Məhkəmə qərarları › İş №2(032)-636/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-636/2023

31.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-636/2023 31.10.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X2, Cavabdeh1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit və ona hesablanmış faiz məbləğinin geri qaytarılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclular Cavabdeh1 və Cavabdeh2 4175 manat əsas borc, 2298 manat faiz borcu olmaqla, ümumilikdə 6473 manat məbləğində pul tutularaq İddiaçı ASC-nin xeyrinə tutulması barədə Şirvan şəhər Məhkəməsinin 16 oktyabr 2015-ci il tarixli, 2(032)- 2899/2015 saylı məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh1 etirazla məhkəməyə müraciət edərək əmrin ləğv edib iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 10 mart 2023-cü il tarixli qərardadı ilə Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrindən verilmiş tələbə qarşı borclu Cavabdeh1 verilmiş tələbə qarşı etirazı baxılmadan geri qaytarılmışdır. Borclu Cavabdeh1 məhkəmə əmrində verilmiş tələbə qarşı etirazın verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə ilə sonra ümumi qaydada təkrarən məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Borclu Cavabdeh1 müddətin bərpasına dair ərizə ilə məhkəmə müraciət edərək Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrinin ləğv edib iddia icraatına keçirilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair qərardad qəbul edilməsini xahiş etmişdir. Həmçinin borclu Cavabdeh1 ərizə ilə məhkəməyə müraciət edərək 10 mart 2023-cü il tarixli qərardadının ləğv edilməsini, etiraz ərizəsini təmin edərək 16 oktyabr 2015-ci il tarixli məhkəmə əmrini ləğv edib iddia icraatına keçirilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 30 mart 2023-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-2899/2015 saylı, 10 mart 2023-cü il tarixli qərardadı ləğv edilməsi, Şirvan şəhər Məhkəməsinin 2(032)- 2899/2015 saylı, 16 oktyabr 2015-ci il tarixli əmri ləğv edilməsi, işə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı ASC-nin tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı ASC-nin Şirvan filailı ilə bağladığı xx.xx.2013-cü il tarixli 398-13 ABFŞ saylı kredit müqaviləsinə əsasən borcluya şəxsi ehtiyac üçün 36 ay müddətinə illik 24% dərəcəsi ilə 5000 (beş min) manat məbləğində kredit verilmişdir. Cavabdeh1 ilə bank arasında bağlanmış xx.xx.2013cü il tarixli 398-13 ABFŞ saylı kredit müqaviləsinin təminatı qismində, həmin müqavilədən irəli gələn bütün pul tələblərinə Cavabdeh2 zamin durmuşdur. Bu məqsədlə Cavabdeh2 ilə xx.xx.2013-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Borclu Cavabdeh1 bank qarşısındakı öhdəliklərini lazımınca icra etməmişdir. Bank tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə borcluya və zaminə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların qısa müddət ərzində banka ödənilməsi borclulardan tələb olunmasına baxmayaraq qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin nümayəndəsi X3 məhkəmə iclasında iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh1 iddianı qəbul etməyərək izahatında bildirdi ki, o, bankdan kredit götürməklə bağlı İddiaçı ASC-də olmuş, lakin onunla hər hansı müqavilə bağlanmamış, heç bir sənədə imza etməmişdir. Onun qeyd edilən məhkəmə əmrindən məlumatı olmamışdır. Onun banka borclu olmasından 2023-cü il tarixdə icra şöbəsindən dəvət edilikdən sonra məlumatı olmuşdur. Bundan sonra o, məhkəməyə müraciət etmiş və məhkəmə əmri ona xx.xx.2023-cü il tarixdə qəbzə imza edilməklə təqdim edilmişdir. Onun tərəfindən verilmiş olan etiraz geri qaytarılarkən onun tərəfindən icra şöbəsində xx.xx.2015-ci il tarixdə izahatı alınmış olduğu qeyd edilsə də, o, həmin tarixdə icra şöbəsinə dəvət edilməmiş və onun tərəfindən hər hansı bir izahat verilməmiş və hər hansı bir izahata imza edilməmişdir. Hazırda ondan 6473 manat kredit müqaviləsi üzrə borc tələb edilir. Amma bildirdiyi kimi onun tərəfindən bankdan hər hansı bir kredit götürülməmişdir. Digər Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, poçt vasitəsi ilə verilmiş zərf geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq mülki işə baxmağa haqlıdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ASC-nin Şirvan filialı ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ nömrəli kredit müqaviləsindən görünür ki, borcluya şəxsi ehtiyac üçün 36 ay müddətinə 5000 manat məbləğində kredit verilmişdir. İş materiallarında olan Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013cü il tarixli. 394-13 ABFŞ saylı zaminlik müqaviləsindən görünür ki, o, xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ saylı kredit müqaviləsi üzrə öhdəliklərini tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2015-ci il tarixə banka 4175 manat əsas, 2298 manat faiz, cəmi 6473 manat borcu vardır. Mülki işlə bağlı iş materiallarında olan əlyazmaların cavabdeh tərəfindən icra olunmasının müəyyən edilməsi zərurəti yarandığından Şirvan şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(032)-636/2023 saylı qərardadı ilə iş üzrə məhkəmə-xəttşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2023-cü il tarixli, 4/1050 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş. İddiaçı ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış olan 18 aprel 2013-cü il tarixli ABFŞ seriyalı № 398-13 nömrəli kredit müqaviləsinin arxa tərəfində “Kredit alan” hissəsində “(imza)” qrafasındakı imza – Cavabdeh1 tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 428.4-cü maddəsinə əsasən öhdəliyin icrası üçün borclunun xeyrinə hər hansı müddət təyin edildikdə, əgər borclu ödəniş qabiliyyətini itirərsə və ya şərtləşdirilmiş təminatı azaldarsa, yaxud ümumiyyətlə, belə təminat verə bilməzsə, kreditor dərhal icranı tələb edə bilər. Həmin Məcəllənin 442.1-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında kredit və zaminlik müqavilələri bağlanmış, həmin müqavilələrə əsasən tərəflər arasında öhdəliklər yaranmış, iddiaçı tərəfindən öhdəliklər yerinə yetirilmiş, cavabdehlər isə üzərlərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmişlər. Belə ki, kreditalan kredit müqaviləsi ilə üzərinə götürdüyü öhdəliyi lazimi qaydada icra etməmiş, ödəniş cədvəlini pozmuşdur. Onun bankın qarşısında yuxarıda göstərilən məbləğində icra edilməmiş pul öhdəliyi vardır. Bankın təqdim etdiyi sübutlar borcun ödənilməsi barədə tələb üzrə əsas və faiz borcunun əsaslı olduğunu təsdiq edir. Həmçinin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ nömrəli kredit müqaviləsi üzrə Cavabdeh2 ilə İddiaçı ASC arasında bağlanmış xx.xx.2013-cü il tarixli, 394-13 ABFŞ saylı zaminlik müqaviləsi bağlanmış və o, borclu ilə birgə öhdəliklərin icrası üzrə bank qarşısında öhdəlik götürmüşdür. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, xx.xx.2013-cü il tarixli, 398-13 ABFŞ nömrəli kredit müqaviləsi üzrə 4175 manat əsas, 2298 manat faiz borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçının ödənilməlidir. İddiaçının iddia tələbinin iddia qaldırılması üçün ödənilmiş 20 manat dövlət məbləğində dövlət rüsumunun rüsumunun cavabdehlərdən tutulması hissəsinə münasibətdə məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 20 manat dövlət rüsumu bankın xeyrinə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, iş üzrə Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-xəttşünaslıq ekspertiza tədqiqatının dəyəri olan 125 manat cavabdehlər Cavabdeh1 və Cavabdeh2 alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilməlidir. Belə ki, İş materiallarında olan Məhkəmə Ekspertizası Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 125 manatdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada iddiaçı LPO İddiaçı ASC-nin xeyrinə 4175 manat əsas, 2298 manat məbləğində faiz borcu, cəmi 6473 manat pul və 20 manat məbləğində ödənilmiş dövlət rüsumu tutulsun. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 125 manat məbləğində pul cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22, AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar