Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-82/2023 14.02.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması, pul öhdəliyinin icra edilməməsi üçün borclunun məsuliyyəti və zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək borcun qaytarılması, pul öhdəliyinin icra edilməməsi üçün borclunun məsuliyyəti və zərərin əvəzinin ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən 25 sentyabr 2017-ci ildə imzalanmış əqdlə aralarında olan razılaşmaya əsasən 01 oktyabr 2019-cu ilə qədər 20.000 dollar pulu borc vermişdir və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən həmin məbləği geri tələb edir. Cavabdehi dostu X4 vasitəsi ilə daha yaıxndan tanımışdır və həmin şəxs cavabdehin qaynıdır. 2017-ci ildə cavabdehin öz biznesi ilə əlaqədar pula ehtiyacı vardır. Ona görə də ondan müvəqqəti olaraq köməy etməyini xahiş etdi. Dostunun cavabdeh barəsində dürüst, sözü bütöv, borc götürməsi ilə bağlı bir problem olmayacağını bildirməsi və həmin vaxtlarda avtomobil biznesini dayandırdığı üçün əlində olan ehtiyat pulunu cavabdhein xahişi ilə ona verməyə bu şərtlə razılaşdı ki, o, ən geci 2019-cu ilin sentyabr ayına qədər pulu geri qaytarmalı idi. Lakin cavabdehlə razılaşmaya əsasən götürdüyü borcu hər ay hissə-hissə geri qaytarmanı icra etməmiş bildirdi ki, Bakı şəhərində yerləşən evini sataraq ödəyəcəkdir. Dəfələrlə cavabdehlə görüşməyinə baxmayaraq onun tərəfindən imzalanmış iltizama və razılaşmaya əsasən götürmüş borcun qaytarılmasının gecikdirilməsi və öhdəliyin icrasından yayınma faktı onun vicdanlılıq prinsipinə zidd davranmasını təsdiq edir. xx.xx.2017-ci ildən bu vaxta qədər cavabdehin aldığı pul vəsaitini qanunsuz olaraq özündə saxlamaqla geri qaytarmaqdan boyun qaçırmış, həmin puldan faydalanmış və bununla da ona maddi zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iştirak edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasında iştirak edərək iddianı etiraf etməyərək izahatında İddiaçı xx.xx.2017-ci il tarixdə 20000 ABŞ dolları pulu götürdüyünü etiraf etmiş, lakin həmin pulun müqabilində iddiaçıya ünvan 1 ünvanında yerləşən "xxxx" MTK tərəfindən inşa edilmiş 63.76 kv.m 2 otaqlı evini girov qoymuş, xx.xx.2017-ci il tarixdə həmin mənzili alqı-satqı yolu ilə iddiaçının qardaşının adına keçirmişdir. Həmçinin iddia müddətinin tətbiqi barədə ərizə təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını hərtərəfli, obyektiv tədqiq edib, sübutlara hüquqi qiymət verib belə hesab edir ki, tələb əsaslı olduğundan iddia qismən təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: xx.xx.2017-ci il tarixli iltizamın əslindən görünür ki, Cavabdeh xx.xx.2017-ci il tarixdə Xəqani Salahovun və Vüqar İsgəndərovun iştirakı ilə İddiaçı 20.000 ABŞ dolları borc pul aldı. Həmin pulu hissə-hissə olmaqla xx.xx.2019-cu ilə qədər ödəyəcəyini bildirərək imza etmişdir. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2022-ci il tarixli, 30 № məktubunda göstərilmişdir ki, Cavabdeh ünvan 2 ünvanında "xxxx" MTK tərəfindən inşa edilmiş çoxmərtəbəli yaşayış kompleksində AZ/B03/MR01/MN110/BRT/26042017 saylı alqı-satqı müqaviləsi əsasında 26 aprel 2017-ci ildə 3 saylı binanın, 110-cu mənzilində, 63.76 kv.m, 2 otaqlı, mənzilə müqavilə bağlamış, 29 aprel 2017-ci ildən 28 iyul 2017-ci il tarixə kimi 28.303 manat pul ödəmişdir. xx.xx.2017-ci ildə həmin mənzili alqısatqı yolu ilə AZ/B03/MR01/MN110/BRT/26042017 saylı müqavilə əsasında X1 28.303 manat qiymətinə satmışdır. Ödənilməmiş 13.141 manat məbləğ mənzilin yeni sakini X3 tərəfindən şirkətin xəzinədarlığına ödənilmişdir. Hal-hazırda iddiaçı Cavabdeh adına mənzil yoxdur. "xxxx" Mənzil Tikinti Kooperativinin xx.xx.2023-cü il tarixli, 03№ arayışında göstərilmişdir ki, X1 adı çəkilən şəxs xx.xx.2017-ci il tarixində alqı-satqı müqaviləsinə əsasən "xxxx" Mənzil Tikinti Kooperativ tərəfindən ünvan 2 saylı ərazidə inşa edilmiş binadan 63.76 kv.m, ümumi dəyəri 41.444 manat olan mənzili kreditlə satın almışdır. Şirvan şəhər Məhkəməsinin 2(032)-1658/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadı ilə iddiaçının hazırki iş üzrə nöqsanlarla xx.xx.2022-ci il tarixdə verdiyi iddia ərizəsi geri qaytarılmış, sənədlər iddiaçıya xx.xx.2023-cü ildə çatmış və iddiaçının iddia ərizəsi nöqsanlar aradan qaldırıldıqdan sonra ikinci dəfə məhkəməyə xx.xx.2022-ci ildə daxil olmuşdur. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Məhkəmənin iş üzrə mövqeyi və əsaslandığı hallar: Göründüyü kimi tərəflər arasında yazılı iltizam formada bağlanan müqavilə əsasında borc münasibətləri mövcud olmuşdur. Cavabdeh iddiaçıdan 20000 ABŞ dolları məbləğində borc almasını etiraf edir. Bu halı tərəflərdən heç biri mübahisələndirmir. Lakin cavabdeh həmin məbləğin qarşılığında iddiaçıya girov qismində mənzil verdiyini bildirir, iddiaçı isə onlar arasında heç bir rəsmi girov müqaviləsi olmadığını, mənzili qardaşıının adına rəsmiləşdirsə də həmin mənzilin ona lazım olmadığını bildirərək cavabdehdən pulunu tələb edir. Cavabdehin borc aldığı məbləğin əvəzinə özünə məxsus mənzili ona girov olaraq verməsinə dair etirazına gəldikdə məhkəmə xatırladır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 280-ci maddəsinə əsasən girov müqaviləsi yazılı formada bağlanmalıdır. 280.2-ci maddəsinə əsasən girov müqaviləsində tərəflərin adı və yaşayış yeri (olduqları yer), girovun predmeti, girovla təmin edilən öhdəliyin mahiyyəti, ölçüsü (yuxarı həddi) və icra müddəti göstərilməlidir. Girov predmetinin təsvirində girov qoyanın bütün mövcud və ya gələcək daşınar əmlakından ibarət olması göstərilə bilər. Bu cür təsvir, həmçinin daşınar əmlakın müəyyən bir növünü (kateqoriyasını), debitor borcları və ya onların müəyyən hissəsini ehtiva edə bilər. 280.3-cü maddəsinə əsasən məcəllədə nəzərdə tutulan hallarda girov müqaviləsi notariat qaydasında təsdiqlənməli, girov hüququ isə dövlət qeydiyyatına alınmalıdır. 280.4-cü maddəsinə əsasən maddənin qaydalarına riayət edilməməsi girov müqaviləsinin etibarsızlığına səbəb olur. Belə müqavilə əhəmiyyətsiz sayılır. Göründüyü kimi mülki qanunvericilik girov münasibətlərinin rəsmiləşdirilməsinin ciddi formasını müəyyənləşdirib və bu imperativ normadan kənara çıxma münasibətlərin etibarsızlığına, sövdələşmənin isə əhəmiyyətsizliyinə gətirib çıxarır. Qeyd olunanlara əsasən məhkəmə tərəflər arasında qanunvericiliyin şərtlərinə əməl etməklə bağlanmış hər hansı bir girov müqaviləsinin mövcud olmadığı təqdirdə münasibətlərə girov münasibəti kimi qiymət verilməsini mümkün hesab etmir. Bundan əlavə cavabdehin iddia müddətinin ötürülməsinə dair verdiyi vəsatətə münasibətdə isə məhkəmə iddiaçının tələbini irəli sürdüyü ilk tarixdən - yəni xx.xx.2022-ci il tarixindən ərizəsində aşkar edilmiş nöqsanların aradan qaldırıb ikinci dəfə verdiyi tarixədək incəliyərkən onun qanunla nəzərdə tutulmuş iddia müddətini ötürmədiyini müəyyən etmişdir. Qeyd olunanlar cavabdehin iddiaya qarşı irəli sürmüş olduğu etirazlarının heç bir əsasının olmadığını deməyə imkan verir. Bu səbəbdən iddiaçı irəli sürmüş olduğu 20000 ABŞ dolları tələbində haqlıdır, bu işin faktiki halları, tərəflərin izahatları ilə tam təsdiq olunur və məhkəmənin qənaəti budur ki, tələb bu hissədə təmin olunmalıdır. O ki, qaldı iddiaçının cavabdehə qarşı irəli sürdüyü faiz borcuna görə 5.000 ABŞ dolları, əldən çıxmış fayda 10.000 ABŞ dolları məbləğində pulun alınmasına dair tələbinə məhkəmə hesab edir ki, iddiaçının bu hissədə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.2-ci (449) maddəsinə əsasən vurulmuş zərəri tələb etməsi hüququ olmasına baxmayaraq, ona hansı əsaslarla, hansı miqdarda ziyan vurulmasını təsdiq edən heç bir sübutu məhkəməyə təqdim etmədiyindən bu hissədə tələbin təmini mümkün saymır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, mülki prosessual qanunvericiliyin tələbinə əsasən sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara yekun qiymət verərək hesab edir ki, Cavabdeh iddiaçı ilə aralarında olan borc sövdələşməsinə əsasən üzərinə götürdüyü öhdəliyini icra etmədiyindən iddia qismən təmin olunmalı, cavabdehdən 20.000 ABŞ dolları məbləğində pul qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınaraq İddiaçı verilməlidir. Qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar dövlət rüsumu kimi 238 manat iddiaçı tərəfindən ödənilmişdir. Məhkəmə belə qənaətə gəlir ki, iddia qismən təmin edildiyindən, təmin olunan hissəyə mütənasib olaraq - dövlət rüsumu kimi ödənilmiş pulun 142 manatı cavabdehdən alınaraq İddiaçı verilməsi qanunamüvafiqdir. Göstərilənləri və Azərbaycan Respublikası MPM -nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 20.000 ABŞ dolları məbləğində pul - qətnamənin icra olunduğu günə olan Azərbaycan Respublikası manatının Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnəsi ilə hesablanmaqla alınaraq İddiaçı verilsin. Dövlət rüsumu kimi ödənilmiş 142 manat Cavabdeh alınaraq iddiaçıya verilsin. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova
Məhkəmə qərarları › İş №2(032)-82/2023
Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-82/2023
14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver