Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-205/2021 04.03.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, X1 katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 borc tələbinə dair iddiası üzrə mülki işə Zaqatala Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatı (bundan sonra «Finca Azerbaijan» MM QBKT) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada, əsas borc üzrə 6869.44 manat, faiz borcu üzrə 627.00 manat, cərimə borcuna görə 136.40 manat olmaqla cəmi 7632.84 manat məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2014-cü il tarixli, **********8032 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24% faiz dərəcəsi olmaqla 36 ay müddətinə 20.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 789 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq X2 və Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 02.06.2014-cü il tarixli, **********8032 saylı kredit müqaviləsi 29.06.2016-cı il tarixli **********1072 yeni hesab nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 12448.00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. 29.06.2016-cı il tarixli **********8910-769815 saylı Zaminlik müqaviləsinə əsasən Cavabdeh2 öhdəliklərin icrasına təminat olaraq sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Beləliklə, 12.11.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği, əsas borc üzrə 6869.44 manat, faiz borcu üzrə 627.00 manat, cərimə borcuna görə 136.40 manat olmaqla cəmi 7632.84 manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət etmək hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdarlıq edilmələrinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatınin nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək məhkəmə iclasında nümayəndələrinin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə iştirakları olmadan baxılıb qərar qəbul edilməsini xahş etmişdir. Cavabdeh2 isə gəlməməsinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin və cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 iddia tələbini qismən qəbul edərək “Finca Azerbaijan” X3 Bank Kredit Təşkilatı ilə aralarında bağlanmış kredit müqaviləsinə əsasən iddiaçıya borcunun olduğunu bildirmişdir. İki ildən artıq müddətdir ki, işləmədiyindən və maddi imkanı olmadığından kredit müqaviləsi üzrə ödənişləri həyata keçirmir. Axırıncı dəfə 2018-ci ilin dekabr ayında ödəniş etmişdir. İddia tələbinin əsas borc hissəsi ilə razıdır və qeyd edilən məbləği hissə-hissə ödəmək imkanının olduğunu bildirir. İddia tələbini cərimə hissəsində qəbul etmir və iddia ərizəsinin qeyd edilən hissədə təmin olunmamasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Cavabdeh1 izahatını dinləyib, mülki iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «Finca Azerbaijan» MM QBKT ilə kredit alan Cavabdeh1, zaminlər Cavabdeh2 və X2 arasında bağlanmış **********8032 saylı, 02.06.2014-cü il tarixli kredit müqaviləsindən görünür ki, həmin müqavilə əsasında Cavabdeh1 36 ay müddətinə illik faiz dərəcəsi 24% olmaqla 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, kredit verən kredit alana kredit verməyi, kredit alan isə verilmiş krediti, o cümlədən kredit üzərində hesablanan faizləri və digər ödənişləri vaxtında kredit verənə ödəməklə öz öhdəliyini tam şəkildə yerinə yetirməyi, zamin isə kredit alana tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürürlər. Kredit müqaviləsinin 3.4.1-ci bəndinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Həmin kredit müqaviləsinin 3.1-ci və 3.2.1-ci bəndlərinə əsasən, kredit alanlar krediti faizləri ilə birlikdə Ödəniş cədvəlinə uyğun tərzdə qaytarmağı öhdələrinə götürmüşlər. Həmin kredit müqaviləsinin 5.1-ci bəndinə əsasən, kredit alan kreditin ödənilməsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alanlar kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin bir faizi məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludurlar. İşə əlavə edilmiş kreditin ödəniş cədvəlindən görünür ki, 02.06.2014-cü il tarixli **********8032 nömrəli kredit müqaviləsinə əsasən, Cavabdeh1 aldığı 20000 ABŞ dolları krediti hər növbəti ayın 2-də ayda 789 manat olmaqla «Finca Azerbaijan» MM QBKT-yə ödəməlidir. İş materiallarında olan 02.06.2014-cü il tarixli məxaric orderindən görünür ki «Finca Azerbaijan» MM QBKT tərəfindən 20000 ABŞ dolları kredit Cavabdeh1 verilmişdir. İş materiallarında olan 29.06.2016-cı il tarixli 08.04.2015-ci tarixli **********1072 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair 29.06.2016-cı il tarixli sazişdən görünür ki, 08.04.2015-ci tarixli **********1072 saylı kredit müqaviləsi restrukturizasiya edilərək həmin müqavilə üzrə Cavabdeh1 əsas borcu 12448 manat, hesablanmış və ödənilməmiş faizlər 0.00 manat, cərimə isə 0,00 manat təşkil edir. Həmin sazişdən görünür ki, 12448 manat məbləğ 7 faiz dərəcəsi ilə faizlər hesablanmaqla 60 ay müddətinə ödəniləcəkdir. İş materiallarında olan 12.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 29.06.2016-cı il tarixli sazişə əsasən 7632,84 manat əsas, 627 manat faiz, 136,40 manat cərimə borcu vardır. İş materiallarında olan 29.06.2016-cı il tarixli «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh2 arasında bağlanmış zaminlik müqaviləsindən görünür ki, zamin 29.06.2016-cı il tarixli **********910 nömrəli kredit müqaviləsinə, əsasən kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən kredit alan 60 ay müddətində 12448 manat məbləğində pul vəsaitini illik 7 faiz dərəcəsi ilə kredit verənə qaytarmağı öz öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Mülki Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1-472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Göstərilən Qanunun normalarının tətbiqi baxımından məhkəmə belə nəticəyə gəlir ki, müqavilənin şərtlərinə uyğun olaraq cavabdeh zamin və cavabdeh borcalan iddiaçı qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, tərəflər arasında bağlanmış 02.06.2014-cü il tarixli **********80322 saylı kredit müqaviləsinə əsasən cavabdehə 36 ay müddətinə illik 24 faiz dərəcəsini tətbiq etməklə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Bununla da onların arasında kredit hüquq münasibətləri yaranmışdır. İddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2016-cı il tarixli sazişə əsasən kredit müqaviləsi restrukturizasiya edilərək cavabdehin həmin tarixə iddiaçı qarşısında 12448 manat məbləğində əsas borcunun olduğu, cərimə və faiz borclarının olmadığı müəyyən edilmiş və Cavabdeh1 həmin məbləği 60 ay müddətində 7 faiz dərəcəsi ilə faiz hesablanmaqla «Finca Azerbaijan» MM QBKT-ə geri qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçı kredit müqavilələsi və restrukturizasiya haqqında saziş üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdeh isə həmin kredit müqaviləsi və saziş üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, onun iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. 02.06.2014-cü il tarixli **********80322 saylı kredit müqaviləsindən göründüyü kimi kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 Cəlaləddin oğlu zamin qismində göstərilməklə müqaviləni imzalamışdır. Göründüyü kimi, tərəflər arasında zaminliklə təmin olunmuş kredit müqaviləsi bağlanmış və bununla da onların arasında bank kreditindən irəli gələn hüquq münasibətləri yaranmışdır. Zaminliklə təmin olunmuş kredit müqaviləsi ilə kreditin məbləği, kreditə görə faizin miqdarı, ödəmənin gecikdirilməsinə görə borcluların məsuliyyəti müəyyənləşdirilmişdir. İddiaçı kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmiş, cavabdehlər isə həmin müqavilə üzrə üzərlərinə düşən öhdəlikləri yerinə yetirməmişlər. Cavabdehlərin iddiaçı qarşısında öhdəlikləri yaranmışdır və onlar müqavilənin şərtlərini əhəmiyyətli dərəcədə pozmuşlar. Göstərilənlərə, həmçinin istinad edilmiş mülki qanunvericiliyin tələblərinə əsasən məhkəmə bu qənaətdədir ki, 6869,44 manat əsas kredit borcu cavabdehlərdən müştərək qaydada alınaraq iddiaçıya qaytarılmalıdır. Mülki Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu «Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair» 9 iyul 2009-cu il tarixli qərarında borcun, faizin və maliyyə sanksiyasının tutulmasının bəzi məqamlarına aydınlıq gətirərək qeyd etmişdir ki, məhkəmə qətnaməsinin qəbul olunmasınadək bu məbləğlər ödənilmədiyi halda, borc və faiz göstərilməklə öhdəliyin tam icra olunması gününədək maliyyə sanksiyasının hesablanmalı olduğunun məhkəmə qərarında göstərilməsi hüquqi müəyyənliyin təmin olunmasında xüsusi əhəmiyyətə malikdir. İşdə olan «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 02.06.2014-cü il tarixli **********8032 saylı kredit müqaviləsinin 1.2-ci bəndindən görünür ki, kreditin istifadəsinə görə borcalan kreditora illik 24 faiz (faktiki illik faiz dərəcəsi 25,88 faiz) dərəcəsi ilə hesablanan məbləği ödəməyi öhdəsinə götürmüşdür. «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 29.06.2016-cı il tarixli restrukturizasiya haqqında sazişin 4-cü bəndinə əsasən əsasən cavabdeh 12448 manat məbləği 7 faiz dərəcəsi ilə faizlər hesablanmaqla qaytarmağı öhdəsinə götürmüşdür. Məhkəmə hesab edir ki, əsas borca hesablanmış faiz borcu cavabdehlərdən tam şəkildə tutulmalıdır. Çünki, bank fəaliyyətinin əsaslarından birini təşkil edən kreditləşdirmə fəaliyyəti faktiki olaraq bankın əsas qazancını təşkil edir və verilmiş kreditdən istifadəyə görə faizlərin tutulmaması bankın həmin krediti verərkən əldə etməyə gümanı çatdığı gəlirdən məhrum olması ilə nəticələnə bilər. Bu səbəbdən də məhkəmə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qayda kredit müqaviləsinə əsasən 627,00 manat faiz borcunun da alınaraq iddiaçıya qaytarılmasını əsaslı hesab edir. Məhkəmə həmçinin, iddia tələbinin əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsinə görə hesablanmış 136,40 manat cərimənin cavabdehlərdən alınaraq iddiaçıya ödənilməsi hissəsinə münasibət bildirərək hesab edir ki, bu hissədə iddia ərizəsi qismən təmin edilməlidir. İşdə olan 02.06.2014-cü il tarixli **********8032 saylı kredit müqaviləsinin 5.1-ci bəndindən görünür ki, kredit alan kreditin ödənilməsi üzrə öhdəliklərini vaxtlı-vaxtında yerinə yetirməyi və ödəniş cədvəlində göstərilən kreditdən istifadəyə görə faizləri və kreditin əsas məbləğini ödəmədiyi təqdirdə, kredit alan kredit verənin xeyrinə gecikdirilmiş əsas məbləğin bir faizi məbləğində dəbbə pulunu (cəriməni) təqvim üzrə hər yubanma günü üçün ödəməyə borcludur. Mülki Məcəllənin 458.1-ci maddəsində təsbit edilmişdir ki, əgər öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi hər iki tərəfin təqsiri üzündən baş vermişsə, məhkəmə borclunun məsuliyyətinin ölçüsünü müvafiq surətdə azaldır. Kreditor icra etməmək və ya lazımınca icra etməmək nəticəsində dəyən zərərin miqdarının artmasına qəsdən və ya ehtiyatsızlıq üzündən kömək göstərdikdə və ya zərəri azaltmaq üçün ağlabatan tədbirlər görmədikdə də məhkəmə borclunun məsuliyyətinin ölçüsünü azalda bilər. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Mülki Məcəllənin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Mülki Məcəllənin 467-ci maddəsində isə göstərilir ki, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 09 iyul 2009-cu il tarixli qərarında bununla bağlı göstərilir ki, banklar müştərilərdən aldıqları vəsaiti müvafiq şərtlərlə geri qaytarmaq öhdəliyini öz üzərinə götürürlər. Bu öhdəliyin bank tərəfindən yerinə yetirilməməsi və ya gecikdirilməklə yerinə yetirməsi əhalinin bank sisteminə etimadını azalda bilər. Bu isə öz növbəsində ölkənin iqtisadi təhlükəsizliyinə və maliyyə vəziyyətinə mənfi təsir göstərə bilər. Digər tərəfdən, borclu şəxsin mülkiyyət maraqları qorunmalı və onun həddən artıq maliyyə məsuliyyətinə cəlb olunmasının qarşısı alınmalıdır. Məhkəmə hesab edir ki, cərimənin (dəbbə pulunun) bu qədər artmasına iddiaçının özü də təqsirlidir və eyni zamanda iddiaçı mövcud cərimənin (dəbbə pulunun) hansı tarixdən hesablandığını və bu həddə yaranmasının səbəbləri ilə bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Bununla, iddiaçının özü də cərimənin (dəbbə pulunun) miqdarını formal hesablamaqla cavabdehi ağır maddi çətinliyə salmaq niyyəti güdmüşdür. Cavabdeh kredit üzrə yaranan borcları vaxtında ödəmiş, lakin sonradan maddi durumu pisləşdiyindən bunu vaxtında edə bilməmişdir. Qanunverici cərimənin (dəbbə pulunun) azaldılmasını məhkəmənin üzərinə hüquq kimi qoyduğundan cavabdehin cəriməni (dəbbə pulunu) ödəmək imkanında olmamasını, onların qeyd olunan məbləğdə cəriməni ödəməyə məcbur edilməsinin əmlak mənafeyinə mənfi təsir edə biləcəyini nəzərə alaraq, bununla bağlı işdəki sübutları və işin hallarını qiymətləndirərək məhkəmə bu fikirdədir ki, cərimənin tələb olunan məbləği əsaslı deyildir. Ona görə də məhkəmə hesab edir ki, cavabdehə verilmiş kreditə münasibətdə əsas borcun müvafiq hissələrinin qaytarılmasının gecikdirilməsi ilə bağlı hesablanmış 136,40 manat cərimə qismən, 13 manat həddində təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun xeyrinə cavabdehlərdən tutulmalıdır. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Beləliklə, məhkəmə sübutlara hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, iddia ərizəsi qismən təmin edilərək, iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinə əsasən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6869,44 manat əsas kredit borcu, 627,00 manat hesablanmış faiz borcu və 13 manat cərimə olmaqla, cəmi 7509,44 manat məbləğində borc və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu iddiaçı «Finca Azerbaijan» MM QBKT-nin xeyrinə tutulmalı, iddia tələbinin qalan hissəsi təmin edilməməlidir. Şərh olunanlara və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 233, 234, 357-362-ci maddələrinə əsaslanaraq, məhkəmə QƏT E T D İ: İddia ərizəsi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 6869,44 (altı min səkkiz yüz altmış doqquz manat qırx dörd qəpik) manat əsas kredit borcu, 627,00 (altı yüz iyirmi yeddi) manat hesablanmış faiz borcu və 13 manat (on üç) manat cərimə olmaqla, cəmi 7509,44 manat (yeddi min beş yüz doqquz manat qırx dörd qəpik) manat məbləğində borc iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatınin xeyrinə tutulsun. İddia tələbinin qalan hissəsi təmin edilməsin. Cavabdehlər Cavabdeh1 qızından və Cavabdeh2 müştərək qaydada 30 (otuz) manat dövlət rüsumu tutularaq iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatınin hesabına ödənilsin. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-205/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-205/2021
04.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver