Məhkəmə qərarları › İş №2(033)-1117/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1117/2021

24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1117/2021 24.11.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun tutulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: İddiaçı “TuranBank “ Açıq Səhmdar Cəmiyyəti (bundan sonra "xxxx" ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, TuranBank ASC-nin “Zaqatala” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 “Bank”a olan 3358 manat əsas, 30,80 manat faiz olmaqla, cəmi 3388,80 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən birgə qaydada tutularaq TuranBank ASCyə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X3 iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan əsas borcdan qalığı 3358 manat, faiz borc qalığı 35.65 manat olmaqla, cəmi 3393.65 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zamin - Cavabdeh2, zamin - X6) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X1 iddia ərizəsinə əlavə ərizə ilə məhkəməyə müraciət edərək TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı kredit müqaviləsinin vaxtından əvvəl ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan əsas borcdan qalığı 3310,05 manat, faiz borc qalığı 6.75 manat olmaqla, cəmi 3316,80 manat məbləğində borcun və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən (borclu - Cavabdeh1, zamin - Cavabdeh2, zamin - X6) birgə qaydada tutularaq TuranBank ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdirlər. Cavabdeh2 ərizə ilə müraciət edərək onkoloji xəstə olduğu üçün və müalicə aldığı üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmişdir. Digər cavabdehlər heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı TuranBank ASC-nin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsində qeyd edilənləri təsdiq edərək göstərdi ki, TuranBank Açıq Səhmdar Cəmiyyətinin Zaqatala filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı kredit müqaviləsinə əsasən illik 1% faiz olmaqla, 12 (on iki) ay güzəşt müddəti olmaqla 60 (altmış) ay müddətinə 3358.20 (üç min üç yüz əlli səkkiz manat iyirmi qəpik) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Bank ilə Cavabdeh2, X6 arasında 10 dekabr 2019-cu il tarixli, №1013/GK/12-19-01 saylı zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh kredit müqaviləsi üzrə öhdəliklərinə və müqavilənin şərtlərinə riayət etməmiş, ödəməli olduğu məbləği vaxtında ödəməmişdir. Belə ki, Cavabdeh1 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı kredit müqaviləsinə əsasən 16 iyul 2021-ci il tarixinədək 3,358 (üç min üç yüz əlli səkkiz manat) manat əsas borc, 30.80 (otuz manat, səksən qəpik) manat faiz borcu olmaqla, ümumilikdə 3,388.80 (üç min üç yüz səksən səkkiz manat, səksən qəpik) manat borcu vardır. Tərəflər arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı kredit müqaviləsinin 2.5-ci bəndinə uyğun olaraq “borcalan” ödəniş qrafikinə əsasən kreditin və ona hesablanmış faizlərin qaytarma müddətini pozduğu hallarda illik 0,1 faiz ödəyir. 3.1.2-ci bəndə görə “Borcalan”ın əmlak və maliyyə vəziyyəti əhəmiyyətli dərəcədə pisləşərsə, bu isə borcun qaytarılması tələbi üzrə təhlükə yaradarsa, “Bank” dərhal borcun qaytarılmasını tələb edə bilər. 3.1.5-ci bəndə görə "Bank” müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı (girov, ipoteka, zaminlik və s və "borcalan”ın digər daşınar və daşınmaz əmlakları hesabına ödənilməsini tələb edə bilər. 3.1.6-cı bəndə görə “Bank” kredit müqaviləsində müəyyən edilmiş miqdarda hesablanmış, lakin vaxtında ödənilməmiş faizlərin miqdarında “borcalan”ın kredit borcunu artıra bilər. 3.1.7-ci bəndə görə “Bank” “borcalan” tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi ilə əlaqədar borcun məcburi qaydada alınmasına yönəlmiş məhkəmə qətnaməsi tam icra olunub başa çatanadək hesablanan faizləri tələb etmək hüququna malikdir. Həmin kredit müqaviləsi üzrə öhdəliyin icrasını təmin etmək üçün 10 dekabr 2019-cu il tarixli, İK №1013/GK/12-19 saylı zaminlik müqaviləsinin 2.3-cü bəndinə görə “Borcalan” zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə “zamin” və “borcalan” “Bank” qarşısında birgə məsuliyyət daşıyır. 2.4-cü bəndə görə “borcalan”ın “Bank” qarşısındakı öhdəlikləri icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində “Bank”a dəyən bütün zərərlərin əvəzinin ödənilməsi də daxil olmaqla, “zamin” “Bank” qarşısında “borcalan” ilə eyni həcmdə, yəni tam öhdəlik üzrə məsuliyyət daşıyır. İddia tələbini müdafiə edir və təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Belə ki, işdə olan İddiaçı ASC-in “Zaqatala” filialı ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli İK 1013/GK/12-19 nömrəli kredit müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 30.09.2016-ci il tarixli, 084/FM/16 saylı kredit müqaviləsinə (bundan sonra əvvəlki kredit müqaviləsi adlanacaq) əsasən ona 30 (otuz) ay müddətinə qaytarmaq şərti ilə 5982 (beş min doqquz yüz səksən iki) manat məbləğində kredit vermişdir və tərəflər hazırkı müqaviləni bağlamaqla vaxtı keçmiş həmin kredit borcunun restrukturizasiyası barədə razılığa gəlirlər. Bu məqsədlə Bank 12 (on iki) ay güzəşt müddəti olmaqla, 60 (altmış) ay müddətinə qaytarmaq şərti ilə 3358.20 (üç min üç yüz əlli səkkiz manat 20 qəp.) manat məbləğində kredit verməyi, Borcalan krediti qəbul edib bu Müqavilədə göstərilən müddətdə və qaydada, müqavilənin tərkib hissəsi olan ödəniş qrafiki əsasında krediti və həmin kreditə görə hesablanmış faizləri Banka qaytarmağı öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən borcalan bu kreditdən istifadəyə görə illik 1 % olmaqla faiz ödəyir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən tərəflər razılaşırlar ki, hazırkı kredit müqaviləsi üzrə borcalana veriləcək kredit məbləği 30.09.2016-cı il tarixli, 084/FM/16 saylı kredit müqaviləsi üzrə 360 gündən çox müddətə vaxtı keçmiş 3358.20 (üç min üç yüz əlli səkkiz manat 20 qəp.) manat məbləğində kredit borcunun silinməsinə yönəldiləcəkdir və hazırkı kreditin məqsədi məhz qeyd edilən kredit müqaviləsi üzrə qalıq kredit borcun restrukturizasiya edilərək ödənilməsindən ibarətdir. Həmin kredit müqaviləsinin 4.1.4-cü bəndinə əsasən, borcalan üzərinə götürdüyü öhdəliyi yerinə yetirməzsə və ya lazımınca yerinə yetirməzsə, bankın müqavilə ilə nəzərdə tutulan kreditin verilməsini dayandırmaq və ya verilmiş kreditin vaxtından əvvəl qaytarılmasını tələb etmək, həmçinin cərimə faizi və dəbbə pulu daxil olmaqla kredit və faiz borcunu kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı və borcalanın digər daşınar və daşınmaz əmlaklarının hesabına ödənilməsini tələb etmək, habelə bu məqsədlə məhkəmədə iddia qaldırmaq hüququ vardır. İşdə olan İddiaçı ASC-in “Zaqatala” filialı ilə Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli zaminlik müqaviləsinin təsdiq edilmiş surətindən görünür ki, zaminlər 10 dekabr 2019-cu il tarixli İK 1013/GK/12- 19 nömrəli kredit müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Zaminlik müqaviləsinin 2.3-cü bəndində göstərilir ki, borcalan zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və borcalan bank qarşısında birgə məsuliyyət daşıyır. İşdə olan 10 dekabr 2019-cu il tarixli məxaric orderinin təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh1 3358,2 manat kredit vəsaitini almışdır. İşdə olan xəbərdarlığın surətindən görünür ki, İddiaçı ASC-in “Zaqatala” filialının direktoru tərəfindən cavabdehlərdən borcun ödənilməsi tələb edilmiş, əks halda, məhkəməyə müraciət olunacağı barədə onlar xəbərdar edilmişlər. İşdə olan 27.10.2021-ci il tarixli 480 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh1nun 10 dekabr 2019-cu il tarixdə 1013/GK/12-19 saylı kredit müqaviləsi üzrə 27 oktyabr 2021-ci il tarixə 3310,05 manat əsas borc, 6,75 manat faiz borcu, cəmi 3316,80 manat borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 30.09.2016-ci il tarixli, 084/FM/16 saylı kredit müqaviləsinə əsasən ona 30 (otuz) ay müddətinə qaytarmaq şərti ilə verilmiş 5982 (beş min doqquz yüz səksən iki) manat məbləğində kreditin ödənilməmiş 3358.20 (üç min üç yüz əlli səkkiz manat 20 qəpik) manat hissəsinin restrukturizasiyası məqsədi ilə 12 ay müddətinə illik 1 faiz dərəcəsi ilə 3358.20 (üç min üç yüz əlli səkkiz manat 20 qəp.) manat məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh1 tərəfindən 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsi əhəmiyyətli dərəcədə pozulduğundan İddiaçı ASC müqavilənin ləğv edilməsini tələb etməkdə haqlıdır və iddia tələbi qeyd edilən hissədə təmin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsinə əsasən 3310,05 manat əsas borc məbləği Cavabdeh1 alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan 10 dekabr 2019-cu il tarixli İK seriyalı 1013/GK/12-19 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən aydın olur ki, cavabdeh məlum kredit məbləğini faizlərlə (illik 1 faizlə) ödəməyi öhdəsinə götürmüşdür. Məhkəmə həmçinin hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə əsas borca hesablanmış 6,75 manat faiz borcunun da Cavabdeh1 tam şəkildə alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Məhkəmə hesab edir ki, 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli zaminlik müqavilələrinin şərtlərinə görə zaminlər-cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında borcalan Cavabdeh1 ilə birgə məsuliyyət daşıyırlar və onların iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Cavabdehlər iddiaçı qarşısında kreditin qaytarılması üçün müştərək qaydada məsuliyyət daşıdıqlarına görə məhkəmə hesab edir ki, 3310,05 manat əsas kredit borcu, 6,75 manat ona hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə və müştərək qaydada tutulmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən müştərək qaydada tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi təmin edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsi ləğv edilməli, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsi üzrə 3310,05 manat əsas kredit borcu, 6,75 manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu olmaqla, cəmi 3316,80 manat məbləğində vəsait və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu tutulmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsi ləğv edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 10 dekabr 2019-cu il tarixli 1013/GK/12-19 nömrəli kredit müqaviləsi üzrə 3310,05 (üç min üç yüz on manat beş qəpik) manat əsas kredit borcu, 6,75 (altı manat yetmiş beş qəpik) manat kreditdən istifadəyə görə hesablanmış faiz borcu olmaqla, cəmi 3316,80 (üç min üç yüz on altı manat səksən qəpik) manat məbləğində vəsait alınaraq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar