Məhkəmə qərarları › İş №2(032)-631/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-631/2024

30.05.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-631/2024 30.05.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)- 1414/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X1 üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş hər ay hər uşağa 140 manat sabit pul məbləğində olan alimentin artırılaraq hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə xx.xx.2016-cı il tarixində rəsmi nikaha girməklə ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı iki uşağı doğulmuşdur. Sonradan cavabdehlə münasibəti pozulduğundan Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(032)-1414/2022 saylı qətnaməsinə əsasən nikahı pozulmuşdur. Nikahı pozularkən uşaqların onun yanında qalması qət olunmuşdur. Həmin qətnaməyə əsasən cavabdehlə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanılması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində alimentin tutularaq ona verilməsi qət edilmişdir. Halhazırda cababdehdən almış olduğu iki uşaq üçün 280 manat sabit pul məbləğində olan aliment məbləği azdır və uşaqların saxlanılması üçün yetərli deyildir. Belə ki, məhkəmə qətnaməsi ilə müəyyən olunmuş aliment məbləği təyin edillərkən uşaqların yaşı az olduğundan həmin vaxt onların geyimə, yeməyə olan tələbatı da hal-hazırkı tələbatlarından olduqca aşağı olmuşdur. Çünki uşaqlar böyüdükcə onların geyməyə, yeməyə və qayğıya olan tələbatları da artmışdır. Bu hal uşaqların maddi təminatının artırılmasını zəruri edir. Habelə, bir uşaq üçün 140 manat məbləğində aliment hazırki bazar iqtisadiyyatı şəraitində azlıq təşkil edir. Digər tərəfdən, o heç bir yerdə işləmir, əlavə qazancı yoxdur. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məhkəmə bildirişi göndərilməsinə baxmayaraq o, məhkəməyə gəlməmiş, nümayəndə məhkəmə iclasında iştirak etdiyindən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Nümayəndə izahat verərək bildirdi ki, iddiaçı atasının himayəsində yaşayır, atası işləyir, həmçinin pensiya alır. Bundan başqa iddiaçı özü də işləməklə əmək haqqı alır. Məhkəmə qətnaməsi ilə müəyyən edilmiş hər ay hər bir uşaq üçün 140 manat, cəmi 280 manat sabit pul məbləğində aliment uşaqların saxlanması üçün kifayət edir. Cavabdeh sürücü işləyir, aylıq 620-630 manat əmək haqqı alır, həmin əmək haqqı ilə elə alimenti ödəyir, onun maddi imkanı yoxdur ki , ikinci dəfə ailə qursun. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 669705 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2021-ci ildə Bakı şəhərində anadan olmuş X5 atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2021-ci ildə 4786 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İV seriyalı 424882 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2020-ci ildə Bakı şəhərində anadan olmuş X3 atası Cavabdeh, anası İddiaçıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2020-ci ildə 1397 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhər Məhkəməsinin 2 6.09.2022-ci il tarixli, 2(032)-1414/2022 saylı qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2016-cı ildə Şirvan şəhər Qeydiyyat Şöbəsində bağlanmış 212 saylı nikah qeydinin pozulması, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün əvvəli 17 avqust 2022-ci ildən hesablanmaqla Cavabdeh hər ay hər bir uşağa 140 manat , iki uşağa görə 280 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00360 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Cavabdeh etiraz ərizəsindən görünür ki, İddiaçı məhkəmədən, Şirvan şəhər Məhkəməsinin 26 sentyabr 2022-ci il tarixli, 2(032)-1414/2022 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2021-ci il təvəllüdlü X6 adlı uşaqların saxlanması üçün ondan hər ay alınaraq iddiaçıya verilməsi qət olunmuş bir uşağa görə 140 manat sabit pul məbləğində olan alimentin artırılaraq 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi və tərəfindən ödənilmiş 50 manat mediasiya xərcinin cavabdehdən tutularaq ona verilməsini xahiş etmişdir. O, iddiaçının ona qarşı iddia tələbini qəbul etmir. Ona görə ki, onun maddi gəliri keçən illərlə eynidir və aylıq gəliri artırılmamışdır. O, aylıq 600 manat məbləğində əmək haqqına işləyir. O, bu günə kimi İddiaçı hər ay vaxtı-vaxtında 300 manat məbləğində aliment ödəyir. Bundan əlavə hər ay övladlarının yeməyi-içməyi, geyimi ilə bağlı əlavə xərc də çəkir. Övladları ilə hər ay görüşən zaman o övladlarına geyim və s. avadanlıqlar alır. Onun almağından başqa onun valideynləri də övladlarının təlabatını ödəməyə çalışırlar. Onun himayəsində iki ahıl yaşlı valideynləri var. Onların da təlabatını ödəyir və onlara da baxır. Övladları yanında olmadığı üçün ondan başqa onun valideynləri də övladlarına daha diqqətli və daha qayğılıdır. İddiaçı tam onlara görüş hüququ verməsə də, o və valideynləri əlindən gələnin artığını etməyə çalışırlar. O, maddi imkansızlıqdan ikinci dəfə ailə həyatı qurmur ki, ikinci ailəsinə necə baxsın. İddiaçı ona olan şəxsi qərəzi səbəbindən övladları ilə tam sərbəst və rahat şəkildə görüşünə də mane olur. Söz-söhbət olmaması üçün o, İddiaçı bütün təklifləri ilə razılaşaraq, övladlarına qarşı onun istəyi ilə hərəkət edir . Onun aylıq gəliri sabitdir və heç bir artım yoxdur. Lakin İddiaçı isə atasının yanında marketdə işləyir, bildiyinə görə sosial yardım alır. Onun gəliri artırıldığı zaman onun iddiaçının təklifinə ehtiyacı belə yoxdur. Özü öz doğma övladlarına əlavə kömək edəcəkdir. Onun hazırki maddi imkanı aylıq 470 manat məbləğində pul ödəməyə imkan vermir. Əgər qətnamə 470 manat ilə qət edilsə, onun özü və ahıl yaşlı valideynləri 100 manat pulla dolanmalı olacaqlar. Alimentin məbləği artırılmalıdırsa, onun aylıq gəliri də nəzərə alınmalıdır . Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar; 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, yaxud qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində, həm də bu Məcllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. "Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minumumu haqqında" Azərbaycan Respublikası Qanununa uyğun olaraq 2024-cü il üçün yaşayış minumumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə yetkinlik yaşına çatmamış uşağın təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X2 üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşaqların saxlanılmaları üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla müəyyən edilməlidir . Məhkəmə həmçinin qeyd edir ki, alimentin artırılma (dəyişdirilmə) vaxtı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Belə ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8- 2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır («Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd olunanları, habelə Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununu İddiaçı maddi vəziyyətində dəyişikliyin olmasına səbəb olması kimi qiymətləndirib, uşaqlarının xərclərininin artmasını nəzərə alıb hesab edir ki Şirvan şəhər Məhkəməsinin xx.xx.2022ci il tarixli, 2(032)-1414/2022 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanması üçün hər ay hər bir uşağa 185 (yüz səksən beş ) manat, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalı, bununla da iddia qismən təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Mediasiya haqqında Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (370-280=90 manat, 90 x 12 = 1080 manat, 1080-1000=80; 80 x 1%=0,80; 30+0,80=30,8) 1000 mantdan çox olduğundan, cavabdehdən 30 manat 80 qəpik dövlət rüsumu dövlət nəfinə alınmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia qismən təmin edilsin. Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(032)-1414/2022 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2020-ci il tarixdə anadan olmuş X3 və xx.xx.2021-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatana qədər saxlanmaları üçün hər ay hər bir uşağa 185 (yüz səksən beş ) manat, cəmi 370 (üç yüz yetmiş) manat sabit pul məbləğində aliment alınaraq İddiaçı verilsin. Miqdarı dəyişdirilmiş alimentin tutulmasının əvvəli qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan hesablansın. Cavabdeh 30 manat 80 qəpik məbləğində dövlət rüsumu alınaraq dövlət nəfinə keçirilsın . Cavabdeh mediasiya təşkilatına ödənilmiş 50 manat məbləğində pul alınaraq İddiaçı verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar