Məhkəmə qərarları › İş №2(032)-860/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-860/2023

12.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-860/2023 12.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Şirvan şəhər Məhkəməsinin hakimi X3 oğlunun sədrliyi, Rəhimli Cavid Mətləb oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “borc” tələbi barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” mülki işə Şirvan şəhəri, Şirvan şəhər Məhkəməsinin binasında, sadələşdirilmiş icraat qaydasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı ASC Cavabdeh qarşı “borc” tələbi barədə “kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASC-nin xeyrinə 1767 manat 65 qəpik əsas, 127 manat 72 qəpik faiz, 90 manat 87 qəpik cərimə, cəmi 1986 manat 24 qəpik pul vəsaitinin və 34 manat 87 qəpik dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 21031***-*******02L saylı xx.xx.2021-ci il tarixli əsas ktredit limiti razılaşmasına əsasən İddiaçı ASC tərəfindən X4 Abdulla qızına xx.xx.2031-ci il tarixədək 50000 AZN məbləğində kredit limiti ayrılmışdır. X4 Abdulla qızı həmin əsas ktredit limiti razılaşması çərçivəsində bankdan xx.xx.2023-cü il tarixədək qaytarmaq və illik 16.20 % ödəmək şərti ilə fidığı 3000.00 AZN krediti və ondan istifadəyə görə faizləri hissə-hissə (hər ayın 17-dək ayda 190 manat ödəməklə) Banka ödəməli olduğu halda öhdəliyini vaxtında və lazımı qaydada icra etməmişdir. 02 iyul 2022-ci ildə X4 Abdulla qızı vəfat etmişdir. 28 mart 2023-cü il tarixə onun banka olan borcunun məbləği a) əsas borc üzrə 1767 manat 65 qəpik; b) faizlər üzrə 127 manat 72 qəpik; c) 90 manat 87 qəpik təşkil edir. Cavabdeh xx.xx.2023-cü il tarixdə Şirvan şəhəri 1 saylı notariat ofisinə ərizə ilə müraciət edərək arvadı X5 qızından miras qalmış daşınar və daşınmaz əmlakları qəbul etdiyini bildirmişdir. Şirvan şəhəri 1 saylı notariat ofisi tərəfindən cavabdehə xx.xx.2023-cü ildə və xx.xx.2023-cü ildə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamələri verilmişdir. Daha sonra qanunvericiliyin tələblərinə uyğun olaraq mərhum X5 qızının vərəsəsi Cavabdeh rəsmi qaydada (pretenziya) müraciət edilərək öhdəliklərini yerinə yetirməsi tələb edilməsinə baxmayaraq, onun tərəfindən kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, kredit müqaviləsindən irəli gələn öhdəliklər lazımi qaydada icra edilməmişdir. Məhkəmə hazırkı iddianın qiymətinin beş min manatdan az olmasını nəzərə alaraq mülki işə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. İş materiallarından görünür ki, iddia ərizəsi xx.xx.2023-cü il tarixdə məhkəməyə daxil olmuş və xx.xx.2023-cü il tarixdə məhkəmə Cavabdeh prosessual hüquq və vəzifələrinin izahı barədə rəsmi qaydada bildiriş göndərmişdir. MPM-in 284-5.2-ci maddəsinə görə cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. İş materiallarında olan poçt göndərişlərinin verilməsi haqqında xəbərnamədən görünür ki, Cavabdeh ünvanına göndərilmiş məhkəmə bildirişi həmin ünvanda yaşamadığından geri qaytarılmışdır. Həmin gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazla məhkəməyə müraciət etməmişdir. Məhkəmə, Cavabdeh qanunla müəyyən olunmuş qaydada prosessual hüquq və vəzifələrinin izah olunduğunu, cavabdehin iddia qarşı etirazının olmamasını, iddia tələbinin kiçik iddialar kateqoriyasına aid edilməklə yanaşı mübahisə doğurmayan tələb olduğunu nəzərə alaraq hesab edir ki, mülki işin iddia icraatına keçirilməklə iş üzrə əlavə araşdırma aparılmasına, ekspertiza təyin olunmasına və ya tərəflərin məhkəməyə çağırılmaqla dinlənilmələrinə lüzum yoxdur, mülki işin prosessual vəziyyəti işə sadələşdirilmiş icraat qaydasında baxılmasına mane olmur. MPM-in 284-5.3-cü maddəsinə əsasən, kiçik iddialar üzrə ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. MPM-in 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. MPM-in 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında olan İddiaçı ASC ilə X5 qızı arasında bağlanmış 03 noyabr 2021-ci il tarixli, 21031***-*******02 L saylı kredit müqaviləsinə əsasən 03 noyabr 2021-ci il tarixədək 50000 məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan elektron çıxarışdan görünür ki, 03 noyabr 2021-ci il tarixdə 18 ay müddətinə, illik 16,2 faiz dərəcəsi, 30 manat komissiya ilə 3000 manat kredit təklif edilmiş, X5 qızı krediti qəbul etmişdir. İş materiallarında olan ödəniş cədvəlindən görünür ki, X5 qızına 18 ay müddətinə illik 16,2 faiz dərəcəsi ilə 3000 manat kredit kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, X5 qızının 28 mart 2023-cü il tarixə 1767 manat 65 qəpik əsas, 127 manat 72 qəpik faiz, 90 manat 87 qəpik cərimə, cəmi 1986 manat 24 qəpik borcu vardır. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, ümumi borcdan sonuncu dəfə 18 iyul 2022-ci il tarixdə ödəniş edilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 qızı 02 iyul 2022-ci il tarixdə Şirvan şəhərində vəfat etmişdir. İş materiallarında olan Cavabdeh 13 yanvar 2023-cün il tarixli ərizəsindən görünür ki, 02 iyul 2022-ci il tarixdə Şirvan şəhəri Nərimanov küçəsi 88 saylı evdə yaşayan arvadı X5 qızı ölmüşdür. Mirasın tərkibi: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialında olan 268 manat 89 qəpik pul məbləğindən və daşınmaz əmlaklar ondan qalmış mirası qəbul edir. İş materiallarında olan 16 yanvar 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X5 qızının vərəsələri Şirvan şəhəri Nərimanov küçəsi ev 88-də qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak : Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialında olan 268 manat 89 qəpik pensiya məbləğindən ibarətdir. İş materiallarında olan 15 fevral 2023-cü il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin surətindən görünür ki, 02 iyul 2022-ci il tarixdə vəfat etmiş X5 qızının vərəsələri Şirvan şəhəri Nərimanov küçəsi ev 88-də qeydiyyatda olan Cavabdeh və o miras əmlakdan tam hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak : Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “X2” X1 918 manat 66 qəpik məbləğindən ibarətdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenzya məktublarına əsasən Cavabdeh borcun ödənilməsi təklif edilsədə, cavabdeh borcun ödənilməsi üçün heç bir tədbir görməmişlər. Bank, tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1151.1-ci maddəsinə əsasən mirasa (miras əmlaka) miras qoyanın öldüyü məqamadək malik olduğu əmlak hüquqlarının (miras aktivi) və vəzifələrin (miras passivi) toplusu daxildir. Həmin Məcəllənin 1321.3-cü maddəsinə əsasən vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsin həmin şəhadətnamədə göstərilən hüquqa malik olması qəbul edilir. Bu, vərəsəlik şəhadətnaməsində vərəsə kimi qeyd olunan şəxsdən onun miras payına aid olan hər hansı bir predmeti, belə predmetlə bağlı hüququ və ya miras payına daxil olan hər hansı bir hüquqdan azad etməni əldə edən şəxsin xeyrinə də qüvvədədir, bir şərtlə ki, əldə edən vərəsəlik şəhadətnaməsinin düzgün olmadığını bilməmiş olsun. Həmin Məcəllənin 1255-ci maddəsinə əsasən qəbul edilmiş miras onun açıldığı gündən vərəsənin mülkiyyəti sayılır. Həmin Məcəllənin 1306.1-ci maddəsinə əsasən vərəsələr miras qoyanın kreditorlarının mənafelərini alınmış aktivdə özlərindən hər birinin payına mütənasib surətdə birgə borclu kimi tam ödəməyə borcludurlar. İşin müəyyən edilmiş hallarından görünür ki, X5 qızının iddiaçı ilə bağladığı xx.xx.2021-ci il tarixə kredit müqaviləsi üzrə 1767 manat 65 qəpik əsas, 127 manat 72 qəpik faiz, 90 manat 87 qəpik cərimə, cəmi 1986 manat 24 qəpik borcu yaranmışdır. X5 qızı 02 iyul 2022-ci il tarixdə ölmüşdür. Onun ölümündən sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi filialında olan 268 manat 89 qəpik pensiya məbləği və Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X7 “X2” X1 918 manat 66 qəpik məbləği miras aktivi və iddiaçı ilə bağladığı müqavilələr üzrə icra etmədiyi öhdəlikləri miras passivi olaraq miras qalmışdır. Cavabdeh ondan qalmış miras aktivini qəbul etmiş və bu barədə onlara qanun üzrə vərəsəlik hüququ haqqında 16 yanvar 2023-cü il tarixli və 15 fevral 2023-cü il tarixli şəhadətnamələr verilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra MM-in) 385.1 maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. MM-in 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. MM-in 447.1-ci maddəsinə əsasən əgər ikitərəfli müqavilənin bir tərəfi müqavilədən irəli gələn öhdəlikləri icra etmirsə, müqavilənin digər tərəfi öhdəliklərin icrası üçün təyin etdiyi əlavə müddət nəticəsiz qurtardıqdan sonra müqavilədən imtina edə bilər. MM-in 448-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. MM-in 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. MM-in 743-cü maddəsinə əsasən əgər borc alanın əmlak vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə,bu isə borcun qaytarılması tələbi üçün təhlükə yaradarsa,borc verən borcun dərhal qaytarılmasını tələb edə bilər. Məhkəmə iş üzrə toplanmış sübutlara və araşdırma nəticəsində müəyyən edilmiş hallara məcmu halında qiymət verərək hesab edir ki, cavabdeh miras qoyan X5 qızının kreditoru olan iddiaçının mənafelərini alınmış aktivdə özünün payına mütənasib surətdə borclu kimi tam ödəməyə borclu olduğundan, miras qoyanın xx.xx.2022-ci il tarixə kredit razılaşması üzrə 1767 manat 65 qəpik əsas, 127 manat 72 qəpik faiz, 90 manat 87 qəpik cərimə, cəmi 1986 manat 24 qəpik Cavabdeh alınıb iddiaçıya verilməli,bununla da iddia təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İşə əlavə edilmiş qəbzdən görünür ki,məhkəmə xərcləri iddia ərizəsinin verilməsi üçün ödənilmiş 34 manat 87 qəpik dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki, iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 284-6.1, 284- 6.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin olunsun. Cavabdeh 1767 manat 65 qəpik əsas, 127 manat 72 qəpik faiz, 90 manat 87 qəpik cərimə, cəmi 1986 manat 24 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Məhkəmə xərcləri cavabdehə aid edilsin. Cavabdeh dövlət rüsumu üçün ödənilmiş 34 manat 87 qəpik məbləğində pul alınaraq İddiaçı ASC-nə verilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: ETİBAR HÜMBƏTOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar