Məhkəmə qərarları › İş №2(032)-549/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-549/2024

12.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-549/2024 12.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 20000 manat borc pulun, 151 manat dövlət rüsumunun və vəkil xidmət haqqının alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlə uzun müddətdir tanışdırlar. Birbirilərinin evlərinə gediş-gəlişləri olmuşdur. xx.xx.2021-ci ildə ünvan 1 ünvanında yerləşən mənzilini satmışdır. Həmin vaxt ümumilikdə mənzil almaq üçün 52000 manat pulu vardır. Həmin ərəfələrdə qonşusu tanışı və ailəvi dostluq etdiyi cavabdeh ona müraciət etmişdir. Cavabdeh bildirmişdir ki, “atamın ayağı kəsilir, mağazalara (ərzaq və geyim-keçim) borcum var, qardaşım da maşını əzib, xarabdır, ona görə borc pul lazımdır”. Cavabdeh ondan 20000 manat borc pul istədi ki, “mənə borc pul ver, bu problemlərimi həll edim, Şirvan şəhərində “Yeganə” şadlıq sarayının arxa hissəsində və 5 saylı tam orta məktəbin yanında torpaq sahələri var, onları təcili satıram, pulunu bir neçə aya qaytaracam”. Ona inanaraq xx.xx.2021-ci ildə 20000 manat məbləğində borc pul verdi. Borc pulu almasına dair öz xətti ilə yazılı sənəd yazaraq borcu təsdiqlədi və imzaladı. Bundan qısa müddət sonra xəbər tutdu ki, cavabdeh torpaq sahələrindən birini satıb, amma borcunu vermir. Bununla bağlı cavabdehə narazılığını bildirmişdir. Daha sonra cavabdeh borc müqabilində 5 saylı tam orta məktəbin yanında yerləşən torpaq sahəsini təklif etsə də, qəbul etməmişdir. Çünki torpağın nə qiyməti borca uyğun idi, nə də sənədləri qaydasında idi. Bundan sonra cavabdeh borcu aylıq ödəniş etmək üçün ona sosial kartını verməyi təklif etdi. Həmin kartda problem yaşandığı üçün cavabdehin evinə gedib narazılığını bildirdi və xahiş etdi ki, onunla banka və bankomata gedib problemi aradan qaldırsınlar. Lakin cavabdeh onunla mübahisə etdi və özünə qəsd etdi. Cavabdehdən pulunu şəxsi müraciəti əsasında ala bilmir və ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. İddiaçı nümayəndəsi və vəkili X4 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh iddia ərizəsinə etirazında göstərmişdir ki, iddiaçını xeyli müddətdir ki, tanıyır. Ondan yalnız bir dəfə olmaqla 400 manat borc pul almış və həmin pulu da qaytarmışdır. İddiaçının faizlə borc pul verdiyini və ətrafında bəzi şəxslərin faizlə də olsa borca pul götürmək istədiklərini nəzərə alaraq müxtəlif vaxtlarda tanışları olan Zeynəb, Aytəkin və Gülnar adlı şəxslərin iddiaçıdan faizlə borc pul götürmələrində vasitəçi rolunu oynamışdır. Adları çəkilən şəxslər götürdükləri borc məbləğini bir müddət gecikdirdikləri üçün iddiaçı borclarının ödənilməsinin təminatı kimi ona hədə-qorxu tətbiq etməklə sağlamlıq imkanları məhdud olan övladına verilən müavinətin bank kartını ondan almış, daha sonra isə onun adından adi kağız parçasında öhdəlik ifadə edən saxta qəbz tərtib etmişdir. İddia tələbində göstərilən 20000 manat borc məbləğini almamışdır. Əgər doğurdan da məhkəməyə təqdim edilmiş və iddia tələbinin əsası kimi göstərilmiş “kağız parçası” onun iradəsini ifadə edirsə, o zaman həmin borc məbləğini aldığını və qaytarmaqdan yayındığını təsdiq edən başqa sübutlar da olmalıdır. Hansı ki, iddiaçı iddia ərizəsində göstərir ki, guya o, vəd etmişdir ki, “Yeganə” şadlıq sarayının arxa hissəsində və 5 saylı tam orta məktəbin yanında yerləşən torpaq sahələrini sataraq göstərilən borc məbləğini qaytaracaq. İddiaçı tələbinin təsviri hissəsində belə bir halı göstərsə də, həmin halın təsdiqi kimi məhkəməyə hər hansısa sübut təqdim edilməmişdir. Çünki həqiqətən də göstərilən və ona qarşı iddiaçı tərəfindən qərəzli şəkildə iddia olunan borc məbləğini almamışdır. Odur ki, iddia tələbinin əsassız olduğundan rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli yazılı qəbzdən görünür ki, Cavabdeh 20000 manat pulu İddiaçı borc almışdır. Bu borcu bir il ərzində geri qaytaracağına dair söz vermiş və qəbzin qəbzin doğruluğunu öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan Şirvan şəhər Notariat Ofisində bağlanmış xx.xx.2021-ci il tarixli AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı barədə müqaviləndən görünür ki, X1 şəhəri, S.Ə.Zeynalov küçəsi 3 saylı evin 27 saylı mənzili X5 48000 manata satmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1091-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsası olmadan başqa şəxsin (mıəhrum olanın) hesabına əmlak əldə etsin. Həmin Məcəllənin 1091.2-ci maddəsinə görə əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsas və ya sonralar aradan qalxmış əsasa söykənir. İşin faktiki hallarından görünür ki, tərəflərin arasında yaranmış münasibət sadə yazılı borc müqaviləsinə əsaslanır. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan qəbzdən Cavabdeh pulun vermiş olduğu öz təsdiqini tapır. Qeyd edilən pul vəsaitinin Cavabdeh verilməmiş olmasını və ya həmin borcun qaytarılmış olmasını sübutetmə yüklülüyü isə cavabdeh tərəfin üzərinə düşür. Lakin cavabdeh tərəfindən qeyd edilən hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, hazırkı mülki iş üzrə iddiaçının tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə iddia tələbinin hüquqi yardımla bağlı vəkilə ödənilən 300 manatın cavabdehdən tutularaq ona verilməsi hissəsinə münasibətdə hesab edir ki, həmin hissədə iddia təmin edilməlidir. İş materiallarında olan mədaxil qəbzindən görünür ki, hüquqi yardıma görə İddiaçı tərəfindən pul tələbində dair iddia üzrə vəkil X2 hesabına 300 manat ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə hesab edir ki, hüquqi xidmətin göstərilməsi ilə bağlı İddiaçı tərəfindən hüquqi xidmətin göstərilməsi ilə bağlı ödənilmiş olan 300 manat pul Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. İddiaçının ödənilmiş dövlət rüsumunun cavabdehdən tutulması hiussəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 151 manat dövlət rüsumu ödənilmişdir. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 20000 manat, vəkil xidmət haqqı olaraq 300 manat və ödənilmiş dövlət rüsumuna görə 151 manat olmaqla, ümumilkdə 20451 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar