Məhkəmə qərarları › İş №2(032)-737/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-737/2024

03.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-737/2024 03.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi, Cavabdeh iştirakları ilə, İddiaçı X1 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Borclu Cavabdeh 430 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun alınaraq X2 ödənilməsi barədə Şirvan şəhər Məhkəməsinin 05 aprel 2024-cü il tarixli, 2(032)-737/2024 saylı məhkəmə əmri verilmişdir. Borclu Cavabdeh etirazla məhkəməyə müraciət edərək məhkəmə əmrinin ləğv edilib işə iddia icraatı qaydasında baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şirvan şəhər Məhkəməsinin 2(032)-737/2024 saylı, 09 aprel 2024-cü il tarixli qərardadı ilə tələbkar X1 borclu Cavabdeh qarşı borcun tutulması tələbinə dair Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)-737/2024 nömrəli məhkəmə əmri ləğv edilərək, mülki işin iddia icraatına keçilməsi qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh, 20 avqust 2023-cü ildə rəsmi ərizə ilə müraciət edərək, ümumi dəyəri 800 (səkkiz yüz) manat olan bir ədəd Süpürgə tozsoran 190 (yüz doxsan) manat, ətcəkən 190 (yüz doxsan) manat, şirəcəkən 170 (yüz yetmiş) manat, krem qarışdıran 140 (yüz qırx) manat, toster 80 (səksən) manat, tefal çaynik 30 (otuz) manat olan ilkin ödəniş etmədən, qrafikə uyğun olaraq, hər ay 200 (iki yüz) manat ödəmək şərti ilə 4 (dörd) ay müddətinə kreditlə götürmüşdür. Lakin bu günə kimi qalıq borcdan 370 (üç yüz yetmiş) manat ödəniş edilmişdir. Buna əsasən 430 (dörd yüz otuz) manat əsas borc yaranmışdır. Bu barədə borcluya şifahi və rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq borcun ödənilməsi təmin edilməmişdir. Borclu borcunu ödəməkdən boyun qaçırdığından məhkəməyə müraciət etmək məcburiyyəti yaranmışdır. Daha sonra iddiaçı X3 iddia həcminin azaldılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh 330 manat əsas borcun və ödənilmiş dövlət rüsumunun alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı X3 hazırki məhkəmə iclasına gəlməmiş, məhkəmə məhkəməyə ərizə ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini, məhkəmə baxış iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən mülki işə iddiçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən etiraf edərək, bildirmişdir ki, onun iddiaçıdan götürdüyü əşyalarına görə cəmi 170 manat borcu qalmışdır. Belə ki, həmin puldan ödənişlər etmiş, axıncı dəfə Fəxrəddin Nəsirovun mağazasında ona 150 manat pul vermiş, lakin buna dair sübutu yoxdur. Odur ki, iddianı etiraf etdiyi hissədə təmin edilməsini xahiş edir. Məhkəmə cavabdehin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia əsaslı olduğundan təmin olunmalıdır. Belə ki, iş materiallarında olan X3 (satıcı) ilə Cavabdeh (alıcı) arasında bağlanmış xx.xx.2022-ci il tarixli, 952 nömrəli nisyə satış müqaviləsindən görünür ki, satıcı tərəfindən alıcıya ümumi dəyəri 800 manat olan bir ədəd süpürgə tozsoran 190 manat, ətcəkən 190 manat, şirəçəkən 170 manat, krem qarışdıran (mikser) 140 manat, toster 80 manat, tefal çaynik 30 manat olmaqla, 4 ay müddətində ayda 200 manat ödəmək şərtilə götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh 20 avqust 2023-cü il tarixinə mağazaya 430 manat əsas borcu yaranmışdır. İş materiallarında olan xəbərdarlıq məktubundan görünür ki, cavabdehə borcun ödənilməsinin təmin olunması, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin MM-nin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi öhdəliyin borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 600.1-ci maddəsinə görə alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli, 952 nömrəli müqaviləsi bağlanılmış, müqaviləyə əsasən sonuncu ümumi dəyəri 800 manat olan məişət avadanlıqları satılmışdır. Bağlanmış olan müqavilənin şərtlərinə əsasən cavabdeh hər ay 200 manat olmaqla, 4 ay müddətinə hər 200 manat ödəniş etməyi öhdəsinə götürmüşdür. Lakin müqavilə üzrə müəyyən edilmiş müddət ərzində Cavabdeh tərəfindən üzərinə düşən öhdəlik icra edilməmişdir. Cavabdeh qalıq borcundan 150 manat ödəməsini, ümumilikdə 170 manat borcunun olmasını bildirsə də, həmin halın sübutu ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə olunmuş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən ümumilikdə 100 manat dövlət rüsumu ödənilmişdir. İş materiallarına əlavə edilmiş Şirvan şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(032)- 737/2024 nömrəli qərardadından görünür ki, iddiaçı tərəfindən ödənilmiş olan 100 manat dövlət rüsumunun artıq ödənilmiş hissəsi olan 70 manat iddiaçıya geri qaytarılmışdır. Məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı X2 verilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 330 manat məbləğində pul və ödənilmiş 30 manat dövlət rüsumu X1 xeyrinə tutulsun. Qətnamə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Ceyhun Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar