Məhkəmə qərarları › İş №2(033)-202/2021

Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-202/2021

16.02.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-202/2021 16.02.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, Qarayev Timur Abdulməcidoviçin katibliyi, İddiaçı İsayev İlkin Nurullah oğlunun və cavabdeh Köngülov Elvin Məmməd oğlunun iştirakları ilə, İddiaçı İsayev İlkin Nurullah oğlunun cavabdeh Köngülov Elvin Məmməd oğluna qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı İsayev İlkin Nurullah oğlu iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2600 (iki min altı yüz) manat pulun və iddianın qaldırılması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh Köngülov Elvin Məmməd oğlundan alınaraq ona verilməsinə (ödənilməsinə) dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsayev İlkin Nurullah oğlu iddia tələbinin azaldılmasına dair ərizə ilə müraciət edərək cavabdeh Köngülov Elvin Məhəmməd oğlundan 2520 manat borcun tutularaq ona qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı İsayev İlkin Nurullah oğlunun iddia tələbinin azaldılmasına dair ərizəsi icraata qəbul edilmişdir. Məhkəmə baxışı iclasında iştirak edən iddiaçı İsayev İlkin Nurullah oğlu iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, cavabdeh Köngülov Elvin Məmməd oğlu 24 aprel 2019-cu il tarixli kredit müqaviləsinə əsasən ondan 4000 (dörd min) manat borc pul almışdır. Qeyd olunan kredit müqaviləsinə əsasən, cavabdeh Köngülov Elvin Məmməd oğlu hər ay 200 (iki yüz) manat olmaqla 2020-ci ilin dekabr ayının 24-dək ona olan borcunu tam ödəməli idi. Lakin, cavabdeh həmin borcun 1480 manat hissəsini ona ödəmişdir. Hazırda cavabdeh ona olan borcunu tam ödəmir. Nəticədə, hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hal-hazırda ona 2520 manat borcu vardır. Cavabdehlə son dövrədək borcun qaytarılması ilə bağlı aralarında danışıqlar olsa da, cavabdeh hər dəfəsində borcun qaytarılmasından yayınmışdır. İddianın təmin olunmasını məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında iştirak edən cavabdeh Köngülov Elvin Məmməd oğlu izahat verərək göstərdi ki, İsayev İlkin Nurullah oğlundan 4000 manat borc pul götürmüş və hazırda iddiaçıya 2520 manat borcu vardır. Hazırda maddi imkanı olmadığından borcunu ödəyə bilmir. İddianı qəbul edir və iddia tələbinin təmin edilməsinə etiraz etmir. İşdə olan 24 aprel 2019-cu il tarixli Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Qurbanov Elşən Bəhmən oğlu tərəfindən təsdiqlənmiş kredit müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İsayev İlkin Nurullah oğlu 24.12.2020-ci il tarixədək hər ay 200 manat qaytarmaq şərti ilə 4000 manat məbləğində pulu Köngülov Elvin Məmməd oğluna vermişdir. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia ilə əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia təmin olunmalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh Köngülov Elvin Məmməd oğlu iddiaçı İsayev İlkin Nurullah oğlundan 24 aprel 2019-cu il tarixdə 4000 manat borc pul götürmüşdür. Köngülov Elvin Məmməd oğlu İsayev İlkin Nurullah oğlundan borc aldığı 4000 manat pulu 24 dekabr 2020-ci il tarixədək hər ay 200 manat olmaqla qaytaracağını öz imzası ilə təsdiq etmiş, bununla bağlı onların arasında kredit müqaviləsi bağlanmışdır. Müqavilə bağlandıqdan sonra cavabdeh həmin borcun 1480 manat hissəsini iddiaçıya ödəmişdir. Cavabdehin hazırda 2520 manat borcu qalmışdır. İşin bu halları iddiaçının izahatı ilə yanaşı, cavabdehin izahatı ilə də təsdiq edilir. Cavabdeh iddiaçıya olan borcunu ödəmədiyindən, iddiaçı məhkəmədə iddia qaldıraraq cavabdehdən borcunu tələb edir. Cavabdeh isə iddianı qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 740-cı maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materialları ilə də müəyyən olunur ki, borclu Köngülov Elvin Məmməd oğlu 24 aprel 2019cu il tarixli kredit müqaviləsinə əsasən müəyyən olunmuş öhdəliyini tam yerinə yetirməmiş, öhdəliyin şərtlərini pozmuşdur. Məhkəmə işdə olan iddiaçı İsayev İlkin Nurullah oğlu və cavabdeh Köngülov Elvin Məmməd oğlu arasında bağlanmış 24 aprel 2019-cu il tarixli Bakı şəhəri 43 saylı notariat ofisinin xüsusi notariusu Qurbanov Elşən Bəhmən oğlu tərəfindən təsdiqlənmiş kredit müqaviləsini borcun olmasını təsdiq edən sübut qismində qiymətləndirir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 88-ci maddəsi). Sübutları qiymətləndirən zaman məhkəmə “əsaslı şübhələr yaratmayan” sübut standartını qəbul edir. Belə sübut kifayət qədər inandırıcı, aydın və bir-birinə uyğun gələn məntiqi nəticələrin və ya faktlarla bağlı oxşar, təkzib edilməyən ehtimalların mövcudluğundan irəli gələ bilər (“Avşar Türkiyəyə qarşı” AİHM-nin qərarı №25657/94, §282). “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın göstərilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmə qətnaməsi haqqında” 11.07.1997-ci il tarixli 4 saylı qərarının Qərarın 2.4-cu bəndinə əsasən qətnamə o vaxt əsaslı hesab olunur ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə gostərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə qeyd edilənlər üzrə dəyərləndirmə apararaq iddiaçının tələbinin əsası kimi təqdim etdiyi sübutları, iddia tələbinin təmini üçün yetərli sayır, hesab edir ki, cavabdeh də iddiaya qarşı əsaslı şübhə yaratmayan hər hansı bir sübut təqdim etmədiyindən iddia tələbi təmin edilməlidir. Göründüyü kimi, iddiaçı İsayev İlkin Nurullah oğlu tələbində cavabdeh Köngülov Elvin Məmməd oğlunun ona 2520 manat borcunun olduğunu bildirir və cavabdeh Köngülov Elvin Məmməd oğlundan həmin pulun alınaraq ona verilməsini tələb edir. Eyni zamanda cavabdeh Köngülov Elvin Məmməd oğlu da iddiaçıya 2520 manat borcunun olduğunu bildirir və iddianı etiraf edir. Lakin, maddi imkanı olmadığından borcunu ödəyə bilmədiyini qeyd edir. Şərh olunanlara əsaslanaraq məhkəmə hesab edir ki, tərəflər arasında borc münasibətləri yaranmış, cavabdeh iddiaçı qarşısında aldığı borcun qaytarılması barədə yazılı öhdəlik götürmüş və bununla da onların arasında müqavilədən irəli gələn hüquq münasibətləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirmiş, cavabdeh isə borc müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Məhkəmə də hesab edir ki, 2520 manat məbləğində borc cavabdeh Köngülov Elvin Məmməd oğlundan alınaraq iddiaçı İsayev İlkin Nurullah oğluna verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməlidir. İddia təmin edildiyindən cavabdeh Köngülov Elvin Məmməd oğlundan 30 manat dövlət rüsumu tutularaq iddiaçı İsayev İlkin Nurullah oğluna ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tətqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh Köngülov Elvin Məmməd oğlundan 2520 (iki min beş yüz iyirmi) manat məbləğində borc və iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu, ümumilikdə 2550 (iki min beş yüz əlli) manat məbləğində pul vəsaiti alınaraq iddiaçı İsayev İlkin Nurullah oğluna verilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar