Məhkəmə qərarları › İş №2(032)-839/2024

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-839/2024

28.06.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-839/2024 28.06.2024 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan Şəhər Məhkəməsinin hakimi Məmmədli Aydan Zakir qızının sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Şirvan Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İddiaçı Cavabdeh qarşı Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)- 110/2015 saylı qətnaməsi ilə birgə nikahdan doğulmuş xx.xx.2008-ci il tarixdə anadan olmuş Təmirova Nəzrin Elçin qızının və xx.xx.2010-cu il tarixdə anadan olmuş Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana qədər saxlanmaları üçün cavadeh Cavabdeh hər ay ona verilməsi üçün qət olunmuş hər ay hər uşağa 100 manat, cəmi 200 manat sabit pul məbləğində olan alimentin artırılaraq hər ay hər uşağa 235 manat, cəmi 470 manat sabit pul məbləğində müəyyən edilməsi, mediasiya təşkilatına ödənilmiş 50 manat rüsumun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini tələb etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə 2007-ci ildə evlənmişlər və xx.xx.2008-ci ildə nikahları rəsmiləşdirilmişdir. Həmin nikahdan xx.xx.2008-cu il təvəllüdlü Təmirova Nəzrin Elçin qızı və xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlu anadan olmuşdur. Ailə nikah münasibətləri uyğun gəlmədiyi üçün onların nikahı məhkəmə qaydasında pozulmuş və xx.xx.2008-cu il təvəllüdlü Təmirova Nəzrin Elçin qızı və xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlu onun himayəsində saxlanılmışdır. Bundan başqa, xx.xx.2008-cu il təvəllüdlü Təmirova Nəzrin Elçin qızı və xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 23 avqust 2011-ci ildən hesablanmaqla xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri T.Bağırov küçəsi ev 5 mənzil 3-də yaşayan Cavabdeh hər ay 100 manat sabit pul məbləği aliment tutularaq İddiaçı verilməsini qət etmişdir. Bundan başqa, Şirvan Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli qətnaməsi ilə alimentin miqdarı dəyişdirilərək xx.xx.2008-ci il təvəllüdlü Təmirova Nəzrin Elçin qızı və xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanması üçün əvvəli 09 dekabr 2014-cü ildən hesablanmaqla xx.xx.1986-cı ildə Əli-Bayramlı şəhərində anadan olmuş və Şirvan şəhəri T.Bağırov küçəsi ev 5 mənzil 3-də yaşayan Cavabdeh hər ay hər bir uşağa 100 manat olmaqla iki uşağa 200 manat sabit pul məbləği aliment tutularaq İddiaçı verilməsi qət etmişdir. Bundan başqa, qızı - xx.xx.2008-cu il təvəllüdlü Təmirova Nəzrin Elçin qızına 9-cu sinifdən ayrı-ayrılıqda 4 fənn üzrə repititor yanına getməklə riyaziyyat fənni üzrə 30 manat, Azərbaycan dili fənni üzrə 60 manat, rus dili fənni üzrə 30 manat, tarix fənni üzrə 40 manat olmaqla cəmi 160 manat məbləğində xərc çəkir. Digər övladı xx.xx.2010-cu il təvəllüdlü Təmirov Əziz Elçin oğlunun əlavə olaraq repititor yanınada çalışdırmağa maddi imkanı çatmır. İş üzrə Cavabdeh uşaqlara ödədiyi 200 manat aliment uşağın maddi təlabatına hal-hazrda çatmır. Ona görə ki, ölkədə gedən iqtisadi inkişaf və hər gün uşaqların maddi təlabatları artdığı üçün o iş üzrə Cavabdeh qarşı aliment miqdarının artırılması tələbinə dair iddia ərizəsi ilə Şirvan Şəhər Məhkəməsinə müraciət edir. Mediasiya Şurasının xx.xx.2024-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə aralarında razılıq əldə olunmamışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi, əlavə olaraq bildirdi ki, qardaşı ailə quracağından yaxın zamanda kirayədə yaşamalı olacaqdır, kirayə pulunu vermək üçün də əlavə pul tələb olunur. İddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh izahat verərək bildirdi ki, iddia tələbi ilə razı deyil və maddi imkanı yoxdur. Belə ki, taksi fəaliyyəti ilə məşğuldur, qazancından həm aylıq alimenti, həm də aliment borcundan ödəyir. Alimentin miqdarı artırılarsa ödəniş edə bilməyəcəkdir, aylıq əlavə hər uşağa 30 manat ödəyə bilər. Bir dəfə aliment borcuna görə məhkum olunmuşdur, yenidən məhkum olunmaq istəmir. Özünün avtomobilə görə kredit borcu var. Bundan başqa 10000 ABŞ dolları bank işinə görə icrada icra işi vardır. İddianın təmin olunmamasını məhkəmədən xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin olunmalıdır. İş materiallarında olan: Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən xx.xx.2008-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 096828 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2008-ci ildə Şirvan şəhərində anadan olmuş Təmirova Nəzrin Elçin qızının atası Cavabdeh, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında xx.xx.2024-cü ildə 675 nömrə ilə qeyd edilmişdir. Şirvan şəhəri qeydiyyat şöbəsi tərəfindən 09 iyun 2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 645505 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2010-cu ildə Şirvan şəhərində anadan olmuş Təmirov Əziz Elçin oğlunun atası Cavabdeh, anası X1r. Bu barədə doğum haqqında akt qeydləri kitabında 09 iyun 2011-ci ildə 765 nömrə ilə qeyd edilmişdir. AZ-İ seriyalı 171325 nömrəli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı Şirvan şəhər Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsinə əsasən 12 avqust 2013-cü il tarixdə pozulmuşdur. Nikah pozulduqdan sonra kişiyə Təmirov, qadına Orucova soyadı verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 12 avqust 2013-cü il tarixdə 74 nömrə ilə qeyd edilmişdir. Şirvan Şəhər Məhkəməsinin 22 yanvar 2015-ci il tarixli 2(032)-110/2015 saylı qətnaməsinin surətindən görünür ki, həmin məhkəmənin 20 sentyabr 2011-ci il tarixli 2(032)-681/2011 saylı qətnaməsi ilə 15 iyun 2008-ci il tarixdə anadan olmuş Təmirova Nəzrin Elçin qızının və 05 yanvar 2010-cu il tarixdə anadan olmuş Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün 09 dekabr 2014-cü ildən hesablanmaqla Cavabdeh hər ay hər bir uşağa görə 100 manat olmaqla iki uşağa görə 200 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi qət edilmişdir. xx.xx.2024-cü il tarixli MŞS/MT023/2024-00775 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 29.2-ci maddəsinə əsasən arayış verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin (AM) 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. AM-in 75.4-cü maddəsinə görə valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. AM-in 78.1 və 78.2-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər; Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. AM-in 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Habelə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə diqqətə çatdırmağı zəruri hesab edir ki, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu baxımdan qeyd edilməlidir ki, alimentin miqdarı müəyyən olunarkən tərəflərdən hər birinin ailə və ya maddi vəziyyəti nəzərə alınmalı, məhkəmə tutulacaq alimentin miqdarının tərəflərin maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Cavabdeh məhkəmə iclasında verdiyi izahatında maddi imkanının olmadığını, taksi fəaliyyəti ilə məşğul olduğunu, özünə məxsus avtomobilə görə kredit borcunun olduğunu qeyd etsə də, sadalanan hallar onu valideyn olaraq uşaqlarını saxlamaq vəzifəsindən azad etmir. Eləcə də, yuxarıda qeyd edilən Qanundan da göründüyü kimi ölkə üzrə bir uşağa görə 2024-cü il üçün yaşayış minimumu 235 manatdır. Beləliklə, məhkəmə yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, eyni zamanda diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, xx.xx.2008-ci il tarixdə anadan olmuş Təmirova Nəzrin Elçin qızının və xx.xx.2010-cu il tarixdə anadan olmuş Təmirov Əziz Elçin oğlunun saxlanmaları üçün məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı dəyişdirilməli, cavabdehdən uşaqların saxlanılmaları üçün iddiaçının xeyrinə tutulacaq alimentin miqdarı ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu miqdarı nəzərə alınmaqla müəyyən edilməlidir. Bununla yanaşı, qeyd edilməlidir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 19 may 1998-ci il tarixli Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Həmin Qanunun 19-cu maddəsinə görə uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifəsidir. 02 sentyabr 1990-cı il tarixdə qüvvəyə minmiş “Uşaq Hüquqları Haqqında Konvensiya”nın 18-ci maddəsinin İ bəndinə əsasən iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birgə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin tanınmasını təmin etməkdən ötrü mümkün olan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaxşı maraqları onlara əsas qayğı obyektidir. Yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbindən görünür ki, uşaqlarını saxlamaq, onların qayğısına qalmaq valideynlərin konstitusiya ilə müəyyən edilmiş vəzifələridir. Əgər valideynlərdən biri uşaqların saxlanılmasında iştirak etmirsə, uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutula bilər. Valideynlərdən tutulan alimentin məbləği və tutulması qaydası aliment verməyə borclu olan valideynin qazancının dəyişən olub-olmamasından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə ilk öncə qeyd etməyi zəruri hesab edir ki, uşaqların gündəlik qida və digər zəruri ehtiyaclarının artması hamıya bəlli olan hal olmaqla, həmin ehtiyacların təmin edilməsində valideynlərin hər biri bərabər məsuliyyət daşıyırlar. Uşaqların ehtiyaclarının artması, yetkinlik yaşına çatmayan övladın tələbatının artması mübahisə predmeti ola bilməz. Hazırda ananın uşağın qayğısına qalması, uşağın zəruri ehtiyaclarının və layiqli həyat şəraitinin təmin edilməsinə cəhd etməsi işin mübahisə doğurmayan halıdır. Valideynlər arasında nikah pozulduqdan sonra uşağın kimin yanında qalmasından asılı olmayaraq, uşağın ən yaxşı marağının ona göstərilən yüksək maddi və mənəvi qayğıdan ibarət olduğunu, eyni zamanda uşaqların saxlanılmasında hər iki valideynin bərabər hüquq və vəzifələrə malik olduğunu nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı işdə uşaqların öz analarının yanında yaşaması, cavabdehin maddi vəziyyətində hər hansı ciddi dəyişikliklərin olmaması azyaşlı uşağın tərbiyəsi və onun maddi-məişət tələbatlarının təmin edilməsi sahəsində uşaqların yaşayış minimumunun hər il artan səviyyəsi baxımından cavabdehi valideyn olaraq vəzifəsindən azad etmir. “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 8-2/2016 saylı 28 mart 2016-cı il tarixli Qərarında qeyd edilir ki, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Beləcə, məhkəmə qeyd edir ki, alimentin miqdarının dəyişdirilməsinin hesablanmasının əvvəli qətnaməsi qanuni qüvvəyə mindiyi tarixdən hesablanmalıdır. Məhkəmə yuxarıda qeyd olunanları, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərini, həmçinin uşaqların xərclərinin (gündəlik tələbatlarının) artmasını İddiaçı maddi vəziyyətində dəyişikliyin olması səbəbi olaraq qiymətləndirib hesab edir ki, iddia qismən təmin olunmalı, Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-110/2015 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş Təmirova Nəzrin Elçin qızının və xx.xx.2010-cu il tarixdə anadan olmuş Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 manat, cəmi 350 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı verilməli, qətnamənin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanmalıdır. MPM-in 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. MPM-in 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. “Mediasiya haqqında” Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Məhkəmə iddiaçının ödənilməsindən azad edildiyi dövlət rüsumunun ödənilməsi ilə bağlı qanunvericilik normalarının tələblərinə əsasən hesab edir ki, iddiaçı dövlət rüsumunu ödəməkdən azad edildiyi üçün və iddianın qiyməti (350-200=150 manat, 150 x 12 = 1800 manat, 1800-800=1000; 800 x 1%=8; 30+8=38) 1000 mantdan çox olduğundan, cavabdehdən dövlət rüsumunun əvəzi qismində 38 manat məbləğində pul vəsaiti dövlət nəfinə alınmalıdır. Habelə Mediasiya xərcinin əvəzi qismində 50 manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 216-220, 227-ci, 233-cü və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə Qətetdi: İddia qismən təmin edilsin. Şirvan Şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2(032)-110/2015 saylı qətnaməsi ilə müəyyən olunmuş alimentin miqdarı dəyişdirilsin.ş Cavabdeh xx.xx.2008-ci il tarixdə anadan olmuş Təmirova Nəzrin Elçin qızının və xx.xx.2010-cu il tarixdə anadan olmuş Təmirov Əziz Elçin oğlunun yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay hər uşaq üçün 175 (yüz yetmiş beş) manat, cəmi 350 (üç yüz əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Alimentin tutulması qətnamə qanuni qüvvəyə mindiyi tarixdən hesablansın. Cavabdeh dövlət rüsumunun əvəzi qismində 38 (otuz səkkiz) manat məbləğində pul vəsaiti alınaraq dövlət nəfinə keçirilsin. Mediasiya xərcinin əvəzi qismində 50 (əlli) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı verilməlidir. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aydan Məmmədli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar