti əks etdirməsi sual altında qalır. Digər şahid X3 tərəflər arasında borc münasibətlərinin olmasını deyil, sadəcə cavabdehin iddiaçıya torpaq sahələri göstərməsini, torpaqların bələdiyyə mənşəli olmasını bildirdi. X1 tərəflər arasında borc münasibətlərinin olmasını, cavabdehin iddiaçıya olan borcunu qaytarmaması səbəbindən aralarında mübahisə yaşanmasını, borcunu qaytarmağa çətinlik çəkən cavabdehə bunun əvəzində iddiaçıya torpaq verməsini təklif edərək onları razılaşdırmaq istəməsini bildirmişdir. Bundan əlavə iddiaçı ərizəsində və polis idarəsinə müraciətində 29300 manat məbləğində pulu hissə-hissə cavabdehə ona torpaq verəcəyi vədinə inanıb verdiyini bildirsə də, məhkəmə iclasında həmin məbləği borc olaraq cavabdehə verdiyini qeyd etmişdir. Məhkəmə iddiaçının tələbi ilə əlaqədar məhkəmədə və ilkin müraciətlərində bildirdiklərini, şahid ifadələrində qeyd olunanları tədqiq edərkən ortaya çıxan ziddiyyətli, şübhəli məqamları diqqətdən qaçırmır. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə həmçinin cavabdehin etirazlarına və bildirdiklərinə münasibətdə isə qeyd edir ki, cavabdeh həm məhkəmə iclasında, həmçinin iş materiallarına əlavə edilmiş özünə məxsus olmasını bildirdiyi mobil telefon nömrəsindən iddiaçının mobil telefon nömrəsinə göndərildiyi sms mətnlərdə cavabdehə pul borcunun olmasını etiraf edir, borcun 2000 manat təşkil etdiyini, borcu iddiaçıdan faiz vermək şərti ilə aldığına görə sonuncuya 6000 manatdan artıq pul qaytardığını bildirsə də borcun həqiqətən də qaytarılmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Qeyd olunanları ümumiləşdirsək belə ifadə edərik ki, iddaçı irəli sürmüş tələbini sübuta yetirməli olduğu kimi, cavabdeh də iddianın təmin edilməsini istisna edən etirazının əsaslarını sübuta yetirməlidir, əks təqdirdə isə məhkəmə etirazda qeyd olunanları mövcud olmayan kimi rədd edir. Beləliklə məhkəmənin son qənaəti belədir ki, iddia yalnız cavabdehin ona qarşı irəli sürülmüş iddianı etiraf etdiyi və qaytarmasını sübut edə bilmədiyi hissədə, yəni 2000 manat hissəsində təmin edilməlidir. İddianın digər hissəsinə gədikdə isə artıq yuxarıda sadalanaraq məhkəmə tərəfindən iş üzrə tədbiq edilən mülki prosessual normalara və onların tədbiqi haqqında yuxarı instansiya məhkəmələrinin qərarlarına əsasən mövcud sübut etmə vəzifəsinin iddiaçı tərəfindən mötəbər qaydada əsaslandırılmaması, yəni sübuta yetirilməməsi səbəbindən təmin edilməsi istisnadır. Məhkəmə xərcləri hissəsinə gəldikdə isə xərclər iddiaçı tərəfindən ödənilmiş 180 manat dövlət rüsumundan və aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manatdan ibarətdir. Məhkəmə - məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməsi normasını rəhbər tutaraq, İddia qismən təmin edildiyindən dövlət rüsumu təmin edilən hissəyə mütənasib məbləğdə (40 manat) cavabdehdən tutularaq iddiaçıya verilməsini, ekspertiza xərcinin isə iddiaçının ekspertizanın predmetinə münasibətdə irəli sürmüş olduğu hallar öz təsdiqini tapmadığından İddiaçı iş üzrə keçirilmiş məhkəmə-xətşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 manat alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülməsini qanunamüvafiq hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ : İddia qismən təmin edilsin. Cavabdeh 2000 (iki min) manat pul və dövlət rüsumu kimi ödənilmiş 40 (qırx) manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. İddiaçı iş üzrə keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertizası tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat alınaraq məhkəmə ekspertiza mərkəzinin hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar