Məhkəmə qərarları › İş №2(032)-501/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-501/2024

02.04.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-501/2024 02.04.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X6 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş “aliment miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 22 mart 2015-ci il təvəllüdlü X1 və 01 yanvar 2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində aliment məbləğinin alınıb ona verilməsinə və mediasiya xərcinin tutulmasına dair qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 20 aprel 2015-ci ildə ailə həyatı qurmuşlar. Birgə yaşadıqları müddətdə 22 mart 2015-ci il tarixdə X4 və 01 yanvar 2017-ci il tarixdə X5 adlı iki övladları anadan olmuşdur. Ailə münasibətləri kəskinləşdiyindən tərəflər arasında olan nikah münasibətləri Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsi ilə pozulmuş, əlavə olaraq birgə nikahdan doğulmuş iki uşağın yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay cəmi 150 manat sabit pul məbləğində aliment tutulmaqla ona verilməsi qət edilmişdir. Ayrı yaşadıqları müddət ərzində cavabdeh övladları ilə ümumiyyətlə maraqlanmamış və uşaqların saxlanması üçün aliment məbləğindən kənar ona heç bir zəruri maddi yardım göstərməmişdir. Cavabdeh uşaqların saxlanması üçün cəmi 2 ay ödəniş etmişdir. Uşaqların bütün qayğısını, ehtiyacını tamamilə o, çəkir. Böyüdükcə uşaqların atasına qarşı ehtiyac və tələbatları artsa da cavabdeh onlara qarşı heç bir diqqət və qayğı göstərmir. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaqla yanaşı, həm də maddi tələbatlarını ödəmək tək qadın olaraq ona çox çətindir. Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsi ilə təyin edilmiş aliment məbləği uşaqların tələbatı üçün bugünki həyat şəraiti, uşaqların saxlanılması, müalicə, qidalanması, geyim və ləvazimatlarının alınması və s. ilə uyğunlaşmır. Ona görə də uşaqların saxlanılmasında maddi çətinlik çəkir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh məhkəməyə etiraz ərizəsini təqdim edərək bildirdi ki, Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(032)-1296/2022 saylı qətnaməsinə əsasən iddiaçı ilə nikahları pozulmuş, uşaqların ananın himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatana qədər saxlanılmasından ötrü hər ay hər bir uşağa 75 manat olmaqla, cəmi 150 manat sabit pul məbləğində alimentin ondan tutularaq iddiaçıya verilməsi qət olunmuşdur. Aliment təyin olunduqdan sonra o, həmişə alimenti vaxtlı-vaxtında iddiaçıya ödəmişdir. O, alimenti vaxtlı-vaxtında ödəməsinə baxmayaraq iddiaçı onun uşaqları ilə görüşməyinə imkan verməmişdir. Bundan sonra o, məcbur qalaraq uşaqlarla ünsiyyət hüququnun verilməsindən ötrü iddia qaldırmışdır. Məhkəmə ona aliment təyin etdiyi müddətdən sonra onun əmlak vəziyyətində və gəlirlərində heç bir dəyişiklik olmamışdır. Onun iki uşağa 470 manat (hər uşağa 235 manat olmaqla) sabit pul məbləğində aliment ödəməyə qətiyyən maddi imkanı yoxdur. İddiaçıya hər ay hər bir uşağın saxlanılmasından ötrü 110 manat, cəmi 220 manat sabit pul məbləğində aliment ödəyə bilər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, cavabdehin etiraz ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, X4 22 mart 2015-ci il tarixdə, X5 01 yanvar 2017-ci il tarixdə Şirvan şəhərində anadan olmuşlar. Atası Cavabdeh, anası İddiaçıdır. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2015-ci ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində bağlanmış 192 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X5 cavabdeh İddiaçı himayəsində saxlanılması, xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün əvvəli İddiaçı aliment barədə ərizənin verildiyi gündən yəni, xx.xx.2022-ci ildən hesablanmaqla xx.xx.1994-cü ildə Salyan rayonu, Qaraçala qəsəbəsində anadan olmuş və Şirvan şəhəri, M.Mirzəyev küçəsi ev 76-da yaşayan iddiaçı Cavabdeh hər ay sabit pul məbləğində hər bir uşağa 75 (yetmiş beş) manat, iki uşağa görə cəmi 150 (bir yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. İş materiallarında olan ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, Cavabdeh mediasiya prosesində iştirak etmədiyindən “Mediasiya haqqında” Azərbaycan Respublikası qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətə layiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası qanununa görə 2024-cü il üçün yaşayış minimumunun uşaqlar üçün 235 manat məbləğində müəyyən edilməsini İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, hesab edir ki, Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 140 manat olmaqla iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdı. Eyni zamanda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan,bu məsələ də öz həllini tapmalıdır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İşə əlavə edilmiş mədaxil qəbzindən görünür ki, İddiaçı ilkin mediasiya sessiyası üçün 50 manat mediasiyaya dair xərci ödəmişdir. «Mediasiya haqqında» Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə hesab edir ki, aliment tələbi üzrə İddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdeh Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilməli, mediasiyaya çəkilən xərclər isə tərəflər arasında bərabər şəkildə bölüşdürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin 29 avqust 2022-ci il tarixli, 2(032)-1296/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2015-ci il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 140 manat olmaqla, iki uşağa görə cəmi 280 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı X3 verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülsün. Cavabdeh mediasiyaya çəkilən xərcin yarısı 25 manat alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilməli olan 35 manat 60 qəpik məbləğində pul alınaraq Şirvan şəhər Məhkəməsinin xəzinə hesabına (Büdcə təsnifat kodu: 142213, Büdcə səviyyə kodu:1, Xəzinə hesabı: AZ40CTRE********************) keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar