Məhkəmə qərarları › İş №2(032)-643/2025

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-643/2025

13.05.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-643/2025 13.05.2025 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyan tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən “Fait Doblo” yük markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 1380 manat (min üç yüz səksən) manat məbləğində pul və ödənilmiş 33.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırlmışdır ki, Cavabdeh xx.xx.2025-ci il tarixdə, saat 18:05 radələrində sürücülük hüququ və etibarnaməsi olmadan idarə etdiyi “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobillə ilə Şirvan şəhəri 1 May küçəsində yola çıxarkən manevr etmə qaydalarını pozduğu üçün ona məxsus “Fait-Doblo” yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində xəsarət olmasa da, onun idarə etdiyi avtomobilə maddi zərər dəymişdir. Hadisə ilə əlaqədar olaraq xx.xx.2025-ci il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmiş, iş materialları ilə birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Şirvan şəhər Məhkəməsinin 3(032)-65/2021 saylı, 22 yanvar 2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsinə 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Qeyd olunan məhkəmənin qərarından müəyyən edilir ki, baş vermiş yol-nəqliyyat hadisəsi zamanı idarə etdiyi “Fait-Doblo” yük markalı, ** MS *** nömrə nişanlı avtomobilə 1380 (bir min üç yüz səksən) manat məbləğində zərər dəymişdir. Məhkəmə tərəfindən ona dəymiş zərərin ödənilməsi ilə bağlı mülki qaydada məhkəmə müraciət hüququnun olması izah edilmişdir. Cavabdeh tərəfindən avtomobilə dəymiş maddi zərərlə bağlı ona heç bir pul vəsaiti ödənilməmişdir. Ərizəyə əlavə edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktından görünür ki, qəza zamanı əzilib sıradan çıxan hissələr üzrə dəyən maddi ziyan 670 (altı yüz yetmiş) manat, təmir və bərpa işləri üzrə dəyən maddi ziyan 710 (yeddi yüz on) manat, ümumi dəyən maddi zərər 1380 (bir min üç yüz səksən) manat təşkil edir. Hesab edir ki, onun hüquqları pozulması nəticəsində maddi zərər dəymişdir. Bu səbəbdən Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsini pozaraq inzibati xəta törətməsi nəticəsində onun idarə etdiyi “Fait-Doblo” yük markalı, ** MS *** nömrə nişanlı avtomobilə dəymiş maddi zərər 1380 (bir min üç yüz səksən) manat, 33,80 (otuz üç manat 80 qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq ona ödənilməlidir. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini etiraf edərək, iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Həmçinin Məhkəməyə iddianın etirafı ilə bağlı ərizə təqdim etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri hərtərəfli, obyektiv araşdırıb və təqdim olunmuş sübutlara huquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş inzibati xəta haqqında xx.xx.2025-ci il tarixli, İXP ******* nömrəli protokoldan görünür ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.4 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Şirvan "xxxx" Müəssisəsinin mütəxəssisi F.M.Ələkbərovun 19 yanvar 2025-ci il tarixli rəy aktından görünür ki, “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilin ümumilikdə (ehtiyat hissələri 670 manat, təmir bərpa işləri 710 manat) 1380 manat ziyan dəymişdir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin 3(032)-65/2021 saylı, 22 yanvar 2025-ci il tarixli qərarından görünür ki, Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsinə 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş “AzeMis” elektron məhkəmə informasiya sistemindən çıxarışlardan görünür ki, “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi X1 tərəfindən verilmiş etibarnamə üzrə İddiaçı istifadəsindədir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4-cü maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquq pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delik) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 1108.1-ci maddəsinə əsasən ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.2025-ci il tarixdə Cavabdeh idarə etdiyi “Mercedes Benz 208D” markalı, ** BT *** dövlət nömrə nişanlı avtomobillə ilə Şirvan şəhəri 1 May küçəsində yola çıxarkən manevr etmə qaydalarını pozduğu üçün İddiaçı idarə etdiyi “Fait-Doblo” yük markalı, ** MS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, hadisə nəticəsində İddiaçı maddi ziyan dəymişdir. Həmin hadisə nəticəsində dəymiş olan maddi ziyan Cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə müəyyən etdi ki, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.2, 332.1, 332.4 və 469.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi ilə bağlı barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin Şirvan şəhər Məhkəməsinin 3(032)-65/2021 saylı, 22 yanvar 2025-ci il tarixli qərarı ilə Cavabdeh Azərbaycan Respublikası İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək, barəsinə 8 gün müddətinə həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə həmçinin müəyyən etdi ki, “Fiat-Doblo” yük markalı, ** MS *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə ümumilikdə (ehtiyat hissələri 670 manat, təmir bərpa işləri 710 manat) 1380 manat ziyan dəymişdir. İşin faktiki hallarından görünür ki, baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində iddiaçının sahibliyində olan əmlaka zərər dəymişdir. Həmin zərər məbləği tərtib edilmiş ziyan aktı və mədaxil qəbzi ilə ümumilikdə 1380 manat müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya dəymiş zərər cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının Mülkü Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə bağlı 34 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən İddiaçı tərəfindən ödənilmiş olan 34 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh tərəfindən “Fait Doblo” yük markalı ** MS *** dövlət qeydiyyat nişanlı avtomobilinə dəymiş zərərə görə 1380 manat (min üç yüz səksən) manat məbləğində pul və ödənilmiş 33.80 (otuz manat səksən qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar