Məhkəmə qərarları › İş №2(032)-844/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-844/2023

11.09.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-844/2023 11.09.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi, Qarayev Qiyas Sarvan oğlunun katibliyi ilə, Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və X6 qarşı kredit borcunun qaytarılması tələbinə dair iddiası üzrə olan mülki işə Şirvan şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İddiaçı ASC Cavabdehlər Cavabdeh1 və X3 1648 manat 33 qəpik borcun və dövlət rüsumu olaraq ödənilmiş 36 manat 48 qəpik məbləğində vəsaitin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmiş, iddia ərizəsini onunla əsaslandırmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3293961A141 nömrəli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24,71% dərəcəsi ilə 3000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən X7 ilə bank arasında xx.xx.2020-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinə əsasən zamin durmuş şəxs kredit borcunu vaxtında ödənilməsi üçün bank qarşısında borcalanla birlikdə cavabdehlik daşıyır. Kredit müqaviləsinə əsasən cavabdeh müəyyən olunmuş müddətdə kredit və ona hesablanacaq faizləri ödəmək barədə öhdəlik götürsə də bu öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və banka olan borcunu tam qaytarmamışdır. Bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehlərin xx.xx.2023-cü il tarixə 1648 manat 33 qəpik borcu yaranmışdır. Bank tərəfindən dəfələrlə şifahi xəbərdarlıq olunmasına və rəsmi bildirişin göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir. İddiaçı ASC-nin nümayəndəsi məhkəməyə ərizə ünvanlayaraq işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh1 məhkəmə iclasında ərizə təqdim edərək əvvəlki borclarını ödədiyini, banka 1408 manat məbləğində borcunun qaldığını, gələcəkdə borcundan hissə-hissə ödəyəcəyini bildirmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, digər cavabdeh X7 xx.xx.2022-ci il tarixdə Şirvan şəhərində ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 05 ayının 06 günündə 242 nömrə ilə qeyd edilmişdir. Bu hal müəyyən olunduqdan sonra məhkəmə tərəfindən xx.xx.2023-cü il tarixdə Şirvan şəhər 1 saylı Notariat ofisinə sorğu göndərilmiş və alınan xx.xx.2023-cü il tarixli, 834 saylı cavab məktubunda göstərilmişdir ki, X4 adına xx.xx.2022-ci ildə (iş №133) vərəsəlik işi açılmış və xx.xx.2022-ci ildə 2V-332, 2V-333 reyestrlə vərəsəsi Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. İddiaçı ASC tərəfin onun hüquq varisi ilə əvəz edilməsinə və həmçinin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, mərhum X4 adına Şirvan şəhəri 1 saylı Notariat Ofisində xx.xx.2022-ci ildə vərəsəlik işi açılmış və xx.xx.2022-ci ildə Cavabdeh2 qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Odur ki, mülki iş üzrə cavabdeh X2 şəhəri, 20 Yanvar küçəsi ev 17, mənzil 50 ünvanında qeydiyyatda olan hüquqi varisi Cavabdeh2 ilə əvəz edilməsini və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1408 manat 33 qəpik məbləğində pulun tutulmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasında iştirak edərək iddianı qəbul etdiyini bildirdi. Məhkəmə cavabdehlərin mövqeyinə, təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, iddia aşağıdakı əsaslara görə təmin olunmalıdır. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: İddiaçı ASC ilə borclu Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3293961A141 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana illik faiz dərəcəsi 24,71% olmaqla 36 ay müddətinə 3000 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. 15 dekabr 2020-ci il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 Cavabdeh1 İddiaçı ASC qarşısında xx.xx.2020-ci il tarixli, GTKR3293961A141 nömrəli güzəştli kredit müqaviləsi üzrə birgə məsuliyyət daşıyır. Kreditin ödəmə cədvəlindən görünür ki borclu hər ay 118 manat 82 qəpik ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2023-cü il tarixə kimi ödəməli idi. Maliyyə arayışından görünür ki, Cavabdeh1 xx.xx.2023-cü il tarixə banka 1408 manat 33 qəpik məbləğində borcu vardır. xx.xx.2022-ci il tarixdə Cavabdeh1 və X6 göndərilmiş bildirişdə göstərilmişdir ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən ona 36 ay müddətinə illik 24,71 faiz hesablanmaqla 3000 manat məbləğində Gündəlik tələbat krediti verilmiş və bu müqavilə üzrə xx.xx.2022-ci il tarixinə 2096,89 manat məbləğində ümumi borcu gecikmə günü 219 gün olmaqla 658,55 manat məbləğində gecikmə yaranmışdır.Kredit müqaviləsinə uyğun ödəniş aparmadıqları üçün vaxtı keçmiş borc yaranmışdır. Əks təqdirdə İddiaçı ASC borcun, ona hesablanmış faizlərin, cərimələrin və çəkiləcək digər xərclərin tam ödənilməsi məqsədi ilə Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq barəsində müvafiq tədbirlər görəcəyi barədə məlumatlandırılmışdır. Məhkəmə mülki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. 472-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 477-ci maddəsinə əsasən zaminliyə aşağıdakı hallarda xitam verilir: 477.0.1. zaminliyin təmin etdiyi öhdəliyə xitam verildikdə, habelə zaminin razılığı olmadan həmin öhdəlik dəyişdirildikdə və bu dəyişdirilmə onun məsuliyyətinin artmasına və ya onun üçün digər əlverişsiz nəticələrə səbəb olduqda; 477.0.2. əgər zamin yeni borclu üçün cavabdeh olmaq barəsində kreditora razılıq verməmişsə, zaminliklə təmin edilmiş öhdəlik üzrə borc başqa şəxsə keçirildikdə; 477.0.3. kreditor borclunun və ya zaminin təklif etdiyi lazımi icranı qəbul etməkdən imtina etdikdə; 477.0.4. zaminlik müqaviləsində göstərilmiş onun verilmə müddəti qurtardıqda. Belə müddət təyin edilmədikdə zaminliyə onun təmin etdiyi öhdəliyin icrası vaxtının çatdığı gündən bir il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. Əsas öhdəliyin icrası müddəti göstərilmədikdə və müəyyənləşdirilə bilmədikdə və ya tələbetmə məqamı ilə müəyyənləşdirilə bildikdə zaminliyə zaminlik müqaviləsinin bağlandığı gündən iki il ərzində kreditorun zaminə qarşı iddia irəli sürmədiyi halda xitam verilir. 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. 558-ci maddəsinə əsasən, əgər borclunun şəxsi iştirakı olmadan icra mümkün deyilsə, onun ölümü öhdəliyin xitamına səbəb olur. Həmin Məcəllənin 1153-cü maddəsinə görə, şəxsi xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr, habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr mirasın tərkibinə daxil deyildir. Beləliklə, şəxsi xarakterli hüquq və vəzifələr vərəsəlik qaydasında ölmüş şəxsin vərəsələrinə keçmir. Borclunun kredit müqaviləsindən irəli gələn vəzifələri isə şəxsə bağlı olmayan və şəxsən icranı tələb etməyən, üçüncü şəxslər tərəfindən icrası mümkün olan əmlak xarakterli öhdəliklərdir. Bu səbəbdən də kredit müqaviləsi üzrə borclunun ölümü ilə onun öhdəliklərinə xitam verilmir və bu öhdəliklər miras qoyanın vərəsələri tərəfindən icra edilməlidir. Mülki Məcəllənin 1306-cı maddəsinə uyğun olaraq, vərəsələr miras qoyanın mövcud olan və onun ölümü ilə xitam olunmayan bütün öhdəlikləri üzrə qəbul etdikləri miras əmlakdakı paylarına mütənasib surətdə birgə borclu kimi məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 1146-cı maddəsi miras qoyanın öldüyü günün və ya fiziki şəxsin ölmüş elan edilməsi barədə məhkəmə qərarının qüvvəyə mindiyi günün mirasın açıldığı vaxt sayıldığını müəyyən edir. Mülki Məcəllənin 1255-ci maddəsinə əsasən isə qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Göstərilən normaların məzmunundan çıxış edərək məhkəmə qeyd edir ki, mirası qəbul etmiş vərəsələr miras açıldığı gündən öhdəliyin icrasına görə məsuliyyət daşıyırlar. Vərəsəlik institutu hər bir şəxsə zəmanət verir ki, sağlığında əldə etdiyi əmlak və digər maddi nemətlər (onların yüklülükləri ilə birlikdə) ölümündən sonra onun iradəsinə uyğun olaraq ifadə etdiyi vərəsələrinə, iradəsini ifadə etmədiyi təqdirdə isə qanunla müəyyən edilən vərəsələrinə keçsin (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1194cü maddəsinin şərh edilməsinə dair” 2014-cü il 22 aprel tarixli Qərarı). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306 maddələrinin şərh edilməsinə dair” 2018-ci il 04 iyun tarixli Qərarına əsasən: Bir çox hallarda zamin şəxsi münasibətlərdən irəli gələrək borclunun öhdəliyinin icrası ilə bağlı kreditor qarşısında məsuliyyət götürür. Lakin zaminlə borclu arasında mövcud olan bu münasibətlər zaminlik müqaviləsinin hüquqi əsasını təşkil etmir. Bu müqavilənin hüquqi əsasını zaminin əsas öhdəliyin icra ediləcəyinə dair məsuliyyəti üzərinə götürməsi, kreditora öhdəliyin icrasına dair zəmanət verməsi təşkil edir. Borclunun ölümü halında isə onun hüquq və vəzifələri universal hüquq varisliyi qaydasında mirası qəbul etmiş vərəsələrə keçmiş olur. Yəni bu halda əsas müqavilə üzrə hüquq və vəzifələr tərəflərin iradəsindən asılı olmayaraq, borclunun ölümü və vərəsələrin mirası qəbul etməsi ilə sonunculara keçmiş olur. Borclunun ölümü ilə onun öhdəliklərinin aradan qalxmasının və bununla da bağlanmış müqavilələrin hüquqi təminatdan məhrum olmasının qarşısının alınmasına xidmət edən institutlardan biri vərəsəlik institutudur. Vərəsəlik hüququ ölmüş şəxsin əmlakının və bununla bağlı hüquq və vəzifələrinin qanun üzrə və ya vəsiyyət üzrə vərəsələrə keçməsi qaydalarını müəyyənləşdirən hüquq normalarının məcmusudur. Mülki Məcəllənin 1151-ci maddəsinə müvafiq olaraq, mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Yəni mirası qəbul etmiş vərəsələr universal hüquq varisliyi qaydasında miras qoyanın öhdəliklərini də qəbul etmiş olurlar. Vərəsələr və zamin borclu öldükdən sonra əsas borcdan əlavə, faiz borcuna görə də məsuliyyət daşıyırlar. Borclunun təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda hesablanmış dəbbə pulunun ödənilməsi ilə bağlı tələb kreditor tərəfindən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunmuş qaydada vərəsələr və ya zaminə qarşı irəli sürülə bilər. Vərəsələr və ya zaminin təqsirli hərəkətləri nəticəsində öhdəlik icra edilmədiyi və ya lazımınca icra edilmədiyi təqdirdə kreditor dəbbə pulunun ödənilməsini bu hərəkətləri törətmiş şəxsdən tələb edə bilər. Göründüyü kimi, zaminlik müqaviləsinin xitamı əsaslarının dairəsi məhdud olmaqla qanunvericilikdə dəqiq müəyyən edilmişdir. Mülki Məcəllənin 477-ci maddəsində zaminin ölümü zaminlik müqaviləsinə xitam verilməsi əsası kimi nəzərdə tutulmamışdır. Həmçinin qanunverici öhdəliyi icra etmiş zaminin mənafelərinin müdafiəsini nəzərə alaraq, Mülki Məcəllənin 475.1-ci maddəsində kreditorun tələbini ödədiyi həcmdə sonuncunun borcluya qarşı malik olduğu hüquqların öhdəliyi icra etmiş zaminə keçdiyini müəyyən etmişdir. Yəni zamin (və ya onun vərəsəsi) öhdəliyi icra etdikdən sonra ona dəymiş zərərin əvəzini reqres qaydasında borcludan tam həcmdə, borclu öldüyü halda isə vərəsələrdən onlara çatan miras payı həcmində ödənilməsini tələb edə bilər. Vərəsələrin məsuliyyətinin həddi ilə bağlı qeyd olunmalıdır ki, miras qoyanın borcuna görə vərəsələrin məsuliyyəti mirasın həcmi ilə məhdudlaşır. Belə ki, Mülki Məcəllənin 1306.1-ci maddəsinə əsasən, vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. Zaminin məhz öhdəliyin borclu tərəfindən icra edilməməsinə görə müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, kreditorun mənafeyinin tam təmin edilməsinə məsuliyyətli olmasından irəli gəlir. Beləliklə, yuxarıda sadalanan qanunvericiliyin normalarına, həmçinin bu sahədə formalaşmış məhkəmə təcrübəsinə, yuxarı insatansiya məhkəməsinin müvafiq plenum qərarlarına istinad edərək məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh1 bank qarşısında üzərinə götürdüyü öhdəlikləri tam şəkildə icra etmədiyindən tələbkar öz iddiasında haqlıdır və bu səbəbdən də iddia təmin olunmalıdır. Bundan əlavə borcun təminatı kimi bağlanmış zaminlik müqaviləsinə əsasən mərhum X1 əsas borclu ilə bank qarşısında birgə məsuliyyəti üzərinə götürdüyündən, hazırki halda onun vərəsəsi sayılan və cavabdeh qismində cəlb edilmiş Cavabdeh2 da əsas borclu Cavabdeh1 ilə müştərək qaydada iddiaçının tələbini təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə iddia təmin edilməli, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2020-ci il tarixli, GTKR3293961A141 kredit müqaviləsi üzrə ödənilməmiş qalan 1408 manat 33 qəpik cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməlidir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 36 manat 48 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Odur ki, yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikasının MPM-nin 216-220, 227 və 357-362-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 1408 (bir min dörd yüz səkkiz) manat 33 (otuz üç) qəpik məbləğində kredit borcu və həmçinin dövlət rüsumu kimi ödənilmiş 36 (otuz altı) manat 48 (qırx səkkiz) qəpik alınaraq İddiaçı ASC-yə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar