Məhkəmə qərarları › İş №2(032)-54/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-54/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-54/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1900 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 40 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh alıcı kimi tanımışdır və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2020-ci ildə cavabdeh ona müraciət edərək ondan 15 qram nisyə qızıl aldı və həmin qıızl-zinət əşyasının pulunu 2022-ci ilin fevral ayının 16-da 100 manat, 2022-ci ilin mart ayının 16-da 150 manat ilkin qaydada ödəyəcəyini bildirdi və bununla bağlı yazılı sənəd imzaladı. Lakin borclu ödəniş etmədi və hazırda ona 1900 manat borcu qalıb. Qalan borc məbləğinin ödənilməsi ilə bağlı dəfələrlə şifahi xəbərdarlıq etməyinə baxmayaraq ona qaytarılmamışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir. iddiaçıdan şifahi olaraq nisyə alqı-satqı əsasında qızıl aldığını, həmin qızıla görə 1350 manat məbləğində pulu iddiaçıya verdiyini, hazırda ona 1150 manat məbləğində pul borclu olmasını və qalan borcunu hissə-hissə ödəyə biləcəyini bildirmişdir. Lakin borcunun qaytarılmasını təsdiq edən heç bir dəlili məhkəməyə təqdim edə bilməmişdir. O cümlədən iddiaçı tərəfindən məhkəməyə sübut qismində təqdim edilən qəbzin özü tərəfindən yazılaraq imzalandığını təsdiq etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən imzalanmış qəbzdə qeyd olunmuşdur: xx.xx.2020-ci il tarixdə 15 qram qızıl götürdüm, 1900 m, xx.xx.2022-ci il tarixdə 100 manat verəcək. Sözügedən qəbz məhkəmə iclasında nümayiş olunmuş və cavabdeh qəbzin doğruluğunu təsdiq etmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki,alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şifahi bağlanmış nisyə-alqı satqı müqaviləsi olmuş, hər iki tərəf bunu etiraf edir. Cavabdeh iddiaçıdan qarşılığını hissə-hissə qaytarmaq şərtilə 1900 manatlıq qızıl almışdır. Hazırda cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, ümumi 1900 manat borcdan 1350 manatını qaytarmışdır. Lakin cavabdeh öz etirazını, yəni iddiaçıya 1350 manat pulu qaytardığını təsdiq edən heç bir sübutunu məhkəməyə təqdim edə bilməmişdir. Halbuki, İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Qeyd olunanları ümumiləşdirsək belə ifadə edərik ki, iddaçı irəli sürmüş tələbini sübuta yetirməli olduğu kimi, cavabdeh də iddianın təmin edilməsini istisna edən etirazının əsaslarını sübuta yetirməli, əks təqdirdə isə məhkəmə etirazda qeyd olunanları mövcud olmayan kimi rədd edir. Tədqiq edilən tələblə bağlı məhkəmə iş üzrə toplanmış və araşdırılmış sübutlara qiymət verərək hesab edir ki, iddia bu hissədə təmin edilməli və cavabdehdən iddiaçının xeyrinə 1900 manat pul tutulmalıdır. İddiaçının hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 120 manat pulun cavabdehdən tutulması hissəsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsini - yəni məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır- müddəasını rəhbər tutaraq, cavabdehin etirafını, maddi vəziyyətini diqqətə alır və bu hissədə iddianın qismən təmini- 50 manat pulun cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə xərcləri ödənilmiş 40 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri iddianın təmin edildiyi hissədə cavabdehə aid edilməli, cavabdehdən dövlət rüsumu üçün ödənilmiş 40 manat məbləğində pul alınaraq iddiaçıya verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1900 (bir min doqquz) manat pul, 40 (qırx) manat dövlət rüsumu və 50 (əlli) manat vəkil xidməti alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar