Məhkəmə qərarları › İş №2(033)-199/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-199/2021

28.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-199/2021 28.04.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, İddiaçı Cavabdeh qarşı alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı (bundan sonra - İddiaçı MMC) alqı-satqı müqaviləsi üzrə borc tələbinə dair kiçik iddialara dair sadələşdirilmiş icraat haqqında ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsi üzrə borcuna görə 840 (səkkiz yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Zaqatala Rayon Məhkəməsinin 2(033)-199/2021 nömrəli 07 yanvar 2021-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı borc tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı nümayəndəsi və Cavabdeh İdiris oğlu məhkəmə baxışı iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmələrinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, İddiaçı direktoru X2 məhkəməyə ərizə göndərərək iştirakları olmadan məhkəmə iclaslarının keçirilərək qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh isə hazırki məhkəmə iclasında iştirak etməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. İddiaçı ərizəsi onunla əsaslandırılmışdır ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə (VÖEN **********) “SİNTRA” markalı su filterlərinin satışı ilə əlaqədar olaraq Cavabdeh arasında 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə müvafiq olaraq ”Sintra” firmasının istehsalı 1290 (bir min iki yüz doxsan) manat məbləğində olan “Profon” modelli su təmizləmə sistemi quraşdırılaraq ona təhvil verilmiş və bu barədə müvafiq təhvil-təslim aktı tərtib edilərək tərəflərin imzası ilə təsdiq edilmişdir. 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə cavabdeh olan Cavabdeh “SİNTRA” markalı su filterini kredit üzrə hesablanmış əsas borc məbləğini tam vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdeh öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsinə görə, cavabdeh alqı-satqı müqaviləsinin 2.4-cü bəndinə əsasən bu müqavilənin 2-ci bəndində göstərilən qaydada 17 ay müddətinə olmaqla hər ayın 6-dan gec olmayaraq, hər ay 70 (yetmiş) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtıvaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsi üzrə borcunun məbləği kreditə görə 840 (səkkiz yüz qırx) manat, cərimə borcuna görə 0 (sıfır) manat, borcun cəmi məbləği 840 (səkkiz yüz qırx) manat təşkil edir. X3” Məhdud Məsuliyyətli Cəmiyyət (VÖEN **********) nizamnamə əsasında fəaliyyət göstərən ilə İddiaçı MMC arasında 01 avqust 2019-cu il tarixli N-002 saylı tələbetmə hüquqlarının güzəşt olunmasına dair müqavilə bağlanmışdır. Cavabdeh iddia müddətinin tətbiq edilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı MMC-nin ona qarşı borc tələbinə dair iddia ərizəsi üzrə iddia müddətinin tədbiq edilməsini və iddiadan imtina barədə qərar çıxarılmasını xahiş etmişdir. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh izahat verərək göstərmişdir ki, onunla “X3” MMC arasında 02 iyul 2015-ci il tarixli BFC-922 nömrəli alqısatqı müqaviləsinə əsasən satıcı “X3” MMC ona “Sintra” firmasının istehsalı olan 1290 manat məbləğində su təmizləmə sistemini quraşdıraraq təhvil vermiş və o, 17 ay müddətinə hər ayın 6-sı 70 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin məbləğdən ilkin olaraq 100 manat və 5 ay müddətinə (avqust, sentyabr, oktyabr, noyabr, dekabr ayları) cəmi 350 manat ödəmişdir. Həmin ödənişləri Müəssisənin əməkdaşları hər ay onunla əlaqə saxlayaraq şəxsən ödəniş etmiş və onlardan ödənişlə bağlı qəbz almışdır. Sonra isə işdən çıxdığı üçün 27.01.2016-cı il tarixdə Rusiya Federasiyasına işlə bağlı getdiyinə görə ödəniş edə bilməmişdir. 27.04.2017-ci il tarixdə yenidən ölkəyə qayıtmış, lakin ölkəyə qayıtdıqdan sonra həmin Müəssisənin əməkdaşları ilə əlaqə yaratmaq istəsə də, həmin əməkdaşları tapa bilməmişdir. Bundan sonra isə onunla əlaqə saxlanılmadığından borcunu ödəyə bilməmişdir. Həmin gündən ona həmin Müəssisə tərəfindən heç bir xəbərdarlıq məktubu gəlməmişdir. Hazırda həmin borc məbləğinin son ödənilmə tarixindən yəni 02.12.2016-cı il tarixdən 4 il keçmişdir. Bunu nəzərə alaraq və iddia müddəti barədə Mülki Məcəllənin normaları tədbiq edilməklə iddia ərizəsinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşdə olan Cavabdeh ilə «X3» MMC arasında 02 iyul 2015-ci il tarixli BFC-922 nömrəli daşınar əmlakın alqı-satqı müqaviləsindən görünür ki, «X3» MMC Sintra firmasının istehsalı olan Proton modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksesuarları Cavabdeh verməyi, Cavabdeh isə aldığı əşyanın dəyəri olan 1290 manatı 100 manat ilkin ödəniş etdikdən sonra 17 ay ərzində hər ayın 6-da 70 manat ödəniş etməklə ödəməyi öhdəsinə götürmüşdür. İşdə olan 02 iyul 2015-ci il tarixli əmlakın təhvil-təslim aktından görünür ki, 02.07.2015-ci il tarixdə alqı-satqı müqaviləsinə uyğun olaraq “Sintra” firmasının istehsalı olan Proton modelli su təmizləmə sistemi aksesuarları ilə birlikdə Cavabdeh tərəfindən təhvil alınmışdır. İşdə olan 30.10.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 02.07.2015-ci il tarixli BFC-922 saylı alqı-satqı müqaviləsi üzrə 30 oktyabr 2020-ci il tarixə 840 manat borcu vardır. İşdə olan Cavabdeh ünvanlanmış xəbərdarlıqdan görünür ki, ona 02.07.2015-ci il tarixli alqı-satqı müqaviləsi üzrə yaranmış borcun təcili ödənməsi üçün xəbərdarlıq edilmişdir. İşdə olan «X3» MMC ilə İddiaçı MMC arasında bağlanmış 01 avqust 2019-cu il tarixli tələbetmə hüququnun güzəşt olunmasına dair 002 nömrəli müqavilədən görünür ki, borc alana qarşı bütün hüquqları, həmçinin qeyd olunmuş öhdəliklərin icrasını təmin edən hüquqları və razılaşdırılmış müqavilələrə əsasən tələbetmə hüquqları ilə əlaqəli digər hüquqları, o cümlədən, tam həcmdə, ödənilməmiş faizləri, həmçinin ödənilməmiş təcili və artırılmış faizləri, cərimə sanksiyalarını Hüquq sahibi («X3» MMC) güzəşt edir, Hüquq əldə edən (İddiaçı MMC) isə qeyd edilən hüquqları qəbul edir. İş materiallarına əlavə edilmiş İddiaçı tərəfindən “mail” vasitəsilə məhkəmənin elektron poçt ünvanına göndərilmiş BFC-922 saylı kredit müqaviləsinə 1 saylı əlavədən görünür ki, Cavabdeh tərəfindən sonuncu dəfə 11.12.2015-ci il tarixdə müqavilə üzrə 70 manat ödəniş edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, “X3” MMC ilə Cavabdeh arasında 02.07.2015-ci il tarixli daşınar əmlakın alqı-satqısına dair müqavilə imzalanmışdır. Həmin müqaviləyə əsasən “X3” MMC Sintra firmasının istehsalı olan Proton modelli su təmizləmə sistemi və onun ayrılmaz tərkib hissəsi olan aksesuarları Cavabdeh verməyi cavabdeh isə həmin avadanlığın dəyərini 100 manat ilkin ödəniş etdikdən sonra 17 ay ərzində hər ayın 6-da 70 manat ödəniş etməklə ümumilikdə 1290 manatı ödəməyi öhdəsinə götürmüşdür. 02.07.2015-ci il tarixli təhvil təslim aktına əsasən Cavabdeh su təmizləmə avadanlığını onun aksesuarları ilə birlikdə təhvil almışdır. Alqı Satqı müqaviləsi üzrə Cavabdeh son ödənişi 11.12.2015-ci il tarixdə etmiş və həmin alqı-satqı müqaviləsinə əsasən onun 30.10.2020-ci il tarixə 840 manat borcu vardır. “X3” MMC tərəfindən 01.08.2019-cu il tarixli tələbetmə hüququnun güzəşt olunmasına dair 002 nömrəli müqaviləyə əsasən müqavilələr üzrə tələbetmə hüququnu İddiaçı MMC-yə güzəşt etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 598.2-ci maddəsinə görə əgər alqı-satqı müqaviləsində əşyanın hissə-hissə ödənilməsi nəzərdə tutulmayıbsa, alıcı verilmiş əşyanın qiymətini satıcıya tam ödəməyə borcludur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilmədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə də, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). İddia müddətinin ötürülməsinə dair cavabdehin ərizəsi olmadığı halda proses iştirakçıları bütün prosessual hüquqlardan, o cümlədən maddi anlamda iddia hüququndan istifadə edirlər. Cavabdeh isə passiv müdafiədən, konkret olaraq ya müddətin ötürülməsinə dair ərizədən, yaxud iddiaya etirazdan istifadə edə bilər. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Eyni zamanda məhkəmə araşdırılmasında müəyyən edildi ki, iddiaçı «X5» MMC ilə Cavabdeh arasında bağlanmış 02 iyul 2015-ci il tarixli BFC-922 saylı daşınar əmlakın alqısatqı müqaviləsinə əsasən Cavabdeh tərəfindən almış olduğu su təmizləmə avadanlığının dəyəri olan 1290 manatın dəyərini 17 ay müddətinə ödəməyi öhdəsinə götürmüş və müqavilə üzrə son ödəmə tarixi 06.12.2016-ci il tarix qeyd edilmiş və həmin müddət başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə qeyd edilən müqavilə üzrə yaranmış borcun son ödəmə müddətinin bitdiyi vaxtdan üç ildən çox müddət keçdikdən sonra, yəni 26 noyabr 2020-ci il tarixdə müraciət etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd olunan məbləğ cavabdehə 2015-ci ilin iyul ayında 17 ay müddətə verilmiş, cavabdeh tərəfindən borc 2016-cı ilin dekabr ayınadək qaytarılmalı olmuş, lakin həmin tarixədək qaytarılmamış və iddiaçı bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçı tərəfin iddiasında göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz və məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Kəsici müddətlərdən fərqli olaraq iddia müddətinin tətbiq edilməsi üçün mübahisə tərəfinin ərizə verməsi tələb olunur. İş materiallarında olan ərizədən də göründüyü kimi cavabdeh iddia müddətinin tətbiq olunması ilə bağlı məhkəməyə yazılı müraciət etmişdir. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsi üzrə borca görə 840 (səkkiz yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pulun ödənilməsi tələbinə dair iddia ərizəsi üç illik iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı 02.07.2015-ci il tarixli, BFC-922 saylı alqı-satqı müqaviləsi üzrə borca görə 840 (səkkiz yüz qırx) manat, faiz borcuna görə 0 (sıfır) manat, cəmi 840 (səkkiz yüz qırx) manat məbləğində pulun ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar