Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-817/2023 11.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Ceyhun Mustafa oğlunun sədrliyi, Hacıyev Elşən Höküməli oğlunun katibliyi ilə, İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı subroqasiya qaydasında zərərin ödənilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı subroqasiya qaydasında pul tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 3302 manat məbləğində verilmiş sığorta ödənişinin və 53.40 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq "xxxx" Şirkətinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" ASC-də 25 sentyabr 2021-ci ilı tarixli sığorta müqaviləsinə əsasən avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığortalanmış “Mercedes Benz 208 D” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobil sığorta müddətində 22 iyun 2022-ci il tarixdə Şirvan şəhərində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində X1 tərəfindən idarə olunan “Hyundai Accent” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq onu zədələmişdir. Şirvan şəhər DYPŞ-nin protokolu ilə Cavabdeh qeyd yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli bilinmişdir. Hadisə baş verərkən Cavabdeh avtomobili sürücülük hüququ olmadan idarə etmişdir. Zərərçəkənin avtomobilin zədələnməsi ilə bağlı 3302 manat məbləğində sığorta ödənişi verilmişdir. Zərərçəkənin avtomobilinin yol-nəqliyyat hadısəsi zamanı zədələnməsi nəticəsində üçüncü şəxsə (sığorta ödənişini alan şəxs — faydalanan şəxs sayılır) ödənilmiş sığorta ödənişinin məbləği cavabdehdən tutularaq iddiaçıya verilməlidir. İddiaçının nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək, mülki işə onun iştirakı olmadan baxılaraq iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazimi qaydada məlumat verilməsinə baxmayaraq o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikasının MPM-in 185.4 və 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Şirvan şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(032)- 659/2022 saylı qərarı ilə Cavabdeh Azərbaycan Respublikasının İXM-nin 332.4-cü maddəsi ilə təqsirli bilinərək 400 manat cərimə edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Hyundai Accent” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə 226 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli dəymiş zərərin dəymiş zərərin hesablanmasına dair aktın surətindən görünür ki, “Hyundai Accent” markalı ** PD *** dövlət qeydiyyat nişanlı avtomobilə 3076 manat ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PGU-222854 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə 226 manat ödəniş ödənilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli PGU-222376 nömrəli sığorta ödənişi ilə bağlı aktdan görünür ki, "xxxx" ASC tərəfindən zərərçəkmiş şəxsə 3076 manat ödəniş ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 936.1-ci maddəsinin tələbinə görə subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Həmin Məcəllənin 1097.1-ci maddəsinin tələbinə görə mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1108.2-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyinin sahibi digər şəxslərin hüquqa zidd hərəkətləri nəticəsində mənbənin onun sahibliyindən çıxdığını sübuta yetirərsə, həmin mənbənin vurduğu zərər üçün məsuliyyət daşımır. Belə hallarda yüksək təhlükə mənbəyinin vurduğu zərər üçün məsuliyyəti mənbəyə hüquqa zidd yiyələnmişşəxslər daşıyırlar. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmişşəxsin üzərinə qoyula bilər. “İcbari sığortalar haqqında” Qanunun 25.1.3-cü maddəsinə əsasən, icbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onu istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istismar edilməsi; bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatlı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı sığortaçının mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində yaranır. Həmin qanunun 63.1-ci maddəsinə əsasən avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, “Mercedes Benz 208 D” markalı ** BB *** dövlət nömrə nişanlı avtomobil 25 sentyabr 2021-ci il tarixli sığorta müqaviləsi üzrə sığortalanmış, Cavabdeh 22 iyun 2022-ci il tarixdə saat 16:00 radələrində nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan “Mercedes Benz 208 D” mikroavtobus markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili Şirvan şəhəri Gülbala Şıxbalaoğlu küçəsində idarə edərkən manevr etmə qaydasını pozaraq dayanmış vəziyyətdə olan "Azsığorta” ASC-yə məxsus ”Hyundai Accent” minik markalı ** PD *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuş, nəticədə “Hyundai Accent” minik markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilin sahibi "xxxx" ASC-yə, 2 ədəd agacların qırılmasına görə 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə, yolun kənarında olan səkini və dəmir barmaqlığı dağıtmasına görə Şirvan şəhər İcra Hakimiyyəti Kommunal Kombinatı Müəssisəsinə maddi ziyan vurmuşdur. Nəqliyyat hadisəsində Cavabdeh təqsirli olması Şirvan şəhər Məhkəməsinin 3(032)-659/2022 saylı, 29 iyun 2022-ci il tarixli qərarı ilə təsdiq edilmişdir. Hadisə nəticəsində ”Hyundai Accent” minik markalı ** PD *** dövlət nömrə nişanlı avtomobilə ümumilikdə 3302 manat məbləğində zərər vurmuş, həmin zərər iddiaçı tərəfindən ödənilmişdir. Bu baxımdan yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəmiş sığorta şirkətinin haqlı olaraq subroqasiya tələbini irəli sürmək hüququ yaranmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikasının MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1.-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia tələbinin ödənilmiş 53.40 manat dövlət rüsumunun da cavabdehdən tutulması hissəsinə qiymət verərək hesab edir ki, həmin məbləğ də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 3302 manat sığorta ödənişi, dövlət rüsumuna görə ödənilmiş 53.40 manat, cəmi 3355.4 (üç min üç yüz əlli beş manat dörd qəpik) tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Ceyhun Mustafayev
Məhkəmə qərarları › İş №2(032)-817/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-817/2023
11.09.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver