Azərbaycan Respublikası adından QƏTNAMƏ Zaqatala rayonu İş № 2(033)-212/2021 28.09.2021 ZAQATALA RAYON MƏHKƏMƏSİ Zaqatala Rayon Məhkəməsinin hakimi Həsənov Tural Həsən oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 katibliyi, Cavabdeh1 iştirakı ilə iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatı (bundan sonra - «Finca Azerbaijan» MM QBKT) borc tələbinə dair kiçik iddialara dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 878.61 manat əsas, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 878.61 (səkkiz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat borcun, həmçinin ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 18.02.2014-cü il tarixli, **********7591 saylı kredit müqaviləsinə əsasən şəxsə biznes məqsədləri və həyat səviyyəsinin yaxşılaşdırılması üçün illik 24.00 % faiz dərəcəsi olmaqla 24 ay müddətinə 10.000 ABŞ dolları məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinə Əlavə hesab edilən ödəniş cədvəlinə əsasən borclunun hər ay 529 ABŞ dolları olmaqla bərabər hissələrdə ödəniş etməsi razılaşdırılmışdır. Həmçinin, kredit müqavilələrinə əsasən yaranmış öhdəliklərin icrasına təminat olaraq Cavabdeh2 zamin qismində sözügedən kredit müqaviləsinin tərəfi olmuşdur. Kredit müqaviləsinin 1.1-ci maddəsinə əsasən, Zamin, Kredit Alan tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl edilmədiyi hallarda əsas borcu, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Kredit verənə tam şəkildə ödəməyi öz öhdəsinə götürür. Tərəflər arasında bağlanmış kredit müqavilələrinə görə kreditin faktiki istifadə edilmiş məbləğinə hesablanmış faizlərin və əsas borc məbləğinin ödənilməsi borcalan tərəfindən nəzərdə tutulmuşdur. Lakin, Cavabdeh1 üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Həmçinin, 18.02.2014-cü il tarixli, **********7591 saylı kredit müqaviləsi 21.04.2016-cı il tarixli **********3269 yeni nömrəli sazişlə restrukturizasiya olunmuş və öhdəliyin icra olunmamış hissəsi, əsas borc 1847.00 manat, faiz 0,00 manat, cərimə 0,00 manat müəyyən edilmişdir. Beləliklə, 12.11.2020-ci il tarixinə olan Maliyyə arayışına əsasən Cavabdeh1 borc məbləği əsas borc üzrə 878.61 manat əsas, faiz borcu üzrə 0,00 manat, cərimə borcuna görə 0.00 manat olmaqla cəmi 878.61 (səkkiz yüz yetmiş səkkiz manat altmış bir qəpik) manat təşkil edir. Kredit Müqaviləsinin 6.2-ci bəndinə əsasən Kredit verən tərəfindən kreditin vaxtından əvvəl ödənilməsi haqqında tələbin verilməsindən sonra Kredit alan 10 iş günü ərzində krediti və ona aid digər ödənişləri ödəmədikdə, Kredit verən məhkəmə orqanlarına müraciət edəcəkdir. Lakin bu tələbin Kredit alana təqdim edilməməsi Kredit verənin dərhal və birbaşa məhkəməyə müraciət hüququnu heç bir halda məhdudlaşdıra bilməz. Müqavilənin bu müddəası heç bir halda tərəflər arasında məhkəməyəqədər mübahisələrin həlli qaydasının razılaşdırılması kimi təfsir edilə bilməz. Zaqatala Rayon Məhkəməsinin 22 yanvar 2021-ci il tarixli 2(033)-212/2021 nömrəli qərardadına əsasən İddiaçı X3 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddiaçı MM QBKT iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 878.61 ABŞ dolları, faiz borcu üzrə 00.00 ABŞ dolları, cərimə borcu üzrə 00.00 ABŞ dolları, cəmi qalıq borcu 878.61 ABŞ dolları borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan” MM QBKT-nın xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi məhkəmənin icraatına qəbul edilmişdir. İddiaçı MM QBKT məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmişdir, lakin iddiaçının nümayəndəsi Ramil Heydərov məhkəməyə teleqram göndərərək, mülki işin məhkəmə baxışı iclasında nümayəndənin iştirak edə bilməyəcəyini nəzərə alaraq, işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxıb qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə baxışı iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, işə iddiaçının nümayəndəsinin və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh1 izahat verərək göstərmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə onun arasında 18.02.2014-cü il tarixli, **********7591 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Kredit müqaviləsi əsasında yaranmış borcu 21.04.2016-cı il tarixli sazişə əsasən restrukturizasiya edilərək həmin tarixə onun bank qarşısında olan borcu 1847,40 manat olduğu qəbul edilmiş və həmin kredit borcunun 12 ay müddətində 8,50 faiz dərəcəsi ilə ödənməsi müəyyən edilmişdir. İddiaçı iddia ərizəsində 878.61 manat kredit borcunun olduğunu bildirmişdir. Lakin 18.02.2014-cü il tarixdə bağlanmış və 21.04.2016-cı il tarixdə resrtukturizasiya edilmiş kredit müqaviləsinə əsasən onun iddiaçıya hər hansı borcu qalmamışdır. O, kredit təşkilatı qarşısında götürdüyü öhdəlikləri mütəmadi icra etmişdir. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək onun iddiaçı qarşısında 878.61 ABŞ dolları borcunun olduğunu qeyd etmişdir, lakin o hesab edir ki, ABŞ dolları ilə borcunun müəyyən edilməsi doğru deyildir, çünki ilkin kredit müqaviləsi restrukturizasiya edilmiş və onun kredit təşkilatı qarşısında olan öhdəliyi manatla ifadə edilmişdir və qeyd edilən saziş üzrə borcunu tam şəkildə ödəmişdir. Eyni zamanda o kredit müqaviləsi üzrə iddia müddətinin bitdiyini bildirmiş və iddia müddəti tədbiq edilməklə iddiaçının iddia ərizəsinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əvvəlki məhkəmə baxışı iclasında iştirak edən Cavabdeh2 izahat verərək göstərmişdir ki, “FİNCA Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında 18.02.2014-cü il tarixli, **********7591 saylı kredit müqaviləsi bağlanmışdır. Kredit müqaviləsinə əsasən ona illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı kimi onunla iddiaçı arasında zaminlik müqaviləsi imzalanmışdır. Lakin o, zaminlik müqaviləsinin bitdiyi vaxtdan sonra 5 ildən çox müddət keçmişdir. Ona görə də, iddia müddətini tətbiq etməklə iddianın rədd olunmasını məhkəmədən xahiş etmişdir. İşdə olan Cavabdeh1 ilə iddiaçı “Finca Azərbaijan” MM QBKT arasında bağlanmış 18.02.2014-cü il tarixli **********7591 nömrəli kredit müqaviləsindən görünür ki, İddiaçı MM QBKT tərəfindən Cavabdeh1 24 ay müddətinə illik 24 faiz dərəcəsi ilə 10000 ABŞ dolları kredit verilmişdir. İşdə olan 18.02.2014-cü il tarixli zaminlik müqaviləsindən görünür ki, Cavabdeh2 18.02.2014-cü il tarixli **********7591 saylı kredit müqaviləsinə əsasən kredit alan Cavabdeh1 tərəfindən müqavilə öhdəliklərinə hər hansı səbəbdən əməl etmədiyi hallarda, əsas borc, həmin borca hesablanmış faiz, cərimələri, nəzərdə tutulan digər ödəniş və dəymiş zərəri Finca Azerbaijan X3 BankKredit Təşkilatına tam şəkildə ödəməyi öz öhdəsinə götürür . İşdə olan Cavabdeh1 ilə iddiaçı “Finca Azərbaijan” MM QBKT arasında bağlanmış 18.02.2014-cü il tarixli **********7591 nömrəli kredit müqaviləsinin Restrukturizasıyasına dair 08 yanvar 2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı MM QBKT və Cavabdeh1 arasında bağlanmış 18.02.2014-cü il tarixli **********7591 saylı kredit müqaviləsinin aşağıdakı şərtlərlə retrukturizasiya olunması barədə razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 2434,40 manat, hesablanmış və ödənilməmiş faizlər 0,00 manat, cərimə isə 0,00 manat təşkil edir. Tərəflər qalıq borcu olaraq aşağıdakı məbləği qəbul edirlər: 2434,40 manat. Bu məbləğ 4 ay müddətində tamamilə ödəniləcəkdir. Sazişin bağlandığı tarixdən etibarən qalıq məbləğə 28 faiz dərəcəsi ilə faizlər hesablanacaqdır. Kredit alan tərəfindən ödənişlər bu sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keçiriləcəkdir. İşdə olan Cavabdeh1 ilə iddiaçı “Finca Azərbaijan” MM QBKT arasında bağlanmış 08.01.2016-cı il tarixli **********03269 nömrəli kredit müqaviləsinin Restrukturizasıyasına dair 21 aprel 2016-cı il tarixli sazişdən görünür ki, İddiaçı MM QBKT və Cavabdeh1 arasında bağlanmış 08 yanvar 2016-cı il tarixli **********03269 saylı kredit müqaviləsinin aşağıdakı şərtlərlə retrukturizasiya olunması barədə razılığa gəlmişlər. Kredit müqaviləsi üzrə kredit alanın kredit verənə qalıq əsas borcu 1847,40 manat, hesablanmış və ödənilməmiş faizlər 0,00 manat, cərimə isə 0,00 manat təşkil edir. Tərəflər qalıq borcu olaraq aşağıdakı məbləği qəbul edirlər: 1847,40 manat. Bu məbləğ 12 ay müddətində tamamilə ödəniləcəkdir. Sazişin bağlandığı tarixdən etibarən qalıq məbləğə 8,50 faiz dərəcəsi ilə faizlər hesablanacaqdır. Kredit alan tərəfindən ödənişlər bu sazişə əlavə edilən ödəniş cədvəli əsasında həyata keçiriləcəkdir. İşdə olan 12.11.2020-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 18.02.2014-cü il tarixli **********7591 nömrəli kredit müqaviləsi üzrə 878,61 ABŞ dolları əsas borcu qalmışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2021-ci il tarixli 9/3767 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 18.02.2014-cü il tarixli **********7591 nömrəli kredit müqaviləsinə və kredit müqaviləsinin restrukturizasiyasına dair 21.04.2016-cı il tarixli sazişdə qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh1 İddiaçı MMC-yə əsas borc üzrə 816,99 manat, faiz borcu üzrə 68,41 mant borcu olduğu müəyyən edilir. Həmin rəyin tədqiqat hissəsində əks olunmuş İddiaçı MMC-yə olan ödənişləri və hazırki borcun hesablanmasına dair cədvəldən görünür ki, Cavabdeh1 tərəfindən 21.04.2016, 20.05.2016-cı il, 20.06.2016-cı il, 01.08.2016-cı il, 20.08.2016-cı il, 22.08.2016-cı il, 20.09.2016-cı il və 13.11.2020-ci il tarixlərdə ödəniş edilmişdir. Məhkəmə araşdırılmasında müəyyən edildi ki, «Finca Azerbaijan» MM QBKT ilə Cavabdeh1 arasında 18.02.2014-cü il tarixli **********7591 nömrəli kredit müqaviləsi bağlanmış və həmin kredit müqaviləsinə əsasən iddiaçı Cavabdeh1 illik 24 faiz dərəcəsi ilə 24 ay müddətinə 10000 ABŞ dolları kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi 18.02.2014-cü il tarixdə Cavabdeh2 ilə iddiaçı arasında zaminlik müqaviləsi bağlanmışdır. 21.04.2016-cı il tarixdə iddiaçı ilə Cavabdeh1 arasında 07.01.2016-cı tarixli **********3269 saylı kredit müqaviləsinin restrukturizasiyasına dair saziş imzalanmış və həmin sazişə əsasən Cavabdeh1 kredit verənə əsas borcunun 1847,40 manat olduğu müəyyən edilmişdir. Cavabdeh1 1847,40 manat borcu 12 ay müddətinə 8,50 faiz dərəcəsi ilə “Finca Azərbaijan” MM QBKT ödəməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 avqust 2021-ci il tarixli 9/3767 nömrəli ekspert rəyinə əsasən Cavabdeh1 iddiaçı qarşısında kredit müqaviləsi və onun restrukturizasiyasına dair sazişə əsasən 816,99 manat əsas, faiz borcu üzrə 68,41 manat borcu olduğu müəyyən edilmişdir. Həmin rəyin tədqiqat hissəsinə əsasən Cavabdeh1 tərəfindən 21.04.2016, 20.05.2016-cı il, 20.06.2016-cı il, 01.08.2016-cı il, 20.08.2016-cı il, 22.08.2016-cı il, 20.09.2016-cı il və 13.11.2020-ci il tarixlərdə ödəniş edilmişdir. İddiaçı cavabehlərdən müştərək qaydada əsas borc üzrə 878.61 manat əsas borcun və 30 manat (otuz) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulmasını xahiş edir. Cavabdehlər isə iddia müddəti tədbiq edilməklə iddia tələbinin rədd edilməsini xahiş edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 739.1-ci maddəsində müəyyən edilmişdir ki, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra iddia əlaqədar tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi iddia müddəti ötürüldüyünə görə rədd edilmədir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1-ci maddəsinin tələbinə görə, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Mülki Məcəllənin 372.2-ci maddəsinin tələbinə görə də, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 373.2-ci və 373.3-cü maddələrinin tələblərinə görə müqavilə tələbləri üzrə, həmçinin vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç il müəyyən edilmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsində göstərilən iddia müddətləri 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblərə tətbiq edilir. Həmin iddia müddətləri Mülki Məcəllənin 7-ci maddəsinin müddəaları nəzərə alınmaqla bundan əvvəl əmələ gəlmiş hüquq münasibətlərindən irəli gələn tələblərə də tətbiq oluna bilər. Eyni zamanda, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2. və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.1-ci maddəsindən görünür ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq, məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Mülki Məcəllənin 375.2-ci maddəsinə əsasən, məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar həmin Məcəllə ilə müəyyənləşdirilir. Mülki Məcəllənin 377.2-ci maddəsindən görünür ki, icra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. Həmin Məcəllənin 380-cı maddəsinə əsasən, müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə, iddia müddətinin axımı kəsilir. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Konstitusiya Məhkəməsinin Plenumu bir çox qərarlarında iddia müddəti institutunun məqsədinə və əhəmiyyətinə toxunaraq qeyd etmişdir ki, mülki işin qanuna uyğun həlli baxımından qanunvericiliyin iddia müddətlərinə dair müddəalarının düzgün tətbiqi mühüm əhəmiyyətə malikdir (Konstitusiya Məhkəməsi Plenumunun H.Həşimov və qeyrilərinin şikayəti üzrə 30 iyun 2005-ci il, R.Salamovun şikayəti üzrə 30 oktyabr 2007-ci il, X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli Qərarları və s.). Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Mülki Məcəllənin 373-cü maddəsinin şərh edilməsinə dair 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, 2000-ci il sentyabrın 1-dən sonra yaranan hüquq münasibətlərindən irəli gələn tələblər üzrə Mülki Məcəllənin 373-cü maddəsində nəzərdə tutulan iddia müddətləri, 2000-ci il sentyabrın 1-nə qədər yaranmış hüquq münasibətlərindən irəli gələn tələblər üzrə isə əvvəlki Mülki Məcəllənin 73-cü maddəsində göstərilən iddia müddətləri əsas götürülməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda iddia müddəti anlayışının tətbiqi ilə bağlı həmçinin aşağıdakıları da qeyd etmişdir: “Qanunverici başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edir. İddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını nizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Məhkəmə araşdırılmasında da müəyyən edildi ki, iddiaçı “Finca Azerbaijan” MM QBKT ilə Cavabdeh1 arasında bağlanmış 08.01.2016-cı il tarixli **********3269 nömrəli Kredit Müqaviləsinin Restrukturizasiyasına dair 21.04.2016-cı il tarixli sazişə əsasən Cavabdeh1 qalıq borc olan 1847,40 manat borcu 12 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Bu isə müqavilə üzrə son ödəmə tarixinin 21.04.2017-ci il tarixi kimi müəyyən edilməsi deməkdir və saziş üzrə müəyyən edilmiş həmin müddət başa çatmışdır. İddiaçı isə hazırki iddia ərizəsi ilə məhkəməyə qeyd edilən müqavilə üzrə yaranmış borcun son ödəmə müddətinin bitdiyi vaxtdan üç ildən çox müddət keçdikdən sonra, yəni 04 dekabr 2020-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Qanunvericiliyin tələbindən göründüyü kimi, tərəflər arasında bağlanmış kredit razılaşmasından irəli gələn iddia müddəti üç il təşkil etdiyindən iddiaçı həmin müddəti üzrsüz səbəbdən ötürmüş, cavabdehlər isə iddia müddətinin tətbiq edilməsi ilə bağlı məhkəməyə ərizə təqdim etmişdir. Göründüyü kimi, iddiaçının iddia tələbində qeyd olunan 10000 ABŞ dolları kredit məbləği 18.02.2014-cü il tarixdə 24 ay müddətinə verilmiş və Cavabdeh1 verilən kreditin verilməsinə əsas olmuş müqavilə 21.04.2016-cı il tarixli sazişlə restrukturizasiya edilərək onun iddiaçı qarşısında borcu 1847.40 manat müəyyən edilmiş və həmin məbləğin 12 ay müddətində ödənilməsi şərtləndirilmiş, cavabdeh tərəfindən borc 2020-ci ilin aprel ayının 21-dək qaytarılmalı olmuş, lakin həmin tarixədək qaytarılmamış və iddiaçı bu müddət ərzində məhkəmə müdafiəsindən istifadə etməmişdir. Beləliklə də iddiaçı artıq həmin vaxtdan öz hüququnun pozulduğunu bilmişdir. Bu səbəbdən də iddiaçı tərəfin iddiasında göstərdiyi dəlillər iddianın təmin olunması üçün əsas ola bilməz və məhkəmə tərəfindən inandırıcı və ağlabatan görünmür. Məhkəmə işin faktiki halları ilə bağlı işdə olan sənədlərə uyğun dəyərləndirmə apararaq qeyd edir ki, hazırki işdə üç illik iddia müddəti keçmişdir. Belə ki, cavabdeh tərəfin etirazının əsası kimi sonuncu ödəniş tarixi kimi 13 noyabr 2020-ci il tarixini götürsək də, onda belə qənaət hasil olur ki, sonuncu ödəniş iddia müddətini kəsən hərəkətlər kimi qiymətləndirilə bilməz. Çünki həmin hərəkətlər iddia müddəti (21 aprel 2017-ci il – 21 aprel 2020-ci il tarixdə) ərzində deyil, həmin müddət başa çatdıqdan sonra (13 noyabr 2020-ci il tarixdə) baş vermişdir. Belə ki, borcun qaytarılması müddəti 21 aprel 2017-ci il tarixdə bitirdi. Ödənişin 13 noyabr 2020-ci il tarixdə edilməsi nəzərə alınsa həmin ödənişin üç illik müddətin keçməsindən sonra (üç illik müddət 21 aprel 2020-ci il tarixdə bitirdi) edilməsi aşkar edilir. Nəzərə almaq lazımdır ki, borcun etirafına dair hərəkətlər iddia müddəti ərzində icra edildikdə Mülki Məcəllənin 380.1-ci maddəsinin dispozisiya şərtlərinə uyğun olaraq iddia müddətinin axımı kəsilir, müddət keçdikdən sonra edilmiş ödənişlər artıq bitmiş müddəti bərpa edə bilməz. Məhkəmə qeyd edir ki, qanunvericilik mülki hüquqların müdafiəsi üçün müddət müəyyən etmişdir ki, həmin müddət ərzində də səlahiyyətli şəxs öz pozulmuş hüquqlarının məcburi qaydada həyata keçirilməsini müvafiq orqanlardan tələb edə bilər. Bu müddət, yəni, iddia müddəti öz hüquqlarını müdafiə etmək haqqında tələblə məhkəməyə müraciət olunması üçün səlahiyyətli şəxsə verilən vaxt dövrüdür. Məhz həmin vaxt dövrü ərzində hüququ pozulmuş şəxs öz hüququnu müdafiə etmək üçün məhkəməyə müraciət edə blər. İddia müddətinin mahiyyəti əsasən ondan ibarətdir ki, bu müddət ərzində səlahiyyətli şəxs öz pozulmuş mülki hüququnu iddia qaydasında məhkəmə icraatı vasitəsilə məcburi qaydada müdafiə etmək imkanına malik olur. Məhkəmə hesab edir ki, iddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatınin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada əsas borc üzrə 878.61 ABŞ dolları, faiz borcu üzrə 00.00 ABŞ dolları, cərimə borcu üzrə 00.00 ABŞ dolları, cəmi qalıq borcu 878.61 ABŞ dolları borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq ödənilməsi tələbinə dair iddia ərizəsi üç illik iddia müddəti ötürülməklə verildiyinə görə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia ərizəsi təmin edilmədiyinə görə, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyi zaman ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0 və 115.0.1-ci maddələrinə görə işə baxılması ilə əlaqədar məsrəflərə şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər də daxildir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyindən iddiaçı Finca Azerbaijan MM QBKT-dan 100 manat ekspertiza xərci isə alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 217.3-cü və 217.4-cü maddələrinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmalıdır. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 233.1, 360, 362-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatının cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı əsas borc üzrə 878.61 ABŞ dolları, faiz borcu üzrə 00.00 ABŞ dolları, cərimə borcu üzrə 00.00 ABŞ dolları, cəmi qalıq borcu 878.61 ABŞ dolları borcun, həmçinin ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq “FİNCA Azerbaijan” X3 Bank Kredit Təşkilatına xeyrinə ödənilməsi tələbinə dair iddia ərizəsi iddia müddəti tətbiq edilməklə rədd edilsin. İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. İddiaçı «Finca Azerbaijan» X3 Bank Kredit Təşkilatından 100 (bir yüz) manat ekspertiza xərci alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Büdcə təsnifatının kodu 142595, Büdcə səviyyəsinin kodu 3, X2 - kodu 210005, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************4. Qətnamədən surəti rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Zaqatala Rayon Məhkəməsi vasitəsilə Şəki Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Həmin müddətdə şikayət verilməzsə qətnamə qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Tural Həsənov
Məhkəmə qərarları › İş №2(033)-212/2021
Zaqatala Rayon Məhkəməsi Qətnamə — İş №2(033)-212/2021
28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver