Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-155/2022 09.02.2022 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, İddiaçı vəkili və nümayəndəsi Şəki Regional Vəkil Bürosunun vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, kredit müqaviləsi əsasında 5000 (beş min) manat pulun, müqavilə əsasında vəkilə ödənilmiş 500 (beş yüz) manat pulun və dövlət büdcəsinə ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) dövlət rüsumunun, ümumilikdə isə 5570,40 (beş min beş yüz yetmiş manat qırx qəpik) pulun Cavabdeh alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iclası zamanı İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, hüquqlarını müdafiə etdiyi iddiaçı, Cavabdeh onun həyat yoldaşı Sevinc Əliyevaya görə tanımışdır. Belə ki, X3 işləmişdir. O bir neçə dəfə Muğanbankda hesab açdırmaqla özündə olan artıq pul məbləğini həmin banka qoymuşdur. Hər dəfə əməliyyatı Sevinc Əliyeva yerinə yetirmişdir. Bir gün Sevinc Əliyeva ona müraciət edərək əri Cavabdeh toyuq cücə saxladığını və ona yem almaq üçün pul vəsaiti lazım olduğunu demiş, iddiaçı da bununla razılaşıb Sevinc Əliyevanın əri. hazırkı iş üzrə cavabdeh olan Cavabdeh ümumilikdə 5000 manat borc pul vermişdir. Sonra pulunu Samirdən tələb etdikdə o, ziyana düşdüyünü, yaxın vaxtlarda iddiaçının pulunu geri qaytaracağını ona bildirmişdir. Lakin dediyi müddətdə pulunu geri qaytara bilməmişdir. Bundan sonra İddiaçı Cavabdeh verdiyi pulu qarantiya altına almaq üçün 01 fevral 2021-ci il tarixdə kredit müqaviləsi bağlamışdır. Kredit müqaviləsinin şərtlərinə əsasən borc alan krediti 30.10.2021-ci il tarixədək borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin qeyd olunan müddətə kimi Cavabdeh pulu geri qaytarmamışdır. İddiaçı dəfələrlə Samirdən həmin pulu geri qaytarmasını tələb etsə də, müxtəlif bəhanələrlə pulu geri qaytarmaqdan yayınmışdır. Ona görə də, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Göstərdiklərini nəzərə alaraq Cavabdeh 5000 manat məbləğində pulun, eyni zamanda hüquqi yardım göstərilməsi ilə əlaqədar iddiaçı tərəfindən müqavilə əsasında ona ödənilmiş 500 manat vəkilin xidmət haqqının və 70,40 manat dövlət rüsumun alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə Şəki regional “ASAN xidmət” mərkəzində notariat ofisinin xüsusi notariusu X6 tərəfindən təsdiq edilərək reyestrdə 3M-40 nömrə ilə qeyd edilərək informasiya sisteminə daxil edilmiş kredit müqaviləsindən görünür ki, borc verən İddiaçı 5000 manat məbləğində pulu borc alan Cavabdeh Hüseyxan oğluna verir. Borcalan krediti 30.10.2021-ci il tarixinədək borc verənə qaytarmağı öhdəsinə götürür. İş materiallarında olan Azərbaycan Respublikası Vəkillər X5 Vəkil Bürosunun 22 noyabr 2021-ci il tarixli 423 nömrəli məktubundan görünür ki, İddiaçı 15.11.2021-ci il tarixli 538 saylı hüquqi yardım göstərilməsi üçün müqavilənin şərtlərinə əsasən vəkilə göstərəcəyi xidmət müqabilində Şəki Regional Vəkil Bürosunun bank hesabına 500 manat ödəniş etmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə notarial qaydada kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən cavabdeh iddiaçı X2 5000 manat borc pul götürmüş və həmin pulu 30.10.2021-ci il tarixədək qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən borcunu tələb edir. Cavabdeh məhkəmə iclaslarında iştirak etmədiyindən onun iddia tələbinə münasibətini öyrənmək mümkün mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Müəyyən edildiyi kimi qeyd olunan maddi hüquq normaları tələbin qanuni əsası kimi çıxış etməklə mübahisə olunan hüquq münasibətinə tətbiqi belə nəticəyə gəlməyə əsas verir ki, bir tərəfdən İddiaçı, digər tərəfdən isə Cavabdeh olmaqla 01 fevral 2021-ci il tarixdə imzaladıqları kredit müqaviləsi ilə cavabdehin iddiaçı qarşısında vəzifələrini müəyyən edən öhdəlik münasibətləri yaranmışdır. İş materialları ilə də müəyyən olunur ki, borclu Cavabdeh yazılı kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuş, iddiaçıya heç bir ödəniş etməmişdir. Məhkəmə işdə olan İddiaçı ilə Cavabdeh arasında 01.02.2021-ci il tarixdə bağlanmış kredit müqaviləsini borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də iddiaçı müqavilə üzrə yaranmış 5000 manat borcu cavabdehdən tələb etməkdə haqlıdır. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi borcun qaytarılması hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin vəkilə ödənilmiş 500 manat xidmət haqqının, cavabdehdən tutularaq ona verilməsinə dair hissəsinə münasibət bildirərək hesab edir ki, iddia ərizəsi həmin hissədə də əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsində müəyyən edilmişdir ki, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Göründüyü kimi, qanunvericilikdə vəkilin göstərdiyi yardıma görə xərclər digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini nəzərdə tutulur. Məhkəmə bununla bağlı qeyd edir ki, Avropa İnsan Hüquqları Məhkəməsinin X4rşı 04 oktyabr 2016-cı qərarında da göstərilmişdir ki, məhkəmə təcrübəsinə əsasən ərizəçiyə yalnız o halda çəkilən xərclərin və məsrəflərin əvəzi ödənilə bilər ki, həmin xərc və məsrəflərin həqiqətən, zəruri olaraq və ağlabatan kəmiyyətdə çəkilmiş olması göstərilsin. Hazırkı işdə iş materiallarını və yuxarıdakı meyarı nəzərə alaraq, Məhkəmə bu başlıq altında vəkilin göstərdiyi xidmətlər üçün xərclə bağlı 500 manat məbləğini təyin etməyi ağlabatan hesab edir. Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “Cavabdehanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə hesab edir ki, 5000 manat məbləğində borc və vəkilə ödənilmiş 500 manat pul Cavabdeh alınaraq İddiaçı verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən Cavabdeh 70,40 manat dövlət rüsumu tutularaq İddiaçı ödənilməli, 5 manat dövlət rüsumu isə cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh 5000 (beş min) manat məbləğində borc, vəkilə ödənilmiş 500 (beş yüz) manat xidmət haqqı və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 70,40 (yetmiş manat qırx qəpik) manat məbləğində dövlət rüsumu, ümumilikdə 5570,40 (beş min beş yüz yetmiş manat qırx qəpik) manat məbləğində pul vəsaiti alınaraq İddiaçı verilsin. Cavabdeh 5 (beş) manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmənin qətnaməsindən şikayət verilməmişdirsə qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov.
Məhkəmə qərarları › İş №2(033)-155/2022
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-155/2022
09.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver