Məhkəmə qərarları › İş №2(032)-874/2023

Şirvan Şəhər Məhkəməsi Qətnamə — İş №2(032)-874/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(032)-874/2023 24.06.2023 ŞİRVAN ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədova Səidə Hüseynağa qızının sədrliyi ilə, İddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki işə baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********891 nömrəli kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə illik 20 faiz olmaqla 7890 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliyin icrasının təmin edilməsi məqsədi ilə bank ilə Cavabdeh2 arasında 18 iyun 2019-cu il tarixli, BPM**********891 nömrəli zaminlik müqaviləsi bağlanmış, həmin müqavilənin şərtlərinə əsasən zamin borclunun öhdəliklərinin yerinə yetirilməsinə görə kreditor qarşısında borclu ilə birlikdə cavabdehlik daşımağı öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 3-cü bəndi ilə müəyyən edilmişdir ki, borcalan bu müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Cavabdehlər yuxarıda qeyd edilən kredit müqaviləsinin şərtlərinə uyğun olaraq müqavilə üzrə verilmiş vəsaiti və ona hesablanmış faizləri tam və vaxtında ödəməmişdir. Həmçinin kredit müqaviləsinin şərtlərindən biri də gecikdirilmiş borc nəticəsində cərimə borcunun hesablanmasıdır.Cavabdehlər yaranmış borcun ödənilməsi barədə məlumatlandırılmalarına baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün hər hansı tədbir görməmiş, müqavilə üzrə öhdəliklərini yerinə yetirməmişlər. Maliyyə arayışına əsasən xx.xx.2023-cü il taixə cavabdehlərin banka 4064,22 manat əsas, 467,09 manat faiz olmaqla, cəmi 4531,31 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.2-ci maddəsinə əsasən Cavabdeh1 və Cavabdeh2 iddia ərizəsinin surəti və bildiriş poçt vasitəsilə göndərilsə də qeyd olunan ünvanda yaşamadığından xx.xx.2023-cü il tarixində geri qayıtmış, Cavabdeh1 və Cavabdeh2 10 iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazı məhkəməyə daxil olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinin tələblərini rəhbər tutaraq işə baxmağa haqlıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5.3-cü maddəsinə əsasən təqdim olunan sənədləri iş üzrə yekun qərar çıxarılması üçün kifayət hesab edərək məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatlarını dinləmək üçün çağırılmadan, mülki işin həllinə dair qətnamə çıxarılmasını mümkün hesab etmişdir. İş materiallarında əlavə edilmiş və məhkəmədə tədqiq edilən: "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********891 saylı kredit müqaviləsinin surətindən görünür ki, bank borc alana- Cavabdeh1 illik faiz dərəcəsi 20% olmaqla 60 ay müddətinə 7890 manat məbləğində kredit verməyi, borc alan isə müqavilədə göstərilmiş müddətdə və qaydada kredit və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" ASC ilə Cavabdeh2 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********891 saylı zaminlik müqaviləsinin surətindən məlum olur ki, Cavabdeh2 borcalan Cavabdeh1 bank qarşısında öz öhdəliklərini tamamilə icra etməsi ilə əlaqədar birgə məsuliyyət daşıyır. Kreditin ödəniş cədvəlindən görünür ki, borclu hər ay 209,1 ödəməklə borcunu və ona hesablanmış faizləri xx.xx.2023-cü il tarixə kimi ödəməlidir. xx.xx.2023-cü il tarixdə cavabdehlərə göndərilmiş borcun qaytarılmasına dair xəbərdarlıqda göstərilmişdir ki, "xxxx" ASC-nin Şirvan filialı ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2019-cu il tarixli, BPM**********891 saylı kredit müqaviləsinə əsasən bank tərəfindən X1 60 ay müddətinə, illik 20% dərəcəsi ilə hesablanmaqla, 7890 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq bank ilə Cavabdeh2 arasında 18 iyun 2019-cu il tarixli zaminlik müqaviləsi imzalanmışdır. Zaminlik müqaviləsinə əsasən müəyyən edilmişdir ki, borclu qeyd edilən kredit müqaviləsinə əsasən üzərinə düşən öhdəliyi tamamilə və ya hissə-hissə icra etmədikdə zamin borclu ilə birlikdə kreditor qarşısında kredit məbləğinin, hesablanacaq faizlərin, dəbbə pulunun, icranın gecikdirilməsi ilə vurulmuş zərərin ödənilməsi üçün məsuliyyət daşıyır. Kreditin və kreditdən istifadəyə görə hesablanan faizlərin müqavilə ilə müəyyən edilmiş müddət ərzində ödənilməsi tərəflərindən təmin olunmadığından 17 fevral 2023-cü il tarixə onların banka 4064,22 manat əsas və ona hesablanmış faiz və cərimə borcu yaranmışdır. Bankın məsul əməkdaşlarının onlara borcun qaytarılması ilə bağlı müraciətlər etməsinə baxmayaraq, üzərlərinə düşən öhdəliyin tam icra olunmasında heç bir müsbət nəticə əldə olunmamışdır. Bununla da bank cavabdehləri üzərilərinə götürdükləri öhdəliklərin icra olunmadığı təqdirdə müvafiq qaydada məhkəməyə müraciət edilməsi barədə məlumatlandırmışdır. Məhkəmə hazırki iş ilə bağlı qanunvericiliyin normalarına əsasən aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icr-a edilməsi) başa düşülür. 448.1.-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar ücün cavabdehdir. 449.1-ci maddəsinə əsasən borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank faizinin uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür,digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, iddiaçı ilə Cavabdeh1 arasında kredit müqaviləsinin bağlanmasına baxmayaraq, cavabdeh kredit müqaviləsi ilə üzərinə düşən öhdəliyi vaxtında yerinə yetirmədiyindən o, kredit müqaviləsi ilə aldıqlarını iddiaçıya qaytarmalı, hazırki vəziyyətdə isə mövcud borcunu, yəni 4064 manat 22 qəpik məbləğində əsas borc və 467 manat 09 qəpik faiz borcu olmaqla, cəmi 4531 manat 31 qəpik məbləğində pulu "xxxx" ASC-nə verməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2-ci maddəsinə əsasən zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, öhdəliyin təminatı kimi çıxış etmiş zamin Cavabdeh2 Cavabdeh1 ilə birlikdə iddiaçı "xxxx" ASC-i qarşısında eyni həcmdə məsuliyyət daşıdığından, cavabdehlərdən müştərək qaydada 4064 manat 22 qəpik məbləğində əsas borc və 467 manat 09 qəpik faiz borcu olmaqla, cəmi 4531 manat 31 qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC -nə qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş qəbzdən görünür ki, işə baxılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət rüsumu üçün 65 manat 72 qəpik məbləğində pul ödənilmişdir və belə olan halda da məhkəmə xərcləri qeyd olunan məbləğdəki dövlət rüsumundan ibarətdir. Məhkəmə qeyd olunanları nəzərə alıb, hesab edir ki,iddia təmin edildiyindən məhkəmə xərcləri cavabdehlərə aid edilməlidir. Məhkəmə qeyd olunanları nəzərə alıb və Azərbaycan Respublikasının MPM-nin 220, 284-6.1- 284-6.3-cü maddələrini rəhbər tutaraq qət etdi: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 4064 (dörd min altmış dörd) manat 22 (iyirmi iki) qəpik məbləğində əsas borc və 467 (dörd yüz altmış yeddi) manat 09 (doqquz) qəpik faiz borcu olmaqla, cəmi 4531 (dörd min beş yüz otuz bir) manat 31 (otuz bir) qəpik məbləğində pul, həmçinin dövlət rüsumu üçün ödənilmiş 65 (altmış beş) manat 72 (yetmiş iki) qəpik məbləğində pul alınaraq iddiaçı "xxxx" ASC-nə verilsin. Qətnamədən, rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Şirvan şəhər Məhkəməsi vasitəsi ilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səidə Məmmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar