Məhkəmə qərarları › İş №2(032)-693/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-693/2024

29.11.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-693/2024 29.11.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədli Aydan Zakir qızının sədrliyi , Xəlilov Xəlil Elşən oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı Şirvan Şəhər Məhkəməsinə müraciət edərək borc qismində 19200 (on doqquz min iki yüz) manat pul vəsaitinin alınması ilə əlaqədar ona ümumi olaraq dəymiş 25000 (iyirmi beş min) manat zərər məbləğinin və ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutlaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2016-cı ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyi N nömrəli hərbi hissədə “tibb bacısı” vəzifəsində həqiqi hərbi xidmətdədir. Cavabdeh1 ilə 2020-ci ildə Əhmədlidə yerləşən gözəllik salonlarının birində tanış olmuşdur. Həmin vaxtlar o, baxıcılıqla məşğul olduğunu bildirmiş və ona göstərdiyi xidmətlərlə əlaqədar tədricən şəxsi münasibətləri formalaşmışdır. Ötən ilin fevral ayında Mariya ona guya həyat yoldaşının avtoqəza törətdiyini, qəza nəticəsində bir nəfəri yaraladığını və cinayət məsuliyyətindən azad olunması üçün pul lazım olduğunu bildirmişdir. Tərəfindən ona borc qismində, şifahi razılaşma əsasında 2023-cü ilin avqust ayına qədər tam şəkildə qaytarmaq şərtilə müxtəlif vaxtlarda 6100 manat, 5500 manat, 7600 manat, ümumilikdə 19200 manat pul vəsaiti verilmişdir. Cavabdeh1 sözügedən məbləğləri ondan qayınanasının ürək əməliyyatı, bacısı və bacısının övladının ölümcül vəziyyətdə xəstə olması və s. bəhanələrlə əldə etmişdir. Sonradan həmin vəsaitlərdən özü, əri Hünər və bibisi Mehribanın real olaraq yararlandığını bildirmiş və həmin şəxslər onunla telefon danışıqlarında borc məbləğlərinin onlara birlikdə aid olduğunu və yaxın müddətdə ona qaytaracaqlarını vəd etmişlər. Lakin bəhs olunan vədlər yerinə yetirilməmiş, bununla yanaşı tərəfindən onlara borc qismində verilmiş pul vəsaitlərini başqa şəxslərdən sələmlə əldə etdiyi üçün cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində ona ümumilikdə 25000 (iyirmi peş min) manat məbləğində maddi ziyan dəymişdir. Məhkəməyə sübut qismində təqdim etdiyi, cavabdehlərlə telefon danışıqlarını əks etdirən kompakt diskdə aşağıda göstərilən faktlar öz təsdiqini tapır: 1. cavabdehlər ondan ümumilikdə 19200 (on doqquz min iki yüz) manat pul vəsaitini borc qismində almışdırlar, 2. həmin borcu cavabdehlərə verməyi ilə əlaqədar ona 25000 (iyirmi beş min) manat məbləğində maddi ziyan dəymişdir, 3. cavabdehlər həmin vəsaiti ona qaytarmamış və yaxın müddətdə qaytaracaqlarını vəd etmişdirlər. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə etdi və izahat verərək bildirdi ki, tibb bacısı işləyir. Cavabdeh1 2020-ci ildən tanıyır və o baxıcılıqla məşğul olduğundan onun müəyyən xidmətləri nəticəsində sıx münasibətləri yaranmışdır. 2023-cü ilin fevral ayında Cavabdeh1 ona müraciət edərək yoldaşının avtomobil qəzası keçirməsini və həmin qəza nəticəsində bir nəfərin yaralanmasını və bu səbəbdən də yoldaşının cinayət məsuliyyətinə cəlb olunacağını bildirmişdir. Cinayət işinin bağlanması üçün ona pul lazım olduğunu bildirirək 2023-cü ilin avqust ayına kimi qaytarmaq şərti ilə müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul vəsaitini ondan borc almışdır. Lakin sonradan həyat yoldaşı Hünər və bibisi Mehriban onunla əlaqə saxlayaraq borc məbləğinin onlarla birlikdə yaxın vaxtda qaytaracaqlarına söz vermişlər. Lakin onlar vədlərinə əməl etməmiş və bunun nəticəsində ona küllü miqdarda ziyan dəymişdir. Qeyd olunanları nəzərə alaraq iddiamın təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə məhkəmə bildirişləri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qeydiyyatda olduqları ünvana göndərilmiş, cavabdehlərin həmin ünvanda yaşamamaları səbəbindən bildirişlər geri qaytarılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 bildirdi ki, cavabdeh Mariya, onlar onu Məhanət kimi tanımışlar, fala baxmaqla məşqul olmuşdur. O, təkcə İddiaçı deyil onlardan da borca pul istəmiş, lakin o, onun falçı olduğuna görə ona inanmamışdır. Aynur ona aldanmış, müxtəlif bəhanələrlə Aynurdan təxmini 20000 manata yaxın pulu borc qismində almışdır. Dəfələrlə Aynura ona aldanmamağa dair xəbərdarlıq etsələr də, onun Mariyaya yazığı gəlmiş və özündən savayı başqa adamlardan da pul taparaq ona vermişdir. Sonradan borc verən şəxslər Aynurdan pulunu tələb etmiş və nəticədə Aynur maddi çətinliyə düşmüşdür. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 bildirdi ki, iddiaçını gözəllik salonundan tanıyır. Borc məsələsi ilə bağlı onu deyə bilər ki, cavabdeh Mariya falçılıq fəaliyyəti ilə məşğuldur. O da ona aldanaraq pul vermiş, lakin sonradan polis vasitəsi ilə hədələyərək pulunu geri ala bilmişdir. Aynur Mariyaya aldanaraq müxtəlif vaxtlarda təqribən 20000 manata yaxın ona borc pul vermişdir. Dəfələrlə iddiaçı ondan pulunu istəsə də Mariya pulu qaytarmaqdan boyun qaçırmışdır. Sonradan guya bibisinin pulu qaytarmaqda köməklik göstərəcəyini bildirmişdir. Ümumiyyətlə, onlar qrup halında başqasının pulunu alaraq onları aldatmaqla məşğul olurdular. Məhkəmə iclasında şahid qismində ifadə vermiş X2 bildirdi ki, İddiaçı qardaşı ilə tanışlığı olmuş, iddiaçını isə onun qardaşı vasitəsi ilə tanımışdır. O, həmçinin bildirdi ki, cavabdehlərdən Mariya falçı Məhanət adı ilə tanınmış, onlar əvvəl Şirvan şəhərində yaşasalar da, başqa şəxslərə də belə borcları olduğundan hazırda onlarn Şirvan şəhərində yaşamadıqlarını müəyyən etmişdir. O, cavabdehin pulu qaytarmayacağını bildiyindən dəfələrlə Aynura məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Məhkəmə baxışında iddiaçının iştirakı ilə onun tərəfindən AUDİO CD diskdə təqdim edilmiş səsyazısı tədqiq edilmişdir. Cavabdehlər isə məhkəmə iclasına gəlməmiş və işin halları ilə bağlı heç bir etiraz və ya sübut təqdim etməmişlər. Təqdim olunmuş səs yazısından müəyyən olunur ki, İddiaçı ilə Məhanət adlı şəxs arasında borcun qaytarılması ilə əlaqədar söhbətlər aparılmış və həmin şəxs İddiaçı 19200 manat məbləğində borcunun olmasını etiraf etmişdir. Məhkəmə iş üzrə audio və videoyazıların ekspertizasını təyin etmiş, cavabdehlərə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 97.5-ci maddəsinə əsaslanaraq məktub göndərilsə də, onlar ekspertizanın keçirilməsində iştirak etməmiş və ekspertin əlavə tədqiqat obyektlərinin, iş üzrə materialların təqdim edilməsi barədə vəsatəti təmin olunmadığından məhkəmə ekspertizasının aparılmasından imtina edilmişdir. MPM-in 97.5-ci maddəsinə əsasən tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. MPM-in 106.3-cü maddəsinin tələbinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə iclaslarının fasiləsiz audio yazısının aparıldığı hallar istisna olmaqla faktın etiraf olunması məhkəmə iclasının protokoluna yazılır və bu barədə etiraf edən tərəf protokola imza edir. Faktın etirafı yazılı ərizədə ifadə olunursa, həmin ərizə işə tikilir. Məhkəmə iddiaçının izahatını, şahidlərin ifadələrini dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən mülki işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 05 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 12 aprel 2021-ci il tarixli qərarında verilmiş şərhə görə Konstitusiya Məhkəməsinin Plenumu göstərir ki, mülki prosessual hüquq doktrinasında qanunsuz sübut anlayışının iki halı fərqləndirilir. Bunlardan biri sübutların qanuna zidd əməllər nəticəsində əldə olunması, digəri isə əldə olunan sübutların qanuna zidd şəkildə istifadə olunması halıdır. Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsində qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə olunmasına yol verilmədiyi müəyyən olunmuşdur. Qanunu pozmaqla əldə edilmiş sübut anlayışı mülki hüquq subyektlərinin şəxsi toxunulmazlıq hüququnun pozulması nəticəsində əldə edilmiş sübut mənasını daşıyır. İnsanın səs, görüntü və s. kimi şəxsiyyəti ilə bağlı olan dəyərlərinin onun iradəsi xaricində istifadə olunmasının yolverilməzliyi prinsipi insan şəxsiyyətinin toxunulmazlığını və ona olan hörməti təmin etmək məqsədi daşıyır. Şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması öz-özlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı birbirlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi MPM-in 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin (MM) 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 425.1-ci maddəsinə görə öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. MM-in 448.1-ci maddəsinə görə əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Beləliklə, məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 19200 (on doqquz min iki yüz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməli, digər cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı hissədə İddiaçı məhkəməyə sübut təqdim etmədiyindən həmin hissədə iddia tələbi təmin edilməməlidir. Məhkəmə pul vəsaitinin alınması ilə əlaqədar iddiaçıya dəymiş zərərə görə pul tələbinə dair hissədə hesab edir ki, İddiaçı ona dəymiş maddi ziyanla bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmiş və bununla da istinad etdiyi halı sübut edə bilməmişdir. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 88-ci maddəsinin tələbinə əsasən məhkəmə təqdim olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq olunmalı hüquq normalarına müvafiq qiymət verməlidir. MPM-in 218.1-ci maddəsinin tələbinə görə qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub–olunmadığını müəyyən edir. MPM-in 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, MPM-in 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. MPM-in 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu üçün 165 (bir yüz altmış beş) manat məbləğində pul İddiaçı tərəfindən ödənilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edildiyindən Cavabdeh1 ödənilmiş dövlət rüsumu kimi 125 (yüz iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq q ə t e t d i: İddia qismən təmin edilsin. Cavabdeh1 19200 ( on doqquz min iki yüz ) manat məbləğində pul alınaraq İddiaçı verilsin . Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh1 ödənilmiş dövlət rüsumu kimi 125 (yüz iyirmi beş) manat 40 (qırx) qəpik məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qalan hissədə və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qarşı olan iddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar