Məhkəmə qərarları › İş №2(032)-77/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-77/2024

26.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-77/2024 26.01.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Əsgərli Əfsanə Əmrah qızının katibliyi, İddiaçı vəkili Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək X1 1500 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 36 manat məbləğində pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh alıcı kimi tanımışdır və aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. xx.xx.2022-ci ildə cavabdeh ona müraciət edərək ondan 1500 manat borc istədi və yaxın vaxtda qaytaracağını bildirdi. Bununla bağlı yazılı sənəd imzaladı. Borcunu ödəməsi ilə bağlı sonuncuya dəfələrlə şifahi xəbərdarlıq etməsinə baxmayaraq pulu qaytarmamışdır. İddiaçı nümayəndəsi-vəkili Nümayəndə məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı qismən qəbul etmişdir. İddiaçıdan nisyə olaraq qızıl aldığını və hazırda ona 700 manat məbləğində borclu qalmasını, qalan borcunu hissəhissə ödəyə biləcəyini bildirmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş qəbzi imzalamadığını, orada yazılanları təsdiq etmədiyini bildirir. Sonuncu məhkəmə iclasına cavabdeh məlumatlı olmasına baxmayaraq gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. Azərbaycan Respublikası MPM-nin 185.1-ci maddəsinə görə işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. Azərbaycan Respublikasının MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxti və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı tərəfindən məhkəməyə təqdim edilən Cavabdeh tərəfindən imzalanmış qəbzdə qeyd olunmuşdur: İddiaçı 1500 manat pul aldı. Sözügedən qəbz məhkəmə iclasında nümayiş olunmuş və cavabdeh qəbzin doğruluğunu təsdiq etməmiş, imzanın və xəttin ona məxsus olmamasını bildirmişdir. İş üzrə məhkəmə xəttşünaslıq ekspertizasının təyin edilməsi ilə əlaqədar təklifinə isə tərəflər müsbət cavab verməmişdir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Konstitusiya Məhkəməsinin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru H.Əliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının 9 fevral 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2022-ci il tarixli Plenum qərarına əsasən, iddianın əsasını irəli sürülən iddia tələblərinin əsaslandırıldığı hüquqi faktlar təşkil edir. İddianın faktiki əsasını göstərməklə yanaşı, iddiaçı qanuna və digər normativ hüquqi aktlara, cavabdeh tərəfindən pozulduğunu güman etdiyi hüquq normasına istinad etməyə də haqlıdır. Bu iddianın hüquqi əsasına dair iddiaçının mövqeyini təşkil edir. İddiaçı tələblərini tətbiq edilməli olmayan hüquq norması ilə əsaslandırdığı zaman məhkəmə qarşısında hansı hərəkətlərin edilməli olması məsələsi ortaya çıxa bilər. Burada ilk növbədə nəzərə almaq lazımdır ki, iddianın hüquqi əsaslandırılması onun faktiki əsası ilə eyniləşdirilməməlidir. Belə ki, məhkəmə öz aktının əsaslandırıcı hissəsində digər hüquq normalarına istinad edə bilər. Bununla o, iddianın əsasını dəyişmir, mövcud normativ hüquqi aktları rəhbər tutaraq mübahisənin mahiyyəti üzrə qərar qəbul edir. Məhkəmənin belə hərəkətləri qanunçuluq prinsipinə uyğun olan hesab edilməlidir. Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi vacib hesab edir ki, mülki prosesdə məhkəmələr tərəflərin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq tətbiq ediləcək hüquq normalarını müstəqil surətdə müəyyən etməlidir. Bu yanaşmanın əsasında “jura novit curia” (“məhkəmə qanunu bilir”) prinsipi dayanır. İddiaçı tələbinin hüquqi əsası kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739-cu maddəsini və borc müqaviləsi ilə əlaqədar meydana gələn öhdəliklərə istinad etsə də, məhkəmə hazırki işin faktiki hallarını araşdırarkən münsibətlərin sırf nisyə alqı-satqı müqaviləsindən irəli gələn münasibətləri əhatə etdiyi müəyyən olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti,ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən olundu ki, tərəflər arasında şifahi bağlanmış nisyə-alqı satqı müqaviləsi olmuş, hər iki tərəf bunu etiraf edir. Cavabdeh iddiaçıdan qarşılığını hissə-hissə qaytarmaq şərtilə nisyə alqı satqı ilə qızıl almışdır. Hazırda cavabdeh iddianı qismən qəbul edir və bildirir ki, iddiaçıdan həqiqətən də 1500 manatlıq qızıl alıb, lakin qızılın pulundan hazırda 700 manat borcu qalıb. Həmin məbləği də gələcəkdə hissə-hissə ödəyəcək. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara qiymət verərək hesab edir ki, bu hissədə tələb qismən təmin edilməli və Cavabdeh 700 manat məbləğində pul İddiaçı xeyrinə tutulmalıdır. İddiaçının hüquqi yardımla əlaqədar vəkilə ödədiyi 120 manat pulun cavabdehdən tutulması hissəsinə gəldikdə isə məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 121.1ci maddəsini - yəni məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır- müddəasını rəhbər tutaraq, cavabdehin etirafını, maddi vəziyyətini diqqətə alır və bu hissədə iddianın qismən təmini- 40 manat pulun cavabdehdən tutulmasını məqsədəmüvafiq hesab edir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 36 manat məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia qismən təmin edildiyindən məhkəmə xərcləri təmin olunan hissəyə mütanasib olaraq cavabdehə aid edilməlidir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 700 (yeddi yüz) manat pul, 12 (on iki) manat dövlət rüsumu və 40 (qırx) manat vəkil xidmət haqqı alınaraq İddiaçı verilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar