Məhkəmə qərarları › İş №2(032)-78/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-78/2023

16.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-78/2023 16.01.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Xəlilova Həmidə Həmid qızının katibliyi, İddiaçılar İddiaçı2 və Cavabdeh iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurduğu ziyana görə 4800 manat pulun, onu aldadıb baha qiymətə satdığına görə 11.700 manat pulun, tərəfindən ödənilmiş 85 manat məbləğində dövlət rüsumunun, cəmi 16.500 manat pulun alınması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, İddiaçı2 iddia ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Abşeron rayon, Saray qəsəbəsi, Ziya Bünyadov küçəsi 68 saylı evdə ailəsi ilə yaşayır. Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olur.3-cü mkr kruqunda bir nəfər Nizami adlı şəxs onun maşınına oturdu. O, Lökbatanın kruquna gedirdi.Söhbət əsnasında ona arendaya torpaq götürmək istədiyini bildirdi. Ona dedi ki, “Sabirabad rayonunda yaxın adam var, ondan öyrənib sənə deyərəm”. 2022-ci ilin aprel ayında Nizamiyə zəng etdi, ona dedi ki, Sabirabad rayonunun Poladtuğay kəndində Elmişad adlı şəxs torpağını arendaya verir. O, torpağın bir hektarını 500 manata verir. Sabirabad rayonuna gəldi, Poladtuğay kəndində Elmişadla görüşdü. Ona bildirdi ki, 2 hektar torpağı var. Hər hektarını 1.000 manat arendaya verir. Onlara bildirdi ki, iki hektar torpağa arendaya 1500 manat verər. Həmin vaxt Elmişad razılaşdı. Həmin vaxt Elmişada 1500 manat pul verdi. Ona dedi ki, “mən sənin üçün işçilər tapacağam, mən sənə hər cür köməklik edəcəyəm. Torpağı özüm qoruyacağam, hər ay mənə torpağı qorumaq üçün 200 manat pul verəcəksən, mən də torpağı suvaracağam. Onunla razılaşdı. Bundan sonra o, torpağı şumlatdırdı, verdirdi və ondan 270 manat pul aldı. Bundan sonra ona 20.000 ədəd boranı tumu və 65.000 ədəd qarğıdalı tumu alıb verdi. İşçiləri gətirdi və həmin toxumları əkdirdi. Gördü ki, onsuz da iş gedir. Toxumu əkdirmək üçün ondan 1500 manat pul aldı. Gübrə üçün ondan 500 manat pul aldı. Ona arxayın olub Bakı şəhərinə getdi. Hərdən ona zəng edirdi, hissə-hissə pul istəyirdi. Ona pul göndərirdi. Aradan bir müddət keçəndən sonra sahəyə gəldi. Gördü ki, boranı və qarğıdalı toxumunun hamısını qarğalar məhv edib, sahəyə baxan olmayıb. Həmin vaxt Elmişad ona dedi ki, “mən axran dura bilmədim, ona görə sahəni qarğalar bu günə salıb. Mən sənin üçün axran tapacam sahəyə baxacaq. O, İslam adlı şəxsi ona axran kimi təqdim etdi. İslama dedi ki, “mən sahəyə gələndə səni axran kimi görməsəm sənin pulunu verməyəcəyəm”. İslam ona dedi ki, “sahənin bütün işlərini mən görəcəm, sahəyə dərman vuracam”.Bunun üçün ona 40 manat pul verdi. 400 manat da əlavə görüləcək işlər üçün verdi. Aradan bir müddət keçəndən sonra onu Elmişada zəng edib görülən işlər barədə hal-əhval tutdu. Ona dedi ki, “narahat olma, hər şey öz qaydasında gedir.5000 ədəd qarğıdalı toxumu alıb əkmək lazımdır”.Toxumu almaq üçün ona 78 manat pul göndərdi. Həmin vaxt Elmişad ona demişdir ki, “əkdiyimiz boranı toxumundan 100 ton boranı götürəcəksən, sezon vaxtı cəmi 1 ton boranı yığdıq”. İkinci yığımı yığmamış həmin vaxt Elmişad qoyunlarını sahəyə buraxmışdı.Toxumlar yaxşı göyərməmişdir, toxumu yerinə ot çıxmışdı, sahəni ot-alaq basmışdır. Boranını yığıb qurtardıqdan sonra otları da biçdirib evinə aparmışdır. Həmin vaxt Elmişad suvarmanı da yaxşı aparmamışdır. Ona verdiyi toxumun yarısını əkməmişdir, özünə götürmüşdür. 20.000 toxumdan 1300 ədədi bitmişdir. 65.000 qarğıdalı toxumundan cəmi 500 ədədi bitmişdir. Həmin vaxt ot-alaq bütün sahəni basmışdır.Elmişad həmin vaxt ona 4800 manat ziyan vurmuşdur. Vurulan 4800 manat ziyanı Elmişaddan tələb edir. Torpağı əkib-becərən zaman Elmişada dedi ki, “ mən torpaq almaq istəyirəm, ucuz torpaq olsa alaram”.Həmin vaxt Elmişad ona dedi ki, “torpaq var, hektarını 3000 manata satırlar”. Ona dedi ki, “əgər hektarını 2000 manata satsalar alaram”. Aradan bir müddət keçəndən sonra Elmişad ona zəng edib dedi ki, “2 hektar 92 sot torpaq var. Hər hektarını 4000 manata satır.”Ona bildirdi ki, “əgər hektarını 3000 manata satırsa, gəlim torpağı alım”. Həmin vaxt ona dedi ki, 4000 manatdan aşağı satmır. Həmin vaxt oğlu İddiaçı1 11700 manat pul aldı və Sabirabad rayonunun Poladtuğay kəndinə gəldi və Elmişada dedi ki, “gedək torpağa baxaq”. Maşınla uzaq bir məsafə qət etdilər. Elmişada dedi ki, “ bəs sən deyirdin torpaq yaxındadır, bəs biz nə uzaq məsafə qət etdik?” Həmin vaxt Elmişad ona dedi ki, “yaxın yolu su basıb. Ona görə uza yolla gəldik”. Torpağa baxandan sonra Elmişada 11.700 manat pul verdi və dedi ki, torpağı oğlu İddiaçı1 adına aformut etsin. Onlar torpağı oğlunun adına aformut edən vaxt qiyməti az göstərdilər. Onlara niyə belə etdiklərini dedi. Onlar bildirdi ki, “əgər yuxarı qiymət qoydursaq naloqu çox yazacaqlar, ona görə belə yazdırırıq”. Sonradan torpağın yiyəsini gördü. Ona dedi ki, “torpağıma görə Elmişad mənə az pul verdi.” Həmin vaxt öyrəndi ki, kənddə həmin torpağın hektarını 2000 manata satırlar. Burda da Elmişad onu aldatmışdır. Həmin vaxt torpağı geri qaytarmaq istədi. Elmişad ona dedi ki, “indi pulum yoxdur, iki həftədən sonra torpaq var, onu satıb sənin 11.700 manat pulunu verəcəyəm”.Dəfələrlə ondan pulunu istədi. O hər dəfə müxtəlif bəhanələrlə onu aldadıb, pulunu qaytarmayıb. Bundan sonra 2022-ci ilin iyul ayında Cavabdeh hərəkətlərindən Sabirabad rayon Polis Şöbəsinə şikayət etdi. Onları Sabirabad rayon Polis Şöbəsinə çağırdılar, izahatlar aldılar. İddiaçı2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Digər İddiaçı1 məhkəmənin yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş və məhkəmə Azərbaycan Respublikası MPMnin 185.4-cü maddəsi müvafiq olaraq iddiaçının iştirakı olmadan işin baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı etiraf etmədi, izahatında bildirdi ki, təxminən bir neçə ay bundan əvvəl 2 ha yerini Sahibə öz yerindən icarəyə vermişdir. Sonra Sahib ona sahədə əkin işlərinin aparılması və sahəyə nəzarət edən şəxs tapmasını bildirmişdir. Onun bundan başqa Sahiblə heç bir əlaqəsi olmamışdır. Nə də ki onun Sahiblə aralarında heç bir maddi təmannası olmamışdır. Sahib torpağı özü seçib bəyənmiş, pulu da əvvəlki mülkiyyətçisinə vermişdir. Məhkəmədən iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş edir. Məhkəmə tərəflərin izahatını dinləyib, işə əlavə edilmiş sənədləri obyektiv araşdırıb, təqdim olunmuş sübutlara hüquqi qiymət verib belə hesab edir ki, iddia aşağıdakı əsaslara görə rədd edilməlidir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X2 Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın surətindən görünür ki, Sabirabad rayonu, Minbaşı kəndində yerləşən torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2022-ci ildə, ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Şirvan şəhər Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsinə dair qərarında Cavabdeh ifadəsində göstərmişdir ki, təxminən 3 ay bundan əvvəl 2 ha yerini Sahibə öz yerindən icarəyə vermişdir. Sonra Sahib ona sahədə əkin işlərinin aparılması və sahəyə nəzarət edən şəxs tapmasını bildirmişdir. Onun bundan başqa Sahiblə heç bir əlaqəsi olmamışdır. Nə də ki onun Sahiblə aralarında heç bir maddi təmannası olmamışdır. İddiaçı2 isə ifadə verərək göstərmişdir ki, bu ilin aprel ayında Sabirabad rayonu, Poladtuğay kəndində yaşayan Cavabdeh ilə aralarında heç bir rəsmi sövdələşmə olmadan icarəyə torpaq sahəsi götürmüşdür. 2 ha yerə görə ona 1500 manat pul vermişdir. Şifahi razılaşma olmuş ki, həmin yeri Elmişad əkəcək, maddi tərəfi özü edəcəkdir. O, hissə-hissə olmaqla ümumilikdə Elmişada 4800 manat pul vermişdir, Elmişad söhbət əsnasında ona demiş ki, əkin yerində qarğıdalı, boranı əkəcəkdir. O, Elmişada pul ödədikdən sonra bir iki dəfə sahəyə gəlib əkinə baxmışdır. Həmçinin mövsüm ərəfəsində də gəlmiş, sahədə məhsuldarlığı zəif görüb niyə belə olmasını soruşduqda məhsulu zərərvericilər belə etməsini söyləmişdir. Hazırda onun Elmişaddan tələbi odur ki, ona vurduğu ziyanı qaytarsın. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, özünə və bacısı xərçəng xəstəsi olduğundan onun müalicəsinə pul lazım olduğuna görə Sabirabad rayonu, Minbaşı kəndində yerləşən torpaq 2 ha torpaq sahəsini satmaq qərarına gəlmişdir. İddiaçı2 özü iki dəfə gedib torpağa baxmış, ona beh vermiş, sonra da həm özünə həm də bacısına məxsus torpağı iddiaçıya satmışdır. İddiaçı2 öz oğlu ilə birlikdə gedib torpağa baxıb bəyənmişlər, torpağı da özü Sahibə satıb pulunu bacısının müalicəsinə və öz maddi problemlərinə xərcləmişdir. İddiaçılar İddiaçı1 və İddiaçı2 öz tələblərini əsaslandırdığı hallara dair əlavə olaraq hər hansı yazılı sübut təqdim etməmişdir, həmçinin məhkəmənin iddiaçının əsl iddiaçı ilə əvəz edilməsinə, iddia tələbinin dəqiqləşdirilməsinə dair təkliflərinə müsbət cavab verməmiş, məhkəmə irəli sürülmüş tələbə baxaraq belə qənaətə gəlir ki, iddia rədd edilməlidir. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə görə bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə qeyd edir ki, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə işinin ədalətli araşdırılması hüququna malik olması təsbit edilmişdir. Bu müddəalara uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə məhkəmə iclasında müəyyən olundu ki, iddiaçılar irəli sürdükləri tələbi əsaslandıra bilməmiş, haqlı olmalarını sübut edəcək heç bir halı məhkəməyə təqdim etməmişlər. İddiaçı2 cavabdehdən icarəyə götürmüş olduğu torpaqda əkin işləri həyata keçirmiş və gözlədiyi məhsuldan az nəticə əldə etmişdir. Cavabdehin ona həmin torpaqdan yaxşı məhsul əldə edəcəyini bildirməsi hələ gələcəkdə əldə ediləcək məhsula görə, həmçinin də gözlənilən nəticənin əldə olunmadığı təqdirdə onun məsuliyyət daşıması demək deyil. Belə ki, nə tərəflərin izahatları, nə də ki, işin faktiki xüsusatları ilə cavabdehin iddiaçılara gələcəkdə götürüləcək məhsul ilə bağlı məsuliyyət daşımasına dair heç bir hal müəyyən olunmadı. Bundan əlavə iddiaçı özü etiraf edir ki, öz torpağına mühafizəçi kimi təyin etdiyi İslam adlı şəxslə özü danışmış, ona əvvəlcə 40 manat sonra isə 400 manat əlavə görəcəyi işlər üçün pul vermiş, görüləcək işləri onun özünə tapşırmış, məsuliyyətini də sonuncu ilə müzakirə etmişdir. Bundan əlavə iddiaçının tələb etdiyi torpağın puluna gəldikdə isə, həmin torpağı özünün, cavabdehin və şahidin də bildirdiyi kimi, iddiaçı bəyənmiş, behi X1 vermiş, notariat orqanına sonuncu ilə gedərək alqı-satqı müqaviləsini bağlamışlar. Sonradan aldığı torpağı təkrarən satmaq istəsə də qiyməti onu qane etmədiyindən hazırda həmin torpağı qaytararaq pulunu cavabdehdən tələb etməsi isə təbii ki, ağlabatan deyildir. Cavabdehin iddiaçıya ona gələcəkdə əldə edəcəyi məhsul ilə bağlı və ya harada torpaq alması ilə əlaqədar şifahi məsləhətlərini verməsi isə hələ onun iddiaçının biznes planlarının uğursuzluqla nəticələnməsinə görə məsuliyyət daşıması demək deyil və bu mülahizələrə görə onu təqsirli bilərək ondan ziyan tutulması absurddur. Qeyd olunanlara əsasən məhkəmənin qənaəti bundan ibarətdir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırki iş üzrə məhkəmə xərcləri ödənilmiş 86 manat dövlət rüsumundan ibarətdir. Məhkəmə hesab edir ki, iddia rədd edildiyindən məhkəmə xərcləri də iddiaçıların özünə aid edilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220,227-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ : İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı pul barədə iddia ərizəsi təmin edilməsin. Məhkəmə xərcləri iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar