Məhkəmə qərarları › İş №2(032)-59/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-59/2025

22.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-59/2025 22.07.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı dəymiş zərərin ödənilməsi ilə bağlı pul tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh MMC ilə bağladığı xx.xx.2024-cü il tarixli, 01 nomrəli icarə müqaviləsi üzrə ödənilməmiş 2200 manat məbləğində icarə haqqı, nəqliyyat vasitəsinin zəruri texniki təmiri ilə bağlı 9571 manat, avtomobilin dayanacaqda qalması ilə bağlı 130 manat, dayanacaqdan servisə aparılması üçün 30 manat, servisdən öz ünvanına aparılması üçün 30 manat, inzibati xəta ilə bağlı cərimənin ödənilməsi üçün 90 manat və məhkəməyə müraciətlə bağlı dövlət rüsumu 127 manat məbləğində pulun cavabdehdən tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixli, 01 nömrəli icarə müqaviləsi əsasında Cavabdeh MMC-yə (bundan sonra — cavabdeh) Hyundai Getz markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilini icarəyə vermiş, həmin müqaviləyə əsasən cavabdeh razılaşdırılmış qaydada icarə haqqını (hər ay 550 manat) ödəməyi öhdəsinə götürmüşdür. Lakin nəqliyyat vasitəsi icarədə olduğu müddət ərzində cavabdehin sürücüsü tərəfindən istifadə olunarkən qəza baş vermiş və təmir olunması zərurəti yaranmışdır. Nərimanov Rayon Polis İdarəsinin xx.xx.2024-cü il tarixli, 313 nömrəli arayışından göründüyü kimi avtomobil qəzadan sonra dayanacaqda saxlanılmış və təmirlə bağlı zərurət mövcud olmuşdur. Lakin cavabdeh müqavilə üzrə öhdəliyindən boyun qaçıraraq avtomobili təmir etdirməmiş, özü avtomobilin dayanacaqda qalması ilə bağlı 130 manat, dayanacaqdan servisə aparılması üçün 30 manat, servisdən öz ünvanına aparılması üçün 30 manat ödəniş etmişdir. Bundan başqa aprel ayından bəri cavabdeh icarə haqqını ödəməmiş, beləliklə indiyədək 2200 manat məbləğində borcu yaranmışdır. Həmçinin avtomobil cavabdehin əməkdaşı tərəfindən istifadə olunduğu müddətdə inzibati xətaya yol verilmiş, cərimələr tətbiq olunmuş, 90 manat məbləğində cərimə ödənilməmişdir. “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AA041/1100 nömrəli aktdan görünür ki, “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilə texniki baxış keçirilmiş və bir sıra ehtiyyat hissələrinin dəyişdirilməsinə, dəmirçi, elektrik və boya işlərinin görülməsinə ehtiyac olduğu müəyyən edilmişdir. Bununla bağlı çəkilən xərclərin yekun məbləği 9561 manat qeyd olunmuşdur. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, aralarında icarə müqaviləsi bağlanmışdır. Həmin icarə müqaviləsi əsasında “Hyundai Getz” markalı **-KE- *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi onlar tərəfindən icarəyə götürülmüşdür. Yol nəqliyyat hadisəsi nəticəsində nəqliyyat vasitəsinə zərər dəymişdir, lakin iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş aktda olan qiymətlər şişirdilmişdir. Nəqliyyat vasitəsinə dəymiş zərər o qədər ola bilməzdi. Məhkəmə işdə iştirak edən şəxsin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı (İcarəyə verən) ilə Cavabdeh MMC (İcarəçi) arasında bağlanmış xx.xx.2024-cü il tarixli “Avtomobil icarəsi haqqında” müqavilənin 1.1-ci bəndinə əsasən “İcarəyə verən” “İcarəçi”yə bu Müqaviləyə Əlavə ilə razılaşmalarda qeyd edilən nəqliyyat vasitələrini icarəyə verir, “İcarəçi” isə həmin nəqliyyat vasitələrini qəbul edir və Müqavilə ilə razılaşdırılmış qaydada icarə haqqını “İcarəyə verənə ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu Müqavilədə qeyd edilən nəqliyyat vasitəsi həm icarədara təhvil verilərkən, həm də İcarədardan geriyə təhvil alınarkən nəqliyyat vasitələrinin sazlıq dərəcəsini və ümumi vəziyyətini müəyyən edən “təhvil-təslim haqqında” aktı tərtib edilir, hər iki tərəf bu aktı imzalayır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli 1 nömrəli Təhvil-təslim aktına əsasən, “Hyundai Getz” minik markalı, ** KE *** dövlət qeydiyyat nişanı avtomobii texniki olaraq işlək vəziyyətdə Cavabdeh MMC-yə təhvil verilmişdir. İş materiallarında olan “Ödəniş cədvəli”nə əsasən Cavabdeh MMC tərəfindən icarəyə götürülmüş avtomobilə görə icarə haqqı ödənişinin xx.xx.2024-cü tarixdən başlayaraq hər ay 550 manat olmaqla xx.xx.2027-ci il tarixədək həyata keçirilməsi razılaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli pretenziya məktubunun surətindən görünür ki, xx.xx.2024-cü il tarixli müqavilə üzrə indiyə qədər ödənilməmiş 2200 manat məbləğində icarə haqqı, nəqliyyat vasitəsinin zəruri texniki təmiri ilə bağlı 9571 manat, avtomobilin dayanacaqda qalması ilə bağlı 130 manat, dayanacaqdan servisə aparılması üçün 30 manat, servisdən öz ünvanına aparılması üçün 30 manat, inzibati xəta ilə bağlı cərimənin ödənilməsi üçün 90 manat, ümumilikdə 12051 manat pulun 3 gün ərizində ödənilməsi tələb olunmuş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə Cavabdeh MMC-nə xəbərdarlıq olunmuşdur. İş materiallarında olan "xxxx" MMC-nin 08 may 2024-cü il tarixli, seriya ƏİA/6 646421 nömrəli mədaxil qəbzindən görünür ki, “Hyundai Getz” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobilin dayanacaqdan servisə, həmçinin servisdən ünvana aparılması üçün ümumilikdə 60 manat məbləğində pul ödənilmişdir. İş materiallarında olan “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024cü il tarixli, AA041/1100 nömrəli aktdan görünür ki, “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 9571 manat müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “Hyundai Getz” markalı **-KE-*** dövlət qeydiyyat nişanlı avtomobil İddiaçı mülkiyyətindədir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli, 001 nömrəli xidməti müqavilədən görünür ki, X3 Cavabdeh MMC ilə arasında sürücü xidmətinin göstərilməsinə dair müqavilə bağlanmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin tədqiqatçısı polis mayoru Nadir Rza-zadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.6-cı maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsi məqsədi ilə qərar icra olunması üçün Nərimanov RPİ-nin DYPŞ-yə göndərilməsi qərara alınmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin tədqiqatçısı polis mayoru Nadir Rza-zadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Cavabdeh MMC tərəfindən Hyundai Getz markalı, ** KE *** dövlət qeydiyyat nişanlı avtomobil xx.xx.2023-cü il tarixli 7E-9682 reyestr nömrəli etibarnamə əsasında BC kateqoriyalı AE xx.xx.2016-cı il tarixdə 914435 seriya nömrəli sürücülük vəsiqəsi olan X2 xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək idarə etmək üçün vermişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov RPİ-nin Təhqiqat şöbəsinin tədqiqatçısı polis mayoru Nadir Rza-zadənin cinayət işinin başlanmasının rədd edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarından görünür ki, təhqqiat zamanı baş vermiş yolnəqliyyat hadisəsi zamanı xəsarət almış xx.xx.1986-cı ildə Zərdab rayonunda anadan olmuş X1 (ş/v AA********) (Sürücülük vəsiqəsi AE 914435) hadisə ilə bağlı izahatının alınması və almış olduğu xəsarətin dərəcəsini təyin etmək üçün məhkəmə tibbi ekspertiza müayinəsindən keçirilməsini təmin edilməsi üçün dəfələrlə onun istifadəsində olan 050 980 35 95 saylı mobil telefon ilə əlaqə saxlanılmışdır. Kamal İsgəndərzadə telefon danışıqları zamanı ilk öncə təhqiqata gəlib izahat verəcəyini bildirsə də, sonradan izahat verməkdən birmənalı olaraq imtina etmişdir. Bu səbəbdən onun izahatının alınması və MTE müayinəsindən keçirilməsini təmin etmək mümkün olmamışdır. Bu barədə protokollar tərtib edilərək materila əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş çıxarışdan görünür ki, X3 Azərbaycan Respublikası İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə təqsirli bilinərək 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, mülki iş üzrə “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş ziyanın məbləğinin müəyyən edilməsi barədə mütəxəssis rəyi alınması üçün sənədlər "xxxx" MMC-yə həvalə edilmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" MMC-nin 19 iyun 2025-ci il tarixli, UNİ/İ 30- 304/25 nömrəli mütəxəssis rəyində qeyd edilmişdir ki, “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AA041/1100 nömrəli aktda göstərilmiş material və ehtiyyat hissələri (video çəkiliş və fotoşəkillərlə müqayisə aparılmaqla) görüləcək təmir işləri əsas götürülməklə və onların real bazar qiymətləri nəzərə alınmaqla “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobilə dəymiş ziyanın məbləği 5495 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh MMC arasında xx.xx.2024-cü il tarixli avtomobil icarəsi haqqında müqavilə bağlanmış və həmin müqaviləyə əsasən İddiaçı mülkiyyətində olan “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsini Cavabdeh MMC-yə icarəyə vermişdir. İcra müqaviləsinin şərtlərinə əsasən icarəçi icarə müqaviləsi üzrə müəyyən edilmiş müddətlərdə ödəniş edilməsi, icarəyə götürülmüş nəqliyyat vasitəsinin icarə müddəti ərzində istismarı ilə bağlı xidmətlərin göstərilməsi ilə bağlı öhdəlik götürmüşdür. İşin faktiki hallarından görünür ki, iddiaçı tərəfindən müqavilə üzrə öz üzərinə götürmüş olduğu öhdəliklər tam olaraq icra edilmişdir. Həmçinin məhkəmə araşdırması zamanı icarəyə verilmiş olan nəqliyyat vasitəsi icarəyə götürənin sahibliyində olduğu müddət ərzində yol nəqliyyat hadisəsi baş verdiyi və yol nəqliyyat hadisəsi Cavabdeh MMC-nin vermiş olduğu etibarnamə əsasında idarə edən X1 təqsiri nəticəsində baş verdiyi müəyyən edilmişdir. Hazırda İddiaçı xx.xx.2024-cü il tarixli, 01 nomrəli icarə müqaviləsi üzrə ödənilməmiş 2200 manat məbləğində icarə haqqı, nəqliyyat vasitəsinin zəruri texniki təmiri ilə bağlı 9571 manat, avtomobilin dayanacaqda qalması ilə bağlı 130 manat, dayanacaqdan servisə aparılması üçün 30 manat, servisdən öz ünvanına aparılması üçün 30 manat, inzibati xəta ilə bağlı cərimənin ödənilməsi üçün 90 manat pulun Cavabdeh MMC-dən tutulmalı olduğunu iddia edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 700-cü maddəsinə əsasən İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. Həmin Məcəllənin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 676-cı maddəsinə əsasən bütün kirayə müddəti ərzində kirayəyə verən kirayəyə verilən əşya kirayəçinin istifadəsi üçün yararlı vəziyyətdə olması üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 684.1-ci maddəsinə əsasən əmlak kirayəsi haqqı, əgər kirayə müddəti bir aydan qısadırsa, həmin müddətin sonunda ödənilməlidir. Əgər kirayə müddəti bir aydan çoxdursa, əmlak kirayəsi haqqı zərurət olduqda müvafiq surətdə hər ayın sonunda hissə-hissə ödənilməlidir. Əgər əmlak kirayəsi haqqı zaman hissələri üzrə hesablanmışdırsa, ayrı-ayrı zaman hissələrinin sonunda ödənilir. Məhkəmə, işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq bu qənaətə gəlir ki, iddia tələbinin maddi hüquqi əsasını icarə müqaviləsinə dair münasibətləri tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 34-cü fəslində yer alan normalar təşkil edir. Belə ki, işin faktiki hallarına Mülki Məcəllənin 700.1-ci maddəsində nəzərdə tutulan icarə müqaviləsinin dispozisiya şərtləri uyğun gəlir. Məhkəmə qeyd edir ki, mübahisəni tətbiq ediləcək maddi hüquq normalarına əsasən həll etməzdən əvvəl ilk olaraq işin mübahisəsiz və mübahisəli halları müəyyən edilməli, bundan sonra sübutetmə yükünün bölüşdürülməsi qaydalarına uyğun olaraq tərəflərin öz tələb və etirazlarının əsası kimi gətirdikləri dəlillərə hüquqi qiymət verilməlidir. Məhkəmə tərəflər arasında etibarlı şəkildə bağlanılmış icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yarandığını müəyyən edərək işdə olan sənədlərə və digər sübut əhəmiyyətli materiallara əsasən bu qənaətə gəlir ki, tərəflər arasında minik avtomobilinin icarəyə verilməsinə dair müqavilənin bağlandığı, həmin müqavilənin etibarsızlığına dəlalət edən halların olmadığı, müqavilə şərtlərinə görə cavabdeh tərəfindən aylıq 550 manat məbləğində icarə haqqı ödənilməsinin razılaşdırıldığı, icarə obyekti olan avtomobilin xx.xx.2024-cü il tarixdən cavabdehin istifadəsinə verildiyi işin mübahisəsiz hallarını təşkil edir. İddiaçının iddia tələbinin icarə haqqı olaraq 2200 manat pulun Cavabdeh MMC-dən tutulması hissəsinə münasibtədə məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, işin faktiki hallarından göründüyü kimi tərəflər arasında icarə müqaviləsi bağlanmış və nəqliyyat vasitəsi Cavabdeh MMC-yə icarəyə verilmişdir. Qeyd edildiyi kimi icarə haqqı 550 manat müəyyən edilmişdir. İddiaçı məhz icarə haqqını icarədarın sahibliyindən geri qaytarıldığı günə qədər olan ödənişi tələb etməkdə haqlıdır. İşin faktiki hallarından göründüyü kimi təhvil-təslim aktına əsasən “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı avtomobil xx.xx.2024-cü il tarixdə Cavabdeh MMC-yə təhvil verilmiş və iddiaçı tərəfin vermiş olduğu izahatı və məhkəməyə təqdim edilmiş olan "xxxx" MMC xx.xx.2024cü il tarixli qəbzindən görünür ki, qeyd edilən tarixdə artıq nəqliyyat vasitəsi İddiaçı sahibliyinə geri qaytarılmışdır. Belə olan halda mübahisə predmeti olan nəqliyyat vasitəsi Cavabdeh MMC-nin istifadəsində iki ay qaldığı qənaətinə gəlməyə əsas verir. Tərəflər arasında bağlanmış olan icarə müqaviləsində isə icarə haqqı aylıq olaraq 550 manat müəyyən edildiyindən iddiaçı cavabdehdə iki ay üzrə, yəni 1100 (550x2=1100) manat ödənişi tələb etməkdə haqlıdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia icarə haqqı olaraq Cavabdeh MMC-dən 1100 manat pul tutularaq İddiaçı ödənilməlidir. İddia tələbinin “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin zəruri texniki təmiri ilə bağlı 9571 manat pulun tutulması hissəsinə münasibtədə də məhkəmə hesab edir ki, iddia qismən əsaslıdır. Belə ki, sözügedən nəqliyyat vasitəsi ilə yol nəqliyyat hadisəsinin törədilmiş olması və nəticədə nəqliyyat vasitəsinə zərərin vurulmuş olması işin mübahisəsiz halıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın (maddə 21.1). Zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür (maddə 21.2). Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. İddiaçı “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərərin 9571 manat olduğunu iddia etmiş və bu hala dair sübut olaraq “Auto Azərbaycan” şirkəti tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, AA041/1100 nömrəli aktı əsas götürmüşdür. Lakin qeyd edilən qüsur aktı ilə cavabdeh tərəf razılaşmamış və nəticə olaraq iş üzrə müvafiq mütəxəssis rəyi alınmış və nəqliyyat vasitəsinə dəymiş zərər 5495 manat (3515 manat ehtiyyat hissələri, 1980 manat işçilik üzrə) müəyyən edilmişdir. Mütəxəssis rəyi mülki iş üzrə iddiaçı və cavabdeh tərəfindən mübahisələndirilmədiyindən, məhkəmə hesab edir ki, “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə dəymiş zərər məhz mütəxəssis rəyi əsas götürülməklə müyyən edilməli və sözügedən nəqliyyat vasitəsinə dəymiş zərər 5495 manat müəyyən edilməlidir. İddia tələbinin “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin iddiaçı tərəfindən dayanacaqdan servisə və servisdən öz ünvanına aparılması üçün evakuator xidmətinə ödənilmiş olan ümumilkdə 60 manat pulun tutulması hissəsinə münasibətdə də məhkəmə hesab edir ki, iddia əsaslıdır. Belə ki, iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş olan "xxxx" MMC-nin xx.xx.2024-cü il tarixli 646421 nömrəli ödəniş qəbzindən görünür ki, xidmətlə bağlı iddiaçı 60 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən çəkilmiş olan xərc əvəzi olaraq 60 manat Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı tələbinin “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dayanacaqda qalması ilə bağlı 130 manat və inzibati xəta ilə bağlı cərimə olaraq ödənilmiş 90 manat pulun tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, qeyd edilən ödənişlərin iddiaçı tərəfindən ödənilməsi ilə bağlı sübutetmə yüklülüyü iddiaçı tərəfin üzərinə düşmüş olmasına baxmayaraq iddiaçı tərəfindən bu hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir və belə olan halda iddia qeyd edilən hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (Mülki Prosessual Məcəllənin 77.1, 14.2, 88 və 217.4-cü maddələri). İddia tələbinin iddiaçı tərəfindən ödənilmiş 127 manat dövlət rüsumunun Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulması hissəsinə münasibətədə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, İddiaçı tərəfindən 127 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 85.95 (səkdən beş manat 95 qəpik) manatı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilməlidir. Həmçinin iş materialların əlavə edilmiş "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ƏİO 317306 nöməli kassa mədaxil qəbzinin surətindən görünür ki, nəqliyyat vasitəsinin zərərin qiymətləndirilməsi ilə bağlı İddiaçı tərəfindən 300 manat ödəniş edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Beləliklə məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh MMC-dən xx.xx.2024-cü il tarixli, 01 nomrəli icarə müqaviləsi üzrə ödənilməmiş 1100 manat məbləğində icarə haqqı, nəqliyyat vasitəsinin zəruri texniki təmiri ilə bağlı 5495 manat, “Hyundai Getz” markalı **-KE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin dayanacaqdan servisə aparılması üçün ödənilmiş 30 manat, servisdən iddiaçının ünvanına aparılması üçün ödənilmiş 30 manat pul alınaraq İddiaçı ödənilsin. Məhkəməyə ödənilmiş 127 manat dövlət rüsumunun 85.95 manatı Cavabdeh MMCdən tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumu qalan hissədə iddiaçıya aid edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə mütəxəssis rəyinin alınması ilə bağlı ödənilmiş olan 300 (üç yüz) manat məbləğində xidmət haqqı Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar