Məhkəmə qərarları › İş №2(032)-562/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-562/2023

15.05.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-562/2023 15.05.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan qızınun katibliyi İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli, 2(032)-248/2021 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının dəyişdirilərək xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin və 55 manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddiasını onunla əsaslandırmışdır ki, Şirvan Şəhər Məhkəməsinin 11 fevral 2021-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment alınıb-verilməsi təmin edilmişdir. Cavabdeh Şirvan şəhərində ev alqı-satqısı ilə məşğul olmaqla yüksək məbləğdə gəlir əldə edir. X2 hazırlıq kursuna gedir. Özü heç bir yerdə işləmir. Cavabdeh tərəfindən ödənilən aliment azyaşlı qızın saxlanması üçün çox çətindir. Uşağın ilbəil maddi tələbatının artmasını nəzərə alaraq, hesab edir ki, cavabdehdən uşağın saxlanması üçün hər ay 250 (iki əlli yüz) manat məbləğində alimentin artırılması uşağın saxlanılması xərclərini qismən də olsa ödəyər. İddiaçı məhkəmə iclasında iştirak edərək iddiasını müdafiə edərək təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək və iddia ərizəsinə etiraz təqdim edərək işləmədiyini, anasının himayəsində qaldığını, onun pensiyası ilə dolandığını bildirərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Nikahın pozulması haqqında xx.xx.2017-ci il tarixli, 152 saylı şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahına Şirvan Şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsinə əsasən 12 sentyabr 2017-ci ildə xitam verilmişdir. Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı xx.xx.2016cı il tarixdə X2 adlı uşağı dünyaya gəlmişdir. xx.xx.2023-cü il tarixli Azərbaycan Respublikasının ƏƏSMN Məşğulluq haqqında arayışının surətindən görünür ki, Cavabdeh işaxtaran kimi qeydiyyata alınmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Konstitutsiyasının 34-cü maddəsinin 4-cü bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2-ci maddəsinə əsasən uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.4-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. 100.2-ci maddəsinə əsasən aliment məhməkəyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 2022-ci il üçün yaşayış minimumu uşaqlar üçün 193 manat, «Azərbaycan Respublikasında 2023-ci il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının Qanununa görə 220 manat məbləğində müəyyən edilmişdir. 12 noyabr 1989-cu ildə qəbul olunmuş «Uşaq hüquqları haqqında» BMT Konvensiyasının 3-cü maddəsinə əsasən uşaqların maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilməlidir. Göründüyü kimi adı çəkilən konvensiya və daxili qanunvericiliklə uşaqların fiziki və əqli cəhətdən sağlam inkişaf etməsi üçün lazım olan bütün tədbirlərin görülməsinin vacibliyi nəzərdə tutulmuşdur. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli 8-2/2016 saylı qərarının 8.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmə bildirir ki, yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment təyin edilərkən aşağıdakı hallar xüsusilə nəzərə alınmalıdır. 1) Təyin ediləcək alimentin miqdarı yetkinlik yaşına çatmayan uşaqların hüquq və mənafeləri, o cümlədən onların psixi və fiziki inkişafına uyğun həddə təyin edilməli, hər bir halda uşaqların hüquq və mənafeləri birinci gözlənilməlidir. 2) Təyin ediləcək alimentin miqdarı aliment ödəmək vəzifəsi qoyulan valideynin hüquq və mənafelərini zərbə altında qoymamalı, onların hüquqlarını pozmamalıdır. Məhkəmə aliment məbləğini müəyyən edərkən uşağın maddi-məişət tələbatının ödənilməsini, onun tərbiyə olunmasında və saxlanmasında hər iki valideynin eyni hüquq vəzifələrə malik olması barədə ailə və digər qanunvericilik aktlarının tələblərini nəzərə alaraq hesab edir ki, cavadehdən tutulacaq alimentin məbləğinin uşağa görə 150 manat təyin edilməsini mümkündür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə tədqiq olunan sübutları məcmu halda qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1-da yaşayan Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, məhkəmə xərcləri 55 manat məbləğində mediasiya xərcindən ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb hesab edir ki, iddia qismən təmin edildiyindən mediasiya xərci kimi ödənilmiş 55 manat pul cavabdehdən alınaraq iddiaçıya verilməlidir. Həmçinin məhkəmə hesab edir ki, aliment tələbi üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyindən, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib cavabdehdən dövlət nəfinə alınmalıdır. Belə olan halda “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsini rəhbər tutaraq cavabdehdən 38 manat dövlət rüsumu dövlət nəfinə tutulmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(032)-248/2021 saylı qətnaməsi ilə xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanmasına görə müəyyən edilmiş 120 manat miqdarında aliment dəyişdirilərək artırılsın, xx.xx.2016-cı il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün hazırki qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanmaqla xx.xx.1987-ci il təvəllüdlü, ünvan 1 ünvanında yaşayan Cavabdeh hər ay 150 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilsin. Mediasiya xərci kimi ödənilmiş 55 (əlli beş) manat pul Cavabdeh alınaraq İddiaçı verilsin. 38 manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə keçirilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan Şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar