Məhkəmə qərarları › İş №2(033)-118/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-118/2021

03.02.2021 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-118/2021 03.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 və Cavabdeh iştirakları ilə İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı vurulmuş ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC-nin əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5587 manat və dövlət rüsumu kimi ödənilmiş 30 manat məbləğin Cavabdeh tutularaq Cəmiyyətin bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclası zamanı iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X3 iddia ərizəsini müdafiə edərək izahatında göstərdi ki, “X6” MMC (bundan sonra Cəmiyyət) ilə Cavabdeh arasında bağlanmış 30.03.2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 20.06.2019-ci il 258-K saylı əmrlə administrator vəzifəsinə keçirilmiş, 18.12.2019-cu il 564-K saylı əmrlə işdən azad edilmişdir. Cavabdeh iş vaxtı ərzində bilavasitə iş yerində intizam xətasına yol vermişdir. Belə ki, 29.08.2019-cu il və 14.10.2019-cu il tarixlərində İddiaçı MMC-nin Oba Zaqatala 1 mağazasında çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində Cavabdeh Cəmiyyətə zərər vurması müəyyən edilmiş, 29.08.2019-cu il və 14.10.2019-cu il tarixli “İnventarizasiya Nəticələrinə” dair Aktlara əsasən yekun ziyan məbləğ 5792 (beş min yeddi yüz doxsan iki) manat məbləğində zərər vurması məlum olmuşdur. Maliyyə arayışından məlum olur ki, ümumi borc 5792 (beş min yeddi yüz doxsan iki) manat borcdan 205 (iki yüz beş) manat güzəşt edilmiş qalıq borc 5587 manat təşkil edir. Qalıq borcun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, heç bir ödəniş həyata keçirilməmişdir. Beləliklə, cavabdeh Süleyman Şabanov həm Azərbaycan Respublikasının Əmək Məcəlləsi və Mülki Məcəlləsinin müddəalarını, həm də onunla bağlanmış əmək müqaviləsi və X4 haqqında müqavilənin şərtlərini kobud şəkildə pozmuşdur. Buna görə də, hazırki iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiasını müdafiə edir və hesab edir ki, iddiası əsaslıdır. İddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, o, həqiqətən də 30.03.2018-ci il 3 (üç) aylıq sınaq müddəti tətbiq edilməklə müddətsiz əmək müqaviləsi ilə satıcı kassir vəzifəsinə işə qəbul olunmuş və “X4” haqqında müqavilə imzalanmışdır. 20.06.2019-ci il 258-K saylı əmrlə administrator vəzifəsinə keçirilmişdir. İşlədiyi dövrdə heç bir nöqsana yol verməmiş və onun iddia tələbində göstərilən miqdarda kəsiri yaranmamışdır. İddiaçı MMC-nin nümayəndəsi qeyd edir ki iki fərqli tarixdə inventarizasiya aparılmış və hər ikisində kəsirləri aşkar edilmişdir. Belə olan halda ilk inventarizasiyadan sonra kəsiri vardırsa niyə o işdən azad edilməmişdir. İkinci inventarizasiyadan sonra onu yenə də işdən azad etməmişlər və o könüllü olaraq işdən çıxmışdır. İşlədiyi dövrdə mağazada olan malların qeydiyyatını apararkən “+” işarəsi ilə qeyd edir, işdə olduğu dövrdə malların sayımına özü nəzarət edib həftədə iki istirahət günü olduğu üçün bəzi mal sayımı günləri işdə olmamış, ola bilsin ki, o işdə olmadığı dövrdə yeyinti olmuş, o da işdə olmadığı üçün nəzarət edə bilməmiş və kəsiri də ona görə yaranmışdır. Hazırda 150 manat əmək haqqı alır və qeyd edilən məbləği ödəmək imkanı yoxdur. İddia tələbini qəbul etmir, iddia ərizəsinin rədd edilməsini xahiş edir. İşdə olan əmək müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, işəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında 30 mart 2018-cı il tarixdə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə müvafiq olaraq əmək müqaviləsi bağlanmışdır. İşdə olan X4 haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, 30 mart 2018-cı il tarixdə işəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 30.03.2018-ci il tarixli121-K saylı əmrdən çıxarışdan görünür ki, Cavabdeh 3 (üç) ay sınaq müddəti müəyyən edilməklə Satıcı-Kassir vəzifəsinə işə qəbul edilmişdir. İşdə olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 19 iyun 2018-ci il tarixli 258-K saylı vəzifə dəyişikliyi haqqında əmrdən çıxarışdan görünür ki, Cavabdeh 20.06.2019-ci il tarixdən administrator vəzifəsinə keçirilmişdir. İşdə olan X4 haqqında müqavilənin təsdiq olunmuş surətindən görünür ki, 20 iyun 2019-cı il tarixdə işəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. İşdə olan əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən görünür ki, işəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında bağlanmış 30.03.2018-ci il tarixli əmək müqaviləsinə 18.12.2019-cu il tarixdə xitam verilmişdir. İşdə olan 14.10.2019-cu il tarixində Oba-Zaqatala 1 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 2545,19 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İşdə olan 29.08.2019-cu il tarixində Oba-Zaqatala 1 filialında aparılmış növbədənkənar inventarizasiya nəticələrinə dair yekun aktdan görünür ki, yoxlama nəticəsində 4097,44 manat məbləğində kəsir aşkar edilmiş və maddi məsul şəxs Cavabdeh aktı imzalamaqdan imtina etmişdir. İşdə olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən Cavabdeh ünvanlanmış 12.08.2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, "İddiaçı Zaqatala 1 filialında adminstrator vəzifəsində işlədiyi dövrdə fəaliyyətiniz 29.08.2019 və 14.10.2019-cu il tarixlərində yoxlanılmış və aşkar edilmiş 5792 manat maddi ziyan məbləğini 3 gün müddətdə ödəmədiyi təqdirdə barəsində müvafiq hüquqi tədbirlər həyata keçiriləcəyinə dair xəbərdar edilmişdir. İşdə olan “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 12 avqust 2020-ci il tarixli arayışdan görünür ki, 29.08.2019-cu il və 14.10.2019-cu il tarixlərində Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5792 manat çatışmazlıq müəyyən edilmiş, Cavabdeh 5792 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 205 (iki yüz beş) manat Cəmiyyətin xəzinəsinə mədaxil etməklə 5587 manat borcunun qaldığı müəyyən edilmişdir. Məhkəmə iclası zamanı iddiaçının izahatı, işdə olan sənədlərin bilavasitə tədqiqi nəticəsində aydın oldu ki, işəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında 30 mart 2018-cı il tarixdə əmək müqaviləsi bağlanmışdır. Həmçinin həmin tarixdə onlar arasında X4 haqqında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən cavabdeh, maddi məsul şəxs ona işəgötürən tərəfindən etibar edilmiş maddi sərvətlərin qorunub saxlanması, görüləcək işi layiqincə yerinə yetirməyi tam məsuliyyəti ilə öz üzərinə götürmüşdür. 29.08.2019-cu il və 14.10.2019-cu il tarixlərdə Cəmiyyətin Zaqatala mağazasında administrator vəzifəsində çalışdığı zaman aparılmış inventarizasiya nəticəsində cavabdeh Süleyman Şabanovun Cəmiyyətə 5792 (beş min yeddi yüz doxsan iki) manat məbləğində zərər vurması müəyyən edilmişdir. Cavabdeh yoxlamanın nəticələrinə dair aktları imzalamaqdan imtina etmiş və dəymiş maddi zərərlə razılaşmadığını qeyd etmişdir. İşəgötürən “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə işçi Cavabdeh arasında bağlanmış 30.03.2018-ci il tarixli əmək müqaviləsinə 18.12.2019-cu il tarixdə xitam verilmişdir. Çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 205 (iki yüz beş) manat Cəmiyyət tərəfindən bağışlanmış 5587 manat qalıq borcu qalmışdır. Qalıq borcunun ödənilməsi barədə cavabdehə dəfələrlə bildirilsə də, lakin indiyədək heç bir ödəniş həyata keçirilməmişdir. İddiaçının nümayəndəsi iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilən, biri-digərini tamamlayan mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyəti olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-cu maddəsinin ç bəndinə əsasən işəgötürənə vurduğu maddi ziyana görə məsuliyyət daşımaq əmək müqaviləsi üzrə işçinin əsas vəzifələrindəndir. Həmin Məcəllənin 194-cü maddəsinə əsasən ziyan vurmaqda təqsirli olan tərəf cinayət məsuliyyətinə, habelə inzibati və digər məsuliyyətə cəlb edilməsindən asılı olmayaraq müəyyən edilmiş qaydada maddi ziyanın məbləğini ödəməyə borcludur. Ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmir. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə X4 götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda, inzibati xətalar, yaxud cinayət, habelə vergi qanunvericiliyi ilə cəza verilməsi nəzərdə tutulmuş hərəkət və ya hərəkətsizliyində ictimai təhlükəli əməllərin əlamətləri olduqda İşçi qanunazidd hərəkətləri ilə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır. Həmin Məcəllənin 202.1-ci maddəsinə əsasən işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə əsasən işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Həmin Məcəllənin 205.2-ci maddəsinə əsasən əgər ziyan işçi tərəfindən X4 daşıdığı hallarda vurulmuşdursa, onun məbləği isə işçinin orta aylıq əmək haqqından çoxdursa və işçi onu könüllü olaraq ödəməkdən imtina edirsə, onda işəgötürənin müraciəti əsasında həmin ziyan məhkəmə qaydasında ödənilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Məhkəmə iş üzrə toplanmış və tədqiq edilmiş sübutları müqayisəli təhlil edərək qeyd edir ki, tərəflər arasında əmək müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış və bu hal işin mübahisəsiz halını təşkil edir. Cavabdeh iddiaçı cəmiyyətdə administrator işləmiş, 29.08.2019-cu il və 14.10.2019-cu il tarixlərdə Cavabdeh ilə bağlı təftiş yoxlaması və təhvil təslim işlərinin nəticəsi olaraq hesabında 5792 manat çatışmazlıq müəyyən edilmişdir. Cavabdeh 5792 manat çatışmazlıq müəyyən edildiyi yoxlamadan keçən dövrdə 205 (iki yüz beş) manat həcmində borc cəmiyyət tərəfindən cavabdehə bağışlanılmış, onun 5587 manat borcu qalmışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla “X6” Məhdud Məsuliyyətli Cəmiyyəti onun əmlakına (maddi qiymətlilərə) vurulmuş ziyana görə cavabdeh tərəfindən ödənilməmiş 5587 manat məbləğin tutularaq Cəmiyyətin bank hesabına ödənilməsini Cavabdeh tələb etməkdə haqlıdır. Məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir (N.Məmmədovanın şikayəti üzrə Konstitusiya Məhkəməsinin 31 yanvar 2006-cı il tarixli qərarı). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh 5587 manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin iddia ərizəsi ilə bağlı dövlət rüsumu olaraq dövlətə ödədiyi 30 (otuz) manat onun xeyrinə cavabdehdən tutulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227.1 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 5587 (beş min beş yüz səksən yeddi) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı “X6” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar