Məhkəmə qərarları › İş №2(033)-102/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-102/2021

02.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-102/2021 02.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğluna qarşı borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyəti (bundan sonra «xxxx» ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan «xxxx» İKB ASC-nin xeyrinə 28 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə banka 833,35 manat əsas borc, 97.35 manat faiz borcu və 6,71 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 937,41 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «xxxx» ASC iddia tələbini onunla əsaslandırmışdır ki, Əhmədov Dilgəm Hacıbəy oğlu 28 mart 2018-ci il tarixli kredit müqaviləsinə əsasən «xxxx» ASC-dən illik 29 faizlə 36 ay müddətində 1800 manat kredit götürmüşdür. 21 iyul 2020-ci ilədək Əhmədov Dilgəm Hacıbəy oğlunun banka 28 mart 2018-ci il tarixli kredit müqaviləsi üzrə 833,35 manat əsas borc, 97,35 manat faiz borcu və 6,71 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 937,41 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İşə əlavə edilmiş iddiaçının nümayəndəsi İsa Hacıyevin məhkəməyə ünvanladığı teleqramdan görünür ki, o, mülki işə onun iştirakı olmadan baxılıb, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə vəziyyətdə məhkəmə iddiaçının nümayəndəsinin məhkəməyə gəlməməsinin səbəbini üzrlü hesab edərək, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlu məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlunun nümayəndəsi X4 iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək, iddia ərizəsinin təmin edilməsinə etirazının olmadığını bildirdi. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərərsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan «xxxx» İKB ASC ilə Əhmədov Dilgəm Hacıbəy oğlu arasında bağlanmış 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsindən görünür ki, bu müqavilənin predmeti kreditorun borcalana məqsədli istifadə, qaytarılmaq, müəyyən müddətə faizlər ödənilmək və təminatlılıq əsasında kredit verilməsi, borcalanın isə bu müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada kreditdən istifadə etməsi, habelə krediti və kreditə hesablanmış faizləri kreditora ödənilməsinə dair pul öhdəliyidir. Bu müqaviləyə əsasən kreditor borcalana bu müqavilənin 2.1-ci – 2.4-cü bəndlərində nəzərdə tutulmuş qaydada 36 ay müddətinə illik 29 faiz olmaqla istehlak məqsədilə 1800 manat məbləğində kredit verir. İş materiallarında olan 28.03.2018-ci il tarixli məxaric qəbzindən görünür ki, «xxxx» İKB ASC ilə Əhmədov Dilgəm Hacıbəy oğlu arasında bağlanmış 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsinə əsasən 1800 manat kredit Əhmədov Dilgəm Hacıbəy oğluna verilmişdir. İş materiallarında olan 21 iyul 2020-ci il tarixli maliyyə arayışdan görünür ki, borclu Əhmədov Dilgəm Hacıbəy oğlunun 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsi üzrə əsas borcu 833,35 manat, faiz borcu 97,35 manat, cərimə borcu 6,71 manat, cəmi borcu 937,41 manatdır. İşdə olan Vergilər Nazirliyi Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsi tərəfindən verilmiş çıxarışdan müəyyən olunur ki “xxxx” X3 Açıq Səhmdar Cəmiyyətinin hazırki adı “xxxx” Açıq Səhmdar Cəmiyyətidir. İş materiallarından müəyyən olundu ki, «xxxx» İKB ASC ilə Əhmədov Dilgəm Hacıbəy oğlu arasında bağlanmış 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsinə əsasən «xxxx» İKB ASC Əhmədov Dilgəm Hacıbəy oğluna 36 ay müddətinə istehlak məqsədilə illik 29 faizlə 1800 manat məbləğində kredit verməyi, cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlu isə aldığı krediti bu müqavilədə nəzərdə tutulan şərtlərlə və onun ayrılmaz tərkib hissəsi olan kredit ödəniş cədvəlinə (1 saylı əlavə) uyğun olaraq borc verənə qaytarmağı və kreditdən istifadəyə görə hesablanmış faizləri və gecikdirilən hər gün üçün cəriməni ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlanır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159- 18 saylı kredit müqaviləsinə əsasən 833,35 manat əsas borc məbləği cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan «xxxx» İKB ASC ilə Əhmədov Dilgəm Hacıbəy oğlu arasında bağlanmış 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsinin 2.4-cü bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 29 faiz dərəcəsi ilə hesablanan məbləği ödəyir. Kredit üzrə planlaşdırılmış faktiki illik faiz dərəcəsi 30.564 faiz təşkil edir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsinə əsasən 97,35 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. İşdə olan 28 mart 2018-ci il tarixli 3-Y-1-0-159-18 saylı kredit müqaviləsinin 2.5-ci bəndindən görünür ki, gecikdirilən kredit ödənişinin əsas borc məbləğinə gecikdirilən hər gün üçün cərimə kimi illik 72 faiz dərəcəsi ilə dəbbə pulu hesablanır və borcalan tərəfindən kreditora ödənilir. İddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğluna qarşı hazırkı iddia tələbinin 6,71 manat məbləğində cərimənin ödənilməsi hissəsini də qanuni və əsaslı hesab edir. Çünki, kredit borcu üzrə öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi yalnız cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlunun təqsiri üzündən baş vermişdir. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsi Plenumunun 31 yanvar 2006-cı il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Göründüyü kimi «xxxx» İKB ASC tərəfindən cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğluna kredit açılaraq müqavilə üzrə üzərinə götürdüyü öhdəliyə əməl edilməsinə baxmayaraq, cavabdeh öz növbəsində 28 mart 2018-ci il tarixli müqavilənin şərtlərinə əməl etməmiş, müqavilə şərtlərini pozmuş, üzərinə götürdüyü öhdəliklərin tam şəkildə icrasını təmin etməmişdir. Bu səbəbdən də «xxxx» Açıq Səhmdar Cəmiyyəti qalıq qalmış kredit borcunun ödənilməsini cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan tələb etməkdə haqlıdır. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan 833,35 manat məbləğində əsas məbləğ üzrə borc, 97,35 manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 6,71 manat məbləğində cərimə borcu, cəmi 937,41 manat borc tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan 30 manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 284-6, 357, 358, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan 833,35 (səkkiz yüz otuz üç manat otuz beş qəpik) manat məbləğində əsas məbləğ üzrə borc, 97,35 (doxsan yeddi manat otuz beş qəpik) manat məbləğində hesablanmış və ödənilməmiş faiz borcu, 6,71 (altı manat yetmiş bir qəpik) manat məbləğində cərimə borcu, cəmi 937,41 (doqquz yüz otuz yeddi manat qırx bir qəpik) manat borc tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilsin. Cavabdeh Əhmədov Dilgəm Hacıbəy oğlundan 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «xxxx» Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar