Məhkəmə qərarları › İş №2(032)-710/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-710/2024

03.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-710/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin miqdarının artırılması tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, alimentin arıtırılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay sabit pul məbləğində 235 manat miqdarında aliment tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2003-cü il tarixdə faktiki olaraq toy edərək evlənmiş, lakin cavabdeh rəsmi nikah bağlatdırmamışdır. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X5 və xx.xx.2008-ci il təvəllüdlü X3 adında iki uşaqları doğulmuşdur. Şirvan şəhər məhkəməsinin xx.xx.2014-cü il tarixli qətnaməsinə əsasən atalığın müəyyən edilməsi faktı tanınmaqla uşaqları onun himayəsinə verilmiş, həmçinin xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay sabit pul məbləğində 50 manat olmaqla ümumilikdə cavabdehdən hər ay 100 manat aliment tutularaq ona verilməsi qət edilmişdir. Uşaqların saxlanılması maddi cəhətdən çətinlik çəkdiyindən və onların tələbatlarının ödənilməsində problemlər olduğundan, cavabdehə qarşı 2016-cı il tarixdə alimentin artırılması tələbi ilə Şirvan şəhər məhkəməsinə iddia ərizəsi ilə müraciət etmişdir. Lakin Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (032)-1401/2016 saylı qətnaməsinə əsasən iddia tələbi təmin edilməmiş və narazı qaldığı üçün Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermiş, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (106)-1431/2016 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti qismən təmin edilmiş, Şirvan şəhər məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2 (032)-1401/2016 saylı qətnaməsi ləğv edilmiş və alimentin dəyişdirilərək cavabdehdən hər ay sabit pul məbləğində 80 manat olmaqla iki uşağa ümumilikdə 160 manat alimentin tutulması qət edilmişdir. Bu müddət ərzində cavabdeh heç vaxt alimentin artırılması ilə bağlı könüllü artım etməmişdir. xx.xx.2006-cı il təvəllüdlü X2 18 yaşı tamam olduğundan cavabdeh tərəfindən 2024-cü ilin mart ayından 80 aliment dayandırılmışdır. Bu səbəbdən də o, uşaqların saxlanılması ilə bağlı çətinliklərlə üzləşdiyindən, cavabdehə 80 manat alimentin artınlması ilə bağlı müraciət etmişdir. Lakin cavabdehdən imtina cavabı aldığından, ilk olaraq alimentin artırılması ilə bağlı Sabirabad 1 saylı Mediasiya Təşkilatına ərizə ilə müraciət etmişdir. Cavabdeh mediasiya sessiyasında iştirak etsə də, lakin alimentin artırılmasından imtina etmişdir. Barışıq əldə edilmədiyindən, Sabirabad 1 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2024-cü il tarixli, MŞS/MT-023/2014-00515 saylı mediasiya arayışı verildikdən sonra alimentin artırılması ilə bağlı Şirvan şəhər məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh 2016-cı il tarixdən bəri hər uşağa 80 manat olmaqla, ümumilikdə 160 manat alimenti ödəyir, lakin bu müddət ərzində cavabdehə qarşı iddia irəli sürməmişdir ki, cavabdeh qazancının əsasında uşağların təminatlarının yaxşılaşdırılması baxımından alimentin artırılaraq bir ata kimi vəzifə borcunu dərk etməklə həyata keçirtməli olsun. Nəzərə alsaq ki xx.xx.2006-cı il təvəllüdlü X2 alimenti dayandı halbuki, o, peşə liseyində oxuyur və həmçinin ən əsası xx.xx.2008-ci il təvəllüdlü Məhəmməd Yusif oğlu təhsil aldığına görə təlabatları artdığına görə təxminən 8 il keçdikdən sonra yenidən alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh hər dəfə istər məhkəmə prosseslərində, istər də mediasiya da alimentin artırılmamasına səbəb kimi evli olması və birgə nikahdan iki övladının o həmçinin himayəsində yaşlı ata və anasının saxlanıldığını bildirir. İşləmədiyini əsas gətirir və qazancının olmadığından ona valideynlərinin köməklik bəhanə gətirməklə alimentin artırılmasından imtina edir. Halbuki, cavabdehin valideyni - hər ikisi yüksək pensiya alır və onlar özlərini saxlayır və həmçinin cavabdeh həyətyani sahəsində parnik üslubunda mövsümü vaxtlarda müxtəlif meyvətərəvəz olaraq pomidor və müxtəlif tərəvəzlər yetişdirməklə bir yerdən Rusiya Federasiyasına verməklə yaxşı gəlir əldə edir. Cavabdehlə birgə yaşadıqları vaxtlarda həyətyani sahədə yerləşən parnikdə işləməklə mövsümü vaxtlarda meyvə-tərəvəzin bir yerdən verərək satdığının və yüksək gəlir əldə etdiyinin şahidi olmuşdur. Həmin parnikdə işləməklə o, asma-bronxilit xəstəliyinə tutulmuş və hal-hazırda da həmin xəstəlikdən əziyyət çəkir mərkəzi xəstəxanada qeydiyyatda olmaqla hər ay dərman alır və mütəmadi müalicə alır. Bütün bunları cavabdeh bilrəkdən gizlətməklə, alimentin artırılması mərhələsində olduğunu, işləmədiyini və himayəsində yaşlı valideynlərinin olduğunu əsas gətirməklə imtina edir. Cavabdeh məhkəmə prossesində alimentdən savayı iddiaçıya hər ay ev kirayəsi olaraq 100 manat verdiyini də əsas gətirə bilər. Lakin övladları ilə birgə cavabdehin yaşadığı evdə qeydiyyatda olduğundan və həmin həyatyanı sahədə 3 sot torpaq sahəsi olduğuna görə məhkəmə qətnaməsi əsasında əvvəllər gəlin köçüb yaşadığı evə köçürülməklə yaşayış hüququ əldə etmiş, həmin evə cavabdeh tərəfindən qoyulmadığına görə icra məmurunun vasitəsi ilə qarşılıqlı razılaşma əsasında hər ay kirayə haqqı olaraq 100 manat ona pul verir. Həmin pulun üstünə 50 manat qoymaqla hər ay 150 manat kirayə haqqı ödəyir və hal-hazırda işləmir. Kirayə haqqını ödədikdə yerdə qalan məbləğ iddiaçının aylıq məsrəflərin ödəmədiyindən valideynləri tərəfindən köməklik edilməklə uşağların təlabatların ödəyir. Çünki, heç yerdə işləmir və hal-hazırda X4 iş axtaran kimi qeydiyyatdadır. Digər tərəfdən cavabdehin ailə vəziyyətində dəyişiklər olması, yəni onun yenidən nikaha daxil olması və həmin nikahdan iki övladının olması, birgə nikahlarından anadan olmuş xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 qarşısında öhdəliklərinin yerinə yetirilməməsi üçün əsas ola bilməz. Lakin bu hal diqqətə layiq kimi alimentin miqdarının müəyyən edilməsində, həmçinin müstəsna hallarla (X3 epilepsiyadan əziyyət çəkir, lakin əvvəlcədən imkan olmadığından müalicəsi aparılmır, ona görə də qıcılmaları hərdən olur və həkim-psixiatr tərəfindən iynə vurulduğda halı normallaşır) bağlı xərclərə cəlb edilməsində nəzərə alınmalı hal besab olunmalıdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə təyin edilmiş alimentin miqdarının arıtırılaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay 235 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddianı qəbul etməyərək izahatında bildirmişdir ki, Şirvan şəhər Məhkəməsinin 13 aprel 2016-cı il tarixli qətnaməsi ilə İddiaçı ona qarşı alimentin miqdarının artırılması tələbi təmin edilməmiş, qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti vermişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli qətnaməsi ilə alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər bir uşaq üçün hər ay 80 manat olmaqla, ümumilikdə 160 manat ondan alınaraq iddiaçıya verilməsi qət edilmişdir. Hazırda xx.xx.2006-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatmış, xx.xx.2008-ci il təvəllüdlü X3 üçün isə müəyyən edilmiş alimenti ödəyir. Özü ikinci dəfə ailə qurmuş, həmin nikahdan iki uşağı vardır, heç bir yerdə işləmir. İddiaçı məhkəmə qətnaməsi əsasında yaşadığı evdə yaşamaq hüququ verilmiş, lakin birgə yaşamaq mümkün olmadığı üçün ona kirayə ev tutmuş, 110 manat kirayə pulu ödəyir, özünün ikinci nikahdan doğulmuş uşaqlarını müalicəyə ehtiyacı vardır, lakin maddi səbəblərdən həkimə apara bilmir, ata və anasının təqaüdü ilə dolanır, iş olduğu halda fəhlə işləyir, parniklə məşğul olmur. İddiaçı iddia ərizəsinə cavabdeh tərəfindən verilmiş ərizəsinə dair münasibətində bildirmişdir ki, cavabdeh izahatında etirazında bildirdi ki, həyatyanı təsərüffatla, yəni parnikdə meyvə-tərəvəz əkini ilə məşğul olur, lakin həmin meyvə-tərəvəzdən gəlir götürmür və qazanc əldə etmir. Belə ki, cavabdeh təbii olaraq iddia ərizəsində qeyd etdiyi halların əsası olaraq gəlirin gizlətmək üçün həyatyanı sahədə parnikdən gəlir əldə etmədiyini bildirməsi özünü müdafiə xarakteri olaraq başa düşüləndir. Cavabdeh çalışacaq ki, məhkəmə də qazancının olmadığını, himayəsində təqaüdçü valideynlərinin olduğunu və ən əsas ailəli olduğunu əsas gətirsin. Lakin həyatyanı sahədə parnik olduğunu danmağını etiraf etməsi, məhkəmə tərəfindən qeyd etdiyi halların sübutu olaraq cavabdehin həyatyanı sahəsinə baxış aparalacağı halda aşkar olacağından ehtiyatlanaraq etiraf etmək məcburiyyətində qalmışdır. Cavabdehin həyatyanı sahəsində parnik olmasını etiraf etməsi, lakin qazancının olmamasını bildirməsi, artıq onun həmin hissədə sübut etmək vəzifəsindən azad edir. Çünki, cavabdehin həyatyanı sahəsində parnik olması, onun ayrıca olaraq təsərüffatla məşğul olmasından və həmin təsərüffatdan gəlir götürməsindən xəbər verir. Belə ki, parnikdə xüsusi olaraq meyvə-tərəvəzlər yetişdirilir ki, həmin məhsullar Rusiya Federasiyasına topdan verilməklə göndərilir. Bunu hər bir şəxs bilir və cavabdehin qazanc əldə etməməsi və sadəcə pomidor-xiyar əkilərək özü üçün istifadə etməsi kimi sözləri yalnız məhkəmədə cavabdehin qazancın deyil, yalnız özünün təlabatının ödənilməsi kimi təəsürat yaratması anlamını verir. Halbuki, öz tələbatını ödəmək üçün həyatyanı sahədə pomidor-xiyar yetişdirmək üçün parnikdən istifadə edilməsinə ehtiyac yoxdur. Çünki parnik ancaq xüsusi meyvə-tərəvəzlərin yetişdirilməsi üçün istilətmə sistemindən istifadə etməklə, xüsusi qulluq əsasında xarici ölkələrə ixrac olunması üçün istifadə edilir. Belə olan halda cavabdehin parnik üçün yuxarıda qeyd edilənləri əsas gətirməsi qəbul edilməməlidir. Cavabdeh ona aliment ödənilməsi üçün qazancını gizlədir və həmin qazanc fərqli hallarda dəyişkən qalır məbləğindən asılı olaraq dəyişir. Cavabdehin 8 ilə yaxın ona özü könüllü xəbər verir ki, cavabdeh heç vaxt alimenti alimentin artırılmasında maraqlı olmamışdır. Bu müddət ərzində onun da bir dəfə də olsun alimentin artırılması ilə bağlı məhkəməyə müraciət etməməyinin səbəbi cavabdehin öz vicdanı əsasında alimentin artırmasını həyata keçirməsini gözləməyi olmuşdur. Lakin artıq hər il infilaiyasıya uyğun olaraq cavabdeh tərəfindən ödənilən manat alimentin artırmamasını görərərək, alimentin artırılması qənitinə gəlmək məcburiyyətində qalmışdır. Cavabdeh həmçinin məhkəmə uşaqların xəstə olduğunu bildirsə də, lakin hər hansı bir sübut təqdim etməmişdir. Lakin cavabdeh bilir ki, onun övladı olan xx.xx.2008-ci il təvəllüdlü X3 “epilepsiya xəstəliyi”-dən əziyyət çəkir və onun müalicəsi vəsait tələb etdiyindən, bununla bağlı cavabdehdən heç nə tələb etməmişdir. Halbuki, oğlu həmin xəstəliklə bağlı mütəmadi müalicə alır, lakin hərdən imkansızlıqdan onu müalicə etdirə bilmir, yəni lazım olan dərman ləvazimatlarını ala bilmir. Cavabdehin ödədiyi 80 manat aliment isə heç onun geyimini və yaxud təlabatını ödəmir, Ona valideynləri köməklik edir. Cavabdeh isə etirazında 1 qeyd etdiyi halları formal mülahizə xarakterli sözlərə üstünlük verir. Onun tərəfindən, cavabdehə mediasiya təşkilatında 200-180 manat aliment verilməsinin mümkün olduğunu deyərək, razılaşacaqlarını bildirdikdə, cavabdeh alimentin artırılmasının imkanları xaricində olduğunu, yalnız sonradan mediatora zəng vuraraq 100 manat verə biləcəyini, bu şərtlə ki, hər ay ev kirayəsinə görə verdiyi 100 manat məbləğin 80 manata azaldılacağı şərti əsasında ödəyəcəyini bildirmişdir. Halbuki, cavabdeh həmin məbləği Şirvan İcra Şöbəsində razılığa gələrək cavabdehin yaşadığı evdə yaşamamaq şərti ilə hər ay 100 manat kirayə pulu verəcəyi öhdəliyi götürmüşük. Bunun alimentə heç bir aidiyyatı yoxdur, həmin 100 manat məbləğ yalnız onun və övladlarının cavabdehin yaşadığı evə köçürülərək yaşamaqlarına dair məhkəmə qətnaməsinə əsasən cavabdehin onun və övladlarının həmin evdə yaşamamaqlarının əvəzi olaraq ödədiyidir və həmin məbləğin üzərinə 20 manat qoyaraq 120 manat hər ay ev kirayəsi verir, bunu mənzilin sahibi də təsdiq edə bilər. Belə olan halda cavabdehin hər ay mənzil kirayəsi üçün verdiyi 100 manat pulun məhkəmədə qeyd etməsi məhkəmədə belə bir təəsürat yaratmaqdır ki, alimentdən savayı iddiaçıya əlavə olaraq məbləğ ödəyir. İddiaçı məhkəmə iclasında iddia tələbinə uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iddianı qəbul etməyərək iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını nəzərdən keçirib, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Şirvan şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli, 2(032)-59/2014 saylı qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 atasının Cavabdeh olması faktı müəyyən edilməsi, həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay hər bir uşağa sabit pul məbləğində 50 manat olmaqla, cəmi 100 manat aliment tutularaq İddiaçı verilməsi qət edilmişdir. Şirvan şəhər Məhkəməsinin 13 aprel 2016-cı il tarixli, 2(032)-1401/2016 saylı qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının hər ay bir uşağa görə 117 manat olmaqla, ümumilikdə iki uşağa görə 234 manat sabit pul məbləğində müəyyən olunmaqla artırılması və xx.xx.2008-ci il təvəllüdlü X1 xəstəliyi ilə əlaqədar hər ay 80 manat sabit pul məbləğində Cavabdeh əlavə xərclərə cəlb olunması tələbinə dair iddia ərizəsi təmin edilməmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Şirvan Şəhər Məhkəməsinin 2(032)1401/2016 saylı 13 aprel 2016-cı il tarixli qətnaməsinin iddia tələbinin təmin olunmayan İddiaçı Cavabdeh qarşı Şirvan şəhər Məhkəməsinin 04 fevral 2014-cü il tarixli qətnaməsi ilə xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarının hər ay bir uşağa görə 117 manat olmaqla, ümumilikdə iki uşağa görə 234 manat sabit pul məbləğində müəyyən olunmaqla artırılması hissəsində ləğv edilərək, həmin hissədə iddia tələbi qismən təmin edilərək, Şirvan şəhər Məhkəməsinin 2(032)-59/2014 saylı, 04 fevral 2014-cü il tarixli qətnaməsi müəyyən edilmiş alimentin miqdarı artırılaraq xx.xx.2006-cı il təvəllüdlü X2 və xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər bir uşaq üçün hər ay 80 manat, cəmi 160 manat məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Şirvan şəhər Qeydiyyat şöbəsi tərəfindən verilmiş nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 24 sentyabr 2012-ci il tarixdə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra arvada Mahmudova soyadı verilmişdir. Azərbaycan Respublikası şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh ilə X7 ilə nikahlarından xx.xx.2014-cü il tarixdə X6 və xx.xx.2015-ci il tarixdə X8 doğulmuşdur. Beləliklə, hazırki iddia tələbi əvvəllər məhkəmə tərəfindən müəyyən edilmiş alimentin miqdarının dəyişdirilməsinə (artırılmasına) dairdir. Alimentin miqdarının dəyişdirilməsinin həlli qaydası Ailə Məcəlləsinin 112.1-ci maddəsi ilə tənzimlənir. Həmin maddəyə görə aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Beləliklə, qanunverici prinsip etibarı ilə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra onun miqdarının dəyişdirilməsinin (artırılmasını və ya azaldılması) və ya aliment ödəməkdən ümumiyyətlə azad edilmənin mümkünlüyünü nəzərdə tutur. Lakin bunun ən əsas şərti məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olduğunun sübuta yetirilməsidir. Hazırki mübahisə üzrə iddiaçı müəyyən olunmuş alimentin miqdarının artırılmasını əvvəllər müəyyən olunmuş aliment məbləğinin uşağın saxlanılmasının təminatı üçün kifayət etmədiyinə əsaslanmaqla tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən isə uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Beləliklə, qanunvericiliyin sadalanan müddəaları alimentin məbləğinin müəyyənləşdirilməsi zamanı əsas meyar kimi uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanmasını müəyyən etmişdir. Lakin bu zaman tərəflərin maddi və ailə vəziyyətləri, eləcə də hər bir konkret hal üzrə müəyyən olunmuş digər diqqətəlayiq hallar da nəzərə alınmalıdır. Ölkə üzrə uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu isə özlüyündə müəyyən meyar kimi çıxış etsə də, minimum təminat səviyyəsini nəzərdə tutur. Məhkəmə hesab edir ki, iddiaçı alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Belə ki, onun aldığı aliment məbləğinin müəyyən olunduğu tarixdən istehlak qiymətləri və.s dəyişmiş, uşaqlar böyüməkdə davam etməklə onların müvafiq olaraq tələbatları da artmışdır. Bütün bunlar iddiaçının maddi vəziyyətində yaranmış dəyişiklik kimi qəbul edilməlidir. Yuxarıda iddiaçıya münasibətdə qeyd edilən hallarla yanaşı qeyd olunan normaların məzmunundan göründüyü kimi, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa dəyişə bilər. Bu dəyişiklilər özünü tərəflərin birinin ailə vəziyyəti, gəlirlərin miqdarı və sair ilə bağlıdır. Hazırki halda isə əvvəlki qətnamə ilə sonuncu dəfə alimentin miqdarının müəyyən edildiyi vaxtdan hal-hazıradək cavabdehin maddi vəziyyətində yaxşılaşmağa doğru hər hansı dəyişikliyin baş verməsi iddiaçı tərəfindən sübuta yetirilmədiyindən, habelə cavabdehin himayəsində digər nikahından yetkinlik yaşına çatmayan iki uşağının olmasından, aliment ödəməli olan şəxsin, yəni cavabdehin diqqətəlayiq maraqları baxımından aliment məbləğinin iddia tələbində qeyd edilən məbləğdə artırılması qanuni və əsaslı hesab edilə bilməz. Lakin buna baxmayaraq göstərilən hal cavabdehin övladlarının saxlanılmasında və getdikcə artan tələbatlarının qarşılanmasında iştirak vəzifəsindən azad etmir. Bu baxımdan ananın yanında saxlanılan uşaqların gündəlik tələbatlarını, ölkədə olan istehlak qiymətləri və.s dəyişməsini, uşağın böyüməkdə davam etməklə hər keçən müddətdə onun müvafiq olaraq tələbatlarının da artmasını nəzərə almaqla məhkəmə hesab edir ki, əvvəlki qətnamə ilə xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşınadək saxlanılması üçün müəyyən edilmiş alimentin miqdarı artırılaraq hər ay 120 sabit pul məbləğində aliment müəyyən edilməsi qanuni və ağlabatandır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməlidir. Alimentin tutulma müddəti ilə bağlı məhkəmə hesab edir ki, cavabdehdən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında aliment tutulduğundan, alimentin tutulma müddəti Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən iddia ərizəsinin məhkəməyə verildiyi tarixdən, yəni mövcud iddia tələbi ilə məhkəməyə müraciət etdiyi vaxtdan deyil, mövcud məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan başlanmalıdır. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 28 mart 2016-cı il tarixli 8-2 №-li Qərarının 8.14-cü bəndində də qeyd olunmuşdur ki, məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs alimenti ödəməkdən azad edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinin tələbinə görə iddianın qiyməti aliment alınması haqqındakı iddialarda bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırki iddia tələbi üzrə əvvəki qətnamə ilə müəyyən edilmiş alimentin məbləği 40 manat miqdarında artırıldığından və həmin məbləğlə bir il ərzində ödəmənin məcmusu 480 manat (40x12=480) müəyyən edildilməklə iddianın qiyməti 1000 manatdan az olduğundan cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Şirvan Apellyasiya Məhkəməsinin 26 iyul 2016-cı il tarixli, 2(106)-1431/2016 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılsın. Hazırkı qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq xx.xx.2008-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay 120 (yüz iyirmi) manat sabit pul məbləğində aliment tutulsun. Cavabdeh 30 manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar