Məhkəmə qərarları › İş №2(033)-1277/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-1277/2021

27.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-1277/2021 27.12.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X3 katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 31 oktyabr 2010cu il tarixdə doğulmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Zaqatala Rayon Məhkəməsinin 2(033)-1128/2018 saylı 27 sentyabr 2018-ci il tarixli qərarına əsasən təyin edilmiş 117 manat aliment məbləğini artıraraq hər ay cavabdehdən 175 manat alimentin tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli 2(033)- 499/2019 saylı qətnaməsi ilə cavabdehlə aramızda bağlanmış 28 oktyabr 2009-cu il tarixli 36 nömrəli nikah qeydi pozulmuşdur. 31 oktyabr 2010-cu il təvəllüdlü oğlu X7 onun himayəsində saxlanmışdır. Hələ 2018-ci ilin əvvəlində cavabdeh onu övladı ilə birlikdə qovaraq evdən çıxarmış, faktiki olaraq yaşadıqları və ata evinə getdiyi üçün cavabdehə qarşı aliment tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Yetkinlik yaşına çatmayan az yaşlı övladı ilə, onun maddi vəziyyəti ilə maraqlanmadığına və heç bir köməklik göstərmədiyinə görə Zaqatala Rayon Məhkəməsi tərəfindən 27 sentyabr 2018-ci il tarixli 2(033)-1128/2018 saylı qətnaməsi ilə alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmə verildiyi 27.08.2018-ci il tarixdən hesablanmaqla ayda 117 manat aliment təyin edilmişdir. Alimentin məbləğinin artırılması tələbi ilə Mediasıya prosesinin tətbiqi barədə təkliflə Mediatora müraciət etmişdir. Tərəflərin iştirakı ilə alimentin miqdarının artırılması tələbi mübahisəsi ilə əlaqədar 26 oktyabr 2021-ci il tarixdə mediasiya prosesi təyin olunmuşdur və qarşılıqlı müzakirə nəticəsində razılığa gəlmək mümkün olmamışdır. Mediasiya prosesinə xitam verilməsi barədə protokol tərtib olunmuş və o məcbur oldu ki, məhkəməyə müraciət etsin. Azərbaycan Respublikasında 2018-ci il üçün yaşayış minimumu uşaqlar üçün 154 manat təşkil etmişdir. Uşağın ehtiyacının artması, infilyasiya və tələbat mallarının, ərzağın gündəlik artdığı bir vaxtda müəyyən olunmuş aliment məbləği 2016-cı ilin yaşayış minimununa uyğundur. 2018-ci il tarixdə boşanmaya, ailənin dağılmasına etiraz etsə də, Fərman israrla heç bir səbəb olmadan boşanmaları tələb etmişdir. Qısa müddətdə məlum oldu ki, boşanmadan bir həftə keçməmiş yenidən başqası ilə evlənmişdir. O, isə ata evinə qayıdaraq xəstə anasına, ata və övladına baxmaq məcburiyyətində qalmışdır. Bu səbəbdən işləyə, gəlir əldə edə bilmir, gündə qiymətlər artır, övladı ilə ehtiyac içində yaşayırlar. Məhkəmə baxışı iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etirazla məhkəməyə müraciət edərək etirazını onunla əsaslandırmışdır ki, Zaqatala Rayon Məhkəməsinin 28.03.2019-cu il tarixli 2(033)- 499/2019 saylı qətnaməsi ilə iddiaçı ilə aralarında bağlanmış 28 oktyabr 2009-cu il tarixli 36 nömrəli nikah qeydi pozulmuşdur. 31 oktyabr 2010-cu il təvəllüdlü oğlu X8 anasının himayəsində saxlanmışdır. İddiaçı 2018-ci ilin əvvəlində ona qarşı aliment tələbi ilə Zaqatala Rayon Məhkəməsinə müraciət etmişdir. Zaqatala Rayon Məhkəməsi tərəfindən 27 sentyabr 2018-ci il tarixli 2(033)-1128/2018 saylı qəlnaməsi ilə alimentin tutulmasının əvvəli iddia ərizəsinin məhkəmə verildiyi 27.08.2018-ci il tarixdən hesablanmaqla ayda 117 manat aliment təyin edilmişdir. O, həmin aliment məbləğini bacardıqca vaxtlı-vaxtında ödəyir. İddiaçı tərəf alimentin məbləğinin artırılması tələbi ilə Mediasiya prosesinin tətbiqi barədə təklif ilə Mediatora müraciət etmişdir. Tərəflərin iştirakı ilə alimentin miqdarının artırılması tələbi mübahisəsi ilə əlaqədar 26 oktyabr 2021-ci il tarixdə mediasiya prosesi təyin olunmuşdur və həmin müzakirədə onun işsizliyi, maddi imkanı, ailə şəraiti və daha iki azyaşlı körpə övladının olması nəzərə alınaraq aliment məbləğinin artırılmasının uyğun olmadığı nəticəsinə gəlinmişdir. Mediasiya prosesinə xitam verilməsi barədə protokol tartib olunmuşdur. İddiaçı tərəf yaşayış minimumunu və infilyasiya şərtlərini səbəb göstərərək alimentin artırılmasını tələb edir. Lakin həmin infilyasiya şərtləri və yaşayış minimumu onun hazırki nikahından olan daha iki övladı üçün də keçərlidir. Və qeyd edir ki, hal hazırda X1 ilə evlidir. O və həyat yoldaşı hər ikisi işsizdir və daha iki azyaşlı körpə övladları var (biri 1 yaş 5 aylıq, digəri isə yarım aylıqdır), iddiaçı tərəfin öz iş yeri var və yenidən ailə qurmuşdur, daimi gəlir mənbəyi var. Onun isə iş yeri və daimi gəlir mənbəyi yoxdur. Ev və həyat şəraiti çox aşağıdır. Məhkəmədən evinə baxış keçirilməsin və aşağı maddi imkanının səviyyəsi təyin olunsun. Maddi imkanı çox aşağıdır, iş olduqca günəmuzd fəhlə kimi işləyir, təyin olunmuş aliment məbləği olan 117 manat məbləğini çətinliklə ödəyir. Yuxarıda qeyd etdiyi amilləri səbəb göstərərək məhkəmədən xahiş edir ki, iş yerinin və daimi gəlir mənbəyinin olmamasını, maddi imkan və həyat şəraitinin aşağı olmasını, daha iki azyaşlı körpəsinin olmasını nəzərə alaraq aliment məbləğini 117 manat məbləğində saxlayasınız. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh etiraz ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. İşdə olan Zaqatala Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(033)- 1128/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilərək tərəflərin nikahından 31.10.2010-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 (bir yüz on yeddi manat) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması, alimentin tutulmasının əvvəlinin iddia ərizəsinin məhkəməyə verildiyi 27.08.2018-ci il tarixdən hesablanması, iddia ərizəsinin qalan hissədə təmin edilməməsi, Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması və Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan mediasiya prosesinə xitam verilməsi barədə 19 oktyabr 2021-ci il tarixli protokoldan görünür ki, İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 50 manat məbləğində mediasiyaya dair xərci birtərəfli qaydada ödəmişdir. Məhkəmə iclasında tərəflərin izahatları, təqdim olunmuş sübutların bilavasitə tədqiqi əsasında aydın oldu ki, tərəflərin birgə nikahdan 31 oktyabr 2010-cu il təvəllüdlü X8 adlı uşaqları anadan olmuşdur. Zaqatala Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(033)-1128/2018 saylı qətnaməsinə əsasən tərəflərin nikahından 31.10.2010-ci il tarixdə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 117 (bir yüz on yeddi manat) manat sabit pul məbləğində alimentin iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. Hazırda tərəflər faktiki olaraq ayrı yaşayırlar. Ayrıldıqları vaxtdan uşaq iddiaçının himayəsindədir. İddiaçı uşağın saxlanılması üçün qət edilmiş aliment məbləği ilə himayəsində olan uşağın tələbatlarının ödənilməsinin mümkünsüz olduğunu göstərərək iddianı müdafiə edir. Cavabdeh isə iddianı qəbul etmir. Məhkəmə bilavasitə məhkəmə iclasında tədqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə əsasən, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Konstitusiyanın 34-cü maddəsinin İV bəndinə əsasən ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə görə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağın sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi təlabatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün aliment valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda, həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 233.4-cü maddəsinə əsasən, cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasının 20 noyabr 1959-cu il tarixli 1386 (XİV) saylı qətnaməsi ilə elan edilmiş Uşaq Hüquqları Bəyannaməsinin 8-ci prinsipinə əsasən, uşaq bütün şəraitdə ilk yardım olunanlar arasında olmalıdır. İnsan Hüquqlarına Dair Ümumi Bəyannamənin 25-ci maddəsinin 2-ci bəndinə əsasən, analar və uşaqlar xüsusi qayğı və yardım almaq hüququna malikdirlər. Həm nikah nəticəsində, həm də nikahdan kənar doğulmuş uşaqlar eyni sosial müdafiədən istifadə etməlidirlər. 20 noyabr 1989-cu ildə qəbul olunmuş Uşaq Hüquqları Haqqında BMT-nin Konvensiyasının 3-cü maddəsində göstərilir ki, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib-keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. İştirakçı dövlətlər uşağın valideynlərinin, qəyyumlarının və ya onun üçün qanuna görə məsuliyyət daşıyan digər şəxslərin hüquq və vəzifələrini nəzərə alaraq, onun rifahı üçün zəruri olan müdafiə və qayğı ilə uşağı təmin etməyi öhdəyə götürür və bu məqsədlə bütün qanunvericilik tədbirlərini və inzibati tədbirləri görürlər. Həmin Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən, valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən 2021-ci il üçün yaşayış minimumu ölkə üzrə uşaqlar üçün 175 manat məbləğində müəyyən edilmişdir. Qanunvericiliyin yuxarıda qeyd edilən tələblərindən də göründüyü kimi İddiaçı və Cavabdeh bir valideyn kimi uşaqlarını saxlamağa borcludurlar. Qeyd olunmalıdır ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsi iddiaçının üzərinə düşdüyündən qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi cavabdehdən tutulmasına əsas verir. Bu hal “Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 27 iyul 2016-cı il tarixli qərarındakı hüquqi mövqeyi və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarında məhkəmələrə etdiyi tövsiyə ilə də təsdiq edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdehin maddi vəziyyətinin hansı səviyyədə olması, hazıradək müəyyən edilmiş alimenti ödəməsi, yüksək gəlir yerinin, iş yerinin olmaması, maddi imkanının aşağı olması və ikinci evlilikdən iki uşağının olması onu hazırki uşağı saxlamaq və qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən heç də azad etmir. Məhkəmə vurğulayır ki, uşağın ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə edilməsi, müstəqil həyata hazırlanması, qabiliyyətinin inkişaf etdirilməsi, maddi və mənəvi tələbatlarının layiqli şəkildə təmin edilməsi, həmçinin digər hüquq və mənafelərinin mühafizəsinin zəruriliyi hər iki valideynin valideyn kimi borcu və vəzifəsi olduğundan onların hər ikisinin həmin proseslərdə bu və ya digər formada iştirak etməsini tələb edir. Məhkəmə İddiaçı uşağın saxlanılması üçün artan tələbatlarını ödəyə bilməməsini və yuxarıda qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, 31 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılmalıdır. Lakin məhkəmə tərəflərin diqqətə layiq mənafelərini və işin hallarını nəzərə alaraq hesab edir ki, aliment tələbi iddia ərizəsində göstərilən miqdarda deyil, qismən təmin edilməlidir. Şərh edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh alınaraq 31 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(033)- 1128/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 160 manat məbləğində müəyyən edilməli, alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablanmalı, iddianın qalan hissəsi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə dövlət rüsumunun dərəcələri müəyyən olunmuşdur. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu ödənilir. Cavabdeh 30 manat (160-117=43x12=516 manat) dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. İddiaçı tələb etmədiyindən ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 50 manat məbləğində mediasiyaya dair xərc özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh alınaraq 31 oktyabr 2010-cu il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Zaqatala Rayon Məhkəməsinin 27 sentyabr 2018-ci il tarixli, 2(033)-1128/2018 nömrəli qətnaməsi ilə İddiaçı verilən alimentin miqdarı artırılaraq hər ay sabit pul məbləğində 160 (bir yüz altmış) manat məbləğində müəyyən edilsin. Alimentin tutulmasının əvvəli məhkəmə qətnaməsinin qanuni qüvvəsini aldığı vaxtdan hesablansın. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdeh 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində mediasiyaya dair xərc özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar