Məhkəmə qərarları › İş №2(033)-126/2022

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-126/2022

18.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-126/2022 18.04.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin Cavabdeh qarşı kredit üzrə borcun qaytarılması və tutmanın girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə aşağıdakıları müəyyən etdi İddia tələbinin dəlilləri İddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyəti (bundan sonra-"xxxx" BOKT ASC) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 15.07.2020-ci il tarixli 002705/20 saylı kredit müqaviləsinə əsasən 10428,55 manat məbləğində əsas borcun, 3673,86 manat məbləğində faiz borcunun, 13,88 manat məbləğində cərimə borcunun, cəmi 14116,29 manat və iş üzrə ödənilmiş 133 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması, tutmanın iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş (boyunbağ 2 ədəd 61.9 qram, qolbaq 4 ədəd 41.1 qram, saat 1 ədəd 52 qram, üzük 3 ədəd 14.1 qram, üzük 1 ədəd 3.4 qram, dəst 3 ədəd 9.9. qram, sırğa 2 ədəd 11.9 qram) qızıl-zinət əşyalarına yönəldilməsi, girov əşyalarının açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin cavabdehin borcuna yönəldilməsi, girov predmetinin satışından götürülmüş məbləğ iddiaçının tələblərini ödəmək üçün kifayət etmədikdə çatışmayan məbləğin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 15.07.2020-ci il tarixində İddiaçı və Cavabdeh arasında 002705/20 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə illik faiz dərəcəsi 34% olmaqla 10786 (on min yeddi yüz səksən altı) AZN məbləğində pul ayrılmışdır. Müqaviləyə əsasən kreditin əsas məbləği və ona hesablanan faizlər 36 (otuz altı) ay müddətində kredit müqaviləsinə 1 saylı əlavədə nəzərdə tutulmuş qrafik üzrə iddiaçıya ödənilməli idi. Kreditin təminatı olaraq Cavabdeh ilə İddiaçı arasında bağlanmış 15.07.2020-ci il tarixli 002270/20/G saylı Girov müqaviləsinə əsasən həmin müqavilənin 1 saylı əlavəsində göstərilən qızıl-zinət əşyaları girov qoyulmuşdur. Cavabdehlə müqavilə bağlandıqdan sonra iddiaçı müqavilə üzrə öhdəlikləri tam şəkildə vaxtında icra edərək müqavilədə nəzərdə tutulmuş məbləği ayırmış, cavabdeh isə qismən ödənişlər etdikdən sonra ödənişləri dayandırmışdır. Cavabdeh iddiaçıya 20.10.2021-ci il tarixə olan borcu əsas borc: 10428.55 (on min dörd yüz iyirmi səkkiz manat 55 qəpik) AZN, faiz borcu: 3673.86 (üç min altı yüz yetmiş üç manat, 86 qəpik), cərimə: 13.88 (bir on üç manat, 88 qəpik) AZN, cəmi: 14116.29 (on dörd min yüz on altı manat, 29 qəpik) AZN-dir. Cavabdehə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq öhdəliyini icra etməmiş, bu günə qədər borclarını ödəməmişdir. Cavabdehə borcun əsas məbləğinin, ona hesablanmış faizlərin və cərimələrin ödənilmədiyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə bildiriş göndərilmişdir. Cavabdehin iddiaçı qarşısında öhdəliyi müqavilədən yaranan öhdəlikdir. İddia tələbinə qarşı etirazın dəlilləri İddia tələbinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək onun dəlillərini müdafiə etdiyini bildirdi və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qeydiyyatda olduğu ünvana məhkəmə bildirişi göndərilməklə xəbərdar edilməsinə baxmayaraq, o məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Cavabdehin məhkəmə baxışı iclasına gəlməməsinin səbəbi haqqında məlumat olmadığına görə məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin halları: 15.07.2020-ci il tarixli iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002705/20 nömrəli kredit müqaviləsindən görünür ki, "xxxx" BOKT ASC tərəfindən Cavabdeh 36 ay müddətinə illik 34 faiz dərəcəsi ilə 10786 manat kredit verilmişdir. Həmin kredit Müqaviləsinin 2.3-cü bəndinə əsasən kredit müqaviləsi üzrə öhdəliklər 15 iyul 2022-ci ilədək tam yerinə yetirilməlidir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən Bu Müqavilə üzrə 1 (bir) gündən 90 (doxsan) günədək gecikdirilmiş kreditə görə, “Kreditalan" hər gecikdirilən gün üçün gecikdirilmiş kreditin (əsas borc məbləğinin) 1 (bir) faizi miqdarında cərimə ödəyir. Həmin Müqavilənin 6.1-ci maddəsinə əsasən kredit alanın hu müqavilədən irəli gələn öhdəliyinin icrasını təmin etmək məqsədilə "Kredit verən" lə Cavabdeh 15 iyul 2020-ci il tarixli 002705/20/G saylı girov müqaviləsi bağlanılır. Bu məqsədlə bağlanmış girov müqaviləsi bu müqaviləyə əsasən verilən kreditin faizi ilə birlikdə qaytarılmasına dair öhdəliyin vaxtında və lazımi qaydada icrasının təmin edilməsi üsuludur. 15.07.2020-ci il tarixli iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 002705/20/G nömrəli girov müqaviləsindən görünür ki, 15.07.2020-ci il tarixli 002705/20 saylı kredit müqaviləsinin təminatı kimi Cavabdeh müqavilənin tərkib hissəsi olan qiymətləndirmə aktında qeyd edilən 7 adda tərəflərin razılığı ilə qiyməti 15409 manat dəyərində qiymətləndirilmiş qızıl-zinət əşyalarını "xxxx" BOKT ASC-nin xeyrinə yüklü etmişdir. Həmin Müqavilənin 3.2-ci bəndinə əsasən girov ilə təmin olunmuş öhdəliyin icra müddəti Kredit müqaviləsi ilə müəyyən edilir. Həmin Müqavilənin 4.2.2-ci maddəsinə əsasən borclu kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə “girov saxlayan" kredit borcunu, faizləri, zərəri, məhkəmə və ümumi tələbin 5%dən aşağı olmamaq şərti ilə nümayəndə xərclərini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. Həmin Müqavilənin 5.1.2-ci bəndinə əsasən əsas öhdəliyin və ya onun bir hissəsinin icra olunmaması və kredit müqaviləsi üzrə hər hansı bir ödəniş müddətinin iki dəfədən çox pozulması halında tələb birbaşa Girov predmetinə yönəldilir. Həmin Müqavilənin 5.2-ci bəndinə əsasən “borclu” Kredit müqaviləsi üzrə öz öhdəliklərini icra etmədikdə və ya Müqavilədə müəyyən edilmiş müddətdə və qaydada icra etmədikdə "girov saxlayan" kredit borcunun, faizlərin, cərimənin və zərərin ödənilməsi tələbini Girova qoyulmuş əmlaka yönəltmək hüququna malikdir. 15 iyul 2020-ci il tarixli qiymətləndirmə aktından görünür ki, 585 əyyar 1 əşyanın çəkisi 61,9 qram olan 2 ədəd qızıl boyun bağın yekun dəyəri 3893 manat, 585 əyyar 1 əşyanın çəkisi 41,1 qram olan 4 ədəd qızıl qolbağın yekun dəyəri 2585 manat, 585 əyyar 1 əşyanın çəkisi 52 qram olan 1 ədəd qızıl saatın yekun dəyəri 3270 manat, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 3 ədəd qızıl üzüyün yekun dəyəri 887 manat, 750 əyyar 1 əşyanın çəkisi 2,7 qram olan 1 ədəd qızıl üzüyün yekun dəyəri 214 manat, 585 əyyar 1 əşyanın çəkisi 9,9 qram olan 3 əşyadan ibarət dəstinin yekun dəyəri 623 manat, 750 əyyar 1 əşyanın çəkisi 10,30 qram olan 2 ədəd qızıl sırğanın yekun dəyəri 748 manat olduğu müəyyən edilmiş və həmin akt girov qoyan Cavabdeh tərəfindən imzalanmışdır. "xxxx" BOKT ASC tərəfindən cavabdehə ünvanlanmış 06 avqust 2021-ci il tarixli bildirişdən görünür ki, 15.07.2020-ci il tarixli 002705/20 saylı kredit müqaviləsinə əsasən 05.08.2021-ci il tarixə yaranmış kredit borcu 3 (üç) gün müddətində ödənilməsini tələb olunmuş, əks halda kredit borcunun ödənilməsi tələbi ilə bağlı barənizdə məhkəmədə iddia qaldırılacağı ona bildirilmişdir. Ödənişlər üzrə çıxarışdan görünür ki, Cavabdeh 15.07.2020-ci il tarixli kredit müqaviləsi üzrə 21.10.2021-ci il tarixə əsas borcu 10428,55 manat, faiz borcu 3673,86 manat, dəbbə borcu 13,88 manat, cəmi 14116,29 manat borcu vardır. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 19 nömrəli rəyindən görünür ki, aparılmış tədqiqatlar nəticəsində Zaqatala şəhərində yerləşən, "xxxx" BOKT ASC-nin Zaqatala filialında 15.07.2020-ci il tarixli, 002705/20/G saylı kredit müqaviləsi üzrə girovda olan, Cavabdeh məxsus 7 (cəmi 16 ədəd) predmetdən (boyunbağı, qolbaq, saat, və s.) ibarət zərgərlik məmulatlarının əlamətlərinə, yəni qızılın əyarına, çəkisinə, məmulatın üstündə olan qaşların keyfiyyətinə və ölçüsünə müvafiq olaraq, nəzəri hesablama yolu ilə dəyəri, hər biri ayrı ayrılıqda qeyd edilməklə girov predmetinin orta bazar qiymətlərinə uyğun olaraq hazırda ilkin satış qiyməti təxminən 10739.7 (on min yeddi yüz otuz doqquz min, 70 qəpik) manat müəyyən edilir. Qeyd: Respublika bazarlarında fəaliyyət göstərən qızıl-zinət malları satışı mağazalarında mövcud olmuş 2022-ci il tarixə olan qiymətlərdən, tələblə-təklifdən, eləcə də qiymətə təsir edən digər amillərdən (zərgərlik dəstinin əyarından, üstündə olan brilyant, zümrüd və ya digər qaşların keyfiyyətindən və ölçüsündən, kolyenin istehsal yerindən, məmulatın işlənməsinin mürəkkəbliyindən, dəbdən və sair) asılı olaraq, yuxarıda müəyyən edilmiş qiymətdə dəyişiklik olması istisna edilmir. Rəydə qeyd edilmiş sxemə əsasən Cavabdeh məxsus 7 (cəmi 16 ədəd) predmetləri və onların likvid dəyəri: 585 əyyar 1 əşyanın çəkisi 61,9 qram olan 3398,31 manat dəyərində 2 ədəd qızıl boyun bağı, 585 əyyar 1 əşyanın çəkisi 41,1 qram olan 2256,39 manat dəyərində 4 ədəd qızıl qolbağı, 585 əyyar 1 əşyanın çəkisi 52 qram olan 2854,8 manat dəyərində 1 ədəd qızıl saat, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 774,09 manat dəyərində 3 ədəd qızıl üzük, 750 əyyar 1 əşyanın çəkisi 2,7 qram olan 189,54 manat dəyərində 1 ədəd qızıl üzük, 585 əyyar 1 əşyanın çəkisi 9,9 qram olan 543,51 manat dəyərində 3 əşyadan ibarət dəst, 750 əyyar 1 əşyanın çəkisi 10,30 qram olan 723,06 manat dəyərində 2 ədəd qızıl sırğa. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış məhkəmə əmtəəşunaslıq ekspertizasının dəyəri 150 (bir yüz əlli) manat təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 14.2.1-ci maddəsində qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərin bağlanması mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri kimi təsbit edilmişdir. 269.7-ci maddəsinə əsasən girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. Daşınar əmlakın yüklülüyü haqqında” Azərbaycan Respublikası Qanununun şamil edildiyi yüklülük predmetinə tutmanın yönəldilməsi həmin Qanunla müəyyən edilmiş qaydada həyata keçirilir. 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öhdəlikdə tərəf kimi mülki-hüquq münasibətlərinin bütün iştirakçıları–fiziki və hüquqi şəxslər, dövlət hakimiyyəti və yerli özünüidarə orqanları çıxış edə bilərlər (Mülki Məcəllənin 5-ci maddəsi). Hər bir öhdəlikdə borclu–pul ödəməyə, əmlak verməyə, işi icra etməyə, xidmət göstərməyə borclu olan şəxs və kreditor–borcludan vəzifəsini icra etməyi tələb etmək hüququ olan şəxsdir. 386.1-ci maddəsinə görə isə öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. 445.1-ci maddəsinə əsasən İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. 445.3-cü maddəsində göstərilir ki Əgər borclu icra müddəti çatdıqdan sonra kreditorun xatırlatmasına baxmayaraq öhdəliyi icra etməzsə, o, icranı xatırlatma üzrə gecikdirmiş sayılır. Öhdəliyin icrası barədə iddia irəli sürülməsi, habelə icraya dair yazılı tələbin çatdırılması xatırlatmaya bərabər tutulur. 448.1-ci maddəsinə əsasən, əgər həmin Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir. 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. 458.1-ci maddəsinə əsasən əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 222.1-ci maddəsinə əsasən məhkəmə əmlakın natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarı Banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə qətnaməsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 24.11.2005-ci il tarixli Qərarı 9.2-ci bəndində qeyd olunmuşdur ki, əmlak tələbi barədə iddialar təmin olunduqda gələcəkdə qətnamənin icrasının müəyyənliyini və mümkünlüyünü təmin etmək məqsədilə qət edilən əşyaların hər birinin ayrı-ayrılıqda dəyəri və qət olunan əmlakın cavabdehdən naturada alınması mümkün olmadığı hallarda həmin əmlakın dəyərinin pulla ödənilməsi də qətnamədə həll olunmalıdır. 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmənin mövqeyi Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, məhkəmə iclasında təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə aylıq faiz dərəcəsi 34 faiz olmaqla 36 ay müddətinə hissə-hissə qaytarılmaq şərti ilə 10786 (on min yeddi yüz səksən altı) manat kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminat üsulu kimi eyni tərəflər arasında 15.07.2020-ci il tarixli 002705/20 G nömrəli girov müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə məxsus qiymətləndirmə aktına əsasən ümumi dəyəri 15409 manat müəyyən edilmiş 7 adda qızıl zinət əşyaları iddiaçının xeyrinə yüklü edilmişdir. Bununla da onların arasında girovla təmin edilmiş öhdəlik münasibətləri yaranmışdır. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun kredit müqaviləsi üzrə 21.10.2021-ci il tarixə əsas borc üzrə 10428,55 manat, faiz borcu üzrə 3673,86 manat, dəbbə borcu üzrə 13,88 manat, cəmi 14116,29 manat borcu yaranmışdır. İddiaçı "xxxx" BOKT ASC 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsi üzrə yaranmış kredit borcunun 15.07.2020-ci il tarixli 002705/20 G nömrəli girov müqaviləsi üzrə girov predmeti hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 19 nömrəli rəyi ilə girov predmeti olan 7 adda qızıl zinət əşyalarının ümumi dəyərinin 10739,7 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Mülki Məcəllənin göstərilən müddəaları baxımından iddiaçı və cavabdeh arasında müqavilə hüquq münasibətlərindən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və iddiaçının ona vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbi də məhz müqavilə hüququ çərçivəsində dəyərləndirilməlidir. Belə ki, zərərin əvəzinin ödənilməsinə dair Mülki Məcəllənin 21-ci maddəsi mərkəzi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsasının özü isə digər hüquq sahələrində (məs, müqavilə hüququ, delikt hüququ və s.) axtarılmalıdır. Mülki Məcəllədə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425-ci maddəsində təsbit edilmiş “vicdanlılıq” anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir. Məhkəmə hesab edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə bank arasında bağlanmış 15.07.2020-ci il tarixli 002705/20 saylı kredit müqaviləsinin yuxarıda qeyd olunmuş müddəaları baxımından Cavabdeh hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, onun tərəfindən kredit öhdəlikləri üzrə müəyyən ödənişlər edilsə də, sonradan ödənişlərin edilməsi dayandırılmışdır. Bu halda öhdəliyin lazımınca icra edilməməsinə görə onun məsuliyyət məsələsi Mülki Məcəllənin 443.1-ci maddəsinə görə həll edilməlidir. Həmin maddəyə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Beləliklə, iddiaçının Cavabdeh münasibətdə tələbi qanuni və əsaslı olduğu üçün təmin edilməlidir. Qanunvericiliyin yuxarıda qeyd edilən normalarına əsasən iddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirdiyindən, cavabdeh isə həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən məhkəmə hesab edir ki, 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinə əsasən 10428,55 manat əsas borc Cavabdeh alınaraq iddiaçıya qaytarılmalıdır. Məhkəmə iddia tələbinin 3673,86 manat faiz borcunun cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə qanunvericiliyin yuxarıda qeyd edilən normaları əsasında münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan “iddiaçı "xxxx" BOKT ASC ilə Cavabdeh arasında bağlanmış 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinin 2.2-ci bəndindən görünür ki, borcalan alınmış kredit üçün illik 34 faiz ödəməlidir. Kredit üzrə faktiki illik faiz dərəcəsi 34,8 faizdir. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Göründüyü kimi, cavabdeh qeyd olunan kredit müqaviləsini iddiaçı ilə könüllü bağlamaqla müqavilədə qeyd olunan şərtlərdən məlumatlı olmuşdur. Müqavilədə kredit veriləcək valyutanın məbləği və növü, müqavilənin müddəti, ödəniləcək faiz dərəcəsi dəqiq müəyyən edilmişdir. Kredit müqaviləsinin predmetini manat və ya xarici valyuta təşkil etdiyindən, bu valyuta da iddiaçının mülkiyyəti sayılır və mülkiyyəti kimi verdiyindən, mülkiyyəti kimi də cavabdehdən qaytarmaq hüququ vardır. Müqavilənin faiz dərəcəsinə gəlincə məhkəmə qeyd edir ki, cavabdeh məhz müqavilə bağlanan anda daşıyacağı riski bilərək bununla bağlı öhdəlik götürmüşdür. Məhkəmə iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 13,88 manat cərimənin cavabdehdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 13,88 manat cərimə qismən, 1 manat həddində təmin edilməlidir. Məhkəmə 133 manat dövlət rüsumunun cavabdehdən alınaraq iddiaçının xeyrinə münasibət bildirərək hesab edir ki, iddia tələbi qeyd edilən hissədə də əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə iddia tələbinin 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsi üzrə kredit borcunun və ödənilmiş 133 manat dövlət rüsumunun tutulmasının cavabdeh tərəfindən 15.07.2020-ci il tarixli 002705/20/G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş qızıl-zinət əşyalarına yönəldilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, girov saxlayan iddiaçı "xxxx" BOKT ASC-in tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə dair girov saxlayanla girov qoyan hesab edilən Cavabdeh arasında notariat qaydasında təsdiqlənmiş razılaşma mövcud olmadığından və buna görə də girov saxlayanın, yəni iddiaçı "xxxx" BOKT ASC-in tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilməli olduğundan iddiaçı iddia tələbinin qeyd edilən hissəsi ilə müraciət etməkdə haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış 15.07.2020-ci il tarixli 002705/20/G nömrəli girov müqaviləsi eyni tərəflər arasında bağlanmış 15.07.2020ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinin təminat üsulu kimi çıxış etdiyindən və cavabdeh tərəfindən kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyindən iddiaçının tələblərinin ödənilməsi məqsədi ilə tələb girov qoyulmuş 7 adda qızıl-zinət əşyalarına (boyunbağ 2 ədəd 61.9 qram, qolbaq 4 ədəd 41.1 qram, saat 1 ədəd 52 qram, üzük 3 ədəd 14.1 qram, üzük 1 ədəd 3.4 qram, dəst 3 ədəd 9.9. qram, sırğa 2 ədəd 11.9 qram) yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, girov əşyalarının ilkin satış qiyməti Azərbaycan Respublikası “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 fevral 2022-ci il tarixli 19 nömrəli rəyinə uyğun müəyyən edilməli, satışdan əldə olunan vəsait cavabdehin borcuna yönəldilməli, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalıdır. Məhkəmə hesab edir ki, 150 manat aparılmış ekspertiza tədqiqatının dəyəri Cavabdeh alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinə əsasən 10428,55 manat məbləğində əsas borc, 3673,86 manat məbləğində faiz borcu, 1 manat məbləğində cərimə borcu, cəmi 14103,41 manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 133 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq iddiaçı "xxxx" BOKT MMC-nin xeyrinə tutulmalı, tutma 15.07.2020-ci il tarixli 002705/20 /G nömrəli girov müqaviləsinə əsasən iddiaçının xeyrinə girov predmeti olaraq qoyulmuş Cavabdeh mülkiyyətindəki 585 əyyar 1 əşyanın çəkisi 61,9 qram olan 3398,31 manat dəyərində 2 ədəd qızıl boyun bağı, 585 əyyar 1 əşyanın çəkisi 41,1 qram olan 2256,39 manat dəyərində 4 ədəd qızıl qolbağı, 585 əyyar 1 əşyanın çəkisi 52 qram olan 2854,8 manat dəyərində 1 ədəd qızıl saat, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 774,09 manat dəyərində 3 ədəd qızıl üzük, 750 əyyar 1 əşyanın çəkisi 2,7 qram olan 189,54 manat dəyərində 1 ədəd qızıl üzük, 585 əyyar 1 əşyanın çəkisi 9,9 qram olan 543,51 manat dəyərində 3 əşyadan ibarət dəst, 750 əyyar 1 əşyanın çəkisi 10,30 qram olan 723,06 manat dəyərində 2 ədəd qızıl sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilməli, girov əşyaları açıq hərracda satılmalı, satışdan əldə olunan vəsait tələbin ödənilməsi üçün yetərli olmadıqda, borcun qalıq hissəsi cavabdehdən tutulmalı, iddia tələbinin qalan hissəsi rədd edilməli, 150 manat aparılmış ekspertiza tədqiqatının dəyəri cavabdehdən alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Göstərilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinə əsaslanaraq, məhkəmə Qət etdi İddia ərizəsi qismən təmin edilsin. Cavabdeh 15.07.2020-ci il tarixli 002705/20 nömrəli kredit müqaviləsinə əsasən, 10428,55 (on min dörd yüz iyirmi səkkiz manat əlli beş qəpik) manat məbləğində əsas borc, 3673,86 (üç min altı yüz yetmiş üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu, 1 (bir) manat məbləğində cərimə borcu, cəmi 14103,41 (on dörd min bir yüz üç manat qırx bir qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumu iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Cəmi 14103,41 (on dörd min bir yüz üç manat qırx bir qəpik) manat məbləğində kredit borcu və iş üzrə ödənilmiş 133 (bir yüz otuz üç) manat məbləğində dövlət rüsumunun ödənilməsi üzrə tutma 15.07.2020-ci il tarixli 002705/20 /G nömrəli girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh mülkiyyətindəki 585 əyyar 1 əşyanın çəkisi 61,9 qram olan 3398,31 manat dəyərində 2 ədəd qızıl boyun bağı, 585 əyyar 1 əşyanın çəkisi 41,1 qram olan 2256,39 manat dəyərində 4 ədəd qızıl qolbağı, 585 əyyar 1 əşyanın çəkisi 52 qram olan 2854,8 manat dəyərində 1 ədəd qızıl saat, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 774,09 manat dəyərində 3 ədəd qızıl üzük, 750 əyyar 1 əşyanın çəkisi 2,7 qram olan 189,54 manat dəyərində 1 ədəd qızıl üzük, 585 əyyar 1 əşyanın çəkisi 9,9 qram olan 543,51 manat dəyərində 3 əşyadan ibarət dəst, 750 əyyar 1 əşyanın çəkisi 10,30 qram olan 723,06 manat dəyərində 2 ədəd qızıl sırğadan ibarət qızıl-zinət əşyalarına yönəldilsin, həmin qızıl-zinət əşyaları açıq hərracdan satılsın və onların satışından əldə edilmiş vəsait hesabına cavabdehin iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinə olan borcu ödənilsin. Hərracdan satılmış qızıl-zinət əşyalarının dəyəri iddiaçıya olan borcun ödəməsinə kifayət etmədikdə, borcun qalan hissəsi Cavabdeh iddiaçı "xxxx" Bank Olmayan Kredit X5 Cəmiyyətinin xeyrinə tutulsun. Girov müqaviləsinə əsasən yüklü edilmiş Cavabdeh mülkiyyətindəki 585 əyyar 1 əşyanın çəkisi 61,9 qram olan 2 ədəd qızıl boyun bağı, 585 əyyar 1 əşyanın çəkisi 41,1 qram olan 4 ədəd qızıl qolbağı, 585 əyyar 1 əşyanın çəkisi 52 qram olan 1 ədəd qızıl saat, 585 əyyar 1 əşyanın çəkisi 14,1 qram olan 3 ədəd qızıl üzük, 750 əyyar 1 əşyanın çəkisi 2,7 qram olan 1 ədəd qızıl üzük, 585 əyyar 1 əşyanın çəkisi 9,9 qram olan 3 əşyadan ibarət dəst, 750 əyyar 1 əşyanın çəkisi 10,30 qram olan 2 ədəd qızıl sırğadan ibarət qızılzinət əşyalarının hərracda ilkin satış qiyməti müvafiq olaraq 3398,31 manat, 2256,39 manat, 2854,8 manat, 774,09 manat, 189,54 manat, 543,51 manat, 723,06 manat müəyyən edilsin. İddia tələbinin qalan hissəsi rədd edilsin. Cavabdeh 150 (bir yüz əlli) manat ekspertiza xərci alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin , Kapital bank ASC Sahil filialı, Kod 201218, VÖEN **********, SWİFT kod AİİBAZ2X, M/H AZ37NABZ********************, VÖEN **********, Hesab AZ53AİİB400900C**********208 hesabına köçürülsün. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar