Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1000/2021 03.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X2 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc olaraq almış olduğu 14000 manat borc məbləğinin və 30 manat dövlət rüsumunun cavabdehdən alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası zamanı İddiaçı iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, o, Cavabdeh tanıdığından və qonşu olduğundan onun çətin vəziyyətə düşməsini və ondan kömək istəməsini nəzərə alıb 20 fevral 2019-cu il tarixdə ona 6000 manat və 25 dekabr 2019-cu il tarixdə ona 8000 manat məbləğində borc pul vermişdir. Cavabdeh ona bildirmişdir ki, götürdüyü borc pulu yaxın vaxtlarda qaytaracaqdır. O, cavabdehdən pulunu istəyərkən cavabdeh ona gah pulu qaytaracağını vəd etmiş, gah da müxtəlif bəhanələrlə həmin pulu ödəməkdən yayınmışdır. Nəticə etibarı ilə pulunu ala bilməmişdir. Cavabdeh 14000 manat məbləğində pulun alınmasına dair öz imzası ilə təsdiq etməklə qəbzlər də yazmışdır. Beləliklə, cavabdeh götürdüyü borcu ödəməyi öhdəsinə götürsə də, bunu etməmişdir. Bu səbəbdən də, o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, iddia əsaslıdır və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclası zamanı Cavabdeh iddianı qismən qəbul edərək izahatında göstərdi ki, həqiqətən də, o, İddiaçı 20 fevral 2019-cu il tarixdə qəbz yazıb imzalamaqla 4 ay müddətinə qaytarmaq şərtilə 6000 manat pul götürmüşdür. Həmin pulu qaytarmamışdır. Lakin, 25 dekabr 2019-cu il tarixdə 12 ay müddətinə qaytarmaq şərtilə 8000 manatın iddiaçıdan götürməsinə dair qəbz yazıb imzalasa da, 8000 manat məbləğində pul iddiaçıdan almamışdır. Onu qəbzlərin yazılmasına heç kim məcbur etməmişdir. O, iddiaçıya inanmış, onu iddiaçı aldadaraq qəbz yazdırmışdır. Odur ki, iddianın rədd edilməsini məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış 20 fevral 2019-cu il tarixli qəbzdən görünür ki, “İddiaçı 6 min manat borc pul aldım (altı min manat). 4 ay müddətinə qaytarmaq şərti ilə, yazdığım vaxtda ödəməsəm qanun qarşısında cavab verməyə hazıram”. İş materiallarında olan Cavabdeh tərəfindən yazılaraq imzalanmış 25 dekabr 2019-cu il tarixli qəbzdən görünür ki, “İddiaçı 8 min (səkkiz min) (8000) manat aldım. 12 ay müddətinə qaytarmaq şərti ilə. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Cavabdeh İddiaçı 20 fevral 2019cu il tarixdə 6000 manat, 25 dekabr 2019-cu il tarixdə 8000 manat borc pul götürmüşdür. Cavabdeh İddiaçı borc aldığı 6000 manat pulu 4 ay müddətinə, 8000 manat pulu 12 ay müddətinə qaytaracağını öz imzası ilə təsdiq etmiş, bununla bağlı onların arasında borc müqaviləsi (qəbzlər) bağlanmışdır. İşin bu halı iddiaçının izahatı ilə yanaşı, cavabdehin izahatı və işdə olan sənədlərlə də təsdiq edilir. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən borcunu tələb edir. Cavabdeh isə borc aldığı 6000 manatı ödəmədiyini, 8000 manatı isə ümumiyyətlə almadığını bildirir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə araşdırması ilə müəyyən olundu ki, Cavabdeh müqavilədə göstərilən şərtlərə əməl etməmiş, iddiaçıya heç bir ödəniş etməmişdir. Bundan başqa, məhkəmə cavabdehin izahatını digər sübutlarla birgə qiymətləndirərək qeyd edir ki, cavabdehin 8000 manat pulu almaması barədə izahatı inandırıcı və ağlabatan deyil. Ona görə ki, o, pulu almamış olsa idi, 8000 manat pulu almasını və 12 ay müddətinə qaytaracağını öz imzası ilə təsdiq etməzdi. Hansı ki, həmin qəbzlərin yazılaraq imzalanmasına da onu heç kim məcbur etməmişdir. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla 20 fevral və 25 dekabr 2019-cu il tarixdə imzaladıqları borc müqavilələri ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. Borclu Cavabdeh həmin müqavilələrə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla da müəyyən olunur ki, Cavabdeh İddiaçı cəmi 14000 manat borc pul alması öz təsdiqini tapmışdır. Belə ki, Cavabdeh özü də etiraf edir ki, həqiqətən yuxarıda qeyd olunan müqaviləni o, özü yazaraq imzalamışdır. Lakin cavabdeh həmin borc puldan 8000 manatını almadığını bildirir. İddiaçı isə cavabdehin ona olan borcundan hər hansı məbləğdə pulun qaytarılmadığını və 14000 manat borc pul verdiyini bildirir. Məhkəmə bununla bağlı qeyd edir ki, cavabdehin pulun həqiqətən iddiaçıya qaytarmasını və pulu almamasını sübut etmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh isə bunu sübut edə bilməmişdir. Məhkəmə iclası zamanı da bunu sübuta yetirə bilməmiş, bunu yalnız öz formal mülahizələri ilə əsaslandırmağa çalışmışdır. Göründüyü kimi, iddiaçı tərəfindən müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh üzərinə götürdüyü öhdəliklərin icrasını təmin etməmişdir. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 14000 manat borcu Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). «L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 08 may 2008-ci il tarixli qərarında məhkəmənin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. Həmin maddənin Vİİ hissəsinə əsasən isə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 9.1 və 9.3-cü maddələrinə əsasən, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin maddənin 3-cü bəndinə əsasən, hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O öz qərarını yalnız tərəflərin bu prinsipə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi ümumilikdə ondan ibarət olmuşdur ki, Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsinin müddəası baxımından məhkəmə hər hansı bir hüquq mübahisəsinə baxarkən heç bir halda tərəflərin əvəzinə onların səlahiyyətlərini yerinə yetirməməlidir. Əks halda o, baxılan iş üzrə ədalət mühakiməsinin həyata keçirilməsi funksiyasının ziddinə hərəkət edir və eyni zamanda mülki məhkəmə icraatının prinsiplərini pozmuş olur. Məhkəmə öz hüquqi mövqeyini əsaslandıraraq, aşağıdakı nəticəyə gəlmişdir: 1. məhkəmə özü sübutları toplamır, tərəflərə çəkişmə prosesində iştirak etmək və onlar tərəfindən sübutların təqdim edilməsi üçün şərait yaradır; 2. tərəflər istinad etdikləri halları özləri sübut etməli, məhkəmə isə təqdim edilmiş faktlar (hallar) əsasında müəyyən hüquqi nəticəyə gəlir. Məhkəmə həmçinin, qeyd edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Eyni zamanda, məhkəmə iş materiallarında olan sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir və heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, iddianın rədd edilən olması barədə cavabdehin dəlilləri məhkəmə iclasında öz təsdiqini tapmadığından əsassızdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Məhkəmə də hesab edir ki, 14000 manat məbləğində borc Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 30 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 14000 (on dörd min) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 14030 (on dörd min otuz) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-1000/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1000/2021
03.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver